Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
ABŞ Cənubi Qafqazı istisnasız olaraq Qərbin siyasətinə alət etmək, burada qüvvələr balansını öz xeyirlərinə dəyişmək, nəticədə regionu Rusiya ilə Qərb arasında qarşıdurma meydanına çevirmək istəyir.
Düzdür, bu yöndə ABŞ-nin əldə etdiyi nailiyyətlər azdır. Ermənistan hələlik nə KTMT-dən, nə də Avrasiya İttifaqından çıxıb. Ermənistanda Rusiyanın 102 saylı hərbi bazası, Rusiya–Ermənistan birgə hərbi qruplaşması, havadan birgə müdafiə sistemləri fəaliyyət göstərir. Yəni Ermənistanın Rusiya orbitindən çıxa biləcəyi hələlik sual altındadır. Buna rəğmən, ABŞ öz təşəbbüslərini davam etdirir.
ABŞ-nin Cənubi Qafqaza yönəlik planlarında Azərbaycanın maraqları ilə uzlaşmayan məqamlar mövcuddur. Belə ki, ABŞ-nin “Cənubi Qafqazı fəth etmək” planı Ermənistanın yenidən dirçəldilməsi konsepsiyasının üzərində qurulub. ABŞ Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş və yeni status-kvo yaratmış Azərbaycanın güclənməsinin qarşısını almaq üçün çeşidli planlar qurur.
Dünya supergücünün Azərbaycanı zəiflətmək, onun Ermənistana qarşı təsir imkanlarını azaltmaq, beləliklə, ermənilərin Qarabağa qayıtmasına və həmin ərazilərdə Ermənistanın nəzarətinə imkan verən mexanizmlər qurmaq niyyətləri aşkar görünür. Bu hədəfləri gerçəkləşdirməklə, Azərbaycanı Zəngəzur dəhlizindən, Qərbi Azərbaycan konsepsiyasından imtinaya məcbur etmək istəyirlər. Planın davamında – Türkiyə–Ermənistan sərhədlərinin açılması məsələsində Bakının mövqeyini “neytrallaşdırmaq”gözləntiləri də var.
Bu proqramı sürətli və təsirli şəkildə icra etmək üçün ABŞ fərqli mexanizmlərdən istifadə edir. Planın tərkib hissəsi olaraq, USAİD-in Ermənistan üzrə fəaliyyəti artırılıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyi Ermənistana 5 illik humanitar yardım paketini 2 dəfədən çox artırıb. Əvvəlki illərdə bu yardım 120 milyon dollar idisə, indi məbləğ 250 milyon dollara çatdırılıb.
Problem həm də ondadır ki, USAID-in rəhbəri Samanta Pouer separatçı liderlərdən olan Ruben Vardanyanla şəxsi dostluq münasibətindədir. Yayılan məlumatlar arasında o da vurğulanır ki, USAİD Ruben Vardanyanın ailəsi və oğlu tərəfindən qurulan anti-Azərbaycan şəbəkəni də koordinasiya edir. Bu şəbəkə Qarabağdan köç etmiş erməni əsilli ailələri təşkilatlanmağa, Azərbaycana qarşı revanşist hərəkətlərə təşviq edir. Qeyd edək ki, Vardanyanın həbs edilib Bakıya gətirildiyi ilk gündən etibarən Pouer işə qarışıb, onun azadlığa buraxılması üçün rəsmi Bakıya təzyiqləri artırmağa çalışıb. İstədiyini əldə etmədikdə, yeni variantlar düşünüb.
USAİD müxalif cəbhəyə daxil olan “KİV və QHT”lərin əsas donoru olmasından istifadə edərək, onları Azərbaycana qarşı çıxışa sövq edir. Məlumata əsasən, “COP 29 tədbirləri ərəfəsində Azərbaycandakı erməni əsirlərin azad olunması” kampaniyasına start verilməsi üçün “qrant layihələri” ayrılıb. Bu kampaniyanı Azərbaycanda ələ alınmış qrupların da dəstəkləməsi nəzərdə tutulur..
Bu “humanitar yardımlar” işin yalnız bir tərəfidir. Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılmasından dərhal sonra ABŞ təyyarələrlə Ermənistana silah və hərbi heyət göndərib, kontingentin Zəngəzur ətrafında yerləşdirilməsinə çalışıb. Fransanın Ermənistana göstərdiyi hərbi və siyasi dəstək də bilavasitə Vaşınqtondan koordinasiya edilir. ABŞ bu formada siyasi, iqtisadi və xüsusən hərbi dəstəklə Ermənistanda revanşizmin artmasına zəmin yaradır.
Nəhayət, Birləşmiş Ştatlar regionda ədalətli sülh istiyirsə, Ermənistana təktərəfli dəstəyi dayandırmalı, regionun digər ölkələrinə də humanitar kampaniyalar təşkil etməlidir. Bu ölkə, ən azı, indiyədək Azərbaycanın minalarla çirkləndirilmiş ərazilərinin təmizlənməsinə dəstək verə bilərdi. Belə çıxır ki, erməni icmasını geri qaytarmaq üçün hər oyundan çıxan ABŞ-ı azərbaycanlıların Qarabağa qayıdış hüquqları qətiyyən narahat etmir.