ATƏT-in 30 illik üz qarası

post-img

Minsk qrupu həmsədrlərinin ermənipərəst fəaliyyətinin özgə adı yoxdur

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərmişdir.
(Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşdə dediklərindən).

Yəqin yarandığı vaxtdan bugünədək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT – ilkin adı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi – ATƏM olub – red.) belə uğursuz və qitənin adlı-sanlı təsisatına başucalığı gətirməyən layihəsi olmayıb. Cənubi Qafqazın iki ölkəsi arasında ərazi mübahisəsinin uzunömürlü qarşıdurmaya çevrilməsinin baiskarı məhz ATƏT-in Minsk qrupudur.

Oxucularımızla bərabər 30 il əvvələ və sonrakı dövrə qısa səyahət etməklə bu bədnam qrupun amorf fəaliyyətinə nəzər salmağa çalışacağıq. Beləliklə, 1994-cü il dekabrın 5–6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə görüşündə Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrlik institutu təsis edildi. Minsk qrupunun iclaslarının birgə həmsədrliklə keçiriləcəyi barədə qərar qəbul olundu.

Məlum prosesin həmsədrlik institutu təsis olunanda ona əvvəlcə Finlandiya və Rusiya, daha sonra – 1995-1996-cı illərdə İsveç və Rusiya başçılıq ediblər.1997-ci il yanvarın 1-dən isə ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq etməyə başlayıblar.

Deməli, Macarıstan paytaxtında keçirilən görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olunub. Quruma üzv dövlətlərin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək, Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırıblar. Görüşdə, həmçinin münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində qərar qəbul olunub.

Münaqişənin pozucu “nizamlayıcıları”

Tədbir iştirakçıları ATƏM-in Minsk qrupu ilə əməkdaşlıqda Rusiyanın vasitəçilik səyləri nəticəsində 1994-cü il mayın 12-də razılaşdırılmış atəşkəsi münaqişə tərəflərinin təsdiqlədiklərini alqışlayıblar. Azərbaycan bu saxta alqış sədalarını hələ uzun müddət eşitməli olacaqdı. 28 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət, konkret addımlar gözlədik. Bunların heç birinin olmaması bir yana, Ermənistana BMT-nin məlum 4 qətnaməsinin yerinə yetirməsi ilə bağlı azacıq da olsa beynəlxalq təzyiq göstərilmədi. Əvəzində həmsədrlər Ermənistanın işğalçılıq siyasətinə pərdə tutdular. ATƏT-in Minsk qrupu bu illər ərzində münaqişənin hərbi yolla həllini inkar etdi, o zamankı status-kvonu Azərbaycana qəbul etdirməyə və münaqişəni siyasi yollarla nizamlamağa uğursuz cəhdlər göstərdi. Bu minvalla Azərbaycanın gözündə tamamilə etimadını itirən qurumun ermənipərəst fəaliyyəti problemin dinc danışıqlar yolu ilə deyil, məhz hərbi əməliyyatlarla həlli variantını gündəmə gətirdi.

Amma buna qədər Azərbaycan həmsədrlərin diplomatik nağılları ilə müşayiət olunan marafonu keçməli idi. 1995-ci il avqustun 28-də ATƏT-in fəaliyyətdə olan sədrinin qurumun Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəzifəsi təsis olundu. 1996-cı ilin iyulundan bu vəzifəni polşalı səfir Anjey Kaspşik tutur. O, 24 il Bakıya, İrəvana və Xankəndinə “marşal reydləri” edən səhra komandiri kimi yaddaşlarda qalacaq.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə (ABŞ, Rusiya, Fransa) gəlincə, onlar nəinki beynəlxalq hüququn həyata keçirilməsinə, Ermənistanın silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən çıxmasına töhfə vermədilər, əksinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasına, eyni zamanda ədalətin zəfər çalmasına mane oldular.

Ədalətin ümid testi

Azərbaycan bütün bunları yaşamalı oldu. Qonşunun hərbi təcavüzü, ərazilərinin 20 faizinin işğalı ilə üzləşən ölkəmiz ümidini beynəlxalq hüquq çərçivəsində ədalətli yanaşmaya, beynəlxalq qurumun vasitəçiliyinə bağlamışdı. Sonra anladıq ki, ümidin ünvanını səhv seçmişik. ABŞ Konqresinin “Azadlığa dəstək aktı”na qəbul etdiyi ədalətsiz 907 saylı düzəliş suyun haradan bulandırıldığını bizə açıq göstərdi. Bundan başqa, qanunun aliliyi prinsipini əlində bayrağa çevirmiş “azad və deməkratik” ABŞ Qarabağ separatçılarına hər il maliyyə yardımı ayıran ölkə oldu.

