Qərbi Azərbaycanda soydaşlarımız çoxluq təşkil edirdilər

post-img

I YAZI

Ermənistan Respublikası müstəqil­liyini 1918-ci ildə elan edənə qədər bu ölkədə əhalinin əksər hissəsinin ermənilərdən ibarət olmadığı tarixi reallıqdır. Bu gün isə bura yalnız ermənilərin yaşadığı monoetnik bir dövlətə çevrilmişdir. Min illər boyu bu torpaqlarda yaşayan türk-müsəlman əhali zaman-zaman təzyiqlərə məruz qalaraq doğma vətənlərini tərk etmək məcburiyyətində qalmışdır. 

Bütün bunlar niyə baş vermişdir? Niyə İrəvan xanlığına aid olan bu ərazilər tərk edilmişdir? Bu torpaqlara qayıtmaq üçün nə etməliyik? 

Əvvəlcə hayların indi adına “Ermənis­tan” deyilən dövlətə köçürülmə və yerləş­dirilmə dönəmlərinə baxaq. 1590 və 1728-ci illərə aid Osmanlı qeydlərindən məlum olur ki, Revan əyalətində (Bu gün Ermə­nistan adlandırılan ölkə – Q.M) türk əhalisi çoxluq təşkil edibdir. 

Rusiyanın hazırladığı kameral dəftər­lərdən bəlli olur ki, indiki Ermənistan ərazisində Azərbaycan türkləri çoxluqda olublar. Bölgənin yer adlarına (toponim) baxıldıqda belə, məskunlaşma vahidləri­nin çoxunun türkcə olduğu bəlli olur. Bu vəziyyət bütün Ermənistanda eynidir. Eyni durum İqdır (Türkiyə) və ətrafı (Sürməli qəzası) üçün də səciyyəvidir. 

Osmanlılar, adətən hər hansı bir bölgə­ni fəth etdiklərində, o bölgədəki ərazi və vergi verəcək əhalini qeydə alardılar. Re­van və ətrafı da ələ keçirildikdə də dərhal ərazi və vergi verəcək əhali siyahıya alın­mışdır. Yeri gəlmişkən, türklərin tərtib et­dikləri vergialma qeydlərində yanlışlıqlar çox azdır. Çünki Osmanlı dövləti, müsəl­man və qeyri-müsəlmanlardan fərqli ver­gilər alırdı, alınan vergilər eyni dinə mən­sub olub-olmamaqla əlaqəli olduğundan, ermənilərin, təbii ki, islam inancında ol­mamasından, onlarda cizyə adı ilə bilinən vergi ayrıca alınırdı. Osmanlı tahrir (ka­meral) dəftərlərindəki qeydlərin gerçəyə çox yaxın olduğunu bir daha vurğulamaq istərdik. 

Bölgədəki yer adlarının türk mənşəli olması həqiqətini erməni tarixçisi Zaven Gorgodyanın 1932-ci ildə İrəvanda ermə­ni dilində nəşr edilən “1831-1931-ci illər arasında Sovet Ermənistanın əhalisi” adlı kitabında Ermənistanda qeydiyyatdan keç­miş 2310 yaşayış yerindən 2 mininin adı­nın türk mənşəli olduğu yazılmışdır.

XIX əsrdən etibarən ruslar Qafqaza doğru işğal hərəkətinə başlamışlar. 1826-cı ildə Şimali Azərbaycanda ortaya çıxan xırda bir qiyamı bəhanə edərək, ruslar İranla müharibəyə başlamışlar. İrəvan xan­lığı da İrana coğrafi cəhətdən yaxın olma­sı səbəbindən bu savaşda tərəf olmuşdur. Türkmənçay müqaviləsi ilə 1828-ci ildə İrəvan (Rəvan) xanlığı Rusiyaya keçmiş­dir. Buraya məqsədli şəkildə ermənilər köçürülməyə başlamışlar. Rusiya bu tor­paqları əbədi rus əraziləri etmək üçün er­məni amilindən istifadə etmək istəyirdi. Eyni dövrdə Qərb dövlətləri də Osmanlı imperatorluğunu zəif salmaq, onu parçala­maq məqsədi ilə məkrli planlar qururdular. Bu dövlətin içərisində yaşayan xristianlar, xüsusilə ermənilər hər zaman istifadə üçün əldə bir vasitə olmuşdur. 

Rusiya da bu vasitədən kifayət qədər faydalanmışdır. Rusiya Cənubi Qafqaz­da işğal etdiyi torpaqları əbədi Rusiya ərazisinə çevirmək üçün bura ermənilərin kütləvi köçürülməsi siyasətini həyata ke­çirməyə başlamışdı. Rusiyadan malakan­ların, Osmanlı və İrandan isə ermənilərin Qafqaza köçürülməsində məqsəd burada xristian əhalinin sayının artmasına nail ol­maq idi. 

Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermə­nilərin İran və Türkiyədən Rusiyanın iş­ğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə sayıla bilməz. Bu, erməni-rus mü­nasibətlərinin nəticəsi idi ki, bu əlaqələrin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri təşkil edə bilməzdi. Bu niyyətin arxasında Şərqin müsəlman dövlətlərinə, xüsusilə Osmanlıya, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik gizlə­nirdi.

Ermənilərin, ümumiyyətlə, Cənubi Qafqaza köçürülüb gətirilməsi və əsasən türklərin məhsuldar torpaqlarında yerləş­dirilməsi son iki əsr içində olmuşdur. Bu tarixlərə qədər adıçəkilən bölgələrdə ermə­ni əhalisi say etibarı ilə çox az idi, onla­rın sayı 10 faizi belə keçmirdi. Rus çarı I Pyotrun fərmanı ilə 1724-cü ilin noyabrın­dan ermənilərin Azərbaycanın Xəzər dəni­zi sahillərinə, xüsusilə Dərbənd və Bakı, həmçinin Gilyan, Mazandaran və Goran ərazilərinə köçürülməsi təşkil olunmuşdu. Bu sənədə görə ermənilər Rusiya imperi­yasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində “beşinci qüvvə” ro­lunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əha­lisini hansı yollarla olursa-olsun, yaşadığı yerlərdən tərk etdirmək əmri almışdılar. 

Lakin Rusiyanın sonrakı dövrdə Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddət dondurdu. Amma Türkmənçay müqaviləsinin nəticəsi olaraq 90 min erməni Azərbaycanın müxtəlif böl­gələrində məskunlaşdırıldı. 

1829-cu ilin Ədirnə sülhünün nəticələ­rinə görə isə, Osmanlı imperiyası ərazilə­rində yaşayan 40 min erməni də Azərbay­canda yerləşdirildi. Onlar Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının torpaqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı, Rusiyanın İrandakı səfiri Qriboyedov er­mənilərin Cənubi Qafqaza köçürülməsində fəal iştirak etmişdir. 

Qriboyedov yazırdı: “Erməni xalqı əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər...Onlar ya­vaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz müsəlman əhalisini düşdükləri çətin vəziy­yətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sür­məyəcək və ermənilər müvəqqəti olaraq onlara yaşamağa icazə verilən yerlərdə da­vamlı olaraq qalmayacaqlar”.

Rusiya imperatorluğunun idarəçiləri Cənubi Qafqazda icra etdikləri müstəm­ləkə siyasətində ermənilərə çox güvənir­dilər. Eyni inam Türkiyədə yaşayan ermə­nilərə Qərb dövlətləri tərəfindən aşılanırdı. Osmanlı dövlətinin parçalanmasında və zəiflədilməsində ermənilər ən cəlbedici ünsür sayılırdılar. 1828 və 1920-ci illər arasında Şimali Azərbaycana 560 min erməninin köçürülməsi həyata keçirildi. Beləcə Qafqazın ruslar tərəfindən işğa­lı nəticəsində Azərbaycan torpaqlarında - Araz çayının şimalında erməni əhalisi sürətlə artmağa başladı. 

Qatı erməni irqçisi Z.Balayan bu məsələ ilə bağlı özü etiraf etmişdir: “Onun (Yerevanın) əhalisi başqa yerlərdən gəl­mələrdir. Əslində gerçək yerevanlı yox­dur”. Erməni akademik A. İ. İonisyan ya­zır ki, “İrəvan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilər idilər, azərbaycan­lılar burada mütləq üstünlük təşkil edir­dilər”. 

Rus çarı I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanına görə Azərbaycanın Nax­çıvan və İrəvan xanlığı ləğv olunmuş, on­ların yerində rus hakimləri tərəfindən idarə olunan “Erməni vilayəti” deyilən yeni inzi­bati qurum yaradılmışdır. 1849-cu ildə bu mahal-vilayətin adı dəyişdirilərək “Erivan quberniyası” adlandırılmışdır. 

Ermənilər 1836-cı ildə rusların kömə­yi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarx Kilsəsinin ləğv edilməsinə və mülklərinin erməni kilsəsinə verilməsinə nail olmuşdular. Çünki alban əhalisinin müqavimət edəcək bir qurumu və təsirli təşkilatı olmamışdır. Albanla­ra məxsus hər şeyin ermənilər tərəfindən mənimsənilməsi və özününküləşdirilməsi sonrakı tarixlərdə də davam etmişdir. 

Qafar MEHDİYEV,
XQ-nin Türkiyə üzrə müxbiri

Siyasət