Köhnə vərdişlərindən əl çəkə bilməyənlər isə tərəqqini buxovlamaq barədə düşünürlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeddinci çağırış Milli Məclisin ilk iclasında söylədiyi nitqində, bir növ, cəmiyyətin gələcək inkişafının yol xəritəsini göstərmiş oldu. Ölkə rəhbəri həmin çıxışında gözlərimiz önündə cəmiyyətin bütün sahələrində baş verənlərin xarakterini, eləcə də mütləq nəzərə almalı olduğumuz xarici amillərin geniş və dəqiq mənzərəsini canlandırdı.
2024-cü ildə reallaşan prezident və parlament seçkilərinin müstəqil ölkəmizin tarixində ilk dəfə bütün ərazisində keçirilməsini tarixi hadisə adlandıran dövlətimizin başçısı İkinci Qarabağ müharibəsinin nəticəsini və suverenliyimizin tam bərpa edilməsini beynəlxalq miqyasda böyük əhəmiyyət kəsb edən tarixi hadisə kimi dəyərləndirdi. O, bu qələbələri şərtləndirən əsas amillər kimi Azərbaycan xalqının güclü iradəsini, bir yumruq ətrafında həmrəylik nümayiş etdirməsini xüsusi olaraq vurğuladı. 30 illik işğala son qoyulmasında bu amilin misilsiz rolunu, həqiqətən də, qeyd etməmək mümkün deyil.
“Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”, – deyə qeyd edən İlham Əliyev İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsinin ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açdığını bildirdi. 30 illik işğaldan sonra Azərbaycanın genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyduğunu və ilk nəticələrin göz qabağında olduğunu MM-in tribunasından bəyan edən cənab Prezident son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi məsələsini də önə çəkdi.
Azərbaycanın İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bildiyini deyən dövlətimizin başçısı bunu qəbul etmək istəməyən ölkələrin və dairələrin mövcudluğuna da diqqəti çəkdi: “Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız iddialar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz”.
* * *
Birmənalı olaraq deyə bilərik ki, 2024-cü ildə bədxahlarımızın xoşuna gəlməyən, tarixi əhəmiyyətinə kölgə salmağa çalışdıqları ən önəmli hadisələr kimi prezident və parlament seçkilərini qeyd etməmək mümkün deyil. Həm fevralın 7-də Prezident seçkilərinin, həm də sentyabrın 1-də gerçəkləşən parlament seçkilərinin ölkənin bütün ərazisində keçirilməsi Azərbaycan dövlətinin gücünün, xalqın əyilməz ruhunun dünyaya nümayişi idi. Amma cənab Prezident MM-dəki çıxışında bunlara arxada qoyduğumuz mərhələ kimi baxmağın, özümüzü qarşıda duran məsələlərin həllinə kökləməyimizin vacibliyini vurğuladı: “Dövlət suverenliyinin bərpa edilməsindən cəmi bir il keçir. Üç gün bundan əvvəl biz artıq bu günü bayram günü kimi qeyd etmişik. Bununla bərabər, demək istərdim ki, arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək”.
Cənab Prezident bu vacib məsələlərin hamısını, qarşıda bizi gözləyən yeni, güclü və qürurlu Azərbaycanı gözlərimiz önündə sərgilədi. Bununla yanaşı, o, həm də ölkəmizə qarşı hansı ideoloji təxribatların baş verdiyini açıq şəkildə bəyan etdi. Digər tərəfdən, erməniləri silahlandıranlara, onları Azərbaycana qarşı müharibəyə təhrik edənlərə, bölgədə sabitliyi pozmağa çalışanlara çox ciddi mesajlar göndərdi. Biz sülh haqqında düşündüyümüz zaman, bədxahlarımız bunun “səhv yol” olduğunu sübuta yetirmək üçün hər cür təxribata əl atırlar.
Əslində, sanki tarixin qaranlıq bir guşəsində fəaliyyət göstərən ABŞ-nin həmin konqresmenləri, senatorları, erməni lobbisinin çaldığı havaya oynayanlar özləri səhv yolun yolçularıdırlar. Azərbaycan beynəlxalq hüquqa, dünyanın düzəninə zidd heç bir hərəkətə yol verməyib.
* * *
Şərqdə belə bir deyim var: “Təzəni tikməyənə qədər köhnəni sökməyin”. İndi durub bizə dünyanın yeni düzənindən, müasir standartlardan danışanların diqqətinə çatdırmaq lazımdır ki, hələ təzə heç nə formalaşmayıb. Amma bu, o demək deyil ki, köhnəni də silib atmalıyıq. Nə qədər ki, yeni birgəyaşayış qaydaları, müasir dəyərlər sistemi gündəmə gəlməyib, köhnə qanunlar toplusu öz qüvvəsində qalır. Azərbaycan bu gün atdığı bütün addımlarını ədalət prinsipinin təsbit olunduğu həmin qanunlarla tənzimləyir.
