İrakli Kadaqişvili: Qərb dövlətlərinin bəyanatları Gürcüstanın suveren hüquqlarının kobudcasına pozulmasıdır

post-img

Gürcüstanda seçki öncəsi vəziyyət sakitdir. Bir həftə əvvəl seçkilərlə bağlı əsas müşahidəçi vəzifəsini yerinə yetirən ATƏT-in müşahidə missiyası ilkin hesabatını təqdim edib. Sənəddə də qeyd edilib ki, seçki öncəsi vəziyyət çox sabitdir. Gürcüstan Mərkəzi Seçki Komissiyası və onun regional bölmələri işlərini düzgün qurublar və seçkilərə tam hazırdırlar. Vətəndaşların sərbəst və azad səsvermələri üçün hər cür şərait yaradılıb, mətbuat azad fəaliyyət göstərir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü siyasətçi, deputat İrakli Kadaqişvili söyləyib.

Onun sözlərinə görə, sənəddə yalnız ölkədə böyük siyasi qütbləşmənin olduğu qeyd edilir.

“Mənim fikrimcə bunun da ən böyük səbəblərindən biri Gürcüstanın daxili işlərinə, seçki prosesinə kənardan, xüsusən də xaricdən müdaxilənin olmasıdır. Əgər bəzi kobud, yersiz müdaxilələr olmasa siyasi qütbləşmə də o qədər böyük olmaz”, – deyə Kadaqişvili vurğulayıb.

O deyib: “İndi qarşıda yalnız bir məsələ dayanıb, bu da səsvermənin normal şəraitdə, azad, şəffaf və demokratik təşkilidir. Seçkilərdən sonra həyat öz axarı ilə gedəcək və Gürcüstan yenə də demokratik inkişafını davam etdirəcək”.

Deputat bildirib ki, Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra cəmiyyət bir çox şeyin şahidi oldu. Bəzi qüvvələr Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək istəyirlər. Amma Rusiya ilə qarşıdurma Gürcüstan üçün məqbul deyil və yolverilməzdir. Gürcüstan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir, amma biz Rusiya ilə ikinci cəbhəni aça bilmərik. Xüsusilə də nəzərə almalıyıq ki, Gürcüstan ərazilərinin də 20 faizi işğal olunub. Ona görə də, Gürcüstan sülh yolu ilə gedir və seçkilərdən sonra da yolunu bu istiqamətdə davam etdirməlidir.

“Bütün cəhdlərimizə baxmayaraq bəzi Qərb dövlətləri, onların Gürcüstandakı diplomatik missiyalarının rəhbərləri kobud, həqiqəti əks etdirməyən, yalan məlumatlarla dolu bəyanatlar verir, bizə qarşı sanksiyalar tətbiq edirlər. Bütün bunlar Gürcüstanın suveren hüquqlarının kobudcasına pozulması deməkdir. Eyni zmanda, bu addımlar, Avropa demokratiyasının, strateji tərəfdaşlığın norma və prinsiplərinə, diplomatik etiketə uyğun gəlmir. Bütün bunlara baxmayaraq Gürcüstan hökuməti və gürcü xalqı öz taleyini özü həll edir və seçkilərdə növbəti 4 ildə kimin hakimiyyətdə olacağına özü qərar verəcək”, – deyə İ.Kadaqişvili vurğulayıb.

Siyasət