Bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq
Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində və ötənilki antiterror tədbirlərində qələbə çalsa da, Ermənistanda revanşist iddialar bitib-tükənmək bilmir. Özü də maraqlıdır ki, bu iddialar təkcə hakimiyyətə müxalifətdə olan hansısa siyasi qruplar tərəfindən deyil, son vaxtlar elə iqtidarın özü tərəfindən dilə gətirilir. Sonuncu dəfə Ermənistan xarici işlər nazirliyinin sentyabrın 19-da yaydığı bəyanatda bir il öncəki hadisələr “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” kimi qələmə verilib.
Baş nazir Nikol Paşinyanın da “etnik təmizləmə”dən danışdığını görmək olar. Bütün bunlar Qərbdəki havadarları tərəfindən hərtərəfli dəstəklənən rəsmi İrəvanın bölgədə yeni müharibəyə hazırlaşmasının mümkünlüyündən xəbər verir. Aydın görünür ki, Ermənistan hakimiyyəti hansısa “x” gününə ümid edir. Bu isə ordu quruculuğuna böyük diqqət yetirməyimizi, hərbi sənaye potensialımızın qüdrətinin artırılmasını və sərhədlərimizin toxunulmazlığını gücləndirməyimizi zəruri edir.
Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev sentyabrın 23-də Yeddinci çağırış Milli Məclisin ilk iclasında ölkəmizin qarşısında dayanan bəzi vəzifələr haqqında danışarkən qeyd olunan məsələlərə geniş yer ayırdı. Dövlətimizin başçısı hərbi gücümüzün artırılmasının bir nömrəli vəzifə olduğunu bildirdi: “Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə – nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir”.
Ulu öndər Heydər Əliyev vaxtilə böyük müdriklik göstərərək “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” demişdir. Zaman böyük dövlət xadiminin necə haqlı olduğunu ortaya qoydu. Həqiqətən də əgər vaxtilə əsas ixrac neft boru kəməri haqqında müqavilə imzalanmasaydı, bunun nəticəsində ölkəmizə valyuta axınının daxil olması təmin edilməsəydi, iqtisadiyyatımız inkişaf etdirilməsəydi, ordu quruculuğuna böyük diqqət yetirilməsəydi, hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Torpaqlarımızın işğaldan azad olunması uzun illər ərzində yürüdülən düşünülmüş siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi dünyada nəinki siyasətlə məşğul olanlar, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışının tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər. Bizim isə siyasətimiz, əslində, uzun illər ərzində bu istiqamətdə aparılırdı. İşğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi və hər il Milli Məclisdə dövlət büdcəmiz təsdiq olunanda artıq hər kəs görürdü ki, birinci xərclər hərbi xərclərdir. Bu gün də belə olmalıdır.
Bəli, Azərbaycan vətəndaşları beynəlxalq hüquq anlayışnın tamamilə sarsıldığının canlı şahidləridir. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi rayonlardan çıxması ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin 27 il ərzində kağız üzərində qalması bunun bariz nümunəsidir. Halbuki biz TŞ-nin bəzi ölkələrlə bağlı qəbul etdiyi qətnamələrin üzərindən heç 24 saat keçməmiş, necə deyərlər, mürəkkəbi qurumamış icra edildiyinin də şahidiyik. Dövlətimizin başçısı, haqlı olaraq qeyd etdi ki, əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər.
Cənab İlham Əliyevin toxunduğu digər çox mühüm məsələ Ermənistanın yürütdüyü ikitirəli siyasətlə bağlı oldu. Qeyd etdi ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə və xülyalarla yaşayırlar. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır.
Hər bir məsələni doğru təsbit edən dövlətimizin başçısının bu fikirləri ciddi xəbərdarlıqdır. Prezidentin fikirləri Ermənistan iqtidarının addımlarının rəsmi Bakı tərəfindən diqqətlə izlənildiyindən və təhlil edildiyindən xəbər verir. Bu isə o deməkdir ki, qələbədən sonra Azərbaycanda arxayınlaşma hissi yaranmayıb. Əksinə, fəaliyyətimiz daha da intensivləşib.
Prezident İlham Əliyev onu da bildirdi ki, bu günə qədər heç bir funksional mahiyyət daşımayan ATƏT-in Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir. Doğrudan da Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunun saxlanılmasına heç bir zərurət yoxdur. Çünki münaqişə tam və birdəfəlik həll olunub. Amma qrupun saxlanılması yalnız ölkəmizə qarşı ərazi iddialarını yeni müstəviyə daşımaq məqsədi güdə bilər.
