Bu ölkədə milli azlıqların danışdığı 90 dilin dörddə üçü yox olmaq təhlükəsi ilə üz-üzədir
Son vaxtlar Ermənistanın ciddi-cəhdlə silahlandırılması, bununla yanaşı, müxtəlif Qərb ölkələrinin İrəvana siyasi dəstək əsaslı mesajlar, bəyanatlar səsləndirməsi, şübhəsiz ki, ziddiyyətli məqamlardan xəbər verir. Azərbaycanın Ermənistana təklif etdiyi ədalətli sülhün müqabilində bu cür qeyri-adekvat addımların atılması bir tərəfdən Qərb dünyasının ikili standartları inadla davam etdirdiyini göstərir, digər tərəfdən isə rəsmi İrəvanı revanşizmə sürükləyir.
Bu baxımdan Kanada rəsmilərinin bəyanatları da istisna təşkil etmir. Xarici işlər naziri Melani Coli Ermənistanda olarkən Azərbaycanın ünvanına son dərəcə qərəzli və ədalətsiz mesajlar səsləndirib. Onun bəyanatlarında ölkəmiz, guya, insan haqlarına qarşı biganəlikdə, Ermənistana təcavüzdə ittiham olunur, habelə Qarabağdan getmiş ermənilərin geri qaytarılması tələbi yer alır. Bu isə, təbii ki, Qərbin Sovet İttifaqının dağılmasından sonrakı 33 il ərzində nümayiş etdirməkdə olduğu ikili standartların ən bariz nümunəsidir. Maraqlıdır ki, Azərbaycanın artıq öz ərazi bütövlüyünü təmin etməsindən sonra belə, bəzi Qərb ölkələri, o cümlədən, Kanada, ABŞ, Fransa Azərbaycan ərazilərini 30 ilə qədər işğal altında saxlamış Ermənistana təcavüzkar deməyib. Bu ölkələrin nəzərində işğalçı Ermənistan demokratik, işğala məruz qalmış, 20 faiz torpağı məhz ermənilər tərəfindən viranəyə çevrilmiş, 1 milyon insanı evindən, yurd-yuvasından qovulmuş Azərbaycan isə qeyri-demokratik görünür. Bütün azərbaycanlıları işgəncələrlə qovub ərazisindən çıxarmış Ermənistana qarşı heç zaman insan haqlarını pozma ittihamı irəli sürülməyib.
Maraqlıdır ki, elə bu ölkələrin özləri də insan haqlarına, milli azlıqların, müstəmləkə altına aldıqları xalqların hüquqlarına qarşı tarixən biganə olmuş, hətta xüsusi qəddarlıq nümunələri göstərmişlər. Elə Kanadanın özü də. Kanadada müstəmləkəçilik illərində əsas yerli xalqlara amansızcasına divan tutulub. Belə xalqlardan biri hesab olunan inuitlər nəinki yurd-yuvalarından sürgün edilib, məcburi köçürülməyə məruz qalıb, hətta ruziləri kəsilib, ailələrini dolandırmaq imkanları əllərindən alınıb. İnuitlər, adətən, balıqçılıqla, balina və suiti ovlamaqla dolanıblar. Kanada müstəmləkəçiləri buna qarşı ciddi mübarizə aparmağa başlayanda inuitlər əsas peşələri olan ovdan məhrum ediliblər. Kanada hökuməti hətta onlara ailələrini saxlamaq üçün başqa real alternativ təkliflər də verməyib. İnuit fəalları bu prosesi ikinci müstəmləkəçiliklə müqayisə etmişlər. Bu siyasət nəticəsində onlar doğma yurd-yuvalarını tərk etməyə məcbur olmuşlar.
İndiyədək təkcə inuitlərə deyil, eləcə də Kanadanın 90-a yaxın aborigen xalqına qarşı aparılmış assimilyasiya siyasəti nəticəsində onların ana dilləri tamamilə sıradan çıxmaq təhlükəsi ilə üzləşib. Bunun əvəzində tarixən ingilis və fransız dillərinin təbliği, inkişafı üçün gen-bol maliyyə ayrılıb. Budur Kanadasayağı “demokratiya”, “insan haqlarına hörmət”, yerli xalqların, milli-etnik azlıqların hüquqlarına “qayğı”! Bu ölkənin Azərbaycanı insan hüquqlarını pozmaqda ittiham etməyə haqqı varmı?!
Artıq bu ölkədə mütəxəssislər hesab edirlər ki, bu cür ayrı-seçkilik, assimilyasiya nəticəsində 2051-ci ildə yalnız 4 faiz inuit ana dilində (inuktut dili) danışa biləcək. Bu haqda BMT-nin xüsusi sessiyasında inuit xalqının nümayəndəsi və “Nunavut Tunngavik” adlı yerli xalqların müdafiəsi uğurunda təşkilatın rəhbəri Aluki Kotierk məlumat vermişdir. Onun hesablamalarını York Universitetinin tədqiqatçısı Yan Martin də təsdiq edib.
Mütəxəssislər baş verənləri “linqvisid” adlandırırlar. 2019-cu ildə Kanada hökuməti Nunavute əyalətində fransız dilinin dəstəklənməsinə yerli xalqların dillərindən 39 dəfə çox vəsait ayırmışdır. Halbuki yerli xalqların dillərində əhalinin 60 faizindən çoxu danışır. UNESCO-nun məlumatlarına görə, Kanadada aborigenlərin danışdığı 90 dilin dörddə üçü yox olmaq təhlükəsi ilə üz-üzədir.
Kanada hökuməti yerli xalqların təhsil hüququnu da qulaqardına vurur. “Nunavut Tunngavik”in məlumatına görə, Arktik bölgədə olan 43 məktəbdən yalnız biri 5-ci sinfədək ana dilinin öyrənilməsi kursunu təklif edir. Digər məktəblərdə ana dili ümumiyyətlə tədris olunmur. 2016-cı ildə Torontodakı C.D.Howe İnstitutu müəyyən edib ki, Kanada rezervasiyalarında yaşayan 10 aborigen xalqdan yalnız 4-nün uşaqları orta məktəbi bitirir. Halbuki Kanadanın yerli xalqı olmayanlar arasında bu göstəricilər 10 nəfərdən 9-dur.
İnuktut dilində, ümumiyyətlə, təhsil yoxdur. Bu, birinci növbədə, Nunavuta qanunvericliyinə, eyni zamanda, 1992-ci ildə ATƏT-in Helsinki Sammitində Kanadanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir. Digər tərəfdən, Kanada dövlətinin bu siyasəti BMT Baş Assambleyasının 1966-cı ildə qəbul etdiyi “İqtisadi, sosial və mədəni hüquqlar barədə beynəlxalq Pakt”la da ziddiyyət təşkil edir. Bu sənədi Kanada da ratifikasiya edib.
Yüksək səviyyəli təhsilin olmamasına görə yerli xalqlar arasında işsizlik, yoxsulluq, cinayətkarlıq və s. kimi problemlər artır. Bundan əlavə, yerli xalqların yaşadığı Nunavutedə qiymətlər Kanadanın digər bölgələri ilə müqayisədə 3 dəfədən çox yüksəkdir.
Məhz mövcud məhdudiyyətlər səbəbindən yerli xalqlar arasında cinayətlər, ölüm halları da kifayət qədər çoxdur. Son statistikalara görə, qapalı ərazilərdə yaşamış insanlar 11 dəfə çox ağır cinayətlərdə, o cümlədən, adamöldürmədə ittiham olunurlar. 2014-cü ildə Kanadada bütün ölüm cinayətlərin 25 faizi aborigenlər tərəfindən həyata keçirilib. Nunavutedə vərəmlə xəstələnmə əmsalı da Kanadanın digər bölgələri ilə müqayisədə 47 dəfə yüksəkdir.
Kanadada ksenofobiya bu gün də davam edir. Bir müddət əvvəl Ontario əyalətinin London şəhərində sürücü avtomobillə müsəlman ailəsini vurub. Nəticədə ailənin 4 üzvü həlak olub. Şəhər polisinin rəhbəri bunu qəsd adlandırıb: “Onlara müsəlman olduqları üçün hücum edilib”.
Kanadanın baş naziri Castin Trudo isə müsəlman ailəsinin qəsdən vurularaq öldürməsi barədə yayılan xəbərdən sonra ölkədə islamofobiyanı dayandırmağa çağırıb. Yerli xalqları assimilyasiya edən Kanadada islamofobiya da hökm sürür. Deməli, bu ölkədə öz vətəndaşlarının bir-birinə qarışı dözümsüzlüyü mövcuddur. Ölkədə hindu, eskimo və aleutların 3 yaşlı uşaqlarının qatili olan bir dövlətin Ermənistanı və erməniləri müdafiə etməsi çox gülünc görünür. Bu ölkənin rəsmi şəxslərinin saxta “erməni sevgisi” də cəfəngiyyatdan başqa bir şey deyil.
İndi biz Kanadadan və onun kimi ölkələrdən demokratiya, insan hüquqları və ədalət dərsi götürə bilərikmi?!..
Paşa ƏMİRCANOV
XQ