Avropanın “qurtuluşu” yaxınlaşır

post-img

əvvəli https://xalqqazeti.az/az/siyaset/199072-avropanin-qurtulusu-yaxinlasir

Avropa İttifaqı “tələsindəki pendirə” daha yaxın düşən yoxdur

2016-cı ildə İngiltərənin Aİ-da “Brext” adı alan “boşanma”sının əleyhinə olan “Britaniya Avropada daha güclüdür” kampaniyasının internet saytında Aİ-də qalmağın lehinə müxtəlif mənbələrdən bir sıra maraqlı statistik məlumatlar dərc etdilər. Məsələn, məlumatlardan birində qeyd edilirdi ki, Böyük Britaniya “Aİ-nin vahid bazarının üzvü olmaq üçün ildə 5,7 milyard funt-sterlinq xərcləyir və bunun nəticəsində Britaniya iqtisadiyyatı hər il 91 milyard funt-sterlinq (115 milyard avro) gəlir əldə edir. Ölkə Aİ-dən çıxsa, ərzaq, yanacaq və elektrik enerjisinin qiymətləri artacağından və bu hər bir britaniyalı ailənin xərclərini ildə 4,3 min funt sterlinq (5,4 min avro) artmasına səbəb olacaq”. Amma bunların bir faydası olmadı və əhali Britaniya krallığının Aİ-ni tərk etməsinə səs verdi. Şübhəsiz, burda ingilislərin tarixi, milli-mənəvi və ailə dəyərlərinə olan bağlılığı da böyük rol oynadı.

Avropa İttifaqının dağılmasına aparan dördüncü səbəb isə miqrantlardır. Avropanı çökdürmək üçün ABŞ hakimiyyət institutlarının başında duran elita köhnə mexanizmlərdən istifadə edir. Xüsusən də konkret bu və ya digər ölkənin cəmiyyətini daxildən sarsıdan qondarma miqrasiya layihəsini yenidən canlandırırlar. Yeganə fərq ondan ibarət idi ki, indiki variant Aİ-də artıq mövcud olan miqrant resurslarından istifadəni nəzərdə tuturdu.

Bu prosesin başlanmasının sübutu fransız “sarı jiletlilər” hərəkatının başlanmasıdır, daha dəqiq desək, onun tozlu və bulanıq pərdələri arxasında baş verənlərdir. Avropa Fransa polisinin, nümayişçilərin hərəkətlərini və hakimiyyətin addımlarını həvəslə müzakirə etdiyi bir vaxtda, respublika prezidenti sakitcə və gizlincə miqrasiya haqqında aktı imzalayır. Xatırlayırsınızsa, prezident Emmanuel Makron tətillər başlamazdan əvvəl Fransanın heç vaxt imzalamayacağına söz verdiyi sənədə imza atdı. Bundan sonra sərhədlərin bağlanmasından söhbət gedə bilməzdi və Paris miqrantların sayını azaltmaq əvəzinə, daha çox miqrant qəbul etməyə başladı.

Fransa mühitində, xüsusən də əhalinin miqrantların parazitizmindən hədsiz narazılığını nəzərə alsaq, adi məntiqi nöqteyi-nəzərdən bu, absurd görünür. Amma vəziyyətin ironiya doğuran tərəfi ondadır ki, süni etirazların təşkilatçıları ilə Aİ-nin dağılmasında maraqlı olanlar eyni adamlardır. Məhz buna görə də sənəd imzalanan vaxt fransız küçələri birdən-birə bu aktual məsələ ilə maraqlanmağı dayandırdı.

Cəmiyyətlə hakimiyyətin parçalanması üçün reallıqla mətbuatın mövqeyi arasında süni uçurumdan daha yaxşı heç nə ola bilməz. Buna görə də fransızlar miqrantların olduğu şəhərlərdən kütləvi şəkildə daha sakit yerlərə köçərkən, hakimiyyətin sifarişlərini yerinə yetirən media bunun tam əksini “üfürməyə” başladı.

