II Yazı
Ermənistanın 1991-ci il Müstəqillik Aktında və 1995-ci il Konstitusiyasında Türkiyənin bir çox ərazilərinə iddiaları qalmaqdadır və dövlət səviyyəsində Türkiyənin bəzi Şərqi Anadolu vilayətləri “Qərbi Ermənistan” adlandırılır. Üstəlik, hətta Türkiyədən qondarma “erməni soyqırımı”nı tanıması siyasəti davam etdirilir. Ayrıca Ermənistanın gerbində Türkiyənin Ağrı dağının (ermənilər Ararat dağı adlandırırlar) təsvir olunması da İrəvanın başqa bir ölkəyə ərazi iddiası olaraq dilə gətirilməkdədir. Ermənistanda istər Azərbaycan, istərsə də Türkiyə ilə barışığa gedilməsinə qarşı çıxan radikal qüvvələrin də mövcud olması da nəzərdən qaçırılmamalıdır. Bu radikal qüvvələrə fikirlərini ifadə etmək imkanları yaradılır.
2023-cü ildə Antalya Diplomatiya Forumunda Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə bağlı məsələlər də müzakirə edilmişdi. Türkiyə təmsilçisi, keçmiş səfir Sərdar Kılıç Rubinyanın üzünə deməyə məcbur olmuşdu ki, neçə aylardır görüşmək təklifini Ermənistan geri çevirir. Məgər bu onun göstəricisi deyilmi ki, Ermənistan sülh danışıqlarını manipulyasiya etməyə çalışır? O zaman Ermənistan nümayəndəsi Türkiyənin şərtlərinin olduğu bəhanəsini dilə gətirmişdi.
Əlbəttə, Türkiyə tərəfindən bu illər ərzində şərt olaraq heç bir şey səsləndirilməmişdi. Amma Ermənistan Türkiyənin Şərqi Anadolu ərazilərinə iddialardan və “soyqırımı” ideologiyasından vaz keçmədiyi ortadadır, Ağrı dağının rəsmi dövlət gerbindən çıxarılmamışdır, Ermənistanın himnindəki türkləri hədəf edən “düşmən” kəlməsi hələ də səsləndirilir. Bunların özü Ermənistanın bütün media qurumlarında artıq müzakirə mövzusu olaraq davam etdirilir, orta məktəblərdə dərs vəsaiti kimi tədris olunan “Erməni tarixi” kitabının adı “Ermənistan tarixi” olaraq dəyişdirilsə də, onun içərisindəki düşmənçilik ibarələri qalmaqdadır.
Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistanın əlindədir. Barışıq ərəfəsində Ermənistan rəhbərliyi yuxarıda qeyd olunanları nəzərə alacaqmı? Belə bir istək varmı? Paşinyanın “Ermənistan gerbindəki Ağrı dağının rəmzinin bizə nə dəxli var?” sualı ölkədə narazılıqla qarşılansa da, gerçəyi ifadə edirdi. Paşinyan, həmçinin bəyan edib ki, 1915-ci ildə ölənlərin sayı ilə bağlı məsələlər mübahisəlidir. Onun 1915-ci il hadisələri ilə əlaqədar “həyatını itirənlərin ad və soyadlarını müəyyənləşdirməyə çağırması” bütün dünyaya yaydıqları 1,5 milyon erməninin öldürülməsi iddiasını sual altında qoyur. Digər mühüm hadisə isə Paşinyanın bu il aprelin 24-də 1915-ci il hadisələri üçün “soyqırımı” deyil, “mets yeğern” ( “böyük fəlakət”) sözünü işlətməsi olub. Bütün bunlar Türkiyə ilə münasibətlərin qurulması prosesində əngəlləri minimuma endirmək cəhdləridir, amma normallaşma üçün yetərli deyil.
