Tramp ikinci dəfə ABŞ prezidenti seçildi

post-img

Azərbaycan lideri münasibətlərin daha da möhkəmlənəcəyinə inanır

ABŞ-də keçirilən prezident seçkilərində Donald Tramp Floridada tərəfdarlarına müraciət edərək qalib gəldiyini bildirdi və özünü ABŞ-nin 47-ci prezidenti adlandırdı. Seçkilərin nəticələri də cənab Trampın qalib gəldiyini təsdiqləyir. ABŞ seçki sisteminə görə, respublikaçıların namizədi ştatlardakı nümayəndələrin 277-sinin, demokratların namizədi isə 226-nın dəstəyini qazandı. Tam qələbəyə nail olmaq üçün namizədlərdən biri onların 270-nin səsini əldə etməli idi. Nəticələr göstərir ki, cənab Tramp zəruri səsləri toplamağı bacardı. Azərbaycan Prezidenti İlham Əliyev amerikalı həmkarını qələbə münasibətilə təbrik etdi və dövlət başçısı Ağ evin yeni sahibinə ünvanladığı məktubda əmin olduğunu bildirdi ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Xatırladaq ki, cənab Tramp ilk dəfə 2016-cı ildə sabiq dövlət katibi Hillari Klintona qalib gələrək “Amerikanı yenidən möhtəşəm edəcəyik” devizi ilə prezident seçilmişdi. Qlobal koronavirus pandemiyası zamanı 2020-ci il seçkilərində demokrat rəqibi Co Baydenə uduzsa da, təxminən iki illik kampaniyadan sonra 2024-cü ildə yenidən Ağ evə iddia etdi və “Amerikanı bir daha möhtəşəm et” şüarı ilə prezident seçkilərinə qatılaraq qalib gəldi. Viskonsin ştatı ona qalib gəlməsi üçün lazım olan səslərin sayını gətirdi. Seçkilərin nəticəsi yeddi tərəddüd edən ştatdakı nəticələrdən asılı idi. Cənab Trampa 93 səsdən 51 səs lazım idi. Səslərin 95 faizinin hesablanması ilə respublikaçı namizəd Corciya, Şimali Karolina, Pensilvaniya və Viskonsin ştatlarında qalib gəldi. Cənab Tramp Arizona, Miçiqan və Nevada ştatlarında da liderdir.

Ağ evin yeni sahibi tərəfdarları qarşısında çıxışında seçkilərdə qalib gəldiyini elan etdi: “Ölkəmizin bərpasına kömək edəcəyik. Ölkəmizin köməyə ehtiyacı var. Biz sərhədlərimizlə bağlı problemi həll edəcəyik, başqa problemləri də həll edəcəyik... Amerika bizə görünməmiş və güclü mandat verdi”, - deyə o bildirdi. Donald Tramp, həmçinin “müharibələri başlamağa deyil, onları bitirməyə” söz verdi. Cənab Tramp əmin etdi ki, onun prezidentliyi “Amerika üçün qızıl dövr” olacaq: “Övladlarımızın layiq olduğu və sizin layiq olduğunuz güclü, təhlükəsiz və firavan Amerikanı yaratmayana qədər dincəlməyəcəyəm... Bizi çox gözəl bir dörd il gözləyir və biz çox xüsusi bir şey etməklə ölkəmizi dəyişəcəyik”.

Səslərin hesablanması başlamazdan əvvəl bukmeker kontorları Donald Trampın 60 faiz ehtimalla qalib gələcəyini gözləyirdilər. Bet Online, Polly Market və Kalshi kimi mənbələr proqnoz dəqiqliyi baxımından ənənəvi sorğu aparanları üstələyirlər. Seçki məntəqələrinin bağlanmasından və “exit-poll”un açıqlanmasından sonra Donald Trampın qələbəsi ehtimalı 72 faizə, saat 22:00-da 80 faizə, 23:00-dən sonra isə 90 faizə yüksəldi. Səslərin hesablanmasının ilk nəticələri belə proqnozları təsdiqləməyə başladı. Donald Tramp seçkilərin nəticəsinin asılı olduğu ştatların əksəriyyətində uğurla çıxış etdi (2024-cü ildə bunlar Miçiqan, Viskonsin, Pensilvaniya, Şimali Karolina, Corciya, Arizona və Nevada idi). Təxminən saat 1-də Donald Tramp Georgia ştatında qələbə qazandı. Pensilvaniyadakı yarışı mütəxəssislər xüsusi maraqla izləyirdilər. Çünki 2020-ci ildə oradakı erkən səsvermədə demokratlar 1 milyon səs üstünlüyünə sahib olmuşdular, lakin indiki seçkidə bu rəqəm 400 minə düşdü.

Pensilvaniyada ilkin nəticələr açıqlandıqdan sonra respublikaçı namizədə ilk təbriklər gəlməyə başladı. Onun ən yaxın tərəfdarlarından biri, yeni administrasiyada vəzifə alacağı gözlənilən milyarder İlon Mask X sosial media hesabında belə bir məlumat paylaşdı: “Birləşmiş Ştatlar xalqı Trampa dəyişiklik üçün aydın mandat verdi”. Onun sözlərinə görə, ABŞ-də daim yeni dövlət qurumları peyda olur və bu yük vətəndaşların çiyninə düşür: “Mən hökumətin səmərəliliyinin artırılmasına kömək etməkdən məmnun olaram, buna çox ehtiyac duyulur. Bizdə nəhəng bir hökumət bürokratiyası və həddindən artıq tənzimləmə var”. Noyabrın əvvəlində İlon Mask bildirmişdi ki, respublikaçı namizəd prezident seçkilərində qalib gələrsə, Donald Tramp ona administrasiyada nüfuzlu mövqe verə bilər. “Reuters” yazmışdı ki, cənab Tramp dünyanın ən varlı insanını müşavir vəzifəsinə təyin edə bilər.

