İsveç telekanalında Ağdama həsr olunmuş film nümayiş etdirilib

post-img

İsveçin UR (“Utbildningsradion”) telekanalı ABŞ və Böyük Britaniyanın birgə istehsalı olan “Tərk edilmiş binalar” adlı sənədli filmlər seriyasını yayımlayır.

Filmin 8-ci mövsümünün “Dron müharibəsi” adlı ikinci bölümü ermənilər tərəfindən dağıdılmış və yeganə tikilinin qaldığı Azərbaycanın Ağdam şəhərinə həsr olunub.

Film bir vaxtlar regionun müasir və mütərəqqi mədəniyyət mərkəzi olan, sonradan “barıt çəlləyinə” çevrilərək tez bir zamanda kabus şəhərə bənzəyən Ağdam haqqındadır. Serialın bu bölümündə kimya mühəndisi Ceyqa Vays, müəllif və tarixçi Dominik Selvud, jurnalist Cim Meyds 1870-ci ildə tikilən, bir neçə silahlı münaqişədən zərər çəkməmiş çıxan və erməni əsgərləri tərəfindən artilleriya atəşini istiqamətləndirmək üçün gözətçi qülləsi kimi istifadə edilən məscidin hekayəsindən bəhs edirlər.

C.Vays deyir: “Bu, fəlakət filmindəki səhnəyə bənzəyən qorxunc bir mənzərədir”.

Selvud və Meyds evlərini tərk etmək məcburiyyətində qalan, bir çoxunun isə sağ qalmadığı ağdamlıların inanılmaz qanlı hekayəsini nəql edirlər.

Filmdə 44 günlük müharibədən sonra işğaldan azad edilmiş Ağdama ilk gələnlərdən biri olan və maşınına mərmi atılandan sonra möcüzə nəticəsində sağ qalan hərbi müxbir Emin İbrahimov 1992-ci ildə atəşə tutulan və yalnız üç divarı qalan Çörək muzeyindən bəhs edir.

Serialın sonunda 2021-ci ilin mayında Baş planı təsdiqlənən, 100 min sakinin yaşayacağı və Azərbaycan futbol liqasında çıxış edən “Ağdam” komandasının oynayacağı şəhərin dirçəldilməsi barədə danışılır.

Siyasət