“Dünyanın aparıcı dövlətlərinin – ABŞ, Fransa və Rusiyanın həmsədr olduqları ATƏT-in Minsk qrupuna ümidlər, doğrudan da, böyük idi. Amma bir müddətdən sonra Azərbaycan başa düşdü ki, bu “güclərin” bir araya gəlməsi tamamilə başqa məqsədə xidmət edir”. Bunu XQ-yə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi. Onun sözlərinə görə, qrupa cəlb olunan “üçlüy”ün əsas məqsədi Qarabağ münaqişəsini dondurulmuş vəziyyətə saxlamaq olub: “Bu vəziyyətdən özləri bəhrələnməyi düşünürdülər. Maraqlıdır ki, bir sıra qlobal mövzularda fərqli yanaşmalara malik həmsədr dövlətlərin mövqeləri Qarabağ məsələsində üst-üstə düşürdü. Azərbaycan buna tam əmin olandan sonra belə qərar gəldi ki, problemin həlli yalnız onun öz üzərinə düşür. Vədə yetişdi və beynəlxalq hüquqa və normalara uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bəs, bundan sonra nə baş verdi? Həmsədr ölkələr Azərbaycanın yaratdığı yeni reallıqdan təşvişə düşdülər. Onların bu reallığa qərəzli yanaşması, anti–Azərbaycan bəyanatları, qəbul etdikləri qətnamələri məhz təşvişin nəticəsi idi”.

ATƏT-in Minsk qrupunun formal olaraq yoxa çıxdığını söyləyən F.Sadıxov amma onun “de-yure” hələ də mövcudluğuna diqqəti yönəltdi: “Bakı bu qrupun ləğv edilməsi təklifini çoxdan irəli sürüb. Bu təklifi İrəvanın da diqqətinə çatdırmışıq. Fəqət, görünür, Ermənistan bu təsisatdan hələ bəhrələnmək istəyir. Çünki, bu qrupda Fransa, ABŞ kimi onu dəstəkləyən, başını sığallayan ölkələr var. Yəqin bu səbəbdən rəsmi İrəvan nəyəsə ümid bəsləyir. Düşünürəm ki, bizim bu istiqamətdə atacağımız diplomatik addımlarımız daha güclü və hücum xarakterli olmalıdır. Son nəticədə Minsk qrupunun kitabının birdəfəlik bağlanmasına nail olmalıyıq. Avropanın bu təsisatının hüquqi müstəvidə qalması nəinki bölgədə təhlükəsizliyin təmin edilməsində işə yarayır, əksinə, bu posesə maneçilik törədir. Ən böyük problem də bundan ibarətdir. Azərbaycan həmin həmsədr dövlətlərə sübut etdi ki, artıq onların yardımına ehtiyac qalmayıb və fəaliyyətlərinin davamı faydasızdır”.

Azərbaycan yalnız özünə güvəndi

Bəli, bu gün ölkəmiz öz gücünə arxalanır. Azərbaycan Cənubi Qafqazın iqtisadi cəhətdən ən qüdrətli ölkəsinə çevrilib, regionun ən yüksək döyüş qabiliyyətinə malik ordusuna malikdir. Ötən 30 ildə Bakı böyük diplomatik uğurlara imzasını atdı. Xalq–Ordu–Hakimiyyət vəhdəti 44 günlük müharibədə, ardınca 23 saatlıq antiterror tədbirlərində Azərbaycanın ərazi bütövlüyünü və suverenlyini bərpa etdi. Biz dünya güclərinin müqaviməti qarşısında milli maraqlarımızı müdafiə etməyin mümkün və zəruri olduğunu hamıya nümayiş etdirdik.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu ATƏT-in keçirdiyi toplantıların heç birinin Qarabağ münaqişəsinin həlli yönündə zərrə qədər də faydası olmadığını dedi: “Bu qurumun qəbul etdiyi müxtəlif qərar və qətnamələr problemin həllini sürətləndirməyib, əksinə, irəliyə yeriməsinin qarşısına sədlər çəkib. Elə 1996-cı ildə Lissabon Sammitində qəbul olunmuş bəyanatda Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsi tələbi qoyulmuşdu. Amma o bəyanatın rəsmi İrəvana heç bir təsiri olmadı. Minsk qrupuna təyin olunmuş üç həmsədr bölgəyə turist səfərləri ilə yadda qaldı. Üstəlik, onlar ATƏT-dən kifayət qədər yüksək maaş alırdılar. Misal üçün, 23 il ərzində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik problemin ölü nöqtədən tərpənməsinə qətiyyən səy göstərmədi. Gəlirdi, yeyib-içib geri qayıdırdı. Hətta onun fəaliyyətindən narazı olan Polşa Xarici İşlər Nazirliyi Kaspşiki geri çağıra bilmirdi. Çünki, o, ATƏT-in kadrı idi, oradan maaş alırdı. İkinci Qarabağ müharibəsindən sonra da həmsədrlər və sədrin şəxsi nümayəndəsi bölgəyə səfərlərini davam etdimək niyyətində idilər. Doğrudur, onların Bakıya gəlmələrinin bir səmərəsi yox idi. Həm də Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə həmsədrlərə layiq olduqları yeri göstərmişdi. Ona görə onlar İrəvana tez-tez baş çəkirdilər. Orada nəyi müzakirə etdikləri anlaşılmırdı.

Hazırda Maltada ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci toplantısı keçirilir. Azərbaycan da görüşdə təmsil olunur. Bakının quruma qarşı irəli sürdüyü əsas tələblərdən biri Minsk qrupunun fəaliyyətinin dayandırılmasıdır. Fəaliyyəti dondurulmuş bu qrupa hələ də büdcə ayrılmasını başa düşmək çətindir. Çünki onun otuz ilə yaxın məşğul olması ilə bağlı imitasiyasını yaratdığı Qarabağ münaqişəsi artıq mövcud deyil. Bu problemi Azərbaycan öz gücü ilə həll edib”.

* * *

2020-ci ilin noyabrında 44 günlük müharibə başa çatdıqdan sonra Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dən olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edərkən bu qurumun 23 ilə yaxın dövr ərzində fayda vermədiyini açıq şəkildə vurğuladı. Bu, həmsədrlərlə, bir növ, vida görüşü idi. Artıq Bakı və İrəvan aralarındakı problemləri müzakirə və həll etmək iqtidarındadırsa, onda Minsk qrupu daxil olmaqla, beynəlxalq vasitəçilərə ehtiyac qalmır. İkitərəfli danışıqlar formatında anlaşma olduğu halda ATƏT-in Minsk qrupunun özünü yenidən meydana atmaq cəhdi “yuyulmamış çömçə” effektindən başqa heç nə deyil. İndi bu qurumun adını eşidəndə keçmiş qaçqın və köçkün soydaşlarımız dilxor olur, yaralı keçmişin xatirələri ürəklərini ağrıdır. Bəli, Minsk qrupu özündə müharibə, işğal, haqsızlıq və ikiüzlülüklə bağlı pis emosiyaları daşıyır. O, Azərbaycan ictimaiyyəti üçün yalan və saxtakarlıq simvoludur. Əslində, bu üzqarasından qurtulmaq ATƏT-in özünün maraqlarına cavab verir.

Azərbaycan Qafqazın problemlərinin “Qafqaz evi”nin sakinləri tərəfindən həll olunmasının vacibliyini dəfələlə irəli sürüb. Bakının gündəmə gətirdiyi ikitərəfli danışıqlar formatından rəsmi İrəvan da məmnun görünür. Bu isə ATƏT-in Minsk qrupu adlı təsisata maliyyə vəsaiti ayırmağa, fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşikə əməkhaqqı ödəməyə zərurətin qalmadığına dəlalət edir. Bakı ATƏT-in Minsk qrupunun kitabını özü üçün birdəfəlik bağlayıb. İrəvan da bundan sonra o kitabda özü üçün qiraətə yararlı bir şey tapa bilməyəcək. Ona görə səhifələri kiflənmiş, virus mənbəyinə çevrilmiş günahlarla dolu o kitabı nə qədər tez zibil qutusuna atsa, faydasını da tez görər.

İmran BƏDİRXANLI
XQ





Siyasət