30 Avqust Beynəlxalq İtkinlər Günü münasibətilə Qarabağ itkin ailələri İctimai Birliyinin bəyanatı

post-img

Biz, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş dörd minə yaxın azərbaycan­lının ailə üzvlərini birləşdirən ictimai təşkilat kimi itkin ailələri adından 30 avqust - Beynəlxalq İtkinlər Günün­də dünya ictimaiyyətinə müraciət edirik. 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində XX əsrin 90-cı illə­rində Azərbaycan ərazisinin 20 faizi iş­ğal edildi, şəhərləri, kəndləri vəhşicəsinə dağıdıldı, talan edildi, dinc insanlar qətlə yetirildi, əsir-girov götürüldü, itkin düşdü, soyqırımına və etnik təmizləməyə məruz qaldı, bir milyona yaxın Azərbaycan vətən­daşı qaçqın və məcburi köçkünə çevrildi. 

Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələb­lərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələ­rinin məlumat almaq haqqı birmənalı şəkil­də tanınır. Lakin dəfələrlə bəyan etdiyimiz kimi, biz 30 ildən çoxdur ki, bu hüquqdan məhrumuq. Azərbaycanın dəfələrlə atdığı xoşməramlı addımlara baxmayaraq, Ermə­nistan yenə də itkin düşmüş azərbaycanlı­lar barədə məlumatları təqdim etməkdən imtina edir və yaxud müxtəlif bəhanələrlə yayınır. 

Faktlar və şahid ifadələri təsdiq edir ki, birinci Qarabağ müharibəsində Ermənistan hərbçiləri tərəfindən Azərbaycan Respub­likasının suveren əraziləri işğal edilərkən beynəlxalq humanitar hüququn normaları kobud şəkildə pozulmuş, o cümlədən mül­ki əhali hədəfə alınmış və zorakı itkin düş­mə halları baş vermişdir.

O da məlumdur ki, birinci Qarabağ müharibəsi zamanı işğal edilmiş Azərbay­can əraziləri 30 ilə yaxın müddət ərzində Ermənistan ordusunun nəzarətində ol­muşdur. Bu səbəbdən itkin düşmüş bütün şəxslərə, o cümlədən onların dəfn yerlərinə dair ətraflı məlumatların Ermənistan tərə­fində olması şübhəsizdir. Bunu Azərbay­can ərazilərinin işğalında iştirak etmiş Er­mənistanın yüksək rütbəli zabitləri kütləvi informasiya vasitələrinə verdikləri müsa­hibələrdə dəfələrlə etiraf etmişlər.

Biz - itkin ailələri bu etirafların nəti­cəsini əməli addımlarda görmək istəyirik. Başqa sözlə, biz itkin düşmüş Azərbaycan vətəndaşlarının məzar yerləri barədə məlu­matların Azərbaycana təqdim edilməsini, Azərbaycan xalqına qarşı vəhşiliklər törət­miş şəxslərin mühakimə edilməsini Ermə­nistandan tələb edirik.

Eyni zamanda, biz Beynəlxalq İtkinlər Günü ilə bağlı dünyada itkin düşmüş bütün insanların xatirəsini hörmət və ehtiramla anır, tərəqqipərvər bəşəriyyəti insanların zorakı itkindüşmələrdən qorunması üçün zəruri addımlar atmağa çağırırıq.

İtkin düşmüş şəxslər problemi daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzin­də olmuşdur. Məhz bu diqqətin sayəsində Vətən torpaqları işğaldan azad edildikdən sonra qısa müddətdə itkin düşmüş şəxslə­rin dəfn edildiyi 18 kütləvi məzarlıq aşkar­lanmış, 151 itkin-şəhidin taleyinə aydınlıq gətirilərək nəşləri ailələrinə təhvil verilmiş və həmin ailələrin iztirabına son qoyul­muşdur. 

İtkin düşmüş şəxslər problemi təkcə Azərbaycan üçün aktual deyil, qlobal ma­hiyyətlidir. Bu məsələ ilə daha yaxından məşğul olmaq üçün beynəlxalq təşkilatla­rın da öz səylərini artırması vacibdir. Buna görə də biz, Azərbaycanlı itkin ailələri BMT-nin Baş katibi Antonio Quterreşə və digər BMT rəsmilərinə bir daha müraciət edərək onları bu problemə xüsusi diqqət ayırmağa və BMT-nin itkin düşmüş şəxs­lər üzrə xüsusi məruzəçisi institutunun ya­radılmasına çağırırıq. 

Könül BEHBUDOV,
Qarabağ İtkin Ailələri İctimai Birliyinin sədri

30 avqust 2024-cü il

Son xəbərlər