“Bu gün Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar – bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib” – deyən Prezident İlham Əliyev Qələbəmizi həzm edə bilməyən xarici dairələrin bizə qarşı yeni planlar hazırladıqlarını qeyd etdi. Onun sözlərinə görə, media kampaniyası, qarayaxma, iftira, böhtan kampaniyaları da məhz bu mövzunu daim gündəlikdə saxlamağa, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı çirkin hərəkətlərə başlamağa xidmət edir: “Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur”.
Azərbaycan Ordusu hazırda dünyanın ən yaxşı 50 ordusu sırasındadır. Bu fakt hərb üzrə aparıcı beynəlxalq araşdırma mərkəzləri tərəfindən dəfələrlə təsdiqlənib. 44 günlük Vətən müharibəsindən ötən dövr ərzində Azərbaycan öz hərbi gücünü böyük dərəcədə artırıb. Yeni silahlı birləşmələrin yaradılması, Xüsusi Təyinatlı Qüvvələrin sayının bir neçə dəfə artırılması, həmçinin Komando qüvvələrinin yaradılması bunun mühüm göstəricilərindəndir. Xüsusi Təyinatlı Qüvvələr mənsubları ölkə daxilində və xaricdə ən çətin hərbi təlimləri icra edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov “XQ”-yə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Milli Məclisdəki proqram xarakterli çıxışında Azərbaycan dövlətinin prioritet istiqamətləri göstərilib. Onun sözlərinə görə, dövlətimizin başçısı çox mühüm və mənalı fikirlər səsləndirdi. Qeyd etdi ki, orduda çox böyük islahatlar, təkmilləşdirmə işləri aparılır: “Regionda və dünyada gedən proseslər Azərbaycanın güclü olmasını tələb edir. Ölkəmizi gözü götürməyən, suveren və heç kimdən asılı olmayan ölkə kimi qəbul etmək istəməyən qüvvələrin mövcudluğu bizim müdafiə xərclərini gələcəkdə də artırmağımızı zəruri edir”.
Ordu quruculuğu istiqamətində çox böyük işlər aparıldığını vurğulayan Ş.Ramaldanov Vətən müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin say tərkibinin bir neçə dəfə artırıldığını, yeni silahlı birləşmələrin, o cümlədən Komando qüvvələrinin yaradıldığını və onların sayının ildən-ilə artacağını qeyd etdi: “Ordumuzun şəxsi heyəti müasir silahlarla silahlanır. Paralel olaraq hərbi sənaye kompleksi də inkişaf etdirilir. Hərbi sənaye kompleksinin inkişafı isə ilk növbədə dövlətini gücünün, iqtisadi qüdrətinin göstəricisidir. Digər tərəfdən isə Azərbaycan bu məsələdə də müstəqil olur. Yəni biz silah-sursat alışı məsələsində də müstəqil dövlətə çevrilirik. Birinci Qarabağ müharibəsi zamanı ölkəmiz silah-sursat alışı məsələsində çox ciddi çətinliklərlə üzləşmişdi. İkinci Qarabağ müharibəsində də hərbi sənaye kompleksimiz inkişaf etmiş və tələb olunan silah-sursatın müəyyən hissəsini daxili istehsal hesabına qarşılamışdıq”.
Müsahibimiz qeyd etdi ki, müharibədən 4 il ötməsinə baxmayaraq, Ermənistan sülh və dövlətlərarası sazişin imzalanmasından yayınır, prosesi uzadır: “Reallıqda sülh müqaviləsi hələ də bağlanmayıb və biz müharibə şəraitindəyik. Belə olan təqdirdə Ermənistan sürətlə silahlanır. Silahlanma ilə paralel olaraq revanşist niyyətli qüvvələr baş qaldrmağa başlayıblar. Onlara müəyyən vədlər verən dairələr var. ABŞ və Avropa öz maraqlarını təmin etmək üçün Ermənistanı sülh müqaviləsi imzalamaqdan yayındıran əsas qüvvədir”.
Ş.Ramaldanov onu da bildirdi ki, Prezident İlham Əliyevin niqtində bir əminlik də var idi. Onun sözlərinə görə, dövlət başçımızın nitqində Azərbaycanın özünü bütün xarici təzyiq və təsirlərdən qoruduğuna və gələcəkdə də qoruyacağına əminlik duyulurdu. Bu əminlik isə Prezident İlham Əliyevin böyük idarəçilik qabiliyyətinə, liderlik xüsusiyyətinə, eləcə də Azərbaycan xalqının dövlət başçımıza möhkəm dəstəyinə və onun ətrafında sıx birləşməsinə əsaslanır.
Səxavət HƏMİD
XQ