Bir önəmli məqam da vurgulanmalıdır. Artıq danışıqlar iki ölkə arasında aparılır və vastəçilərin olmaması da müəyyən ümidlər yaradır. Məlumdur ki, 2024-cü ilin yanvarından Ermənistan tərəfində Markara sərhəd qapısının təmiri və xidmətə hazır vəziyyətə gətirilməsi istiqamətində işlər aparılır. Paşinyan bu məntəqəyə səfər edib və işlərin gedişatı ilə tanış olub. Elə burada da ilk dəfə Türkiyə–Ermənistan nümayəndələrinin görüşü keçirilib. Artıq bu, o deməkdir ki, Ermənistan ikitərəfli danışıqlar variantını qəbul edib. Moskva və Vyana danışıqlarından sonra tərəflərin bu dəfə üçüncü ölkə əvəzinə iki ölkə arasında sərhədi seçməsinin xüsusi mənası var. Çünki Türkiyə əvvəlki Moskva və Vyana danışıqlarını İrəvanın bu prosesi üçüncü ölkələrdə keçirmək təklifini qəbul etmirdi. Antalya Diplomatik Forumunda Sərdar Kılıç “İrəvanda görüşərik” işarəsini vurmuşdu. Türkiyə bu işə üçüncü ölkənin müdaxiləsini məqbul etmir. Tez-tez vurğulanır ki, danışıqlar İrəvanda və ya Ankarada davam etdirilməlidir. Bu baxımdan danışıqların üçüncü ölkə əvəzinə iki ölkənin sərhədində baş tutması tərəflərin bu məsələdə razılığa gəldiyinin mühüm göstəricisi idi.
Həmin görüşdə münasibətlərin tam normallaşması yolunda Akyaka-Axurik dəmir yolu layihəsinin həyata keçirilməsinə dair razılığın əldə olunduğu da anlaşılır. Akyaka-Axurik dəmir yolu sərhəd qapısı Türkiyə tərəfdən Qarsa, Ermənistan tərəfdən isə Şiraka bağlıdır və Türkiyə-Ermənistan sərhədinə yaxın ərazini əhatə edir. Akyaka–Axurik sərhəd qapısı yenidən dəmir yolu nəqliyyatına açılarsa, əvvəllər aktiv olan, lakin bir müddət boş qalan bu dəmir yolu yenidən fəaliyyətə başlayacaq, hər iki tərəfdə iqtisadi inkişafa səbəb olacaq .
Görünən odur ki, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra, xüsusən də 2023-cü ildə Azərbaycan ərazilərinə tam nəzarəti ələ keçirdikdən sonra artıq Azərbaycanın maraqları ilə bağlı Türkiyə-Ermənistan dialoquna mane olan heç bir səbəb qalmayıb. Xüsusən də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh sazişi imzalamağa hazır olduğunu bildirdikdən sonra məsələnin maneəsiz davam etməsinə ümidlər artır. Xüsusən, Qazanda BRICS zirvəsində Ərdoğanın Paşinyanla görüşündə irəliyə addımlar atılması üçün yeni perspektivlər açıldı.
Türkiyənin maraq dairəsində olan məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. 2020-ci il 9 noyabrda imzalanan “üçtərəfli Bəyanat”da Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarəti ilə Azərbaycanın Qərb bölgələrini Naxçıvana, oradan da Türkiyəyə uzanacaq maneəsiz keçidin açılması ilə bağlı Ermənistanın öhdəliyi yerinə yetirməməsi hələ də sülhün əldə olunmasına mane olur . Bu illər ərzində bu ərazidə dəyişikliyin İranın “qırmızı xətt”i anlayışını da əsas götürərək kommunikasiya xəttlərinin açılmasına qarşı İrəvanın dirəniş göstərməsi Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmasında əsas maneədir. Ermənistan bu maneələri də aşmalıdır.
Bölgədə marağı olan imperialist güclərin müdaxilə etməsinə Ermənistan imkan verməməklə öz tarixi şansını qaçırmamalıdır . Xatırladaq ki, ABŞ və Aİ son zamanlar Ermənistan vasitəsilə İran və Rusiyaya müəyyən mesajlar verməyə çalışıblar. O da məlumdur ki, indiki məqamda Qərb Ermənistanın region dövlətləri, xüsusilə də İranla münasibətlərinə yumşaq baxmır. İran da Qərbin yardım və təlimlərlə bölgəyə daxil olmaq siyasətindən narahatdır. Bu səbəbdən İran “3+3” platforması çərçivəsində Ermənistan və bölgə ölkələrin də daxil olduğu regional iqtisadi inkişaf prosesini dəstəkləyir. Ermənistan bu prosesin bir parçası olmağa məcburdur.
