Vətən müharibəsinin xronikası: 16 oktyabr

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Rəşadətli Azərbaycan Ordusu Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində məlumat verib.

• Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib. Müsahibədə dövlət başçısı jurnalistin – “Dünən Ermənistan yenə mülki şəxsləri hədəfə aldı. Tərtərdə bir məzarlıq güllələndi və 3 azərbaycanlı qardaşımız şəhid oldu. Siz bu hücumu necə dəyərləndirirsiniz?” – sualına dövlətimizin başçısı bildirib: “Bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu biz birinci Qarabağ savaşında da gördük. Məhz Xocalı soyqırımını törədənlər bizim həmin mənfur qonşularımızdır.

Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız həlak oldular, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda. Bu, insanların dəfn mərasimində iştirak etdikləri bir yerdir, hər bir insan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyə davam edəcəyik.

Prezident İlham Əliyev erməni vəhşiliyini faktlarla diqqətə çatdıraraq bildirib ki, təəssüf ki, mülki şəxslər arasında insan itkisi davam edir, artıq 47 nəfər terrora məruz qalıb və 222 mülki şəxs yaralanıb, 2 minə yaxın ev ya tamamilə dağıdılıb ya da ki, böyük ziyan dəyib. Mən bunu demişdim, bir daha təkrar edirəm ki, biz bu insanların qisasını döyüş meydanında alacağıq. Biz heç zaman mülki şəxslərə qarşı atəş açmamışıq, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Bu gün səhər saat 6-dan 8-ə qədər, – indi saat 9:10-dur, –Tərtər, Ağdam, Goranboy və digər rayonlara 220-dən çox mərmi düşüb. Yəni, bu namərd hücumlar davam edir. Onların əsas hədəfi mülki şəxsləri öldürmək, Azərbaycan əhalisi arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və öz çirkin niyyətlərinə çatmaqdır. Ancaq görürlər ki, bu, alınmır və nə qədər mərmi düşürsə-düşsün, Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayır və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyümüzün bərpa edilməsidir.

Azərbaycan lideri müsahibədə azad edilmiş torpaqların hesablanmasının o qədər də çətin məsələ olmadığını, lakin bu göstəricinin hər gün dəyişdiyini, dünən yeni 6 kəndin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdığını bildirib: “Ondan əvvəlki gündə daha çox sayda kəndlər azad edildi. Bu proses davam edir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azad edirik, hər gün yeni strateji yüksəklikləri azad edirik. Ona görə bu rəqəmlər dəyişir”.

Dövlətimizin başçısı sözlərinə əlavə edib ki, indi bu xəritədə, misal üçün, Hadrut yoxdur. Artıq Hadrut, eləcə də Füzulinin ətrafında kəndlərin mütləq əksəriyyəti bizdədir. Artıq Füzuli bizim gözümüzün önündədir. Ondan sonra cənub istiqamətində də irəliləmişik. Şimalda Murovdağ mövqeləri, Suqovuşan bizdədir. Yəni, bütün istiqamətlər üzrə böyük uğurlar əldə etdik və bu proses davam edir. Hesab edirəm və əminəm ki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusilə o kəndlərin sakinləri ki, o yaşayış məntəqələri işğaldan azad edilir, onlar üçün əlbəttə, bu, tarixi günlərdir.

• Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsindən yeni videogörüntülər paylaşıb.

• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS qurğusu, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 avtomobil texnikası məhv edilib.

Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Ermənistan ordusunun 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Geri çəkilən düşmən xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə ataraq qaçıb. Bundan başqa, 9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək 47 mülki şəxs həlak olub, 222 nəfər xəsarət alıb, 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.

• Düşmənin atdığı raket və mərmilərin mülki obyektlərimizə vurduğu ziyanın aradan qaldırılması üzrə tədbirlərin icrasına başlanıb.

XQ



Siyasət