İki əsrə bərabər gün

post-img

Xalqımız və dövlətımiz Vətən uğrunda şəhid olmuş bütün övladlarını ehtiramla yad edir və iftixarla anır

Haqq edilən qüruru yaşamaq xoşbəxtliyi hər xalqa nəsib olmur. Ələlxüsus da həmin xoşbəxtliyin yolu iki yüz il ərzində haqsızlıq və ədalətsizliyin içindən keçəndə dəyəri daha böyük, əbədi olur. Azərbaycan xalqının milli qürur və ehtiram rəmzinə çevrilən Anım Günü belə keşməkeşli yolun sonunda qazandığımız Zəfərin rəmzinə çevrildi. Biz bu günü ona görə qürur və fəxarətlə anırıq ki:
– 27 Sentyabr xalq–ordu–birliyini bütün çalarları ilə özündə təcəssüm etdirən gündür;
– 27 Sentyabr xalqımızın ləyaqətini özünə qaytarmaq, kimliyini təsdiqləmək üçün Haqq yoluna çıxdığı gündür;
– 27 Sentyabr Azərbaycanı ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına aparan gündür;
– 27 Sentyabr torpağı Vətən eləyən gündür...

Dörd il bundan əvvəl o günü gerçəkliyə çevirəcək bütün şərtlər yetişmişdi. 27 sentyabr qələbəyə gedən yolumuzun başlanğıcı oldu. Bu tarixi gün xalqımızın milli mənlik şüurunun inkişafında, gənclərimizdə vətənpərvərlik ruhunun güclənməsində müstəsna əhəmiyyətə malikdir. İki yüz il boyu tarixi ədalətsizliyin, torpaq itkisinin ağrısını yaşayan xalqımız bu qələbə ilə təkcə haqqına düşəni əldə etmədi, həm də milli qürurunu, özünəinamı qaytardı. İnam və qürur. Xalqın birliyi və qələbəyə sonsuz inamı mütləq ona qürur verəcək günü yaşatmalı idi və yaşatdı.
Hayların “fransız sədləri” dedikləri o maneələri aşmağın, səhra istehkamlarını yarmağın mümkün olmadığını deyənlərə cəmi 44 gündə çox şeyləri göstərdik və sübut elədik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında peşəkar, rəşadətli silahlı qüvvələrimiz Vətən müharibəsində yenilməzlik və qətiyyət nümayiş etdirdi. Ordumuz Ali Baş Komandanın qarşıya qoyduğu bütün tapşırıqları ləyaqətlə yerinə yetirməklə, qəhrəmanlıq salnaməsinə öz imzasını atdı. Vətən müharibəsinin davam etdiyi hər gün bir ərazimizin erməni işğalından azad edildiyi gün kimi tarixə düşdü.
“Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman oğullarımız şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir”. Bu sözləri dövlətimizin başçısı bir həftə bundan əvvəl Xankəndidə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündəki çıxışında deyib.
O günün xronikasına qısa nəzər yetirməyimiz yerinə düşər. 2020-ci il sentyabrın 27-si səhər saatlarında Ermənistan silahlı qüvvələri sərhəddə genişmiqyaslı təxribat törədərək ordumuzun cəbhəboyu zonada yerləşən mövqelərini, eləcə də yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlar və artilleriya qurğularından intensiv surətdə atəşə tutmağa başladı. Artıq düşmənə layiqli cavab verməyin, ona ordumuzun qüdrətini göstərməyin məqamı yetişmişdi. Ali Baş Komandan İlham Əliyev Ermənistan ordusunun sərhəd təxribatının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə əmr verdi. Bununla da “Qarabağ Ermənistandır və nöqtə” deyənin çox böyük tarixi yanlışlığa yol verdiyini sübuta yetirəcək şanlı Vətən müharibəsi başlandı. Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, sentyabrın 28-də qismən səfərbərlik elan edildi. Lokal döyüşlər qısa müddət ərzində sürətlə alovlanaraq, İkinci Qarabağ müharibəsinə çevrildi. 44 gün davam edən Vətən müharibəsinin gedişində oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı yağılardan təmizləndi.
Noyabrın 8-də isə Qarabağın tacı, qurur və ləyaqət rəmzi sayılan qalamız – Şuşa şəhəri işğaldan azad edildi. Xoş müjdəli Qələbə xəbərini o vaxta qədər kənd və şəhərlərimizin bir-birinin ardınca azad edilməsi barədə verdiyi məlumatlarla müqayisədə xüsusi bir həyəcan və qürur hissi ilə elan edərkən Ali Baş Komandanın sevincdən kövrəldiyi hələ də gözümüz önündən getməyib. Üstündən dörd il keçəndən sonra cənab Prezident o günləri belə xatırlayır: “Bildiyiniz kimi, 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedir, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bildiyimə görə, dünya hərb tarixində buna bənzər hərbi əməliyyat olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi etirafına görə, ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələsi, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat – bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz”.
