Qərbi azərbaycanlılar Özbəkistanda da təşkilatlandılar

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə bu ölkədə yaşayan Qərbi azərbaycanlıların toplantısı keçirilib, icmanın təşkilat özəyi yaradılıb.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən məclisdə direktor müavini Nadir Əlimirzəyev Qərbi Azərbaycanda ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətmiş etnik təmizləmə və deportasiya siyasəti haqqında, eləcə də XIX–XX əsrdə azərbaycanlıların Qafqazın və Ermənistanın ictimai-siyasi, ədəbi-mədəni mühitində oynadıqları mühüm rol barədə məlumat verib.

Qərbi Azərbaycan əsilli Vidadi Qurbanov, Qalib Müslümov, Ədalət Qocamanov, İsmayıl Məmmədov, Dürrə Əmirquliyeva, Emin Quliyev dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərinin əlaqəli fəaliyyət göstərməyin vacib olduğunu bildiriblər. Onlar Qərbi azərbaycanlıların dünyanın harasında yaşamaqlarından asılı olmayaraq Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdışla bağlı siyasətinə dəstək verdiklərini vurğulayıblar.

İcma üzvü İlham Abdullayev bildirib ki, toplantının əsas məqsədi “Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyini yaratmaqdır.

Müzakirələdən sonra Qərbi Azərbaycanın Basarkeçər rayonunun Bala Məzrə kəndindən olan İlham Abdullayev Özbəkistanda Yaşayan Qərbi Azərbaycanlılar İctimai Birliyinin sədri, həmin rayonun Daşkənd kəndində doğulmuş Ədalət Qocamanov sədrin müavini seçiliblər.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Son xəbərlər