Təəssüf ki, həmin ermənipərəst qüvvələrin böyük qismi üçün neoimperializm, neomüstəmləkəçilik keçmişdən qalma zərərli davranış sistemi sayılmır. Onlar nəinki arxivə göndərilməli olan bu pis vərdişlərdən əl çəkmək barədə düşünmürlər, əskinə, onları hələ də gündəmə gətirməyin yollarını arayır, yeni təşəbbüsləri buxovlamaq yolunu tutublar. Amma Azərbaycan və onun ətrafında cəm olmuş mütərəqqi birlik buna imkan verməyəcək. Bəli, onların məqsədi yeniliyi vurub dağıtmaqdırsa, bizim missiyamız quruculuq, inteqrasiya və güclü dövlətdir. Azərbaycan bu aksiomu son 4 ildə təkrar sübuta yetirib.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı
Prezident İlham Əliyev yeni seçilmiş Milli Məclisin tribunasından çıxışı zamanı Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etməsinə baxmayaraq, ölkəmizin hələ də müxtəlif təhlükələrlə üzləşdiyini bildirib. Bu təhlükələrdən ən başlıcası bir sıra dövlətlərin Ermənistanı Azərbaycana qarşı silahlandırmaları, onu yeni qarşıdurmaya təhrik etmələridir.
Ermənistanı silahlandıran əsas Qərb ölkəsi Fransadır. Bu ölkənin Cənubi Qaqfaz siyasətində dəyişən heç nə yoxdur. Rəsmi Paris tərəfindən Ermənistanın silahlandırılması həm də o deməkdir ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən ölkə qısa müddətdə hərbi gücünü artıra bilsin və Azərbaycan qarşısında duruş gətirə bilsin. Aydın məsələdir ki, Ermənistanın silahlandırılması bölgədə növbəti toqquşma ehtimalını artıra bilər. Doğrudur, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yeni müharibədə maraqlı olmadığını bildirir. Amma bu da faktdır ki, o, ordusuna tam nəzarət edə bilmir. Özü bir neçə dəfə etiraf edib ki, Ermənistan ordusunda “beşinci kolon” mövcuddur. Bu isə o deməkdir ki, həmin “beşinci kolon” müxtəlif xarici dairələrin əlində Azərbaycana qarşı alətə çevrilə bilər. İrəvan yenə bölgədə öz maraqlarını təmin etməyə çalışan güclərin əlində “maşa”ya çevrilməkdədir. Ancaq, cənab Prezidentin dediyi kimi, bunlar xalqımızın iradəsinə heç cür təsir edə bilməzlər.
Tofiq ABBASOV,
siyasi şərhçi
Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışını hazırda dünyada cərəyan edən proseslər kontekstində qiymətləndirməliyik. Dövlət başçımızın bütün mesajları günün aktual məsələləri ilə səsləşən çağırışlardır. Bəli, dünyanın gündəmi durmadan dəyişir, dolğunlaşır. Amma burada bir iddia vardır ki, o, öz yerini başqa məqamlara vermir. Söhbət təhlükəsizlik məsələsindən gedir. Çünki, təhlükəsizlik bütün uğurların rəhnidir. Onsuz heç bir tərəqqi, irəliləyiş mümkün deyil. Bu səbəbdən müəyyən xalqların, toplumların inkişafını ləngitməkdən ötrü güc mərkəzləri, ilk növbədə, həmin bölgələrdə münaqişəli vəziyyətləri yaratmağa çalışırlar. Yerli xalqları yolundan sapdırmağı hədəfləyən həmin qüvvələr öz maraqlarını təmin etməyi düşünürlər.
Cənubi Qafqaz bölgəsi aktual məqamlar çərçivəsində nümunə sayıla bilər. Burada çoxlu risklərin kultivasiyası gedir. Ermənistanı silahlandırmağa girişənlərin məqsədi bölgədə eskalasiya ocağı yaratmaqdır. Bu mənada, Prezident İlham Əliyevin “Biz güclü olmalıyıq” tezisi, çağırışı bütün zamanlar üçün aktual olaraq qalacaq. Dünyanın aparıcı dövlətlərinin riyakarlığını, ikiüzlülüyünü, saxta siyasətlərini gördük. Onlar həm də Azrbaycanın inkişafının qarşısını almaq istəyirlər. Bunlar artıq şübhə doğurmayan çılpaq həqiqətlərdir. Anti-Azərbaycan cəbhəsini formalaşdıran Fransanın yanında ABŞ, Kanada, Niderland, digərləri dayanıb. Dövlət başçımızın qeyd etdiyi kimi, məhz buna görə hərbi-sənaye kompleksimizi müasirləşdirmək, ordumuzu gücləndirmək kimi ən vacib məsələlər günün tələbidir.
Sanki ermənipərəst düşərgə Azərbaycanın işğalçının dərsini verərək ədaləti bərpa edən kimi hərəkətə keçdilər. İndi bizi küncə sıxışdırmağa, imtiyazlarımızı heçə çevirməyi düşünürlər ki, ermənilər üçün xüsusi şərait yaratsınlar.
Bunlar hansı səbəbdən baş verir? Çünki Azərbaycan siyasi iradəyə malik, yeri gələndə “yox” deməyi bacaran müstəqil məmləkətdir. Əgər hansısa məsələ onun milli maraqları ilə üst-üstə düşmürsə, gələcəyə yönəlik planlarına ziddirsə, Azərbaycan bu təşəbbüsləri dərhal rədd edir və rəsmi Bakının qətiyyəti, bacarığı bəzilərində qıcıq doğurur, onlara rahatlıq vermir. Problemlər, maneələr təşkil etməklə Azərbaycanı ram etməyə girişənlər, əslində, Ermənistanı özlərinin korporativ maraqlarına qurban verməyə hər an hazırdırlar
İmran BƏDİRXANLI
XQ