Erməni türkoloq Ruben Safrastyan deyir: “Azərbaycanla, daha sonra Orta Asiya ilə birbaşa quru əlaqəsi Ankara üçün strateji əhəmiyyət kəsb edir. Odur ki, heç bir görünən nəticə olmadan Ermənistan–Türkiyə prosesini təxirə salmaq Türkiyənin milli və strateji maraqlarına uyğun deyil, Türkiyə üçün bu, rasional və səmərəli qısamüddətli taktikadır, hələ o konkret nəticələr verməsə də, Ermənistanın dirənişinin heç bir anlamı olmamaqdadır”.
Naxçıvana uzanacaq yol əsas layihə – Orta Dəhlizin reallaşması üçün ən uyğun variant olduğu dəfələrlə Ermənistanın diqqətinə çatdırılıb, bu layihə bu və ya başqa şəkildə Türkiyə tərəfindən dəstəklənməkdədir. Ermənistan Türkiyə ilə əlaqələr qurmaq istəyir, amma belə məqamları nəzərə almır, özünə də faydalı olacağı həmin xəttin açılmasına qeyri- müəyyən yanaşma sərgiləməkdə davam edir. Demək, Ermənistanın ayrı hesabları var. Daha çox Qərb ölkələrinin müdaxiləsinə bel bağlayır. Qərb dünyasının Cənubi Qafqazı yeni mübarizə meydanına çevirmək arzusunda olması da barışığa mane olduğunu anlamır.
Bir çox ölkələr Ermənistanı silahlandırmaqdan, region dövlətlərinə qarşı təxribatlar törətməkdən çəkinmirlər. Maraqlısı odur ki, bu siyasət Aİ-yə üzv dövlətlərin bəziləri tərəfindən də Cənubi Qafqazda Ermənistanın əli ilə həyata keçirilir. Fransanın bu məsələdə atdığı son addımlar o həddə çatıb ki, silahlandırılma ilə müəyyən məqsədlərin həyata keçiriləcəyinə erməni xalqı belə həvəsləndirilir. Revanşist qüvvələr fəallaşırlar. Lakin praqmatik düşüncəli bəzi erməni ziyalıları gərginliyin qalmasını Ermənistanın təhlükəsizliyi üçün təhdid hesab edirlər. Qonşularla normal münasibətin alternativinin olmadığını dilə gətirirlər.
Şübhəsiz ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına kömək edən bəzi amillər də var. Bunlardan birincisi Qərbin, xüsusilə ABŞ-nin, bəzi aparıcı Avropa dövlətlərinin, Aİ və NATO strukturlarının son zamanlar bəyan etdikləri mövqe dəyişikliyidir. Ərdoğan Türkiyəsi təkcə qlobal strateji və hərbi-siyasi məsələlərdə deyil, həm də Qərblə münasibətlərdə açıq şəkildə konstruktiv mövqe tutur, həmçinin regional geosiyasətlə, xüsusən də Ukrayna və Yaxın Şərqlə bağlı məsələlərdə aydın siyasi iradə sərgiləyir. Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi Ankaranın Vaşinqton və Brüssellə danışıqlarının gündəmindəki məsələlərdən biridir, baxmayaraq ki, bu, ən vacibi deyil.
Ermənistan və Türkiyə rəsmilərinin və ekspertlərinin tez-tez nikbin bəyanatlarına baxmayaraq, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması perspektivləri qeyri-müəyyən olaraq qalır. Nəticə etibarı ilə, Alican – Markara sərhəd xəttində beşinci görüş münasibətlərin normallaşması və regiona sülhün gətirilməsi istiqamətində mühüm mərhələ sayıla bilər. Bundan sonra da Türkiyə–Ermənistan arasında normallaşma prosesinin Azərbaycanla koordinasiyalı şəkildə davam edəcəyi şəksizdir. Bu reallığı Ermənistan qəbul etmək məcburiyyətindədir.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri