Masil Dəmirov: Vahid Azərbaycan cəmiyyətinin formalaşmasında milli birlik, tarixi ədalət və suverenlik mühüm şərtdir

post-img

Cari ilin sentyabrın 20-də cənab Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetinin açılışı mühüm hadisə idi. Bu universitet geosiyasi reallıqlar baxımından mühüm əhəmiyyət kəsb edir. İşğal  boyunca Ermənistan hakimiyyətinin azərbaycanlı əhalini təcrid və assimilyasiya etməyə çalışdıqda, bu gün təhsil mədəni kimliyimizin və milli şüurumuzun bərpasında əsas mənbələrində birinə çevrilir. Bu universitet təkcə təhsil ocağı deyil, həm də vahid Azərbaycan cəmiyyətinin formalaşmasına töhfə verən tarixi köklərə qayıdışın simvoluna çevriləcəkdir. Cənab Prezidentin nitqində sadəliyə və müdrikliyə əsaslanan, Azərbaycan xalqının mərdliyini və qəhrəmanlığını, bütövlükdə Azərbaycanın qüdrətini əks etdirən bir çox ciddi amillər var idi.

Bu fikirləri “XQ”yə açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov dedi. 

Fikirlərinə davam edən analitik bildirdi ki, tarixə nəzər salsaq, sentyabrın 20-də Azərbaycan Ordusu parlaq antiterror əməliyyatını şərəflə başa vurdu və bunun nəticəsində ölkənin dövlət suverenliyi tamamilə bərpa olundu. Bu məqam təkcə hərbi qələbəni deyil, həm də tarixi ədalətin bərpasını simvolizə edən çoxillik mübarizənin kulminasiya nöqtəsi idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz yüksək peşəkarlıq və birlik nümayiş etdirərək otuz ildir işğal altında olan əraziləri azad edib.

“Dövlətimizin Başçısı şəhidlərin – Vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə sarsılmaz sədaqətini ifadə etdi. Bu xatirə vətəndaşların qəlbində yaşayır, milli ruhu gücləndirir. Suverenliyin bərpasından keçən bir il ərzində atılan hər bir addım onların ruhuna hörmət üzərində qurulub. Təbii ki, hərbçilərin qəhrəmanlığı, xalqımızın doğma torpaqlarını azad etmək əzmi bu böyük qələbənin əsasını təşkil etdi. Azərbaycan Ordusunun müharibədəki uğurları onun yüksək mənəvi-psixoloji üstünlüyü sayəsində mümkün olmuşdur. Ordu çətin şəraitə baxmayaraq, hər gün nəinki irəliləyir, hətta sarsılmaz əzmkarlıq nümayiş etdirərək, xalqımızı qələbəyə gündən-günə yaxınlaşdırırdı. Vətənpərvərlik kontekstində tərbiyə olunan bu mənəviyyat döyüş meydanında qələbənin təmin olunmasında əsas amil idi”, - deyə M.Dəmirov qeyd etdi.

Bu gün dünyanın bir çox münaqişələrlə üzləşdiyini deyən ekspert vurğuladı ki, münaqişələr təəssüf ki, azalmır, əksinə artır: “Azərbaycan illər ərzində ciddi sınaqlarından keçərək və öz təcrübəsinə əsaslanaraq, ədalətsizliyin əbədi ola bilməyəcəyinin canlı nümunəsinə çevrilib. Dünya birliyi, azadlıq və hüquqlara can atan ölkələrin kənar təzyiq və maneələrinə baxmayaraq öz məqsədlərinə necə nail ola biləcəyini şahididir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəinki Azərbaycanın ərazi bütövlüyünü, həm də beynəlxalq hüququ bərpa etdi. Bu, bütün dünyaya mühüm siqnaldır: ədalət gec-tez zəfər çalacaq və birlik və qətiyyətlə istənilən xalq öz məqsədlərinə çata bilər. Azərbaycanın uğurları haqsızlıq və işğaldan əziyyət çəkən digər ölkələr üçün də ilham mənbəyidir”.

M.Dəmirov fikirlərinə bu ifadələrlə yekun vurdu: “Dövlət Suverenliyinin bərpasından sonrakı il təkcə yekunlara dair təqvim ili deyil, həm də Xankəndindəki Qarabağ Universiteti kimi yeni təhsil infrastrukturunun yaradılması dövrü oldu. Bu təhsil müəssisəsi gənclərin vətənpərvərlik və öz ölkəsinə qarşı məsuliyyət ruhunda tərbiyə olunacağı gələcəyi simvollaşdırır. Qarabağ Universitetinin açılması təkcə təhsil infrastrukturunun bərpası deyil, həm də milli birlik, tarixi ədalət və suverenlik rəmzidir. Bu tədbir yeni, dinc və firavan Qarabağda şəxsiyyətin və vətənpərvərliyin formalaşmasında bir amil kimi təhsilin əhəmiyyətini vurğulayır. Gələcəyə inamla baxan Azərbaycan təhsilə, mənəvi dəyərlərə diqqət yetirməklə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməkdə davam edir”.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət