Xankəndi mövzusu İrəvanda siyasi alver piştaxtasına çevrilib

post-img

Ermənistanda revanşist kəsimi təmsil edən bir sıra şəxslər və qurumlar Qarabağda yaşamış ermənilərin geri qayıt­ması məsələsi ətrafında spekulyasiya (hər hansı şəraitdən, kiminsə çətinliklərindən şəxsi məqsədlər və planların həyata keçiril­məsi naminə istifadə edilməsi–S.H.) ilə məşğul olmaqdan əl çəkmir­lər. Məsələnin spekulyasiya predmeti olması bu barədə danışanların ritorikasından aydın hiss olunur. Dedikləri cümlələrdən, danışıq tərzindən, üslübdan dərhal nəzərə çarpır ki, onları ermənilərin Qa­rabağa qayıdıb-qayıtmaması maraqlandırmır. Məsələnin həlli deyil, onun dalana dirənməsi onların maraqlarına daha çox uyğun gəlir.

Belələrindən biri də erməni xalqında azərbaycanlılara qarşı nifrətin formalaş­masına müstəsna “töhfə verən” Erməni inqilabi federasiyası – “Daşnaksütyun” partiyasıdır. Bugünlərdə qondarma “dqr” rejiminin yaranmasının 33-cü “ildönümü”­nü Ermənistan paytaxtında bəh-bəhlə qeyd edənlərin başında gələn partiyanın ictima­iyyətlə əlaqələr ofisinin məsul əməkdaşı Kristine Vardanyan “Artsax” məsələsinin onlar üçün bağlı olmadığını bildirib. “Qa­yıdış” adlı tədbirdən bəhs edən Vardanyan deyib ki, ilk və ən vacib addım “Artsax xalqı”nın öz müqəddəratını təyinetmə (?) haqqında yenidən danışa bilməsi üçün geri qayıtması olmalıdır: “Biz uzun illər öz müqəddəratımızı təyin etmək üçün müba­rizə aparan qüvvə idik, minlərlə qurbanı­mız oldu. İndi isə bölgənin ermənilərsiz qaldığı şəraitdə geri qayıtmaq hüququn­dan danışırıq. Biz çox pis vəziyyətdəyik, ona görə də ilk rasional addım ermənilərin necə geri qayıdıb yenidən orada yaşaya biləcəyini düşünmək olmalıdır. Bundan sonra öz müqəddəratını təyinetmə və digər hüquqlardan danışmalıyıq”.

Onun fikrincə, ilk addım bir konsep­siya hazırlamaq olmalıdır. Çünki söhbət fərdi deyil, tamhüquqlu qayıdışdan gedir: “Söhbət beynəlxalq zəmanətlərdən və Art­saxın bu konkret bənd üzrə danışıqların gündəliyinə qaytarılmasından gedir. Biz deyirik ki, bu mövzunun danışıqların gün­dəliyinə salınması üçün bütün ilkin şərtlər var. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bu barədə danışır və bu, bizim sipərimizdir”.

K.Vardanyan siyasətçi olsa da, görü­nür, bölgədə formalaşmış yeni siyasi re­allıqlardan xəbərsizdir. Ya da girişdə qeyd etdiyimiz kimi, məsələnin həllini deyil, ucuz populist şüarlarla siyasi xal qazanma­ğı qarşıya məqsəd qoyub. Belə olmasaydı, o, əlləri azərbaycanlı qanına batmamış “artsaxlı” soydaşlarını Azərbaycan dövlə­tinin açıqladığı reinteqrasiya planına əməl etməyə, ölkəmizin vətəndaşlığını qəbul etmək şərtilə bölgəyə köçməyə çağırardı. Həm Vardanyan, həm də onun kimi dü­şünənlər anlamalıdırlar ki, reinteqrasiya Azərbaycanın ərazi bütövlüyü və suveren­liyi çərçivəsində ölkəmizin Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasın­da həyata keçirilə bilər.

