Tarixi Çernobbio bəyanatı kontekstində
Əgər şərəf və sağlam düşüncəyə zidd deyilsə, heç zaman təslim olmayın.
Uinston Çörçill
Müasir mərhələdə müstəqillik yoluna yeni qədəm qoymuş dövlətin uğur qazanması çətin prosesdir. Xüsusilə, mürəkkəb geosiyasi regionda yerləşən dövlətin qarşısına müxtəlif əngəllər çıxarılır. Prezident İlham Əliyevin İtaliyaya son səfəri prizmasında bu məsələ Azərbaycan dövlətçiliyi baxımından daha çox aktuallıq kəsb etməkdədir. Müxtəlif aspektlərdə bu mövzunu araşdırmaq olar. Bizim üçün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun ümumi mahiyyəti kontekstində İtaliyaya olan səfərləri ayrıca əhəmiyyət daşıyır. Bunların fonunda məsələyə daha geniş aspektdə yanaşmağın vacibliyini görmək olar.
Regionlararası “şəbəkə diplomatiyası”
Azərbaycan Prezidentinin son İtaliya səfərinə, bütövlükdə, xarici siyasətin ümumi xarakteri işığında baxmaq lazımdır. Çünki İlham Əliyevin hər bir siyasi-diplomatik gedişi sistemli və ardıcıl kursun reallaşması kontekstində olur. Politologiyada XXI əsrdə yeni diplomatiya üsullarından çox bəhs edilir. Onların sırasında “şəbəkə diplomatiyası” adlanan bir üsul da vardır. Bu termindən hər kəs istifadə etməyə bilər. Bizim üçün onun politoloji məzmunu önəmlidir.
“Şəbəkə diplomatiyası” xarici siyasətdə çoxistiqamətliliyin və mürəkkəb geosiyasi dinamikanın fonunda müstəqil dövlətin iki aspektdə çevik və nəticəverici xətti həyata keçirməsini nəzərdə tutur. Bu zaman mühüm şərt diplomatik müstəvidə həm dövlətlərlə, həm də regional və beynəlxalq təşkilarlara münasibətlərdə “şəbəkə prinsipini” gözləmək lazım gəlir. Yəni konkret bir dövlət xarici siyasətdə dövlətlər qrupuna və münasibət qurduğu regional və beynəlxalq təşkilatlara sistemlilikdən daha mütəhərrik olan şəbəkə kimi yanaşa bilir.
Bundan başqa, şəbəkə diplomatiyası üçün çoxistiqamətliliklə mürəkkəb geosiyasi dinamika beynəlxalq miqyasda çoxaspektli əlaqələr qurmaq fəlsəfəsi ilə tamamlanmalıdır. Çünki son nəticədə müstəqil dövlətin siyasəti müsbət nəticə verməlidir. Çoxistiqamətlilik və geosiyasi dinamika kontekstində isə bu, konkret olaraq, beynəlxalq əlaqələrdə uğur qazanılmasını ehtiva edir. Həmin səbəbdən biz, konkret nümunədə bu aspektləri Prezident İlham Əliyevin İtaliya səfərləri fonunda izah etməliyik.
Birinci aspekt
“Şəbəkə diplomatiyası”nın çoxistiqamətliliklə mürəkkəb geosiyasi dinamikanın qarşılıqlı əlaqəsində məzmununun birinci aspekti regional miqyasda şəbəkə prinsipinin tətbiqi ilə bağlıdır. Azərbaycan üçün bu, Cənubi Qafqazda həm dövlətlər-arası münasibətlərin qurulması, həm də regional təşkilatlar çərçivəsində fəaliyyətdə şəbəkəliliyi tətbiq etmək deməkdir. Bu anlamda “şəbəkə prinsipi Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə ilə münasibətlərdə özünün milli maraqları çərçivəsində digər region dövlətlərinin hər birinin marağını şəbəkə qaydalarına uyğun diqqətə almağı nəzərdə tutur. Sistem prinsipindən şəbəkə prinsipinin diplomatik kontekstdə fərqi ondan ibarətdir ki, şəbəkə sərt şəkildə heç bir dövləti digərlərinə bağlamağı və ondan “qanunauyğunluq” adı altında asılı olmağı nəzərdə tutmur (lakin sistem prinsinpdə bu, vardır).
Eyni zamanda. şəbəkə prinsipi dövlətlərarası münasibətlərdə açıqlığa münasibətdə olan bütün dövlətlərin hər biri üçün ayrılıqda, həm də kompleks halında əməl olunmasını ehtiva edir. Bu isə şəbəkə diplomatiyası yeridən dövlətin son dərəcə mütəhərrik, dinamik və ümumi mənzərəni ciddi nəzərə almaqla incə fəaliyyət göstərməsini tələb edir. Burada həssas məqam daim öz marağı ilə münasibətdə olduğu dövlətlərin maraqlarını regional miqyasda dinamik tarazlıqda saxlamaqdan ibarətdir. Nəzəri-politoloji olaraq, bunu dərk etmək çətin deyildir, lakin praktikada tətbiqi olduqca böyük siyasi-diplomatik məharət tələb edir.
Deməli, şəbəkə diplomatiyasının birinci aspekti olan regional miqyas üçün iki şərt vacibdir və onlar bir-birini tamamlamalıdırlar. Birinci şərt dövlətin (indiki halda Azərbaycanın) ən mürəkkəb və ziddiyyətli məqamlarda belə öz maraqlarını kompleks halında baxılan digər regional dövlətlərin maraqları fonunda gözləməsidir.
İkinci şərt, milli maraqlara elə əməl olunmalıdır ki, regionun digər dövlətlərinin milli maraqlarını ödənməsinə əngəl olmasın. Bu da özlüyündə regional miqyasda münasibətlərdə incə siyasi-diplomatik tarazlığı konstruktiv ruhda gözləmək deməkdir.
Nəzəri olaraq vurğulanan məqamlar İlham Əliyevin son İtaliya səfərini təhlil etmək üçün kifayət edir. Nəzəri detallara baş vurmadan ikinci aspektin qısa xarakteristikasına keçək.
İkinci aspekt
Bu aspektin təməlini regional miqyasda şəbəkə prinsipi təşkil edir. O, regionlararası məkanı əhatə edir. Burada qarşıya çıxan ilk mühüm seçim konkret hansı regionlar arasında birləşdirici rol oynamaqla bağlıdır. Azərbaycan Cənubi Qafqaz, Rusiya, Mərkəzi Asiya, Uzaq Şərq və Avropa geosiyasi məkanlarında şəbəkə diplomatiyasını tətbiq etməyə üstünlük vermişdir. Bu, kifayət qədər geniş fəaliyyət sahəsidr. Həm də burada ayrı-ayrı regionlar arasında ziddiyyətlər az deyildir. Məsələn, Avropa ilə (Avropa Birliyi timsalında), Rusiya və Uzaq Şərq (Çin timsalında) arasında ziddiyyətlər məlumdur. Ayrıca, Cənubi Qafqazla bağlı ziddiyyətlər sirr deyildir. Bunlara Mərkəzi Asiya uğrunda gedən geosiyasi mübarizəni də əlavə etmək olar. Ümumi səviyyədə Qərbin (ABŞ başda olmaqla) Çinlə münaqişəsi xüsusi təsir edir. Nəhayət, Cənubi Qafqaz regionunun öz daxilində Azərbaycanın Vətən savaşından sonra yaratdığı geosiyasi dəyişikliklərə olan müqaviməti nəzərə almaq gərəkdir.
Deməli, geosiyasi-nəzəri olaraq Cənubi Qafqazda yerləşən bir dövlətin regionlararası miqyasda uğurlu şəbəkə diplomatiyası aparması, onun ciddi surətdə açıq və ya gizli ziddiyyətlərlə mübarizəsi fonunda getməlidir. Bura, hətta, Azərbaycanın özünün daxil olduğu regionda ona qarşı dayanmış bir sıra qüvvələrlə mübarizə də daxildir. Nəticədə pilləvari və qeyri-standart xarakterli risklərin və ziddiyyətlərin mövcud olduğu geniş məkanda uğurlu şəbəkə diplomatiyası üsulu seçmək zərurəti meydana çıxır.
Məsələnin bu tərəfinin nəzəri təhlili geniş məsələdir. Bundan başqa, bizim üçün əsas olanı Azərbaycanın praktiki siyasi-diplomatik fəaliyyəti kontekstində Prezidentin son İtaliya səfərinin konkret cəhətlərini təhlil etməkdən ibarətdir. Bu cür yanaşma həm də yuxarıda vurğuladığımız üçüncü aspekt – beynəlxalq miqyasda çoxaspektli əlaqələrdə uğurlu olmağı dərk etməyə yardım göstərəcək. Ona görə də indi aparılan siyasətin praktiki nəticələrinin təhlilinə əsaslanaq.
Prezidentin İtaliya səfərləri
İlham Əliyev prezidentliyi dövründə 2024-cü ilin sentyabr ayına qədər olan müddətdə İtaliyaya 8 dəfə səfər etmişdir.
İlk səfər 2005-ci il fevralın 24-dən 26-dək olmuşdur. İtaliya Prezidenti Adzelyo Çampinin dəvəti əsasında olmuş həmin səfərdə prezidentlər təkbətək müzakirələr aparmışlar. İlham Əliyev həm də Azərbaycan – İtaliya biznes forumunda çıxış etmişdir.
İkinci səfər 2008-ci ilin 25-26 noyabr tarixində olmuşdur. Bu səfərdə Prezident İlham Əliyev o zaman İtaliya Nazirlər Şurasının sədri olan Silvio Berluskoni və İtaliya parlamenti Deputatlar Palatasının sədri Canfranko Fini ilə müzakirələr aparmışdır.
Üçüncü səfər 2011-ci il 1-3 iyun tarixində gerçəkləşmişdir. Səfər İtaliya Prezidenti Corco Napolitanonun dəvəti ilə baş tutmuşdur. İlham Əliyev İtaliyanın birləşməsinin 150 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmişdir.
Dördüncü səfər 13-15 aprel 2014-cü ildə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidentinin və İtaliya Respublikasının Prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Beşinci səfər 8-10 iyul 2015-ci ildə reallaşmışdır. Azərbaycan Prezidenti “Milan Expo 2015” Ümumdünya Sərgisindəki “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimində iştirak etmişdir.
Altıncı səfər 2020-ci ilin 19-22 fevralında həyata keçmişdir. İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək müzakirələr aparmış və sonra geniş tərkibdə görüş olmuşdur.
Yeddinci səfər 2022-ci il 31 avqust - 2 sentyabr tarixində olmuşdur. Prezident İlham Əliyev həmkarı Sercio Mattarellanın dəvəti ilə Romaya getmişdir.
Nəhayət, 2024-cü il 4-5 sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev İtaliya prezidenti S.Mattarellanın dəvəti ilə Romaya işgüzar səfər etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya olan səfərlərinin qısa xronikası Bakının xarici siyasətinin mahiyyəti baxımından əhəmiyyətli məqamları əhatə edir. Burada ilk olaraq 2005-ci ildən bu yana İlham Əliyevin həmişə Azərbaycan–İtaliya münasibətlərini həmin dövlətin başçısı ilə təkbətək müzakirə etməsi diqqəti çəkir. Şübhəsiz, bu müzakirələrdə iki ölkə arasında əlaqələrin inkişafının mahiyyəti, məzmunu və strateji məqsədi müzakirə edilmişdir.
Digər məqam Prezidentin səfərlərində iqtisadi, ticari, biznes sferalarının əsas yerlərdən birini tutması ilə əlaqəlidir. Həm də bu istiqamətdə müzakirələrin əhatə dairəsi hiss olunacaq dərəcədə genişdir.
Üçüncü əhəmiyyətli məqam Prezident İlham Əliyevin İtaliyaya səfərlərində Azərbaycan – Ermənistan münaqişəsinin həllində beynəlxalq aləmin iştirakının vacibliyini vurğulaması və bu kontekstdə qlobal geosiyasi dinamika ilə Cənubi Qafqazdakı geosiyasi ziddiyyətlərin müqayisə edilməsi ilə bağlıdır. Bu məqam 2020-ci ildəki səfərdə özünü daha qabarıq göstərmişdir.
2022-ci il və 2024-cü ildəki səfərlərdə isə artıq müzakirələr Azərbaycanın Vətən müharibəsindəki Qələbədən sonra yaranmış regional geosiyasi mənzərə və onun qlobal miqyasa təsiri əsas müzakirə mövzusu olmuşdur. Burada həm də Prezident İlham Əliyevin “The European House – Ambrosetti” beyin mərkəzinin “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzulu beynəlxalq Çernobbio forumunda iştirakı diqqəti çəkmişdir. Azərbaycan Prezidentinin 2024-cü ildə İtaliyaya səfəri zamanı da Çernobbio forumunda (“Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuşdu) çıxışı zamanı irəli sürdüyü tezislər böyük maraq doğurmuşdur. Nəzərə almaq lazımdır ki, son səfər zamanı İlham Əliyevin çıxışı çox aktual olan mövzuda idi: “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu.”
Bütün bunların fonunda Azərbaycan Prezidentinin İtaliyaya səfərlərinə regional və regionlararası əlaqələr prizmasında nəzər salmaq lazım gəlir. Çünki həmin kontekstdə İlham Əliyevin son İtaliya səfərinin siyasi və geosiyasi əhəmiyyəti aydın görünəcəkdir.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru