Ermənistan bölgənin ekologiyasını zəhərləməkdə davam edir

post-img

Yürütdüyü destruktiv siyasəti ilə Cənubi Qafqazda davamlı sülhün, əmin-amanlığın və təhlükəsizlik mühitinin yaranmasına imkan verməyən Ermənistan bölgədə ekoloji tarazlığın təmin olunmasına da, yumşaq desək, etinasız yanaşır.

Ermənistanın dağ-mədən sənayesi müəssisələrində işlərin qeyri-şəffaf həyata keçirildiyi hamıya məlumdur. Ölkəmiz bu qeyri-şəffaf işlərin dayandırılması və orada çalışan yerli və xarici şirkətlərin məsuliyyətə cəlb olunması, beynəlxalq ətraf mühitin qorunması üzrə norma və standartların gözlənilməsinə dəfələrlə çağırış edib. Ancaq rəsmi İrəvan bu çağırışlara əhəmiyyət verməyib.

Əslində, Cənubi Qafqaz regionunda dağıdıcı rol oynayan, Azərbaycan torpaqlarını təxminən 30 il ərzində işğal altında saxlayan, bu müddətdə ərazilərimizdə, sözün əsl mənasında, ağır cinayətlər törədən bir ölkədən başqa nə isə gözləmək də doğru olmazdı. Hər kəsə məlumdur ki, bu cinayətlərə mülki infrastrukturun məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdılması (urbisid), mədəni irsin dağıdılması, saxtalaşdırılması və talan edilməsi (kultursid), ətraf mühitə və biomüxtəlifliyə zərər vurulması (ekosid), mülki əhalimizə, girov və ya əsir götürülmüş vətəndaşlarımıza münasibətdə törədilən əməllər (soyqırımı) kimi ağır cinayətlər daxildir. Təəssüf ki, İrəvan 44 günlük Vətən müharibəsinin başa çatmasından ötən 4 ildə də oxşar hərəkətlərini başqa formada davam etdirir. Necə deyərlər, forma dəyişsə də, məzmun dəyişməyib.

Halbuki, ekologiyanın qorunması, iqlim dəyişmələri ilə mübarizə hazırda bütün dünyada ən çox diqqət yetirilən məsələlərdəndir. Ətraf mühitə əsasən insan təsirinin nəticəsi olan qlobal iqlim dəyişiklikləri bütün dünya üçün narahatlıq doğurur. Relyefi əsasən dağlıq olan, ərazisinin 90 faizinin dəniz səviyyəsindən 1000 metrdən çox yüksəklikdə yerləşən Ermənistanın dağ-mədən sənayesi işləri havanın, su ehtiyatlarının çirklənməsinə gətirib çıxarır. Bu, təkcə Ermənistan sərhədlərində qalmır, eyni zamanda, Cənubi Qafqaz regionunu da təhdid edir. Belə ki, aparılan dağ-mədən sənayesi işləri transsərhəd çayları, regionun atmosferini, şirin su ehtiyatlarını, torpaq ekosistemini çirkləndirir, fauna və florasının məhvi ilə nəticələnir.

Ermənistanın törətdiyi ekosid cinayətləri Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun 2023-cü il iyulun 5-6-da Bakıda nazirlərin bu mövzuda keçirilən görüşündə toxunulan məsələlərdən biri idi. Görüşdə çıxış edən Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bildirmişdi ki, işğal dövründə altmış min hektar meşəlik məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərləndirilib. Dövlət başçımız qeyd etmişdi ki, Ermənistan indi isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir: “Bununla Ermənistan 1991-ci il Transsərhəd kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olur. Bu konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir”.

Ermənistanın Azərbaycana vurduğu böyük ziyanlara görə bəlkə də bu yazdıqlarımız kimlərəsə qərəzli görünə bilər. Ancaq bunu deyən təkcə biz deyilik. Virtual ensiklopediya – “Vikipediya”da rus dilində yerləşdirilmiş “Ermənistanın ekologiyası” sərlövhəli materialda bildirilir ki, ölkənin bəzi rayonlarında ekoloji durum bərbad vəziyyətdədir. Bu isə ölkənin təbii sərvətlərinin yüksək keyfiyyətli texnologiyalardan istifadə edilmədən davam edən həddindən artıq istismarı ilə bağlıdır. Ermənistan ekoloji effektivlik indeksinə görə, 180 ölkə arasında 63-cü yerdədir. Ölkənin ən böyük problemləri havanın çirklənməsi, ətraf mühitin (arealın) mühafizəsi və su ehtiyatlarından səmərəsiz istifadədir.

Böyük şirin su ehtiyatına malik, bu gün Ermənistan ərazisində yerləşən və Cənubi Qafqazın ən böyük gölü olan Göyçə gölündə suyun səviyyəsi 1940-cı illərdən bu yana təxminən 20 metr aşağı düşüb. Buna Sevan–Razdan su elektrik stansiyasının intensiv işləməsi və göl sularının suvarma üçün aktiv sərf edilməsi səbəb olub. Nəticədə Göyçə “təmiz” su hövzəsindən “orta dərəcədə çirklənmiş” gölə çevrilib.

Son 30 ildə ölkədə eroziya və sürüşmə nəticəsində 140 min hektar əkin sahəsi, 300 min hektar biçənək və otlaq sahələri kənd təsərrüfatının istifadəsindən çıxarılıb. Meliorasiyaya cəlb olunan eroziyaya uğramış 114 min hektar torpaq sahəsinin cəmi 3,5 faizini bərpa etmək mümkün olub. Meşələrlə örtülü ərazinin payı 11,2 faizdən 8-9 faizə qədər azalıb. Havanın vəziyyəti də qeyri-qənaətbəxşdir. İrəvan, Alaverdi, Vanadzor və Razdanda hava şəraiti xüsusilə pisləşib.

Bütün bunlar az imiş kimi ölkədə dağ-mədən sənayesinin yüksək keyfiyyətli texnologiyalardan istifadə edilmədən davam edən həddən artıq istismarı bütün regiona, o cümlədən Azərbaycana da mənfi təsir göstərməkdədir. Bu mənfi təsirdən daha çox ölkəmizin Ermənistanla sərhəddə yerləşən bölgələri – Naxçıvan Muxtar Respublikası, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları daha çox ziyan görür.

2024-cü il avqustun 16-da keçirilən iqlim dəyişikliyinə səbəb olan ekoloji pozuntulara həsr olunmuş elmi-praktik konfransda Azərbaycan Prezidentinin Naxçıvan MR-dəki səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirmişdi ki, Ermənistan Azərbaycanın ətraf mühitinə bərpası mümkün olmayan ziyan vurmaqda davam edir. Qeyd etmişdi ki, Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekologiyasına mənfi təsir göstərir. Səlahiyyətli nümayəndənin sözlərinə görə, Ermənistan tərəfindən metalların zəhərli tullantıların həm Araz çayına, həm də “Şir arxı”na axıdılması nəticəsində burada olan yüzlərlə köçəri quş və balıq məhv olub: “Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi bu gün də davam edir. Bu isə Arazboyu ərazilərdə flora və faunanın məhvinə səbəb olur. Demək olar ki, artıq bir çox bitki və heyvanların təbiətdən yox olması təhlükəsi yaranıb. Son zamanlar aparılan müşahidələr zamanı müəyyən edilib ki, çayın suyu qatılaşıb, rəngi dəyişilib. Bütün bunlara baxmayaraq, Ermənistan təbiət əleyhinə yönələn əməllərini hələ də davam etdirir. Son vaxtlar, həmçinin ekoterror nəticəsində Sədərək rayonunda “Şir arxı” kanalında köçəri quşlar və balıqlar məhv olub”.

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirdi ki, Ermənistanın 30 il ərzində həyata keçirdiyi təcavüzkar siyasət nəticəsində ərazilərimizin təbiətinə, bioloji müxtəlifliyinə, su ehtiyatlarına, flora və faunasına ciddi ziyan vurulub, faydalı qazıntılar qanunsuz istismar edilib, min hektarlarla meşə sahələri kəsilərək satılıb. Onun sözlərinə görə, bu gün Ermənistanın dağ-mədən sənayesində 26 şirkət fəaliyyət göstərir. Onların fəaliyyəti təkcə Azərbaycanın deyil, bütövlükdə, bölgənin regionun ekologiyasına ziyan vurur. Üstəlik, 26 şirkətinin 12-si Şərqi Zəngəzur iqtisadi rayonuna yaxın yerlərdə yerləşir. Bu isə ölkəmizin ətraf mühiti üçün əlavə problemlər yaradır: “Qafan və Qacaran dağ-mədən kombinatının tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi normadan dəfələrlə çox olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alaraq deməliyik ki, onun çirklənməsi Arazın su ehtiyatlarının keyfiyyətinə birbaşa təsir göstərir. Araz çayı Kürün ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır”.

Politoloq Ramiyə Məmmədova isə dedi ki, 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın Azərbaycana qarşı bütün pislikləri edib. Onun sözlərinə görə, hələ işğalın davam etdiyi dövrdə peykdən çəkilən foto və videogörüntülərdə torpaqlarımızda hansı vəhşiliklərin həyata keçirildiyi dövlət qurumlarına yaxşı məlum idi. Həmin dövrdə ərazilərimizdə qanunsuz məskunlaşdırma siyasətinin yürüdülməsi ilə yanaşı, təbii sərvətlərimizin vəhşicəsinə istismarı, ekologiyaya ciddi ziyan vurulması baş verirdi. Bəzi xarici şirkətlər isə Ermənistanın cinayət ortağı idi. Onlar yeraltı sərvətlərimizin qanunsuz istismarı üzərində böyük biznes şəbəkəsi qurmuşdular. İşğaldan sonra bütün Azərbaycan xalqı həmin yerlərdə, necə deyərlər, daş üstə daş qalmadığının şahidi oldu. Biz bütün bu qanunsuzluq hallarının hər birini sənədləşdirərək dünya ictimaiyyətinə təqdim etdik. Hazırda Ermənistanın məlum əməllərə görə ölkəmizə təzminat ödəməsini tələb edirik. Ermənistanın təzminat ödəməsinin beynəlxalq hüququn tələbi olduğunu İrəvanda və bütün dünyada yaxşı bilirlər. Buna baxmayaraq, Nikol Paşinyan iqtidarı yenə də xarici havadarlarına güvənərək, geri çəkilmək istəmir.

R.Məmmədova bildirdi ki, Ermənistan iqtidarı bir müddət öncə Naxçıvanla həmsərhəd ərazidə – Arazdəyən kəndində yeni ağır metallurgiya zavodu inşa etmək istəyirdi. Bu isə 1991-ci ildə qəbul olunmuş “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın kobud şəkildə pozulması demək idi. Konvensiyaya uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalı, tikinti ilə bağlı qiymətləndirmə sənədi Azərbaycanın müvafiq qurumları, ekoloji fəallar tərəfindən bölgəyə yaxın ərazidə yaşayan qonşu azərbaycanlıların rəyi nəzərə alınmaqla nəzərdən keçirilməli idi. Ancaq qarşı tərəf belə bir razılığa ehtiyac duymamışdı. Nəticədə ölkəmiz bu məsələyə çox şərt şəkildə etiraz etdi və inşaat işləri dayandırıldı”.

Politoloq onu da bildirdi ki, Ermənistan indiyədək xarici havadarlarına güvənərək belə destruktiv addımlar atırdı. Amma Azərbaycanın qətiyyəti son vaxtlar onun güvəndiklərini də geri addım atmağa vadar edir. Bu mənada artıq İrəvanda başa düşürlər ki, Azərbaycanın haqlı tələblərini qəbul etməkdən başqa çıxış yolu yoxdur.

Səxavət HƏMİD
XQ





Siyasət