Həmin ərəfədə Britaniyanın mediaya nəzarət orqanı olan Müstəqil Mətbuat Standartları Təşkilatının təzyiqi ilə məşhur tabloid “Daily Mail” düzəliş və əlavələr kolonunu dərc etməyə məcbur oldu. Qısaca desək, o, miqrantlarla bağlı işlərin real vəziyyəti haqqında hesabat dərc etməyə cəsarət etdiyi üçün hamıdan üzr istədi. Onların əvvəlcə dərc etdikləri materialda Aİ-nin müxtəlif şəhərlərində bütöv ərazilərin total islamlaşmasından, həmçinin Fransada bu məsələ ilə bağlı kritik vəziyyətdən bəhs edilirdi.

“Dünyanın ən azad mətbuatının” hakimiyyətin bir tələbi ilə xəbərlərinə düzəliş etməsi ilk baxışda təəccüblü görünə bilər, amma reallıq ondan ibarətdir ki, anqlosaksların mediası həmişə elitanın əlində alət olub. Yeganə fərq ondadır ki, əvvəllər onlar bunu xaricdə edirdilər, indi isə Avropa İttifaqının daxilində edirlər. Xalq kütlələrinin qəzəbini daşırmaq avrotolerantlığın uzun müddətdir qaynayan çaydanını daşırmaq məqsədi daşıyır və bu, Aİ-nin dağılması üçün daha bir şərtdir.

Beşinci səbəb kimi isə qlobal təxribatı qeyd etmək olar. Avropanın iqtisadi kəmərlərinin sıxılması daxili deyil, ilk növbədə xarici səbəblərdən qaynaqlanır. Problemin kökü kapitalizm böhranı və bazar qıtlığının getdikcə zahiri sivilizasiyalı Qərb dünyasını öz əsl “vəhşi” formasına qaytarmasındadır. Çin Qərbin “maliyyə parazitizmi” üçün yeni bazarlar açmasına mane olur. Rusiya yerli münaqişələrin, çevrilişlərin və müharibələrin qarşısını almağa nə qədər cəhd göstərsə də onu müharibəyə çəkə bilirlər və nəticədə iki xalqı bir-birinə qırdırırlar.

Birləşmiş Ştatların niyyətlərini sübut etmək üçün adi məntiq də kifayətdir. 2000-ci illərin əvvəllərində Aİ və Amerikanın bütün ehtiyaclarını ödəmək üçün Avropanın texnoloji imkanları və istehsal potensialı var idi. Eyni zamanda, Vaşinqton da həm Birləşmiş Ştatlar, həm də Avropa bazarlarını öz malları ilə tam təmin edəcək texnologiya və istehsal potensialına malik idi. Ona görə də onlardan biri getməli idi. Daha doğrusu, başqasının yeminə çevrilməli idi. Təbii ki, bu ABŞ ola bilməzdi, ona görə də Avropa oldu...

Belə şəraitin yaranmasına gətirib çıxaran əsas səbəblərindən biri də ABŞ-nin özünün iqtisadi vəziyyətidir. Daha dəqiq desək, qlobal borc iqtisadiyyatının artımının əsas drayverinin – yeni köpüklər yaratmaq qabiliyyətini itirməsidir. Əsasən ABŞ ordusu və investorların inamı üzərində qurulan dollar sisteminin işləməsi üçün Amerikaya daim yeni münaqişələr yaratmaq lazımdır. Dolların işğal etmədiyi bu və ya digər bölgəni açarı inqilablar və müharibələr ola bilər. Resursları milliləşdirilən ölkələr dağıdıldı, dolların mövcud olduğu sistemlər inqilablarla yenidən işə düşdü – İraq, Liviya, Suriya, Misir, Tunis. Köpükləri şişirtməklə və dolları xaricə ixrac etməklə pul çap edən maşınının gücü dayanmadan artırdı.

Lakin 2015-ci ildən və Rusiyanın Suriyaya gəlişindən sonra hər şey başqa cür inkişaf etməyə başladı. Amerikalıların ümid etdiyi böyük münaqişə baş vermədi. Suriya dövləti inqilabdan və dağıdıcı müharibədən salamat qurtardı. Milli dövlətlərin ləğvi və əvvəllər milliləşdirilmiş aktivlərə trilyonlarla dollar qoyulması baş vermədi, əsas marşrutlar və enerji mənbələri ABŞ-nin əlinə keçmədi. Digər tərəfdən onlar məhz özlərinin yaratdıqları və silahlandırdıqları terrorçu ordular üzərində nəzarət itirdilər.

O vaxtdan bəri, yeni maliyyə köpüyü və xaos yaratmaqla dollar sisteminin mövcudluğunu uzatmaq cəhdi Moskva və Pekinin birgə müqavimətilə qarşılaşmağa başladı. Dünyanın inkişaf etməkdə olan nəhəng iqtisadiyyatları BRİCS-də birləşdilər və dünyanın çox güclü bir iqtisadi birliyini qurmağa başladılar. İndi bu təşkilat ətrafına müstəqil iqtisadi və siyasi siyasət yürütmək arzusunda olan onlarla dövlət toplamaqdadır.

Aİ yenidən iki yanğın arasında qalıb. ABŞ-yə indi dollar iqtisadiyyatının böhranını təxirə salmaq üçün Avropanı “yemək”, bunun üçünsə əvvəlcə onu məhv etmək lazımdır. Bu planın reallaşdırılmasına başlamazdan 2 il əvvəl Rusiya–Ukrayna müharibəsi alovlandırıldı və bir il əvvəl isə İsrailin Yaxın Şərqdə qızışdırdığı müharibənin hansı cəhətdən yardımçı olacağını artıq görməkdəyik.

Rusiyaya sonsuz sanksiyalar tətbiq edən Qərb artıq ABŞ-nin qurduğu tələyə düşüb, desək, əsla yanılmarıq. Aİ iqtisadiyyatı son illər bir-birinin ardınca şok yaşamaqdadır. Beynəlxalq Valyuta Fondunun sitat gətirdiyi məlumatlara görə, 2019-cu ildən bəri Aİ-nin ÜDM-i real ifadədə təxminən 4,8 faiz artıb, ABŞ-da isə real ÜDM-in artımı təxminən 8 faiz olub. Aİ-nin ən böyük iqtisadiyyatı olan Almaniyada adambaşına düşən ÜDM faktiki olaraq azalıb. Avropa İttifaqı üçün rəsmi proqnozlar bu il artımın 1 faizdən az olacağını göstərir, müşahidəçilər isə gələcək vəziyyəti “qeyri-müəyyən” xarakterizə edirlər.

Əvvəlcə, koronavirus pandemiyası Avropa “birliyinin” kövrəkliyini əvvəllər heç vaxt yaşamadığı dərəcədə ifşa etdi. Sonra – Ukrayna ətrafında vəziyyətin kəskinləşməsinin yaratdığı “enerji şoku” baş verdi. İndi isə iki yeni “bədbəxtlik” gündəmə gəlib. Çin tərəfindən davamlı olaraq artan iqtisadi rəqabət və transatlantik ticarət müharibəsinin yeni mərhələsini vəd edən Donald Trampın gələn il ABŞ prezidentliyinə qayıtması təhlükəsi.

Doğrudur, Qərb optimistlərinin fikrincə, avropalılar üçün enerji qiymətlərində yeni fəlakətli sıçrayışlar təhlükəsi “artıq keçmişdə” qalıb. Lakin enerji qiymətləri nə qədər azalsa da, onlar Avropa İttifaqının əvvəlki iqtisadi modelinin effektiv fəaliyyət göstərməsinə imkan verən səviyyədən xeyli yüksək olaraq qalır. 2022-ci ilin payızında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell “Foreign Policy” nəşrinə müsahibəsində vəziyyəti belə şərh etmişdi: “Aİ-nin əvvəlki iqtisadi uğurlarının iki sütunu bunlar idi – Rusiyadan ucuz xammal və Çindən ucuz işçi qüvvəsi”. Hətta o zaman Avropa komissarı hər iki resursun tükəndiyini və “yeni modelə ehtiyac olduğunu” bildirirdi.