“Artsax” məsələsinin onlar üçün bağlı olmadığına dair fikirlərə gəldikdə isə qeyd etmək lazımdır ki, bu, onların subyektiv yanaşmasıdır. Onlar hansının özləri üçün bağlı, hansının açıq olmasına özləri qərar verərlər. Bizim üçün isə Qarabağ məsələsi birdəfəlik həllini tapıb. Azərbaycan ərazi­sində 35 il mövcud olmuş etnik separatizm ocağı 2023-cü ildə birdəfəlik söndürü­lüb. İndi həmin ocağın külü ilə oynamaq istəyənlər varsa, buyursunlar. Amma bu məsələdən istifadə edərək Azərbaycana hansısa təzyiqlərin göstərilməsinə çalış­maq, bizi hansısa sanksiyalarla hədələmək mənasız işdir. Onsuz da heç nə alınmaya­caq. Çünki beynəlxalq aləm illər uzunu, eləcə də 2023-cü ildə baş verən prosesləri diqqətlə müşahidə edib. Onlar özləri yaxşı bilirlər ki, Qarabağda hayların iddia etdik­ləri kimi hansısa etnik təmizləmə olmayıb. Bununla bağlı BMT-dəki müzakirələr za­manı Ermənistan bir fakt belə təqdim edə bilməmişdi. Ona görə də yaxşı olardı ki, erməni siyasətçi soydaşlarına Qarabağda Azərbaycan vətəndaşlığını alaraq, Konsti­tusiya və qanunlarımıza əməl edərək yaşa­mağı öyrətsin.

Onun “Artsax xalqı” məfhumundan is­tifadə etməsi isə ötən yazılarımızın birində qeyd etdiyimiz kimi, növbəti qaragüruh­luluq və necə deyərlər, gözə kül üfürmək cəhdidir. Heç kəs üçün sirr deyil ki, “Art­sax xalqı” deyilən bir xalq yoxdur və ola da bilməz. Qarabağda yaşamış ermənilərlə Ermənistanda yaşayan ermənilər arasında elə bir fərq yoxdur. Qondarma “Artsax xalqı” məfhumunu 1980-ci illərin sonla­rında özlərini erməni xalqının başbilənləri hesab edənlər ortaya atmışdılar. Onlar bü­tün dünyanı belə bir xalqın mövcud oldu­ğuna inandırmaq istəyirdilər. Məqsəd də bundan ibarət idi ki, Qarabağ erməniləri­nin “öz müqəddəratlarını təyin etmələrinə” nail olsunlar. Yəni, bu sözün ortalığa atıl­masında məqsəd separatçı əməllərə haqq qazandırmaq idi. Amma müdrik atalarımız yaxşı deyiblər: Yalan ayaq tutar, amma ye­riməz. Ermənilərin “Artsax xalqı” yalanına da nəinki başqaları, heç onların özləri və xarici havadarları da inanmadılar.

Zənnimizcə, bir neçə gün öncə, daha doğrusu, avqustun 28-də Rusiya Xari­ci İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi brifinqdə erməni jurnalistin təxribatçı sualına cavab olaraq səsləndirdiyi fikirlər K.Vardanyana da ibrət olmalıdır. Qeyd edək ki, erməni jurnalist M.Zaxarovaya “Azərbaycanın Qarabağ ermənilərinə qarşı apardığı etnik təmizləmə” və ermənilərin “Artsax”a qa­yıtması ilə bağlı sual vermişdi.

Xanım Zaxaroav buna cavab olaraq demişdi: “Etnik təmizləməyə gəlincə, səhv etmirəmsə, siz və mən artıq Ermənistan­da hörmətli sayılan beynəlxalq təşkilatla­rın nümayəndələrinin bu məsələ ilə bağlı hansısa nəticəyə gəlib-gəlmədiyi barədə danışmışdıq. Hətta altı ay əvvəl biz bunu sizinlə müzakirə edəndə belə, siz mənə etnik təmizləmə ilə bağlı beynəlxalq təşki­latların və ya beynəlxalq təşkilatda çalışan ekspertlərin qələmindən çıxan bir qərar və ya bir qiymətləndirmə verə bilmədiniz. Əgər sizdə varsa, zəhmət olmasa mənim­lə paylaşın və ya bəzi müvafiq təxminləri təqdim edin”.

Rusiya XİN-in nümayəndəsi “Rəsmi Moskva ermənilərin Qarabağa qayıtması­nı necə görür?” sualını da cavablandırıb: “Rusiyanın erməni əhalinin Qarabağa qa­yıtması məsələsinin həllini necə görmə­sinə dair sualınıza gəlincə, mən də əks sual vermək istərdim – Ermənistanın baş naziri Nikol Paşinyan bunu necə görür? Bunun üçün ətraflı proqram varmı? Məsələn, mən Azərbaycan tərəfinin erməni əhalinin Qarabağa qayıtması ilə bağlı planını gör­müşəm. Belə bir planı Azərbaycan tərəfi təqdim edib. Əgər Ermənistanın baş nazi­ri tərəfindən hansısa proqram hazırlansa, mən də ona baxmağa şad olar və sonra şərh verərdim”.

