Vətən müharibəsinin xronikası: 7 oktyabr

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

•Prezident, Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

•Müdafiə Nazirliyi məlumat yayıb:Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib. Ermənistan silahlı qüvvələrinin 10-dək tankı, 6 ədəd D-20 topu, həmçinin “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib. Ermənistan ordusunun müdafiə xətlərində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edib.

•Azərbaycan Prezidenti İlham ƏliyevCNN-Türk televiziyasına və “Euronews” televiziyasına müsahibə verib.

Dövlətimizin başçısı CNN-Türk televiziyası əməkdaşının müharibənin son vəziyyəti ilə bağlı sualına cavabında deyib: –Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir.

Prezident İlham Əliyev əlavə edərək bildirib ki, erməni silahlı qüvvələri keçən ayın 27-də bizə qarşı yeni hücuma keçdilər və bir çox şəhərlərimiz, kəndlərimiz atəş altındadır. İndiyədək bizim mülki şəxslər arasında 30-a yaxın itkilərimiz, şəhidlərimiz var. Ermənistan silahlı qüvvələri şəhərlərimizi, kəndlərimizi atəşə tutur və minə yaxın ev ya dağıdılıb, ya da ki, böyük ziyan görüb. Lakin hər şey plan üzrə gedir və ümid edirəm ki, qarşıda duran vəzifələr icra olunacaqdır.

Dövlətimizin başçısı müsahibədə Ermənistan ordusunun acizliyi və işğalçı ölkənin hərbi-siyasi rəhbərlərinin cinayəti barədə də danışıb: “Mülki şəxslərə zorakılıq göstərmək, onlara qarşı atəş açmaq, ballistik raketlərlə mülki şəhərləri dağıtmaq müharibə cinayəti sayılır. Bu, onu göstərir ki, Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dayandırmaq, eyni zamanda, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün belə çirkin əməllərə əl atır. Gəncə, Mingəçevir döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərdir. Eyni zamanda, döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur. Ən yaxın bölgə Tərtər bölgəsidir və Tərtər şəhərinə gündə mindən iki minə qədər mərmi düşür və bunun əsas məqsədi mülki şəxslərə qarşı törədilən zorakılıqdır. Bu, bir daha Ermənistanın faşist mahiyyətini göstərir”.

Ali Baş Komandan İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində isə Ermənistanın çox acı məğlubiyyətlə üzləşməsinə, atəşkəs üçün yalvarışına baxmayaraq status-kvonu dəyişməz olaraq saxlamaq istədiyini bildirib: “Minsk qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status–kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq”.

•Müdafiə Nazirliyi Ermənistan ordusunun məhv edilmiş döyüş texnikasının siyahısını açıqlayıb. Bildirilib ki, sentyabrın 27-dən oktyabrın 7-dək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri və minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və bir ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.

•Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları texnikanın, həmçinin düşmən ordusuna məxsus bir neçə döyüş texnikasının məhv edilməsinin videogörüntülərini paylaşıb.

•Oktyabrın 7-si saat 18:00-a olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində həlak olmuş mülki şəxslərin sayı 30-a, xəsarət alanların sayı isə 143-ə çatıb, 427 evə və 66 mülki obyektə ciddi ziyan dəyib.

•Baş Prokurorluq Ermənistanın qadağan olunan bombadan istifadə edərək Bakı –Tbilisi–Ceyhan boru kəmərini hədəfə alması ilə bağlı məlumat yayıb.

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının və Konvensiyaya olunmuş əlavə Protokolların tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Vətən müharibəsinin xronikası: 8 oktyabr

•Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb: Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına bölmələrimiz artilleriya zərbələri endirib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə sıradan çıxarılıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusuna məxsus 10-dək tank, 6 ədəd “D-20” top, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib.

•Müdafiə Nazirliyi Füzuli rayonununişğaldan azad olunan Horadiz kəndində Ermənistan ordusu hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları zirehli texnikaların, düşməndən əldə olunan hərbi qənimətlərin videogörüntülərini paylaşıb.

•“Azərkosmos” ASC işğaldan azadolunmuş Cəbrayıl şəhərinin “Azersky” peykindən əldə edilmiş təsvirini yayıb.

•Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 8 oktyabr saat 13:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb, 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.

XQ





Siyasət