BVF-nin qənaəti ciddi əsaslara söykənir
Prezident İlham Əliyevin son illərdə sosial–iqtisadi çağırışları nəzərə alınaraq ölkədə islahatlar daha da sürətləndirilib. Bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanıb. Genişmiqyaslı yeniliklər respublikada yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb.
Azərbaycanın sosial–iqtisadi sahələrdə əldə etdiyi uğurlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın nüfuzlu təşkilatlarının, aparıcı iqtisadi–maliyyə institutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin diqqətindən də kənarda qalmır və yüksək qiymətləndirilir.
Beynəlxalq reytinq agentliklərinin proqnozları da təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olur və bütün bunlar dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.
Fikrimizin təsdiqi üçün diqqəti Beynəlxalq Valyuta Fondunun “Dəyişən geoiqtisadi landşaftda naviqasiya”adlı yeni hesabatına yönəltmək istərdik. Hesabatda Azərbaycanda nominal ÜDM-in 2023-cü ildəki 72,4 milyard dollardan 2024-cü ildə 75,6 milyard dollara, gələn il isə 77 milyard dollara qədər artacağı proqnozlaşdırılıb.
Yeri gəlmişkən, ÜDM-in artımını qeyri–neft–qaz sektorunun inkişafı şərtləndirib. Başqa sözlə, respublikada artımın əsas mənbəyini qeyri–neft–qaz sektoru və qeyri–neft–qaz idxalı təşkil edib. Şübhəsiz ki, bu məsələdə xarici investisiyaların, qabaqcıl texnologiyaların və idarəetmə təcrübəsinin də rolu mühüm önəm daşıyıb. Ölkədə bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici ölkələrdən birinə çevirib.
Beynəlxalq Valyuta Fondu enerji qiymətlərinin aşağı düşməsi fonunda neft ixracatçıları arasında xarici balansların azalacağını gözləyir, bununla belə, orta cari hesab profisiti bu il ÜDM-in 0,8 faiz həcmində qalacaq, ortamüddətli perspektivdə isə kəsirlə əvəzlənəcək. Bu proqnoz apreldəki gözləntilərlə müqayisədə ÜDM-in 1,5 faiz bəndi artımını, Qazaxıstanda daha yüksək neft gəlirlərini və dividend repatriasiyasının azalmasını əks etdirir.
Buna baxmayaraq, dövlət borcu ÜDM-in 20 faizi və ya ondan aşağı səviyyədə qalır ki, bu da bu ölkələrin sabit fiskal mövqeyindən xəbər verir. Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbətinin 20,5 faiz, 2025-ci ildə isə 20,3 faiz olacağı gözlənilir.
Yeri gəlmişkən, xatırladaq ki, cari il iyulun 1-nə olan məlumata görə, Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 686 milyon manat və ya 2024-cü il üzrə 121 milyard 343 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 21,2 faizini təşkil edib. Maliyyə Nazirliyinin açıqladığı “2024-cü ilin I yarımili üzrə dövlət borcuna dair statistik bülleten”də bildirilir ki, ümumi dövlət borcunun 9 milyard 114 milyon manatı (5 milyard 361 milyon dollar) və ya 35,5 faizi xarici dövlət borcunun, 16 milyard 572 milyon manatı və ya 64,5 faizi daxili dövlət borcunun payına düşür.
Bu ilin 1 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 100 milyon dollar və ya 17 faiz azalıb. Bunun da əsas səbəbi imzalanmış kredit sazişləri çərçivəsində 2024-cü ilin ilk 6 ayı ərzində xarici dövlət borcu üzrə vaxtı çatmış əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar (avrobond) üzrə 900 milyon dollar məbləğində ödənişlərin həyata keçirilməsi olub. 2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 1,4 faiz bəndi azalıb.
“Azərbaycan 2030: sosial–iqtisadi inkişafa dair Milli Prioritetlər”də uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün qarşıya bir sıra mühüm vəzifələr qoyulub. Həmin məqsədlər sırasında yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmasına xüsusi yer verilib.
Bundan başqa sənəddə şaxələnmiş iqtisadiyyatın dayanıqlılığı üçün qeyri-neft sektorunun payının, eləcə də dövlətin valyuta ehtiyatlarının artırılması, intizamlı borclanmanın təşkil edilməsi kimi mühüm əhəmiyyətli istiqamətlər vurğulanıb. Milli Prioritetlərdə bütün bunların reallaşdırılması üçün xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması məqsədilə Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payının tədricən azaldılması, məcmu borcun makroiqtisadi sabitliyə, o cümlədən dövlət büdcəsinin sabitliyinin gerçəkləşdirilməsi zəruriliyi bildirilib.
Milli Prioritetlərdə olduğu kimi, digər sənədlərdə də bildirilir ki, daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət və kvazi–dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır.
Bütün bunlar nəzərə alınaraq ölkədə son illərdə istər daxili, istərsə də xarici borcun qarşılanması üçün makroiqtisadi sabitliyin qorunması, qiymətlərin aşağı və sabit olması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Bu sahədə idarəetmənin institusional çərçivəsi təkmilləşdirilib və maliyyə bazarlarının səmərəli fəaliyyəti təmin edilib. Belə bir şəraitdə isə iqtisadi proqnozlar özünü doğruldub, ən başlıcası isə əhalinin yığımları dəyərsizləşmədən xilas olunub və investisiya arımı reallaşıb.
Proqnozlara görə, Azərbaycanda orta illik inflyasiyanın isə 2023-cü ildəki 8,8 faizə qarşı 2024-cü ildə 2,1 faiz olacağı gözlənilir. Qlobal tendensiyalara uyğun olaraq, Qafqaz və Mərkəzi Asiya neft ixracatçıları arasında ümumi baza inflyasiyasının 2024-cü ildəki 7 faizdən ortamüddətli dövrdə 5,2 faizə enəcəyi proqnozlaşdırılır. Azərbaycanda 2024-cü ilin əvvəlində idxal inflyasiyasının təsirinin azalması səbəbindən inflyasiyanın əhəmiyyətli dərəcədə zəifləməsi müşahidə edilir.
Ekspertlər bildirirlər ki, inflyasiyanın azalması cari ilin əvvəlindən davamlı prosesə çevrilib. Ticarət tərəfdaşları üzrə inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyaya azaldıcı təsir göstərib.
Bundan əlavə, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inflyasiyaya azaldıcı təsir göstərir. Qiymətlərin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi, eyni zamanda, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında”, eləcə də “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncamlarında nəzərdə tutulan kompleks tədbirlərin icrası da inflyasiyanın azalmasını şərtləndirir.