III MƏQALƏ
Biz bölgədə yeni işbirliyi platformasını yaratmalıyıq. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Seçkinin regional geosiyasi konteksti
Gürcüstan faktiki olaraq geosiyasi yol ayrıcındadır. Bu təəssüratı oktyabrın 16-sı səhər tezdən Gürcüstan DTX-nın yaydığı bir informasiya sanki təsdiq edir. Ölkənin siyasi dairələri həmin informasiyadan həyəcanlanmışlar. Qonşu dövlətin təhlükəsizlik orqanının ifadə etdiyi faktların bütövlükdə sabitliyə və seçkinin demokratik keçməsinə mane ola biləcəyini təxmin edirlər. Gürcüstan DTX bəyan etmişdir ki, müəyyən dairələr ölkədə seçki öncəsi və sonrası mərhələlərdə süni videogörüntülər yaymaqla xaos yaratmağı planlaşdırırlar. Bunun nəticəsində Gürcüstanda növbəti “rəngli inqilab” təşkil etmək niyyətindədirlər.
Həmin dairələr süni intellekt də daxil olmaqla müxtəlif manipulyativ texnologiyalardan istifadə edərək, saxta çağırışlar edəcəklər. Seçkinin saxtalaşdırıldığı, demokratiyaya ciddi zərər verildiyi haqqında yalan informasiyalar yayacaqlar. Mümkündür ki, ölkədəki müxtəlif xaqların nümayəndələrini qarşı-qarşıya qoysunlar. Ümumilikdə, seçkidə Qərbin maraqlarına xidmət edən siyasi kəsimin məğlubiyyəti variantında radikal addımlar planlaşdırılır. Onların qalib gəldiyi təqdirdə isə başqa repressiv planlar həyata keçirə bilərlər.
Bütün bu informasiyaların doğru və ya yalan olması haqqında biz bir fikir bildirə bilmərik. Ancaq Gürcüstanın təhlükəsizlik orqanı bu barədə həyəcan təbili çalırsa, ötəri hal deyildir. Ölkə üçün ciddi təhlükələrin və geosiyasi risklərin meydana gəldiyi hiss olunur. Gürcüstan hökuməti bu cür situasiyada əhalini təmkinli olmağa səsləyir. Eyni zamanda, təxribatın haradan və necə ediləcəyini dəqiq proqnozlaşdırmaq asan deyildir.
Prosesin bu cür gedişini yalnız Gürcüstanın daxili siyasi mühiti ilə əlaqələndirmək tam doğru olmazdı. Məsələ böyük dövlətlərin Cənubi Qafqaz uğrunda mübarizəsinin yeni mərhələsinin başlaması ilə əlaqəli görünür.
Məhz bu məqamda regionun Gürcüstana qonşu olan dövlətlərinin mövqeyi ciddi əhəmiyyət kəsb edir. Azərbaycan davranışı və Gürcüstandakı yeni situasiyaya münasibəti ilə sübut edir ki, konstruktiv və sülhpərvər mövqedədir. Eyni fikri Ermənistan haqqında söyləmək mümkün deyildir. Əksinə, Ermənistan getdikcə daha çox ölçüdə regional sabitlik üçün təhdid mənbəyinə çevrilir.
Deməlıi, geosiyasi kontekstdə Gürcüstanda qarşıda olan seçkiyə münasibətdə iki miqyası ayırmaq lazımdır. Birincisi, Cənubi Qafqaz dövlətlərinin seçkiyə münasibəti. İkincisi, qlobal təsiri olan güclərin seçkiyə münasibəti. Bu iki miqyasın qüvvələr nisbətinin Gürcüstandakı seçkidən sonrakı duruma təsir edəcəyini düşünməmək doğru deyildir.
Bəli, indi Gürcüstan bu anlamda həm də Cənubi Qafqazın geosiyasi yolayrıclarından biridir. Bu dövlətdə parlament seçkilərində hansı siyasi qanadın qalib gələcəyindən asılı olaraq, region ya sabitliyə, ya da xaosa doğru yön alacaqdır. Azərbaycan isə həmişə sabitlik, sülh və əməkdaşlıq mövqeyində olmuşdur. İndi Bakının Gürcüstandakı seçkiyə münasibətinin mərkəzində məhz həmin siyasi dəyərlər dayanır.
Yuxarıda vurğuladığımız iki miqyasın qarşılıqlı əlaqəsi kontekstində sonuncu tezisin məzmununa baxaq.
Qlobal güclər və Gürcüstandakı seçki
Artıq Qərb və Rusiyanın Gürcüstan uğrunda yeni mübarizə mərhələsinə başladığını hər kəs qəbul edir. Qərb ABŞ və Avropa İttifaqının böyük dövlətləri ilə təmsil olunur. Məqsədləri Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi ab-havanı dəyişir. Açıqca məqsəd bundan ibarətdir!
Bunun üçün əsas plasdarm kimi Gürcüstandan istifadə etməyə çalışdılar. Lakin rəsmi Tbilisi bu oyuna getmədi. Onda üzlərini təcavüzkar Ermənistana çevirdilər. Onun da gücü çox zəif olduğundan xüsusi olaraq Gürcüstan istiqaməti seçilmədi. Cənubi Qafqaz miqyasında Azərbaycanın faydalı və uğurlu addımlarını kölgəyə salan gedişlər etməyə başladılar.
Onların praktiki təzahürü, birincisi, Qarabağda, guya, ermənilərin hüquqlarının pozulmasından, ikincisi, öz torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycanın Qarabağda “terror” törətməsindən, üçüncüsü, Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya deyil, Qərbin hansısa qurumuna verilməsi tələbindən, dördüncüsü¸ Ermənistanda NATO-nun hərbi kontingentini yerləşdirmək niyyətlərindən və bütün bunların sonucu kimi Rusiya və Türkiyənin regiona təsirini minimuma endirməkdən ibarətdir.
Rusiya isə hakimiyyətdə ona loyal olan siyasi qüvvənin təmsil olunmasında, konkret olaraq “Gürcü arzusu”nun qalib gəlməsində maraqlıdır.
Əlbəttə, hər iki qlobal güc təsirlidir. Belə bir vəziyyətdə region dövlətləri hansı mövqeyi seçməlidirlər? Bu seçim asan məsələ deyil. Çünki faktiki olaraq iki böyük gücün maraqlarına deyil, öz maraqlarına uyğun mövqe seçmək və real addımlar atmaq lazımdır ki, Cənubi Qafqazda sabitliyə və əməkdaşlığa xidmət etsin.
Ermənistan bu məsələdə müsbət mənada heç nəyə yaramadığını dəfələrlə nümayiş etdirmişdir. Deməli, əsas geosiyasi ağırlıq Azərbaycanın üzərinə düşür. Bununla yuxarıda birinci miqyas adlandırdığımız situasiya Azərbaycan – Gürcüstan münasibətlərinə transformasiya olunur. İndi regionun geosiyasi gələcəyi faktiki olaraq bu iki dövlətin davranışından asılıdır. Ermənistanın real pozitiv rol oynaması ehtimalı sıfıra yaxındır.
Bakının müstəqil və ədalətli mövqeyi
Azərbaycan Gürcüstandakı seçki mövzusu fonunda bütövlükdə regionda sabitlik və əməkdaşlığın tərəfdarı olduğunu dəfələrlə bəyan etmişdir. Gürcüstanda seçkidən sonra “Gürcü arzusu”nun sabitliyi və konstruktiv geosiyasi mövqeyi saxlaya biləcəyinə inam mövcuddur.
Burada digər dövlətlərin ən yaxşı mövqeyi Gürcüstandakı seçkinin gedişinə qarışmadan regional inteqrasiyaya xidmət edə biləcək siyasi qüvvənin qalib gəlməsini gözləməkdən ibarətdir. Çünki qərarı hər hansı başqa dövlət deyil, ancaq və ancaq Gürcüstan toplumu verməlidir. Seçici kimə səs verəcək, onun öz işidir. Bu prosesdə Azərbaycan müşahidəçilərini seçki prosesini obyektiv işləməyə göndərə bilər. Orada Bakının kimlərəsə dəstək verəcəyini gözləmək olmaz. Azərbaycan Gürcüstanın müstəqilliyinə və suverenliyinə tam hörmət edən dövlətdir. Rəsmi Baki dəfələrlə bunu praktiki fəaliyyətində sübut etmişdir.
Məsələn, Rusiya – Gürcüstan müharibəsindən sonra Tbilisidə kritik vəziyyət yaranmışdı. Azərbaycan öz real yardımları ilə dost və qonşu ölkəyə Mokvanın xoşuna gəlib-gəlmədiyini gözləmədən dəstək verdi. Gürcüstan rəhbərliyi və cəmiyyəti dəfələrlə Azərbaycanın bu cür comərd və fədakar davanışlarına görə təşəkkürlərini bildirmişlər. İndi də rəsmi Bakı Gürcüstandakı seçkidə kimlərinsə tərəfini tutmadan onun demokratik və şəffaf keçməsində maraqlıdır. Gürcüstan cəmiyyəti hansı qərarı verəcəksə, Azərbaycan ona hörmətlə yanaşacaq. Bu, Azərbaycan rəhbərliyinin prinsipial mövqeyidir və ondan zərrə qədər də kənara çıxmağı kimsə gözləməsin.