Ağ Evin yeni sahibi artıq dünya liderlərindən təbrik məktubları alır. Azərbaycan Prezidenti İlham Əliyev də Donald Trampa təbrik məktubu ünvanladı. Cənab Trampın seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edən dövlət başçısı məktubda xüsusilə qeyd edir ki, bu uğur dost Amerika xalqının respublikaçı namizədə, yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir. Ümumiyyətlə, cənab Trampın birinci prezidentlik dövründə ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamika müşahidə olunmuşdu. Avqustun 20-də keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Prezident

İlham Əliyev respublikaçılar hakimiyyəti ilə əlaqələrimizin nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü olduğunu bildirmişdi. Dövlət başçısı, həmçinin əlavə etmişdi ki, prezident Trampın dövründə Azərbaycan ilə ABŞ arasında çox səmərəli əməkdaşlığımız olmuşdu və bu əlaqələr qarşılıqlı hörmət üzərində qurulmuşdu və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi. Prezident İlham Əliyev, eyni zamanda, vurğulamışdı ki, ABŞ-la münasibətlərimiz, demək olar, hər zaman sabit olmuşdu.

Azərbaycan münasibətlərdə sabitliyin, qarşılıqlı hörmətin gözlənilməsinin tərəfdarıdır. Rəsmi Bakı münasibətlərdə yersiz dalğalanmaların hərtərəfli əməkdaşlığa zərər verdiyini hər zaman açıqlayır. Bu baxımdan respublikaçıların hakimiyyəti dövründə münasibətlərin inkişafına təsir göstərən süni amillərə yol verilməyəcəyin inam böyükdür. Cənab Trampın azərbaycanlı həmkarına ünvanladığı məktublarda da hər zaman ölkələrarası münasibətlərin strateji xarakteri qabardılır, Bakının geosiyasi və geoiqtisadi əhəmiyyəti xüsusi vurğulanır. 2019-cu ildə 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda cənab Tramp yazırdı ki, dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur: “Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2016-cı il noyabrın 17-də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa telefonla zəng edərək təbrik etmişdi. Dövlətimizin başçısı cənab Trampa ali dövlətçilik fəaliyyətində uğurlar arzulamış və Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu bildirmişdi. Dünənki təbrik məktubunda da Prezident İlham Əliyev qeyd etdi ki, cənab Tramp birinci prezidentlik dövründə ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırır. Dövlət başçımız bildirdi ki, Azərbaycan Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətinin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindədir.

Diplomatik əlaqələrin qurulduğu vaxtdan Azərbaycan-Amerika münasibətləri sıx tərəfdaşlıq və qarşılıqlı hörmətlə səciyyələnir. Donald Tramp ənənəvi olaraq xarici siyasətini başqa dövlətlərin daxili işlərinə qarışma prinsipləri üzərində qurmaq, onları idarə etmək niyyətində deyil. Amerika prezidentinin məqsədi digər ölkələrlə bir-birinin maraqlarına hörmət əsasında bərabər, qarşılıqlı faydalı əlaqələr qurmaqdır. O, bu prinsipini hər zaman bəyan edir. Bu siyasət son illərdə münasibətlərdə müşahidə olunan müəyyən neqativlərin və anlaşılmazlığın aradan qaldırılmasını, strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsini nəzərdə tutur. Azərbaycan inanır ki, cənab Trampın yeni prezidentlik dövründə bu istiqamət öndə tutulacaq. Prezident İlham Əliyevin təbrik məktubunda qeyd etdiyi kimi, Donald Trampın hakimiyyəti illərində ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.

Əlbəttə, dünyada siyasi proseslərin axarına təsir göstərəcək seçki nəticələrinin respublikaçı namizədin qalibiyyəti ilə yekunlaşması Azərbaycan-Ermənistan münasibətlərinin sonrakı inkişaf perspektivləri baxımından da maraq doğurur. Bakı ilə İrəvan arasında sülh danışıqları, regional kommunikasiyaların açılması və digər əhəmiyyətli məsələlər okeanın o tayında da diqqətlə izlənilir. Azərbaycan regionada daimi və güclü sülhün bərqərar olmasını istəyir. Cənab Trampa təbrik məktubunda Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Beləliklə, Azərbaycan Prezidenti son məktubunda ABŞ ilə əlaqələrə böyük əhəmiyyət verdiyini vurğuladı. Şübhəsiz, münasibətlərin uzunmüddətli perspektivdə uğurla davam və inkişaf etdirilməsi hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir. Buna görə də, ümid etmək olar ki, Azərbaycan-ABŞ münasibətləri cənab Trampın hakimiyyəti dövründə yeni mərhələyə qədəm qoymaqla yanaşı, qarşılıqlı faydalı səciyyə daşıyacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət