İrəvanda delimitasiyaya ziddiyyətli yanaşma

post-img

Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələsində müəyyən irəliləyişin əldə olunması Ermənistanda ciddi müzakirələrə rəvac verib. Bir neçə gündür, demək olar ki, əlaqədar rəsmi şəxslər, həmçinin siyasətçilər, deputatlar bu məsələyə münasibət bildirirlər. Təbii ki, Nikol Paşinyan iqtidarının mənsubları prosesin faydalarından danışırlar. Müxalifət qüvvələri isə məsələlərə, necə deyərlər, qara eynək arxasından baxırlar.    

Qeyd edək ki, “Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə” 2024-cü il avqustun 30-da imzalanıb. Sentyabrın 26-da Ermənistan konstitusiya məhkəməsi əsasnamə (reqlament) layihəsinin ölkənin əsas qanununa uyğunluğunu tanıyıb. Bundan sonra sənəd baxılmaq üçün parlamentə göndərilib. Parlament isə öz növbəsində oktyabrın 23-də əsasnaməni təsdiqləyib. Yeri gəlmişkən qeyd edək ki, qanunverici orqandakı radikal-revanşist baxışlara malik “Hayastan” və “Şərəfim var” fraksiyası məsuliyyəti bölüşmək istəməyərək, səsverməni boykot ediblər. Onlar öz fikirlərini bununla əsaslandırıblar ki, sənəd gələcəkdə dövlət əleyhinə güzəştlərə haqq qazandırmaq məqsədi (?) daşıyır. Beləliklə, sənədin lehinə yalnız hakim “Mülki müqavilə” fraksiyasını təmsil edən 67 deputat səs verib. Bundan bir gün sonra – oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüş olub. Görüşdən bir gün sonra isə hər iki ölkədə əsasnamə ən yüksək səviyyədə təsdiqlənib.

Noyabrın 1-də iki ölkə arasındakı sərhəddə Baş nazirin müavini Şahin Mustafayevlə erməni həmkarı Mher Qriqoryanın sədrliyi altında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların görüşü keçirildi. Bu görüş, ümumilikdə, sayca onuncu olsa da, əsasnamənin qəbul olunmasından və həmin sənədin hər iki ölkədə yüksək səviyyədə təsdiqlənməsindən sonra keçirilən ilk görüş olduğu üçün diqqəti cəlb edirdi. Eyni zamanda, əsasnamə həmin gün, yəni 2024-cü il noyabrın 1-də hüquqi qüvvəyə minib. Əsasnamə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müəyyənləşməsinin ilk ikitərəfli hüquqi sənədidir. Yəni, daha hansısa şifahi təkliflərdən, razılaşmalardan və kompromislərdən söhbət getmir. Ortada sərhədlərin delimitasiyasının reqlament qaydalarını, prosessual qaydaları tənzimləyən konkret sənəd var. Həmin sənədin qəbulu delimitasiya-demarkasiya prosesinin bundan sonra daha sürətlə gedəcəyini deməyə əsas verir.

Ermənistan parlamentinin sədri Alen Simonyan da bugünlərdə bildirib ki, Bakı və İrəvan Tavuş istiqamətində delimitasiya yekunlaşdıqdan sonra bu prosesin hansı ərazidə davam etdiriləcəyini müzakirə edir. Bununla belə o, sözügedən məsələ ilə bağlı yekun qərarın hələ mövcud olmadığını vurğulayıb. A.Simonyan komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə barədə də danışıb: “Mən hesab edirəm ki, komissiyaların fəaliyyəti haqqında reqlament Azərbaycan və Ermənistan arasında imzalanmış ilk sənəd olduğu üçün hər iki tərəfin qələbəsidir. Onun həyata keçirilməsi iki ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir. Biz bu məsələdə irəliyə doğru addımlamaqda davam edəcəyik”.

A.Simonyan Ermənistan və Azərbaycan arasında bu məsələdə müsbət prosesin baş verəcəyinə böyük ümidlər bəslədiyini bildirib: “İki ölkə arasında həllini gözləyən bir sıra məsələlər var. Siyasi iradə olarsa, bütün məsələləri həll etmək olar. Hesab edirəm ki, aparılan müzakirələr də buna yönəlib”.

Ermənistan parlamentinin sədri bundan öncəki açıqlamasında isə delimitasiya və demarkasiya prosesinin növbəti mərhələsinin Sünikdə (Zəngəzurda–S.H.) olacağını istisna etməmişdi: “Hər şey mümkündür. Davam etmək üçün əsas ola biləcək müxtəlif arqumentlər, əsaslar, suallar var. Şimalda, cənubda davam etmək mümkündür. Ümumilikdə, Sünik, yaxud daha konkret olan hansısa hissədən başlamaq da mümkündür. Bununla bağlı müzakirələr gedir”.

Bununla belə, delimitasiya prosesi digər bir məsələnin də Ermənistan cəmiyyətində son günlər intensiv müzakirə olunmasına gətirib çıxarıb. Bu da Azərbaycanın 2021–2022-ci illərdə, guya, Ermənistanın 200 kvadratkilometrdən çox ərazisini tutması ilə bağlıdır. Məsələn, ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, Ermənistan öz maraqlarını təkbaşına müdafiə etməyə qadirdir. Onun sözlərinə görə, bunun ən bariz nümunəsi sərhədin demarkasiyası prosesidir. Nazir jurnalistlərə açıqlamasında deyib: “Ermənistan bununla da konkret ərazidə dövlət sərhədinə malik olub”.

Ancaq bunun ardınca Papoyan tənqid etdikləri müxalifətin üslubunda, az qala, onları yamsılayaraq növbəti açıqlamasını verib. Deyib ki, azərbaycanlıların “Ermənistanın işğal olunmuş ərazilərindən” (?) çıxarılması məsələsi sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlarda mütləq müzakirə olunacaq: “Buna hansı mərhələdə nail olacağımızı deyə bilmərəm. Bu gün, sabah, yoxsa iki ildən sonra... Lakin demarkasiya dedikdə biz şimal-şərqdə ən yüksək nöqtədən cənub-şərqdə ən aşağı nöqtəyə qədər, daha sonra Naxçıvanla bütün sərhədimizi – Ermənistan Respublikasının dövlət sərhədini nəzərdə tuturuq. Bütün məsələlər müzakirə olunmalıdır”.

Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan da nazirin fikirlərinə bənzər fikirlər səsləndirib. O, jurnalistlərə açıqlamasında bildirib ki, demarkasiya prosesi bütün sərhəd boyunca tamamlansa, düzgün olardı: “Azərbaycanlılar ilkin mövqelərinə qayıtmalıdırlar. Nəhayət, sərhəd demarkasiya olunmalıdır. Bizim buna inanıb-inanmamağımızın fərqi yoxdur. Nerkin Hand kəndində problemimiz olduğunu hamımız bilirik, amma hamımız ümid edirik ki, sərhədlərin müəyyənləşdirilməsi nəticəsində bu problem həll olunacaq”.

Parlamentdəki müxalifətçi “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyanın sözlərinə görə, Ermənistan və Azərbaycan baş nazir müavinlərinin bir neçə gün əvvəl baş tutan görüşünün mühüm hissəsi sərhədin delimitasiyası prosedurunun müzakirəsi ilə bağlı olub. Abramyanın sözlərinə görə, əsas məsələ Ermənistan–Azərbaycan sərhədində delimitasiyanın aparılması üçün hansı qaydanın qurulacağını anlamaqdır. O iddia edib ki, bu anadək məntiq və prinsip işləməyib və proses Azərbaycanın mülahizəsinə uyğun olaraq baş verib: “Əsasnamə də eyni şəkildə hazırlanıb və Azərbaycanın maraqlarına uyğunlaşdırılıb. Məntiqlə Azərbaycanın tutduğu istiqamətlərdə sərhədlərin demarkasiyası məsələsi prioritet məsələ kimi gündəmə gəlməli idi. Ancaq Azərbaycanın kifayət qədər ciddi istehkam infrastrukturu yaratdığı və bu prosesi öz prioritetlərinə uyğun olaraq həyata keçirməkdə davam etdiyi üçün həmin əraziləri tərk etmək niyyəti yoxdur”.

Maraqlıdır ki, hər zaman ermənipərəst açıqlamalar eşitdiyimiz, hətta, dünyada qondarma “erməni soyqırımı”nı ilk dəfə tanımış Uruqvayın Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sərhəd komissiyalarının əsasnamələrinin qəbulunu alqışlayıb: “Uruqvay Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyü prinsipinə əsaslanan və beynəlxalq səviyyədə tanınmış sərhədlərə uyğun gələn delimitasiyanın davam etdirilməsi haqqında razılaşdırılmış, 2024-cü il noyabrın 1-dən qüvvəyə minən əsasnaməni alqışlayır”.

Mövzu üzrə fikirlərini “XQ” ilə bölüşən politoloq Ramiyə Məmmədova bildirdi ki, delimitasiya-demarkasiya məsələsi, əslində, çoxdan həll olunacaqdı. Ancaq Ermənistan tərəfi bir çox məsələlərdə razılığa gəlmədiyi üçün proses xeyli uzandı: “Rəsmi İrəvan iddia edir ki, guya, biz onların ərazisini tutmuşuq. Bütün bu ziddiyyətlərin tamamilə aradan qaldırılması üçün iki dövlət arasında hansısa razılaşmanın əldə olunması vacib idi. Belə bir razılaşma əldə olundu və delimitasiya prosesi başladı. Paşinyan neçə vaxtdır ölkə vətəndaşlarına izah etməyə çalışır ki, sərhədlərin delimitasiya prosesinə başlamaq lazımdır. O, tez-tez “tarixi Ermənistan və real Ermənistan” söhbəti edir. Ermənistanın ərazisinin 29,8 min kvadratkilometr olduğunu, necə deyərlər, beyinlərə yeritməyə çalışır. Bu çərçivədə əsasnamənin təsdiqi mühüm nailiyyətdir. Çünki Paşinyana həm ölkə daxilində, həm xaricdə təzyiqlər böyükdür”.

Politoloq hesab edir ki, sərhədlərin delimitasiya və demarkasiyası sülh müqaviləsi ilə birbaşa bağlı olmasa da, prosesin müsbət istiqamətdə getməsinin hər halda sülh danışıqlarına da müsbət təsiri danılmazdır: “Qeyd etdiyim kimi, əgər xarici qüvvələrin təzyiqləri olmasaydı, delimitasiya və demarkasiya məsələsi indiyədək həllini tapardı. Amma bu təzyiqlər qarşısında Paşinyan bir qədər ehtiyatlı mövqe tutur. Bu gün Ermənistanda Avropa İttifaqının mülki adlanan missiyası yerləşib. Onlar tez-tez sərhədyanı ərazilərdə patrul xidmətini həyata keçirirlər: Binoklla ərazimizə baxırlar, nələrsə çəkirlər, yazırlar, pozurlar və sair. Onlar bununla Ermənistan rəhbərliyinin fikrini yayındırmağa xidmət edirlər. Paşinyan hökumətinin Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi prosesindən çəkinməsini istəyirlər. Ancaq görünən odur ki, Paşinyan Azərbaycanla razılaşmaya getməkdən başqa yolunun olmadığını başa düşür və addım-addım sülhə doğru gedir”.

Onu da bildirək ki, dünən Ermənistanın sülh müqaviləsi üzrə növbəti təkliflər paketini Azərbaycana göndərdiyi məlum olub. Bunu ölkənin xarici işlər nazirinin müavini Paruyr Ovannisyan açıqlayıb: “Biz Azərbaycana sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərmişik. Hazırda bu təkliflərə cavab gözləyirik”.

Əgər İrəvan sülh istəyirsə, öz iddialarını kənara qoymalı, köhnə ab-havadan çıxmalı, Qarabağ iddiası, orada yaşamış ermənilərin geri qayıdışı və beynəlxalq qurumların nəzarət mexanizmləri kimi absurd məsələlərdən danışmamalıdır. Ermənistan cəmiyyətində güclənib revanşa qalxmaq üçün imkan əldə etmək düşüncələri birdəfəlik ardan qaldırılmalıdır. Bu xəstə ideyalara erməni cəmiyyətində son qoyulmadan, ona rəvac verən konstitusiyaya düzəliş edilmədən sülhün əldə olunması mümkün görünmür.

Səxavət HƏMİD 
XQ

 



Siyasət