“Cəbrayıla yol çəkirdin.Nə oldu, Paşinyan?!”

post-img

Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır… Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin birinci andiçmə mərasimindəki nitqindən.
31 oktyabr 2003-cü il

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirakını, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarının təqdim edilməsini və dövlət başçımızın oradakı tarixi çıxışını mən də maraqla izlədim. Üstəlik, həmin çıxışın tam mətni yayılana qədər hansısa xəbər saytı yazmışdı ki, Prezident Əliyev nəinki Ermənistana xəbərdarlıq etdi, hətta, Avropa və ABŞ rəsmilərini də riyakarlıqdan əl çəkməyə çağırdı. Həmin çıxışın yazılı variantını oxuduqca isə bu gün dünyada hamının tanıdığı iki məşhur avropalının müharibə və sülh barədə ifadələri yadıma düşdü.

Millətin güvənc qılıncı

Dövlət başçımızın Cəbrayıldakı çıxışında geridə qalan illər, xüsusən, ATƏT-in məlum münaqişənin nizamlanması məqsədilə yaratdığı Minsk qrupu həmsədrlərinin yarıtmaz fəaliyyəti barədə danışarkən xatırlatdığı üç cümləyə diqqət yetirək: “Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın”.

Təbii ki, dünyanın aparıcı güc mərkəzlərindən eşitdiyimiz bu təkliflər təkcə işğalın əsaslandırılması üçün edilən riyakarlıq yox, həm də açıq türkofobiya, islamofobiya, anti-Azərbaycan mövqeyin nümayiş etdirilməsi, başqa sözlə şərəfsizlik idi.

Cənab Prezidentin Cəbrayıldakı çıxışının həmin məqamını eşidəndə mən alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs olan Otto fon Bismarkın (1862–1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti olmuş, sonra isə kansler kimi Almaniyanın birləşdirilməsi məsələsi ilə məşğul olmuşdu) bir ifadəsini xatırladım: “Hər millət taleyi üçün öz qılıncına güvənməlidir”.

Həmin arqumentlə öz arqumentimizi uzlaşdırmaq üçün xatırladım ki, Prezident İlham Əliyev əsrlər boyu müxtəlif dövlətlərin tərkibində yaşamağa məhkum edilmiş Azərbaycan millətində məhz “öz qılıncına güvənmək” keyfiyyətinin formalaşdırılması üçün nə gərəkdisə, onu etdi və nəticədə – 2020 -ci ilin payızında bizi iki əsr gözlədiyimiz tam suverenliyə qovuşdurdu. Fransadakı bədxahlarımızı və ABŞ-dəki bəzi mənfi ünsürləri istisna etsək, dünyada hamı bizim suverenliyimizi tam bərpa etməyimizi alqışlayır.

“Sülh” uğrunda müharibə

Cənab Prezident cəbrayıllılarla görüşdə dedi ki, Cəbrayıldan və Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz həm Şuşaya, həm Zəngilan və Qubadlı istiqamətinə açılmışdır: “Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və qeyd etdiyim kimi, döyüş meydanında böyük yaşayış məntəqələrini – Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət, noyabrın 8-də Şuşa şəhərini azad edə bilmişik. Bütövlükdə, 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu”.

Oxucu məni qınamasın, həmin çıxışdakı bu məlumatları dinləyərkən də mən başqa bir avropalının savaş və sülh haqqında dediyi, sonralar ədalətli müharibə aparan xalqların dilində aforizmə çevrilmiş bir fikiri xatırladım. Belə ki, əslində, müharibənin əleyhinə olan böyük alim Albert Eynşteyn iştirak etmək istədiyi müharibənin şərtini dilə gətirmişdi: “Mən sülh uğrunda müharibə etmək istəyirəm”.

Az qala, demək istəyirsən ki, eynilə bizim kimi. Çünki Prezident İlham Əliyev, sözün həqiqi mənasında, təkcə Azərbaycanla Ermənistan arasında deyil, regionda və bütün dünyada sülhün bərqərar edilməsi üçün çalışan ən müdrik siyasətçilərdən biridir. Elə 2020-ci il sentyabrın 27-də ordumuza “İrəli!” əmrini verəndə də, mübarizənin sona qədər – bütün ərazilərimizin işğaldan tam azad olunmasınadək – aparılacağını söyləyəndə də ilk məqsədi ərazi bütövlüyümüzün bərpası olsa da, ikinci məqsədi də regiondakı üzücü münaqişənin sülhlə əvəzlənməsinə nail olmaq idi. Bunu qalib ölkənin Ali Baş Komandanının müharibə qurtaran kimi qarşı tərəfə sülh təklifləri göndərməsi də sübut edirdi.

Erməni fitvasının ifşası

Başqa bir məqama diqqət yönəldək. Mətbuatdan məlum olduğu kimi, guya, ABŞ parlamentariləri bu ölkənin Dövlət katibinə yazılı müraciət edərək Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq edilməsini istəyiblər. Əslində isə o məktubun bilavasitə dövlət katibliyində hazırlandığı heç kəsdə şübhə doğurmur.

Dövlət başçımız okeanın o tayındakı “dostlarımızın” irqi ayrı-seçkiliyi ehtiva edən, böhtan dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən həmin cəfəngiyyatı Azərbaycan tərəfindən qəbuledilməz, beynəlxalq hüquqa və Azərbaycan – ABŞ ikitərəfli münasibətlərinin ruhuna zidd addım kimi qiymətləndirdi. Prezident

İlham Əliyev Cəbrayıldakı çıxışında dedi ki, Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir: “Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir… Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik”.

Cəhənnəmdən cənnətə yol

Uşaqlıq illərində eşitdiyimiz bir mahnının bu sözləri Cəbrayıl şəhərində yeni ev almış keçmiş məcburi köçkün Firudin Əliyevin çıxışını eşidəndə yadıma düşdü. Firudin müəllim dövlət başçımıza dedi ki, sizin yol barədə məşhur bir ifadəniz var idi. Cəbrayılın yol məsələsi artıq öz həllini tapıb.

Xatırladaq ki, işğalçı ölkənin hərdəmxəyal baş naziri 2019-cu ildə Cəbrayıla yol çəkdirdiyini demişdi. Azərbaycan Ordusu qarğa - quzğunu qovaraq, Cəbrayılda Günəş doğmasına zəmin yaradandan sonra dövlət başçımız çıxışlarının birində demişdi: “Bəs nə oldu, Paşinyan, Cəbrayıla yol çəkdirirdin?”.

Bəli Cəbrayıla yol çəkildi. Həm də o torpaqların öz sahiblərinin əli ilə. Dövlət başçımız o yol barədə elə Cəbrayılın özündə söz açdı: “İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır və bu gün Cəbrayıla gələn hər bir insan görür, həm köhnə yol, hansı ki, sovet vaxtında olan yol yenidən qurulmuşdur və mən o yolu çox yaxşı xatırlayıram. Çünki Zəfərdən sonra o yolla dəfələrlə bu bölgələrə gəlmişəm. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər və oradan da Laçına qədər davam edir”.
Bizimlə sevinən dostumuzdur

Dövlət başçımız cəbrayıllılarla görüşdə xatırlatdı ki, bizim qazandığımız tarixi uğurları həzm edə bilməyənlər anti-Azərbaycan təbliğatlardan əl çəkmir, bəzən gizli, bəzən açıq düşmənçilik edirlər. Bu Zəfəri bağışlaya bilmirlər. Sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək: “Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir. Mən bunu bir neçə gün bundan əvvəl demişəm. Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir”.

Xalqa öz sözünü həmişə açıq deyən Prezident xatırlatdı ki, biz heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq: “Xüsusilə mən gənc nəsli nəzərdə tuturam. Çünki bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında... Yəni, gənc nəslin şüuruna təsir etsələr, demək olar ki, Azərbaycanın gələcəyinə təsir edəcəklər, heç vaxt gənclər unutmasınlar”.

...Və sonda

Dövlət başçımızın son dörd ildə Füzulidə, Ağdamda, Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə, Suqovuşanda və ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərimizin hamısındakı görüşləri, çıxışları müasir tariximizin unudulmaz və şərəfli səhifələrinə yazılır. İyirmi, otuz, əlli ildən sonra bu səhifələri vərəqləyənlər əmin olacaqlar ki, Azərbaycan dövlətinin XXI əsrin üçüncü onilliyində qazandığı uğurların dörd sütunu var idi: Prezidentin qətiyyəti, xalqın iradəsi, ordunun rəşadəti və gəncliyin qaynar nəfəsi.

Dörd sütun üzərində inşa edilən ən mühüm tikili isə evdir.

Əliağa Vahid demişkən:

“Uçmaz elə bir xanə ki, memarı gözəldir!”

İttifaq MİRZƏBƏYLİ

Siyasət