Düşmən üzərində qələbənin tarixi əhəmiyyəti ilə yanaşı, onu qazandıran əsas amilləri zərgər dəqiqliyi ilə xırdalayan dövlət başçımızın 44 gün ərzində arxa cəbhədə – informasiya savaşında göstərdiyi şücaət isə bütün dünyanı heyrətə gətirmişdi. Həqiqətən də, hər bir azərbaycanlıya sonsuz qürur və xoşbəxtlik bəxş edən Vətən müharibəsindəki Qələbəmiz dünya dövlətlərinin, beynəlxalq təşkilatların diqqət mərkəzində idi. Başda sərkərdə olmaqla, Azərbaycan əsgərinin, zabitinin bu müharibədə göstərdiyi misilsiz qəhrəmanlıqlar indi dünyanın aparıcı dövlətlərinin hərbi akademiyalarında, beyin mərkəzlərində araşdırma mövzusuna çevrilib. 44 günlük müharibənin gedişatında müzəffər ordumuzun peşəkar heyəti tərəfindən həyata keçirilən döyüş əməliyyatları, xüsusilə, Şuşanın azad olunması taktikası dünya hərb tarixində yenilik və böyük uğur kimi qiymətləndirilir.
Beləliklə, ermənilərin Cənubi Qafqaza köçürülməsindən və əzəli türk torpaqlarında məskunlaşmasından sonra keçən iki əsr ərzində uydurduqları “dənizdən-dənizə böyük Ermənistan” mifik ideyası Azərbaycanın yaratdığı çağdaş reallıqlarla toqquşmada yerlə-yeksan edildi. Bunun nəticəsində hayların 200 illik saxta tarixlərinə bir savaşda nöqtə qoyuldu. İki əsrə bərabər tutulmağa layiq o gün isə Ermənistana indini deyil, həm də gələcəyini itirə biləcəyinin acı aqibətini yaşatdı.
Bu gün xalqımız Anım Gününü həm də qürur günü kimi qeyd edir. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra, 2020-ci il dekabrın 2-də Vətən müharibəsinin başladığı günü Anım Günü kimi qeyd etmək barədə sərəncam imzaladı. Sərəncamda qeyd olunur ki, dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, sentyabrın 27-si hər il Azərbaycanda Anım Günü kimi qeyd edilir.
2021-ci il sentyabrın 27-də paytaxtda Anım Günü ilə bağlı ilk dəfə təşkil olunmuş yürüşdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əlində şəhid zabitlərdən birinin portretini tutması bütün şəhidlərimizin ruhuna dərin ehtiram və sayğının əlaməti idi. Bəli, Vətən onları heç vaxt unutmayacaq. 44 gün davam edən Vətən müharibəsində igid oğullarımızın rəşadəti sayəsində, şəhidlərimizin qanı bahasına Azərbaycan tarixinin qızıl səhifəsi – Zəfər yazıldı. Bu gün azad olunan torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasına qürurla baxdığımıza görə şəhidlərimizə, qazilərimizə, Azərbaycan əsgərinə borcluyuq.
Qarabağımızı xalqımıza yenidən bəxş edən Ali Baş Komandan İlham Əliyev çıxışlarında bəyan etdiyi kimi, bundan sonra biz qalib xalq, müzəffər dövlət kimi o torpaqlarda əbədi yaşayacağıq. Bu qələbənin əldə olunmasında canından keçmiş bütün şəhidlərimizi sonsuz sevgi və qürurla anacağıq.
Dörd il əvvəl Azərbaycan xalqı həm də işğala boyun əyməmək əzmini və ədalətsizliyə qarşı barışmazlığını nümayiş etdirdi. Bu məqam xalq–ordu–dövlət birliyini ən yüksək zirvəyə qaldırdı. Məhz bu birlik Azərbaycan–Türkiyə qardaşlığını zamanın daha bir sınağından alnıaçıq, üzüağ çıxardı. Tarixi qələbə önümüzdə yeni reallığın, gələcəyə yönəlik perspektiv layihələrin mənzərəsini açdı. Qarşıda ölkəmizi siyasi, iqtisadi və hərbi sahədə yalnız uğurlar gözləyir. Zəfəri qanı bahasına qazanmış xalqa uğur yaraşır.
Cənubi Qafqazda erməni separatizminin kökünü kəsdiyi zəfəri ilə Azərbaycan bölgənin ən güclü ordusuna malik olduğunu sübuta yetirdi. Hazırda daha da güclənmiş Azərbaycan Silahlı Qüvvələri kənardan istənilən müdaxilənin qarşısını qətiyyətlə almaq iqtidarındadır. Böyük qələbəni təmin edən xalq–ordu–dövlət birliyi ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirlərində ərazi bütövlüyü və suverenliyimizin tam bərpası ilə özünü bir daha təsdiqlədi.
Düşmənin üzərinə yeriyən şir ürəkli oğullarımız göstərdikləri qəhrəmanlıqları ilə adlarını xalqımızın qan yaddaşına qızıl hərflərlə yazdırdılar. Vətənin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bu gün haqq etdiyinin qürurunu yaşayan Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

İmran BƏDİRXANLI
XQ





Siyasət