Rəsmi İrəvanın Ermənistandakı “rus qalaları”na hücumu
Əslində, ötən ay Rusiya sərhədçiləri “Zvarnots”dakı postlarının tərk edəndə bir çox məsələlərə aydınlıq gəlmişdi. Yəni, aşkar görünürdü ki, “Zvarnots”da başlanmış prosesin ardı gələcək.
Daha doğrusu, Ermənistanda hansısa yüksək rütbəli rəsminin rusların ölkənin quru sərhədlərindən də uzaqlaşdırılmasının vacibliyindən söz açması proqnozlaşdırılırdı. İndi bu missiyanı öz üzərinə qatı anti-Rusiya mövqeyi ilə seçilən ölkə parlamentinin sədri Alen Simonyan götürüb. A.Simonyan rus hərbçilərinin Ermənistanın Türkiyə və İran ilə sərhədlərindən də uzaqlaşdırılmasının vacibliyindən söz açıb, məsələnin müzakirə olunduğunu bildirib.
Yada salaq ki, baş nazir Nikol Paşinyan rusların “Zvarnots”dan ayrılması xüsusunda yarımçıq əxz etdiyi diplomatikliyə söykənərək demişdi ki, erməni sərhədçiləri artıq təcrübə qazanıblar, indi öz işlərini özləri görə bilərlər. Nikol, hətta ruslara təşəkkürünü də bildirmiş, əslində isə onları məsxərəyə qoymuşdu. Baş nazir yaxşı bilirdi ki, Moskvanın öz sərhədçilərini İrəvanın hava limanında saxlamaq üçün heç bir təsir imkanı yoxdur. Məsxərə də bunun vurğulanmasına yönəlmişdi.
Böyük ölçüdə yanaşsaq, indi də Rusiyanın öz ordu birləşmələrini Ermənistanın Türkiyə və İran sərhədlərində saxlaması üçün hansısa real tutacaq yeri yoxdur. Digər tərəfdən, Qərbin buyruqlarını yerinə yetirən rəsmi İrəvanın Kremli Cənubi Qafqazdan sıxışdırmaq planlarının olduğunu da bilirik. Ermənistanın tərkibində yer aldığı və Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını boykot üçün gətirdiyi arqumentlərə diqqət yetirsək, həmin arqumentlərin haqqında söz açdığımız məsələ ilə bağlı da keçərliliyini söyləyə bilərik.
Yada salaq ki, Ermənistan rəhbərliyi KTMT-nin ölkənin təhlükəsizliyinin təmin olunmasında dişsizliyini vurğulayırdı. Heç kəs təminat verə bilməz ki, eyni ritorika Türkiyə və İran sərhədlərindəki rus hərbçilərinə nəzərən işə düşməyəcək. Hazırda rəsmi İrəvan mövcud istiqamətdə hər cür təxribata əl atmaq potensialındadır. Vaxt var idi, Paşinyan Gümrüdəki 102-ci rus hərbi bazası qarşısında etiraz piketləri təşkil etdirirdi. Yenə də tərəddüdsüz oxşar addımı atması mümkündür.
Digər tərəfdən yanaşsaq, hazırda Paşinyan və komandası Cənubi Qafqazda sülhdən yayınmaq yönümlü manipulyasiyalarını Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı müstəvisində həyata keçirməkdədir. Faktiki olaraq, bir ölkənin ərazisində digər ölkənin hərbi bazalarının olması isə Hayastanın müstəqilliyini məhdudlaşdıran amildir. Deməli, Nikol mövcud məsələdəki arqumenti də asanlıqla dövriyyəyə buraxa bilər.
Bu yerdə spiker Simonyanın Ermənistan hökumətinin Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhəddə qalmasının məqsədəuyğunluğu barədə düşünməli olduğuna dair fikirlərini yada salaq. Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni parlament sədrinin fikrinə reaksiya verib. O deyib ki, Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədlərindən çıxarılması Ermənistanın təhlükəsizliyi baxımından məqsədəuyğun deyil.
M.Zaxarova onu da deyib ki, regionda situasiya tamamilə aydınlaşanadək, Rusiya sərhədçiləri oradan çıxarıla bilməz: “Görünür, Alen Robertoviç Nikol Paşinyanın mətbuat konfransını diqqətlə izləməyib. Rusiya sərhədçilərinin Ermənistan sərhədlərində yerləşdirilməsinə dair razılaşma 1992-ci ildə qeyri-müəyyən müddətə imzalanıb. Rusiya sərhədçiləri orada olmalarının zəruriliyini dəfələrlə isbat ediblər”.
Görəsən, “regionda situasiya tamamilə aydınlaşanadək” məntiqi özündə nəyi ehtiva edir. Hər halda, Ermənistana Türkiyə və İrandan təhlükə nəzəri cəhətdən də yoxdur. Gürcüstandan da hansısa təhdid istisnadır. Azərbaycana gəldikdə, burada məsələnin qoyuluşu fərqlidir. Çünki hazırda rəsmi İrəvanın rus hərbçilərinin sərhədlərdən uzaqlaşdırılması məntiqi daha çox onun Bakı ilə münasibətlərinə aiddir.
Məlum olduğu kimi, ərazi bütövlüyünü və suverenliyi əlində bayrağa çevirmiş Ermənistan üçtərəfli bəyanatın 9-cu bəndinin icrasından boyun qaçırır. Daha doğrusu, ölkə Rusiya sərhədçilərinin Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolda təhlükəsizliyi təmin etmələrinə qarşı çıxır. Paşinyan və komandasındakılar bu arqumenti gücləndirmək üçün də rusların digər sərhədlərdən uzaqlaşmasını tələb edə bilər. Hərçənd, mövzu xüsusunda Zaxarovanın öz arqumentləri var. O bildirir ki, Ermənistanın qonşuları ilə münasibətləri sabit deyil və təhlükəsizlik barədə düşünməkdə fayda var. “Bu məsələdə ekspert olmayanlar yumşaq divanda oturub öz fikirlərini ifadə edə bilərlər, amma belə məsələlərdə Ermənistanın sərhədlərini mühafizə etmək üçün həyatını təhlükədə qoyanları dinləmək daha düzgün olardı”, – deyən Rusiya XİN-in sözçüsü onu da bildirib ki, A.Simonyan belə məsələlərin müzakirəsi üçün kifayət qədər səriştəli deyil.
Əlbəttə, hələlik, kimin daha çox səriştəli olduğunu zaman göstərəcək. Başlıca məqam isə odur ki, İrəvan anti-Rusiya xətti həyata keçirməkdədir və mövcud kurs istər-istəməz Rusiyanın Ermənistanın Türkiyə və İranla sərhədindəki hərbçilərin uzaqlaşdırılmasını daha da ciddiləşdirəcək.
Ə.RÜSTƏMOV
XQ