Mövzu üzrə fikirlərini “XQ” ilə bö­lüşən “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, politoloq İlqar Vəli­zadə deyir ki, revanşistlərin səsləndirdik­ləri fikirlər cəfəngiyyatdır və heç bir əsası yoxdur. Onun sözlərinə görə, burada qərar verən tərəf Azərbaycandır. Başqa heç bir qüvvə bizə təzyiq göstərə, hansısa məsələ ilə bağlı öz mövqeyini diktə edə bilməz: “Bu baxımdan kimsə, haradasa, nəsə de­yirsə, onun heç bir siyasi və hüquqi əsası yoxdur. Onlar bu mövzuda açıq-aşkar spe­kulyasiya edirlər”.

Azərbaycanın mövqeyinə gəldikdə isə İ.Vəlizadə qeyd etdi ki, bu mövqe ermənilə­rin Qarabağdan hələ köçmədikləri vaxtda dəfələrlə bəyan edilmişdi: “Şərtlər bəllidir və hələ xeyli müddət bundan öncə açıqla­nıb. Bu da ondan ibarətdir ki, ermənilər Qa­rabağa Azərbaycan vətəndaşı kimi qayıda bilərlər. Ermənistanda kimsə Qarabağa qa­yıtmaqla bağlı məsələ qaldırırsa, bu, yalnız həmin şəxslərin ölkəmizin vətəndaşlığını qəbul etdikləri halda ola bilər. Şərtlər, daha doğrusu, Qarabağ iqtisadi rayonunun ermə­ni əhalisinin reinteqrasiyası üzrə dövlət pla­nı ilk dəfə 2023-cü il sentyabrın 21-də, yəni lokal xarakterli antiterror tədbirləri başa çat­dıqdan sonra Yevlaxda aparılan danışıqlar zamanı təqdim edilib. Plan oktyabrın 2-də ictimaiyyətə açıqlanıb”.

Politoloq bildirdi ki, digər tərəfdən bu proses birtərəfli olmamalı, qərbi azərbay­canlıların da öz yurd-yuvalarına qayıtma­ları üçün şərait yaradılmalıdır. Əgər etnik təmizləmədən söhbət gedirsə, etnik təmiz­ləmə məhz azərbaycanlılara qarşı olub. Soydaşlarımız həm 1988-ci ildən indiki Ermənistan ərazisindəki tarixi yurd yer­lərində, həm də Qarabağda müharibənin getdiyi illərdə etnik təmizləməyə məruz qalıblar. Təəssüf ki, nə beynəlxalq təşkilat­lar, nə də ermənilər özləri bunu etiraf edir­lər. Buna görə də əgər Ermənistan, hansısa beynəlxalq qurumlar və ya siyasi dairələr məsələnin paritet əsaslarla həllinə nail ol­maq istəyirlərsə, onlar nəzərə almalıdırlar ki, azərbaycanlılar da öz yurd-yuvalarına qayıtmalıdırlar”.

Müsahibimiz onu da qeyd etdi ki, bu­rada bir məqamı da nəzərə almaq lazımdır. Məsələ ondadır ki, Qarabağda yaşamış er­mənilər üçün şərtlər açıqlanıb və onlar bu şərtlərə əməl etməklə geri qayıda bilərlər. Azərbaycanlılar üçün isə heç bir şərait yaradılmır. Soydaşlarımızın qayıdışı üçün rəsmi İrəvan heç bir plan tərtib etməyib. Nə siyasi və hüquqi şərtlər, nə də təhlükə­sizlik təminatı mövcuddur. Yəni, məsələ­nin paritet şəkildə həll olunması üçün əsas­lar yoxdur.

Yeri gəlmişkən, vaxtilə Qarabağda ya­şamış ermənilər Azərbaycan vətəndaşlığı­nı qəbul edərək bölgəyə qayıtmaqla bağlı mövqelərini ortaya qoymurlar. Qərbi Azər­baycanda yaşayan azərbaycanlılar isə Er­mənistan vətəndaşlığını qəbul edərək tarixi torpaqlarında yaşamağa hazır olduqlarını bildirirlər. Hər halda Qərbi Azərbaycan İcmasının açıqlaması bundan xəbər verir. Göründüyü kimi, haqq-ədalət hər zaman olduğu kimi bu dəfə bizim tərəfimizdədir. Bizim hər bir işimiz açıq və şəffafdır. Heç kəslə sövdələşməyə, yaxud pərdəarxası da­nışıqlara getmədən öz fikirlərimizi ortaya qoyuruq. Əgər Azərbaycanın şərtləri qəbul olunmasa, ermənilərin Qarabağa qayıtması ilə bağlı proses baş tuta bilməz.

Səxavət HƏMİD
XQ



Siyasət