Çin bu minilliyin əvvəlindən, ÜTT-yə üzv olduqdan sonra Qərb şirkətləri üçün “montaj sexi”ndən dünyanın aparıcı iqtisadiyyatlarından birinə çevrilib. Bu isə Qərbi qorxudur. 2000-ci illərin sonlarında ABŞ və Avropa İttifaqının rəsmi dairələrində “kritik sahələrdə Çindən asılılığın qarşısının alınması” zərurəti haqqında ciddi söhbətlər gedirdi. Amma bu arada Çinin ixracatında sənaye məhsullarının payı durmadan artırdı. Bu gün “OECD TIVA Database”-nin yaydığı məlumatlara əsasən, Çinin qlobal sənaye istehsalında payı 35 faizə çatıb. Avropa İttifaqının iqtisadi inkişafının əsas drayveri olan Almaniyanın payı cəmi 4 faiz, Aİ-nin ikinci və üçüncü iqtisadiyyatları olan Fransa və İtaliya isə – hər biri 2 faiz təşkil edib.

Avropanın Çindən “asılılığını azaltmaq”, yəni bu ölkədən əsas resursların və malların tədarükünü azaltmaq, habelə Çinə investisiyaları və yüksək texnologiyalı malların ixracını məhdudlaşdırmaq cəhdləri yalnız xərclərin kəskin artmasına səbəb olacaqdır. “The Economist” nəşrinə görə, Çinlə ən sıx əlaqədə olan Avropa iqtisadiyyatı Almaniya üçün, hətta nizamlı bir şəkildə ayrılma belə ÜDM-in 1,2 faizini itirməsi hesabına başa gələcək. Digər iri Avropa ölkələri isə ÜDM-in təxminən 0,5 faizini itirəcək. Çinin itkiləri təxminən 2 faiz olacaq.

Bu məsələrdən aydın görünür ki, Avropa rəsmilərinin ucadan danışmaq istəmədikləri əsas məsələ məhz ABŞ ilə geoiqtisadi münasibətlərdəki problemlərdir. Çünki Vaşinqtonun öz strateji maraqlarını həyata keçirməsi Qədim dünyadakı nominal müttəfiqlərinə çox vaxt zərər vurur. Avropa siyasi elitası ABŞ-nin belə əbədi və əzəli bir devizini əsla unudur: “Amerikanın əbədi dostları yox, əbədi maraqları var”. Əvvəldə qeyd etdiyimiz kimi, məsələnin kökü ondan ibarətdir ki, Avropa İttifaqı Amerika iqtisadiyyatını dəstəkləməyə çalışır... Avropa İttifaqı real olaraq ABŞ-ni, onun iqtisadiyyatını, iqtisadi siyasətini dəstəkləmək üçün Avropa ölkələrinin iqtisadiyyatlarını məhv etmək alətinə çevrilib.

Bu günün bir reallığına diqqət yetirin. Rusiya–Ukrayna münaqişəsinin alovlanması ABŞ və Avropa arasında silah alışı sahəsində rəqabətin yeni mərhələsinə səbəb olub. Həm Almaniyada, həm də Fransada hərbi sənaye müəssisələrinin mənafeyinə ciddi ziyan dəyir. Hər kəs başa düşür ki, hərbi-sənaye kompleksi şirkətlərinin əhəmiyyətli dövlət subsidiyaları aldığı Avropa bazarında ABŞ-dən silah tədarükünə məhdudiyyətlər olmadığı halda, öz hərbi sənaye istehsalını inkişaf etdirmək siyasəti iflasa uğrayacaq. Lakin Vaşinqton “Rusiya təhlükəsi”ni əsas gətirərək, Avropadakı müttəfiqlərindən mümkün qədər tez “müdafiə potensialını artırmağı” tələb edir. Belə olan halda, ABŞ-dən gələn təzyiqlərə boyun əyərək, əvvəlki onilliklərdə öz müdafiə sənayesinin problemlərinə məhəl qoymayan avropalı siyasətçilərin Amerika silahlarının idxalını artırmaqdan başqa çarəsi qalmır.

Bayden iqlim dəyişikliyi ilə mübarizədə “xeyirxah və ağlabatan” bəhanə ilə proteksionizmi gücləndirmək fürsətindən istifadə etdi. Onun Amerika sənayesi üçün elan etdiyi “yaşıl subsidiyaların” ölçüsü Avropada şok yaratdı. Avropanın “təmiz” texnologiya sənayesi, yeni kəşflərin okeanın o tayına axını üzündən artıq fəlakət yaşamaqdadır.

Belə bir şəraitdə nəticəni dərk etmədən iqtisadi məsələlərin ideologiyalaşdırılması, həmçinin Vaşinqtonun “Qərbi” təkcə Rusiyaya deyil, həm də Çinə qarşı yenidən “soyuq müharibə” konfiqurasiyasına çəkmək istəyinə yol vermək Avropa İttifaqının dağılmasına böyük təkan verəcək. Bununla belə, bir çox əvvəlki yüksək səviyyəli Avropa rəsmiləri kimi, Josep Borrell də karyerasını bitirməyə hazırlaşarkən Birliyin ciddi problemləri ilə bağlı səmimi bəyanatlar verməyə başlayıb: “Avropanın hakim dairələri yaxınlaşan problemlərin real miqyasını etiraf etməyə hazır görünür. Ancaq onlar üçün adekvat həll yolları tapa biləcəklərmi? Axı bunun üçün onlardan böyük siyasi iradə tələb olunacaq, çünki Vaşinqton uzun müddətdir Qərbdə də bunu inhisara alıb”.

Yekun olaraq demək istərdik ki, Avropa İttifaqının daim genişlənməsinə baxmayaraq, onun liderləri bu gün belə avropalı olmağın nə demək olduğu sualına dəqiq cavab verə bilməyiblər. Avropa dəyərləri müqaviləsində adı çəkilən – azadlıq, demokratiya, insan hüquqları, qanunun aliliyi bütün sivil dünya üçün universaldır. Onların heç biri xüsusi “avropalılıq” əlaməti ilə seçilmir. Avropanın xristian köklərinə istinadlar konstitusiyanın hazırlanması mərhələsində onun mətnindən çıxarılıb. Üstəlik, Aİ müasir Avropanın səlib yürüşləri, papalar və imperatorlar arasında qarşıdurma, renessans, kilsə islahatı və dini müharibələr, müstəmləkəçilik və maarifçilik irsi olmamasının ağlasığmaz olduğu barədə vətəndaşlarla danışmaqdan utanır.

Bu məqamda görkəmli rus nasiri Fyodor Dostoyevskinin aşağadakı fikri yadıma düşdü. Ədib hələ 1879-cu ildə yazırdı: “Avropaya getmək istəyirəm... Bilirəm ki, ancaq qəbiristanlığa gedəcəm... Yerə yıxılıb bu daşları öpüb ağlayacağam, - eyni zamanda bütün qəlbimlə əmin olacağam ki, bütün bunlar çoxdan qəbiristanlıqdır və başqa heç nə”.

Əlbəttə, biz Avropanın qəbiristanlıq olmasını istəməzdik, amma Avropa İttifaqının Brüsseldəki binasının qarşısına yaxın illərdə “Burada Avropa İttifaqının baş ofisi yerləşib” sözlərinin yazıldığı xatirə lövhəsinin vurulacağına əsla şübhə etmirik.

İlqar RÜSTƏMOV
XQ

Siyasət