Papikyanın ABŞ-yə səfəri – Vaşinqtonun Moskvaya “jesti”

post-img

İrəvan Baydendən ala bilmədiklərini Trampdan qoparmaq niyyətindədir

Rəsmi İrəvanın hazırda atdığı heç bir addım təsadüfi sayıla bilməz. Son vaxtlar Paşinyan komandasının xarici siyasətdə “ölçülü-biçili” diplomatiyaya keçid almasının konturları görünməkdədir. Doğrudur, bu zaman haylar beynəlxalq etiketi, siyasi həddi elə özlərinə xas şəkildə aşmaqdan da çəkinmirlər.

Ermənistanın müdafiə naziri Suren Papikyan növbəti dəfə ABŞ-yə səfərə gedib. Hayların müdafiə nazirliyinın qısa məlumatında deyilir ki, Papikyanın başçılıq etdiyi heyət Vaşinqtona işgüzar səfərə yollanıb.

Aydın məsələdir ki, məğlub ölkənin hərbi nazirinin ABŞ kimi supergücə üz tutmasının yalnız bir məqsədi ola bilər: Ağ Evdən hərbi-texniki və maliyyə yardımı dilənmək. Papikyanın səfərini Azərbaycanla müharibədə rüsvayedici şəkildə məğlubiyyətə uğrayan, indi yeni ordu qurmağa girişən Ermənistanın revanşist xəyallardan əl çəkmək istəməməsi kimi də qiymətləndirmək mümkündür. Sübut üçün uzağa getməyə ehtiyac yoxdur. Baş nazir Nikol Paşinyanın yaxın adamı sayılan, Avropa partiyasının rəhbəri Tiqran Xzmalyanın bəyanatına nəzər yetirmək kifayətdir. Xzmalyan ərz edib ki, “Ukraynanın Krımın müvəqqəti ilhaqı müqabilində NATO və Aİ-yə üzvlük mexanizmi Dağlıq Qarabağa (?) münasibətdə də tətbiq olunmalıdır”. Müqayisəyə fikir verdinizmi? Yəni, Xzmalyan belə düşünür ki, Krım kimi Qarabağ da hazırda işğal altındadır. Onun diplomatik etiketi aşan bəyanatının altından Ermənistan hakimiyyətinin gizlətməyə çalışdığı əsl niyyətinin sulieti də görünür. Yəni, biz nəyin bahasına olursa-olsun, Qarabağa qayıdacağıq, hətta bundan ötrü müharibə etməyə məcbur olsaq belə.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu dedi ki, Suren Papikyan Ermənistanın müdafiə naziri postuna təyin olunandan sonra hər il Birləşmiş Ştatlara səfərlər edir, Pentaqonda görüşlər keçirir. Doğrudur, ABŞ-nin hərbi naziri onu qəbul etməyib, sadəcə, müavini tərəfindən qəbul olunub. Keçən görüşlərin əsas müzakirə mövzusu hərbi təhsillə bağlı idi. Aydın məsələdir ki, Ermənistanın ABŞ-dən müasir texnika, silah-sursat alacaq qədər maliyyə imkanına malik deyil. Amma danılmaz fakt ondan ibarətdir ki, rəsmi İrəvan Rusiya ilə hərbi sövdələşmələri minimuma endirəndən sonra Qərbin iki dövləti ilə bu sahədə əməkdaşlığa can atır. Bunlar Fransa və ABŞ-dir. Fransadan müəyyən qədər hərbi texnika əldə etsə də, ABŞ-dən hələlik heç bir şey əldə edə bilməyib. Birincisi, həmin hərbi texnika çox bahadır, ikincisi, buna Konqresin xüsusi icazəsi lazımdır. Konqresdə ermənipərəst lobbinin güclü olmasına baxmayaraq, Ermənistanın Rusiyanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qalması faktı İrəvanın əleyhinə işləyən ciddi amildir. Nikol Paşinyan hər dəfə bu hərbi-siyasi blokun fəaliyyətini tənqid atəşinə tutsa da, maraqlıdır ki, Ermənistan bugünədək KTMT-ni tərk etməyib”.

Hazırda ABŞ-da hakimiyyətin demokratlardan respublikaçılara təhvil-təslim prosesi davam edir və Donald Trampın Ağ Evdə administrasiyasını formalaşdırmağa başlayacağına hələ ayyarım qalır. Məlumdur ki, Azərbaycanın Qarabağı separatçı-xunta rejimindən tamamilə təmizləməsi, bunun ardınca İrəvanın Vaşinqtonla hərbi-texniki əməkdaşlıq səylərini artıqması məhz Baydenin prezidentlik dönəminə təsadüf etdi. Pentaqonun həm NATO üzvü olan bəzi ölkələrlə birgə, o cümlədən Ermənistanın özündə hərbi təlimlər keçirməsi də son iki ilin yaddaşındadır. Bunun nəticəsi kimi, hayların müdafiə nazirliyində Pentaqonun emissarının oturmasını göstərə bilərik.

Mövzunun davamı olaraq E.Şahinoğlu 2025-ci il yanvarın 20-dən etibarən Ağ Evdə yeni administrasiyanın formalaşdırılacağını, Pentaqonda da rəhbərliyin dəyişəcəyinə diqqəti yönəltdi: “Görünən odur ki, Ermənistana hərbi dəstək məsələsi Trampı qətiyyən maraqlandırmır. İndi onu daha qlobal problemlər düşündürür. Əgər Papikyan ABŞ-a iki ay bundan sonra səfər etsəydi, bunu başa düşmək olardı. Onda ehtimal edə bilərdik ki, Vaşinqtondakı yeni Administrasiyasının, Pentaqonun təzə rəhbərliyinin Ermənistanla bağlı hansısa planları mövcuddur. İndiki məqamda isə Bayden administrasiyası Papikyanı Vaşinqtona çağırmaqla, bir növ, Moskvaya mesaj göndərir ki, Ermənistan ABŞ ilə hərbi ənəkdaşlığını davam etdirir. Bundan başqa Papikyanın bu səfərdən əlavə nəsə əldə edəcəyini düşünmürəm”.

Ermənistan müdafiə nazirinin Vaşinqtona səfərlər seriyasının fonunda cari ilin yayında Azərbaycanla sərhədə erməni əsilli ABŞ hərbçilərinin və ağır texnikasının gətirilməsi barədə yayılan və hələ də təkzib olunmayan xəbərlər geniş rezonans doğurmuşdu. Rəsmi Vaşinqton foto-video sübutlarla müşayiət olunan həmin informasiyanı bugünədək nə təsdiq, nə də təkzib edib. Bunun üzərinə iki ölkənin şərti sərhədində Bakının razılığı olmadan Avropa İttifaqının “binokllu” casus missiyasının anlaşılmaz fəaliyyətini də gəlsək, “kollektiv Qəırb”in bölgədə suyu bulandırmaq planlarının arxasında nəyin gizləndiyini təxmin etmək çətin olmaz.

Donald Trampın Ağ Evə qayıtmasından erməni lobbisinin narahat olduğu şəksizdir. Yəni, ABŞ-dəki erməni diasporu yaxşı anlayır ki, ondan asılı olmayan yeni seçilmiş Prezident Tramp və onun administrasiyası Cənubi Qafqaza o qədər də maraq göstərməyəcək. Ekspertin qeyd etdiyi kimi, Tramp diqqətini dünyanın “daha qaynar nöqtələrində” baş verənlərə yönəldəcək. Fəqət, onun komandasında ermənipərəstlərin kifayət qədər yer alması da danılmaz faktdır.

Bəlkə də Papikyanın Vaşinqtona budəfəki səfəri İrəvanın Bayden administrasiyası ilə hədsiz yaxınlıq etdiyinə görə Trampdan üzrxahlıq diləmək məqsədinə xidmət edir? Ola bilsin ki, Suren Papikyan baş nazir Nikol Paşinyanın təlimatı əsasında ABŞ-nin yeni hökumətinə yaxınlaşmağın yollarını tapmaqdan ötrü göndərilib. Axı, İrəvan üçün Pentaqonla hərbi-texniki əməkdaşlığı bundan sonra da davam etdirmək “srtareji əhəmiyyət” kəsb edir.

Bu məqamda maraqlı bir detalı da xatırlatmağımız yerinə düşər. Donald Tramp seçkiqabağı kampaniyasının sonuna yaxın Kaliforniya ermənilərinə müraciətində arxivə göndərdiyimiz “artsax” ifadəsini işlədib. İntəhası, ABŞ-də seçki təşviqatında verilən vədlərin sonra sadəcə söz olaraq qalmasının az şahidi olmamışıq. Reallıq isə Birləşmiş Ştatlara onu diktə edir ki, onun milli maraqları Cənubi Qafqazda ən yaxın partnyoru, strateji tərəfdaşı kimi məhz regionda söz və güc sahibi olan Azərbaycanı seçsin. Bu seçim hələ də qonşularına qarşı ərazi iddialarından əl çəkməyən, Qərblə Rusiya arasında çapalayan, oturduğu “iki stul”dan yıxılma təhlükəsi ilə üzləşən Ermənistandan daha əlverişlidir.

Nəhayət, Ermənistanın əleyhinə işləyən daha bir fakt: Amerika Erməniləri Milli Komitəsi (ANCA) prezident seçkisində Donald Trampa dəstək çağırışını etmədi. Bunun əksinə olaraq rəsmi Bakı Trampın qələbəsində maraqlı olduğunu büruzə verdi. İrəvan bu dəfə də buraxdığı kobud diplomatik səhvin altını çəkməyə məhkumdur...

İ.HƏSƏNQALA
XQ



Siyasət