Bundan başqa, Azərbaycanın Cənubi Qafqazın regional lideri kimi üzərinə düşən geosiyasi və siyasi məsuliyyəti də arxa plana atmaq olmaz. Məsələnin bu aspektinin geosiyasi kontekstdə böyük mənası vardır.
Regional liderlik və strateji tərəfdaşlıq
Azərbaycan Respublikası Avrasiya məkanında gücü və imici ilə adi dövlətlərdən biri deyildir. Bakının regional və regionlararası siyasətdə öz yeri və rolu vardır. Onun müstəqil kimi statusunu bütün dünyada qəbul edirlər. II Qarabağ müharibəsinin nəticələri prizmasında bu dəyişiklik təbii, zəruri və hüquqi baxımdan normal görünür.
Bundan başqa, Azərbaycan Cənubi Qafqazda enerji, nəqliyyat-logistika istiqamətlərində əməkdaşlığın lokomotivi, aparıcı və təşkiledici təşəbbüskar gücüdür. Azərbaycan regionda ciddi geosiyasi gücdür! Bundan qaynaqlanan geosiyasi aktor kimi üzərinə düşən məsuliyyətini dərk edir.
Faktların işığında həmin tezisə nəzər salaq. Azərbaycanın təşəbbüsü, təşkilatçılığı ilə bir neçə neft və qaz marşrutu Gürcüstandan keçir, Türkiyə və Qara dənizin Ukrayna sahillərinə çatır, oradan da Avropaya paylanır.
Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə nəqliyyat və logistika xidmətləri Avropa və Yaxın Şərqlə Asiyanı birləşdirir. Azərbaycanın aktiv iştirak etdiyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Çindən başlanan Orta dəhlizin Gürcüstandan keçən hissəsi vardır.
Azərbaycan Aİ ilə enerji sahəsində strateji əməkdaşlığa aid memorandum imzalamışdır (18 iyul 2022-ci il). Azərbaycanın Gürcüstan, Rumıniya, Bolqarıstan, Albaniya, İtaliya, Sloveniya və başqa Avropa dövlətləri ilə “yaşıl enerji” ilə bağlı əməkdaşlıq layihələri artıq reallaşmaq mərhələsindədir.
Azərbaycan Rusiya ilə də enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlıq edir. O cümlədən, Qərb – Şərq marşrutu ilə yanaşı, Şimal – Cənub nəqliyyat marşrutunun həyata keçməsi mərhələsi başlanmışdır.
Digər layihələr də vardır ki, geniş bir məkanda regionlararası sabitlik, əməkdaşlıq və təhlükəsizliyə xidmət edir. O halda Azərbaycan Gürcüstandakı seçkidə hansı mövqeyi tutmalıdır? Əlbəttə, sabitliyə, əməkdaşlığa və təhlükəsizliyə xidmət edən siyasi qüvvənin qalib gəlməsində maraqlı olmalıdır. Həmin qüvvənin kimliyini müəyyən etmək rəsmi Bakının işi deyildir. Burada başlıca məqam ondan ibarətdir ki, Azərbaycan birmənalı olaraq Gürcüstanın müstəqilliyinin, suverenlyinin təmin olunması tərəfdasıdır və bu aspektdə qonşu dövlətə lazımi dəstəyi verməkdədir.
Bunlarla yanaşı, Azərbaycan həmişə beynəlxalq hüququn gözlənilməsinə çalışır. İstənilən ölkədə seçkinin beynəlxalq hüquq normaları çərçivəsində keçirilməsi sivil münasibətdir, xeyirxahlıq və praqmatizm əlamətidir. Rəsmi Bakı strateji tərəfdaşı olan Gürcüstandakı seçkiyə eyni qaydada beynəlxalq hüquqa əməl olunması müstəvisində yanaşır. Bunun da əsas təşkiledicisi kimi hər hansı kənar qüvvəni deyil, Gürcüstan hakimiyyəti və cəmiyyətini görür. Şübhə yoxdur ki, Azərbaycandan olan müşahidəçilər məhz bu prinsipə ciddi əməl etməklə seçkini izləyəcəklər.
Bütün bunlarla yanaşı, bir məsələyə də Azərbaycanın diqqət yetirəcəyini gözləmək olar. Gürcüstanda yaşayan soydaşlarımızın həm seçkidə aktiv iştirakı, həm də onların seçimlərinə hörmətlə yanaşılması əhəmiyyətlidir.
Azərbaycanlılar həmişə sülhə, barışa, əməkdaşlığa və dostluğa səs verirlər. Onlar Gürcüstan dövlətçiliyinə, müstəqilliyə və ərazi bütövlüyünün təmin edilməsinə sədaqətlərini dəfələrlə sübut etmişlər. Bu seçkidə də Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan dövlətçiliyinin xeyrinə səs verəcəklərinə inanırıq!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru