Azərbaycan – Gürcüstan: etibarlı dost dar gündə tanınar

post-img

I MƏQALƏ

Azərbaycan və Gürcüstan xalqlarının dostluğu dünyada nümunədir.


Heydər ƏLİYEV,
Ümummilli lider

Tarixən Azərbaycan – Gürcüstan münasibətləri regionda seçilmişdir. Hər iki ölkənin xalqları bir-biri ilə əsasən mehriban qonşu və etibarlı dost kimi yaşamışlar. Dünyanın hər bir regionunda olduğu kimi, burada da müəyyən mərhələlərdə anlaşılmazlıq da olmuşdur. Ancaq əsas odur ki, ən çətin və riskli mərhələlərdə belə Azərbaycanla Gürcüstan dövlət, cəmiyyət və xalq olaraq əməkdaşlığa, dostluğa və qarşılıqlı yardıma üstünlük vermişlər. Bu davranış bütövlükdə Qafqazda digərlərinə bir nümunə olaraq qalmaqdadır.

Əsl dost

Burada tarixi rakursda fəlsəfi və siyasi anlamı olan vacib bir özəlliyi vurğulamaq yerinə düşərdi. Tarixə nəzər salsaq, bütün dönəmlərdə regionda Azərbaycandan başqa heç bir ölkə Gürcüstana əsl dost ola bilməmişdir. Bu, ilk növbədə Ermənistana aiddir. Ermənilər Gürcüstanın siyasi xəritəsində olan torpaqların bir qismini işğal etdilər (Dağ Borçalının bir hissəsi). Eyni zamada, demoqrafik situasiyaya təsir göstərməklə Gürcüstana qarşı ərazi iddiasında bulundular. Müstəqillik mərhələsində isə Cavaxetiyada hansı oyunlardan çıxdıqlarını gürcülərin özləri daha yaxşı bilir və xatırlayırlar.

Gürcüstanın tarixən Türkiyə ilə münasibətlərini də gürcülər birmənalı qiymətləndirmirlər (Osmanlı dönəmində). İranla münasibətlərdə də eyni fikri söyləmək olar. Rusiya isə Gürcüstanı “özünə birləşdirdikdən” sonra elə davranmışdır ki, xalqın Moskvaya münasibəti birmənalı deyildir. Yəni regionda Azərbaycandan başqa, digər dövlətlərin gürclərin milli maraqlarına uyğun gəlməyən davranışları olmuşdur.

Azərbaycan–Gürcüstan münasibətlərində mehriban qonşuluq və dostluq xətti üstün olmuşdur. Müstəqillik mərhələsində bu münasibətlər xüsusi məzmun və strateji məqsəd almışdır.

Heydər Əliyev 1993-cü ilin iyununda xalqın dəvəti ilə Azərbaycanda yenidən hakimiyyətə gələndən sonra Gürcüstanla əməkdaşlıq istiqamətinə ayrıca diqqət yetirdi və onun strateji əhəmiyyətini hər kəsə anlatdı. Onu vurğulayaq ki, iki ölkə arasında müstəqillik dövründə diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılmasına baxmayaraq, aktiv siyasi-diplomatik münasibətlər 1995-ci ildən başlanmışdır. Belə ki, həmin ilin fevral ayında Bakıda Gürcüstan səfirliyi və 1996-cı ilin mart ayında Tbilisidə (Heydər Əliyevin Gürcüstana ilk səfəri zamanı) Azərbaycan səfirliyi açılmışdır. Azərbaycanla Gürcüstan arasında münasibətlərin bu cür məzmun almasının təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Yəni müstəqillik mərhələsində də Azərbaycan dövləti Gürcüstana dost və əməkdaşlıq əlini uzatmışdır. Proseslər göstərdi ki, bu, sadəcə diplomatik jest deyildir, həm də Azərbaycanın ciddi surətdə reallaşdırdığı xarici siyasətin bir aspektidir. Konkret desək, Azərbaycan Respublikası davamlı surətdə Gürcüstanla əlaqələri bərabərhüquqluluq və mehriban qonşuluq şəraitində beynəlxalq hüquq normalarına uyğun münasibətləri inkişaf etdirmək kursunu seçmişdir. Və etibarlı surətdə bütün mərhələlərdə bu vədinə tam əməl etməkdədir.

İlk səfər – uğurlu təməl

İlk olaraq Ulu öndər 1996-cı ilin mart ayında Gürcüstana səfər etdi. Binə Hava Limanında jurnalistlərə bu səfərin geosiyasi və siyasi mənasını lakonik və dəqiq ifadə etmişdi. Heydər Əliyev demişdi ki, Gürcüstan bizim üçün yaxın qonşu və dost ölkədir. Çox böyük tarixi əlaqələrimiz var...Səfərimin əsas məqsədi həm gürcü xalqı ilə Azərbaycan xalqı arasında dostluq əlaqələrini möhkəmləndirmək, inkişaf etdirmək, həm də Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti ilə bir daha tanış olmaq və onlara əlimizdən gələn köməyi etməkdən ibarətdir.

Bunlar iki ölkə arasında müstəqillik dönəmində münasibətlərin baza tezisləridir və həmin kontekstdə tarixidir. Heydər Əliyev bildirdi ki, birincisi, Gürcüstan qonşu dövlət olmaqla yanaşı, həm də dost ölkədir, ikincisi, həmin dostluğun qədim tarixi vardır, üçüncüsü, bu təməl üzərində indiki mərhələdə mövcud əlaqələri genişləndirmək və inkiaşf etdirmək gərəkdir, dördüncüsü, bütün bunların fonunda Azərbaycan Respublikası dövləti üçün Gürcüstanda yaşayan azərbaycanlıların taleyi prinsipial əhəmiyyət daşıyır.

Vurğuladığımız tezislər faktiki olaraq müasir mərhələdə Azərbaycan-Gürcüstan münasibətlərinin fəlsəfəsinin bünövrəsini təşkil edir. Burada qarşılıqlı münasibətlərin tarixi ilə müasirliyin ortaq sahəsində qurulması prinsipi özünü göstərir. Həmin prizmada iki ölkə arasında münasibətlərin regional konteksti ilə qlobal geosiyasi və siyasi kontekstinin harmoniyası məsələsi önə çəkilir. Bütün bunlar isə Azərbaycan – Gürcüstan münasibətlərinin regional və qlobal miqyaslarda eyni dərəcədə sabit, davamlı, dayanıqlı və hüquqi olması üçün strateji əməkdaşlığın zəruriliyini ortaya çıxarır.

1996-cı ildə ifadə edilən bu xətti Azərbaycan Respublikası bu günə qədər tam mənasında və qətiyyətlə gözləmişdir. Bunu Gürcüstan istiqamətində həyata keçirilən siyasətin məzmunu təsdiq edir. Yenə də faktlara müraciət edək.

Heydər Əliyevin 1996-cı ildə Gürcüstana səfəri zamanı siyasi, iqtisadi, enerji, hərbi, təhlükəsizlik, sosial, informasiya, kommunikasiya və s. sahələri əhatə edən 32 sənəd imzalanmışdır. Bura “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə”, “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında” bəyannamə və digərləri daxildir. Heydər Əliyev Tbilisidə ikinci sənədlə bağlı bəyan etmişdi ki, əsas məqsəd Qafqazda sülhə, təhlükəsizliyə və əməkdaşlığa yol açmaqdır. Eyni zamanda, Ulu öndər ümid etdiyini də bildirmişdi ki, “regionumuzun digər dövlətləri, eləcə də başqa dövlətlər bu sənədə qoşulacaqlar”.

Buradan Azərbaycanın regional miqyasda dövlətlərarası münasibətlərdə irəli sürdüyü prinsipial məqamlar öz əksini tapmışdır. Ermənistanın təcavüzkarlığının davam etməsinə baxmayaraq, Bakı münaqişə ədalətli həll olunandan sonra Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq naminə münasibətləri bütün region miqyasında qurmağa hazırdır. Bu məqam həm də Azərbaycanın Gürcüstanla münasibətlərə bütövlükdə region üçün nümunə kimi yanaşdığını ifadə edirdi.

Heydər Əliyevin iki ölkənin müasir dövrdə münasibətlərinin təməlinə yerləşdirdiyi bu prinsiplər öz impulsiv təsirini tezliklə göstərdi. Gürcüstanın o dövrdəki prezidenti Eduard Şevardnadze 1997-ci ilin fevralında Azərbaycana səfər etdi. Bu səfər çərçivəsində ölkələr arasında strateji əməkdaşlığa dair yeni bir sənəd imzalandı. Ümumilikdə isə imzalanan sənədlərin sayı 22 idi. Bununla da cəmi bir ildə Azərbaycanla Gürcüstan arasında imzalanan sənədlərin sayı 54 oldu!

Heydər Əliyev E.Şevardnadzenin səfəri zamanı iki ölkə arasında strateji əməkdaşlığın möhkəm təməli olduğunu xüsusi vurğulamışdı. Beləliklə, artıq Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanla Gürcüstan arasında strateji əməkdaşlığın siyasi-hüquqi normativ əsasları yaradılmışdı. Strateji baxımdan ciddi əhəmiyyəti olan bir məqam da həmin sənəddə əksini tapmışdı. Söhbət Azərbaycanın enerji strategiyasında Gürcüstanın yeri və rolunun müəyyən edilməsindən gedir.

Azərbaycanın yeni enerji strategiyası və Gürcüstan

“Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycan üçün neft və qazın Avropa istiqamətində davamlı və etibarlı daşınması marşrutlarının müəyyən edilməsi ciddi geosiyasi əhəmiyyət kəsb etməyə başladı. Burada Gürcüstana üstünlıük verildi. Nəzərə almaq lazımdır ki, məsələ həm də Türkiyəyə çıxışın etibarlı olması ilə bağlı idi. Buna görə də 1996-cı ildə Gürcüstanla enerji sahəsində əməkdaşlıqla bağlı sənədin imzalanması vacib hadisə idi. Bundan sonra həmin məsələ davamlı olaraq inkişaf etdirildi və nəqliyyat-logistika sferası ilə sıx əlaqələndirildi.

Bu məsələlər E.Şevardnadzenin 1998-ci ilin sentyabrında Bakıda Tarixi İpək Yolunun bərpasına həsr edilmiş Beynəlxalq Konfransında iştirakı zamanı və 1998-ci il oktyabrın 7-də Azərbaycanla Gürcüstan sərhədində körpünün açılışı zamanı müzakirə edilmişdi. 1999-cu ilin aprelində isə Bakı – Supsa neft kəmərinin açılışı olmuşdur. Həmin il noyabrın 18-də İstanbulda ATƏT-in sammiti çərçivəsində Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən xam neftin nəqli haqqında Saziş imzalanmışdır.

Bu hadisənin tarixiliyi və Bakı – Tbilisi – Ceyhan ixrac boru kəmərinin geosiyasi əhəmiyyəti barədə çox təhlillər aparılmışdır. Heydər Əliyev də həmin marşrutu regionun və Avropanın enerji xəritəsini dəyişəcək hadisə kini şərh etmişdir. Bütün hallarda Bakı – Tbilisi – Ceyhan neft ixrac marşrutu Azərbaycanın yeni enerji siyasətinin əsas nailiyyətlərindən biridir. O cümlədən, Gürcüstanın beynəlxalq enerji layihələrində iştirakının başlıca təminedici faktıdır.

Beləliklə, rəsmi Bakının xüsusi fəallığı ilə 1996-1999-cu illərdə Azərbaycan-Gürcüstan münasibətləri tam olaraq strateji əməkdaşlıq müstəvisinə çıxarılmışdır. Bu prosesdə Azərbaycanın yeni enerji strategiyası aparıcı rol oynamışdır. 2000-2003-cü illərdə bu proses uğurla davam etmişdir.

2000-2003-cü illər: yeni mərhələnin başlanğıcı

Əlbəttə, qlobal miqyasda Azərbaycanın Gürcüstan istiqamətində bu cür uğurlu addımlar atdığını diqqətlə izləyirdilər. Və heç də bu gedişat hər kəsi məmnun etmirdi. Ona görə də Azərbaycanın neft strategiyasına əngəllər yaratmağa başladılar. Meydana bir sıra süni əngəllər atdılar. O cümlədən, Tbilisidə də fürsətdən yararlanmaq həvəsinə düşənlər tapıldı. Ortaya əsas olmayan süni iddialar və tələblər atıldı. Bütün bunların fonunda Heydər Əliyevin 2000-ci ilin martında Gürcüstana növbəti səfəri böyük əhəmiyyət kəsb edirdi və ciddi marağa səbəb oldu.

Heydər Əliyev səfər zamanı Gürcüstanın münasibətlərə uyğun olmayan tələblərini qınamqla yanaşı, strateji məqsəd naminə ümumi mövqeyə gəlməyə hazır olduğunu da bəyan etmişdi. Bunu açıq ifadə edən Ulu öndər növbəti dəfə Gürcüstanın əsl dostunun Azərbaycan olduğunu nümyiş etdirmişdir. Məhz həmin səfər bir daha Azərbaycanın xarici siyasətdə davamlı, qətiyyətli, müstəqil və gələcək əməkdaşlığa istiqamətlənmiş mövqedə olduğunu sübut etmişdir.

Ümummilli liderin Gürcüstan istiqamətində yeritdiyi siyasətin konstruktivliyi, xeyirxahlığı və iki ölkə arasında əlaqələrin qalıcı strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsi üçün göstərdiyi dəyanət və qətiyyət öz bəhrəsini verdi. Belə ki, 2001-ci ilin sentyabrında E.Şevardnadze Bakıya səfər etdi. 2002-ci ilin yanvarında isə Gürcüstanın Baş naziri kimi Nino Burcanadze Azərbaycana rəsmi səfərə gəldi. Bu səfərlər qarşılıqlı münasibətlərin genişlənməsinə və dərinləşməsinə təkan verdi.

2002-ci ilin aprelində isə “Trabzon razılaşması” ilə Azərbaycanla Gürcüstan neft-qaz marşrutlarının birgə mühafizəsi məsələsində razılığa gəldilər.

Bütün bunlar regionda həm yeni bir mərhələnin astanasında olduğumuzu, həm də Azərbaycan – Gürcüstan münasibətlərinin yeni səviyyədə strateji əhəmiyyət kəsb etdiyini göstərir. Həmin kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq yeni mərhələdə iki qonşu və dost dövlət arasında əlaqələrin inkişafının memarı oldu.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət