Vətən müharibəsinin fəlsəfəsi

post-img

VII MƏQALƏ

Hamımızın bir Vətəni var. Bu, Azərbaycandır!

Heydər ƏLİYEV,
Ümummilli lider

Oğuzdan gələn bir ənənə

Şəhidliyin və qaziliyin fəlsəfəsinin qısa təhlili onu göstərir ki, azərbaycanlıların hə­yat motivasiyasının mərkəzində ideya da­yanır. Azərbaycanlılar qədimdən mənəviy­yat, əxlaq, ruh insanlarıdır. Onların yaşam tərzinin təməlində mütləq ideya olmalıdır. Bu, Oğuzdan gələn bir ənənədir – türklə­rin mövcudolma özəlliyidir. Missiyası İla­hi düzəni Yer üzündə bərqərar etməkdən ibarət olan bir qövm üçün başqa cür ola da bilməz. Tarix sübut edir ki, bu coğrafiyada yeni ideyalar, məfkurələr məhz Azərbay­canda meydana gəlir. Şübhəsiz, azərbay­cançılıq ideya, ideologiya və məfkurə kimi o sırada ayrıca yer tutur. 

II Qarabağ savaşının Vətən müharibə­si kimi fəlsəfi təhlilində azərbaycançılığın yeri və rolu ayrıcadır. Bütövlükdə, azər­baycançılığın ideologiya və məfkurə kimi araşdırılması müxtəlif alimlərimiz tərəfin­dən aparılmışdır və bu proses davam edir. Burada məsələ konkret olaraq Vətəni qo­rumaq uğrunda aparılan savaşın Vətən mü­haribəsi kimi xarakteristikasının fəlsəfəsi diqqət mərkəzindədir. Bu, fəlsəfə üçün prinsipial məsələdir. Çünki azərbaycançı­lığın Vətən savaşında rolunu dərk etmək strateji məsələdir. Hətta deyə bilərik ki, azərbaycançılıq II Qarabağ savaşının qələ­bə ilə sonuclanmasında başlıca ideya-məf­kurəvi faktor rolunu oynamışdır. Azərbay­cançılığın Heydər Əliyev tərəfindən əsaslı elmi-siyasi-nəzəri sistem halına salınmış məzmununda yer alan bir sıra xüsusiyyət­ləri bu qənaətin doğruluğunu sübut edir. 

Azərbaycançılıq fəlsəfəsinin aktuallığı

AMEA-nın yeni tarixi mərhələdə pri­oritet kimi müəyyən etdiyi 7 istiqamətdən birincisi aşağıdakı kimidir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində ifadə olun­muş azərbaycançılıq ideyasının elmi-nəzə­ri və tarixi-fəlsəfi əsaslarının işlənib hazır­lanması və bütün istiqamətlər üzrə həyata keçirilməsi ölkə elminin, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında duran əsas vəzifələrdəndir. AMEA-nı ölkəmizin əsas azərbaycanşünaslıq mərkəzinə çevir­mək bizim əsas vəzifəmizdir”.

Azərbaycançılıq ideyasının elmi-nəzə­ri və tarixi-fəlsəfi əsaslarının işlənməsi keçmişi düzgün dərk etməkdə, indini adek­vat anlamaqda və gələcəyi düzgün proq­nozlaşdırmaqda dövlətçilik baxımından prinsipial rol oynayır. Bu prosesdə XXI əs­rdə Azərbaycan dövləti və xalqının yadda­şında müstəsna yeri qalacaq Vətən mühari­bəsinin fəlsəfi obrazının formalaşmasında azəraycançılıq aparıcı rol oynamalıdır. 

Azərbaycançılığın dörd ideya özəlliyi

Azərbaycançılıq haqqında çox dəyərli araşdırmaların hər birinə böyük sayğı ilə Vətən müharibəsi kontekstində 4 ideya əlamətini vurğulamaq istərdik. Birincisi, “Azərbaycançılıq ümumtürk mənşəli mil­li məfkurədir”. İkincisi, “Azərbaycançılıq Azərbaycanın ərazi bütövlüyünün, vahid Vətən, vətəndaş həmrəyliyi və milli bir­lik ideyalarının təcəssümü, ümumiləşmiş ifadəsidir”. Üçüncüsü, “Milli iftixar və vətənpərvərlik azərbaycançılıq məfkurəsi­nin əsas ideya mənbəyidir”. Dördüncüsü, “Azərbaycançılıq bəşəri dəyərləri özündə əks etdirən ümummilli məfkurədir” (İsa Həbibbəyli, 2015).

Mövzu ilə bağlı öncəki məqalələrdə yer almış fəlsəfi təhlil süjetini davam et­dirsək, görərik ki, fəlsəfi xarakterli bu ide­ya vahidləri Vətən müharibəsi anlamında birləşirlər. Bu, toplumu Vətən anlayışına stimullaşdıran baxışlar sistemini (milli məfkurə), həmin ideyanı konkret məqsədə fokuslandıran ideya mexanizmini (ərazi bütövlüyü, vahid Vətən, vətəndaş həm­rəyliyini və milli birlik), daxili fədakarlı­ğı motivə edən duyğuları (Milli iftixar və vətənpərvərlik) və hər zaman bəşəri dəyər­lər və beynəlxalq hüququn əhəmiyyətinin diqqətə alınmasını (bəşəri dəyərlər) özün­də ehtiva edir. Vətən müharibəsi konteks­tində bu ideya vahidlərinin hər birinin fəl­səfi anlamı üzərində qısa dayanaq. Ancaq öncə azərbaycançılığın fəlsəfi dərki üçün aktual hesab etdiyimiz iki aspekt üzərində ötəri dayanmaq istərdik.

Azərbaycançılıq mənəvi, əxlaqi və ideya faktoru kimi

Azərbaycançılıq azərbaycanlılığın ümumi ifadəsi kimi ideyadır. Onun mənə­vi, əxlaqi və mədəni mənasını Ulu öndər aşağıdakı kimi ifadə etmişdir – Azərbaycan dilinə, dinimizə, adət-ənənəmizə, ümumi­likdə mədəniyyətimizə sadiqlik! Dil və din mədəniyyət anlamı çətiri altında hər bir xalqın kimliyinin nüvəsini təşkil edir. 

Deməli, Heydər Əliyev mənasında azərbaycanlılıq insanın dilinə, dininə, adət-ənənəsinə və bütövlükdə, mədəniyyə­tinə sadiqliyini, onu üstün saymasını ifadə etməkdədir. Bu mənada azərbaycanlılıq etnik mənsubluğu deyil, kollektiv varlığın fəlsəfəsinin ideya əsasını təşkil edir. 

Azərbaycanlılıq bu səbəbdən daim fəxarət qaynağı olmalıdır! Azərbaycanlı milli mənsubiyyətini öyməlidir, onu qü­rur mənbəyi kimi hiss etməlidir. Çünki bu, onun toplum kimi mövcudolma formasıdır, sosial-mədəni kimliyidir! 

Buradan digər əhəmiyyətli fəlsəfi qə­naət alınır: azərbaycançılıq və azərbay­canlılıq vahid Azərbaycan mədəniyyətini qəbul etməkdən, onu duymaqdan və onun semantik məna sahəsində mövcud olması­na tam əminlikdən başlayır! 

Bu yanaşma azərbaycançılığı “türk–qeyri-türk” dixotomiyasının məna sahə­sinin fövqünə yüksəldir. Türk kimliyinə heç şübhə yoxdur. Azərbaycan cəmiyyəti etnik mənsubluq məsələsini çoxdan dərk edib, yeni sosial-siyasi və mədəni səviy­yədə “toplum” və “Millət” anlayışlarının dərkinə istiqamətlənmiş kollektiv dinamik varlıqdır. Bu, hər bir Böyük millət üçün xas olan xüsusiyyətdir. 

Bununla Vətən uğrunda savaşın fəlsəfi əhəmiyyəti baxımından çox vacib saydığı­mız bir məqama çatırıq. Bəzi dövlətlərin tarixi təcrübəsi göstərir ki, (məsələn, ABŞ, Türkiyə, Rusiya, Çin...) kritik dövrlərdə ta­rixi xarakterli etnomədəni faktorların gər­ginləşdiyi mərhələlərdə cəmiyyətdə vahid siyasi, iqtisadi, əxlaqi, mədəni mənsubluq haqqında təsəvvürlər ön plana çıxır. Bu qatda birlik güclü olanda toplum savaşı qa­lib və daha sıx birləşmiş vəziyyətdə bitirir. II Qarabağ savaşı sübut etdi ki, Azərbaycan cəmiyyətində siyasi, mədəni, əxlaqi, dini, iqtisadi və mənəvi birlik yüksək səviy­yədədir. Prezidentin bir səslənişi ilə mil­yonları ayağa qaldıran güc məhz bundan ibarət idi. Azərbaycanlı gənc, qoca, qadın tarixi birliyin siyasi, əxlaqi, dini və mənəvi dəyərlərinin daşıyıcıları kimi cəbhəyə can atdılar. Vətən müharibəsinin ideya əsasını bu keyfiyyət təşkil edir. Həmin prizmada azərbaycançılığın digər aspekti də böyük əhəmiyyət daşıyır. 

Azərbaycançılıq və vətəndaşlıq

Azərbaycançılıq Vətən müharibəsində vətəndaşlıq kontekstində də ciddi rol oy­nadı. Vətəndaşlıq azərbaycanlının hüquqi səviyyədə özünün bu dövlətə, topluma və mədəniyyətə mənsubluğunu dərk etməsi ilə sıx bağlıdır. Azərbaycanda yaşayan hər bir insan bu dəyəri qəbul edirsə, Vətən uğ­runda savaş onundur! 

Təsadüfi deyildir ki, Qarabağ uğrunda aparılan savaşlarda Azərbaycan vətəndaşı olan bütün etnik mənsublar (türklər, ləz­gilər, talışlar, tatlar, avarlar, yəhudilər, rus­lar, malakanlar və başqaları) bir ailə kimi döyüşdülər! Onlar bununla azərbaycançı­lığın Azərbaycan vətəndaşı olmanın ana xəttini təşkil etdiyini göstərdilər. 

Həm də bu monolitlik kənardan olan separatçılığı qızışdırmağa istiqamətlənmiş cəhdlərin fonunda baş verirdi. Azərbaycan vətəndaşını heç bir pozucu cəhd yolundan döndərə bilmədi. 

Azərbaycan cəmiyyətinin bu yüksək keyfiyyəti ictimai şüur üçün aktual olan bir məsələni ön plana çıxarır. Azərbay­canda müstəqillik mərhələsində insanların hüquqi şüuru dövlətçilik şüuru çərçivəsin­də inkişaf etmişdir. 

Şübhəsiz ki, bu prosesdə ulu öndər Heydər Əliyevin 1995-ci ildə qəbul et­diyi yeni Konstitusiya əsas rol oynamış­dır. Yeni Konstitusiyada Azərbaycan dili, azərbaycançılıq, multikulturalizm konk­ret maddələrdə yer almışdır. Azərbaycan vətəndaşları anlamışlar ki, Vətən burada yaşayan hər kəs üçün Vətəndir. Dövlət onun dövlətidir, mədəniyyət onundur. 

Bununla yanaşı, real həyatda konstitusion hüquqların aparıcı rol oynadı­ğının başlıca ifadəsi Azərbaycan Preziden­ti İlham Əliyevin dövlət başçısı seçiləndə bəyan etdiyi məşhur tezisdədir: “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam!”

İlham Əliyev real siyasi, idarəetmə, ideoloji və diplomatik fəaliyyətində də həmin prinsipə tam əməl etməkdədir. Bu baxımdan Azərbaycanın dövlət başçısı bü­tün cəmiyyətə nümunə göstərdi – Konsti­tusiyanın maddələrinə tam əməl etməklə.

Azərbaycanlılar real həyatlarında əmin oldular ki, Azərbaycan Respublikası dövlə­ti yalnız hüquqi və multikultural dəyərlərlə idarə olunur. Burada hər hansı ayrı-seçki­likdən söhbət gedə bilməz. Məhz bu reallı­ğı nəzərdə tutaraq, Azərbaycan Prezidenti əminliklə bəyan edir ki, “Azərbaycan üçün daxili risk yoxdur!”

Nəhayət, 1993-cü ilin ikinci yarısın­dan başlayaraq bu gün də davam edən bir aktual siyasi-hüquqi prosesi də nəzərə almaq lazımdır. Azərbaycan dövləti et­nik mənsubluğundan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının (bu anlamda azərbaycanlının) dünyanın hər yerində hüquqlarını qorumaqda mükəlləf olduğunu praktiki sferada sübut etmişdir. 

Həyatın çox müxtəlif sahələri üzrə bunu təsdiq edən çox sayda fakt vardır. Sa­dəcə, beynəlxalq idman yarışlarında Azər­baycanı təmsil edən insanların etnik kimli­yinə baxın! Əsl multikultural bir cəmiyyəti təmsil edən komandalar yaradılır. Və uğur qazanan hər bir idmançını ölkə başçısı eyni səmimiyyətlə təbrik edir, yüksək səviyyə­də mükafatlandırır. 

Bütün bunlar 1993-cü ilin ikinci yarı­sından bu yana sistemli, düşünülmüş və ar­dıcıl olaraq aparılan “konstitusion, hüquqi, vətəndaşlıq tərbiyəsi”nin bəhrələridir. Bu istiqamət cəmiyyətdə insanları bir-birinə və toplumu dövlət başçısına sıx yaxınlaş­dırdı, monolit bir reallıq yarandı. 

Bununla Vətən müharibəsində Qələ­bəni təmin edən güclü mənəvi, mədəni, əxlaqi, hüquqi, konstitusion, multikultural birlik sinerjisi meydana gəldi. Bu siner­jinin təməlində Azərbaycanda liderliyin, dövlətçiliyin, idarəetmənin ümumi menta­liteti durur. Vətən savaşında hər bir Azər­bayan əsgəri “Vətən biradır, başqa Vətən yoxdur!” anlayışı ilə mübarizə apardı! 

Bunlar onu təsdiq edir ki, azərbaycan­çılıq və Azərbaycan vətəndaşlığının qarşı­lıqlı əlaqəsi aspektində fəlsəfi araşdırmalar aparılmalıdır. 

İndi azərbaycançılığın yuxarıda vur­ğuladığımız dörd ideya vahidinin təhlilinə keçə bilərik. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət