COP29 qlobal su problemini də hədəfə alıb

post-img

Qlobal iqlim dəyişiklikləri nəticəsində Azərbaycanda su ehtiyatları son illərdə təqribən 15 faizdən çox azalıb. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Bakıda “Su idarəetmə sistemlərinin iqlimə dayanıqlı kənd təsərrüfatında rolu: COP29 dəyirmi masa müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib. 

Proqnozların növbəti illər üçün daha kəskin olduğundan narahatlığını ifadə edən nazir müavini bu azalmanın davam edəcəyini vurğulayıb. “Bu dəyişikliklər kənd təsərrüfatı bitkilərinə və heyvandarlı­ğa mühüm təsir göstərir. Bu baxımdan bit­kiçilik və heyvandarlıq sahələrində iqlim dəyişikliklərinə uyğunlaşdırmaq məqsə­dilə konkret fəaliyyətlər həyata keçirilmə­lidir”, – deyə o əlavə edib.

Hazırda Azərbaycanın şirin su ehtiyat­larının 75 faizə qədəri ölkə hüdudlarından kənarda formalaşır. Son illər transsərhəd çayların birgə idarəetmə mexanizminin, onların tətbiqi ssenarilərinin hazırlanması ilə bağlı təkliflər səsləndirilir. Tədbirdə bu barədə məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbə­sinin müdir müavini Rafiq Verdiyev bil­dirib ki, ölkəmizdə Kür çayı ilə bağlı hər hansı bir ssenari hazırlanarsa, bununla heç nəyə nail oluna bilməz. 

Onun sözlərinə görə, COP29 çərçivə­sində Azərbaycanda transsərhəd çayları üzrə birgə mexanizmlə bağlı senarinin işlənilməsi təklif olunacaq. “İstəyirik ki, su senarisi işlənilsin, onun icrası ilə bağ­lı adaptasiya planları çərçivəsində region ölkələri birgə tədbirlər həyata keçirsinlər. Əlbəttə ki, Yaşıl İqlim Fondunun və digər qurumların dəstəyi ilə adaptasiya fəaliyyə­tini həyata keçirməklə su ehtiyatlarımızın gələcək iqlim dəyişiklikləri fonunda da­vamlılığını artıra bilərik”, – deyə o əlavə edib.

Şimalda okean buzlarının əriməsi ilə əlaqədar dəniz səviyyəsinin qalxdığı­nı diqqətə çatdıran şöbə müdiri deyib ki, ölkəmizin quraq ərazilərində bunun əksi baş verir, qapalı su hövzələri yağıntı və çay axının azalması səbəbindən quruyur. Məhz buna görə də həmin məsələnin iqlim də­yişiklikləri üzrə mexanizmlərin tərkibinə daxil edilməsi təklif olunur. O bildirib ki, İqlimə dair Paris razılaşmasına əməl edil­məsə və temperatur 4-5 dərəcə artsa, Azər­baycanın su resursları əsrin sonuna 40-50 faiz azala bilər. 

R.Verdiyev hesab edir ki, sözügedən razılaşmaya əməl ediləcəyi təqdirdə isə bu gösəricinin 20-25 faiz olacağı gözləni­lir. “Buna baxmayaraq, biz indidən hazır olmalıyıq ki, gələcəkdə bu problemlərlə üzləşməyək. Bəzən quraqlıq illərdə illik normanın 40–50 faizi qədər su olur və bu kəskin qıtlığa səbəb olur. Bu səbəbdən də indidən infrastrukturumuzu hazır eləməli­yik”, – deyə şöbə müdiri bildirib.

Ekoloqun fikrincə, erkən xəbərdarlıq sisteminin tətbiqi həm su ehtiyatları ilə bağlı, həm digər sahələrdə ciddi yaxşılaş­malara və inkişafa kömək edəcək, həm də qurumlara öz sahələrində su ilə bağlı hər hansısa hadisələrin azaldılmasına imkan verəcək. R. Verdiyev mövzunun davamı olaraq xatırladıb ki, 2023-cü ildə nazirli­yin Milli Hidrometeorologiya Xidməti­nin inzibati binasında Situasiya Mərkəzi fəaliyyətə başlayıb ki, bu da, erkən xə­bərdarlıq sisteminin yaradılması layihəsi çərçivəsində atılan ilkin addımdır. Onun dediyinə görə, bu yaxınlarda Yaşıl İqlim Fondu nazirliyin erkən xəbərdarlıq sistemi ilə bağlı layihəyə 30 milyon ABŞ dolları maliyyələşmənin ayrılması ilə bağlı baxış mərhələsini sona çatdırıb və artıq layihə təsdiq üçün təqdim edilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova hazır­da ölkəmizdə aqrar sektorun intensiv inki­şafına göstərilən dövlət dəstəyindən bəhs edib, müasir suvarma sistemlərinin yara­dılmasını stimullaşdırmaq üçün müxtəlif güzəştlərin, subsidiyaların tətbiq olun­duğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, son 5 ildə Azərbaycanda 38,2 min hektar ərazidə suvarma sistemlərinin qu­rulmasına 93,3 milyon manat subsidiya ay­rılıb. “Fermerlərin su ehtiyatlarını səmərəli istifadə etmələri və iqlim dəyişikliklərinə uyğunlaşmaları, sektorun davamlı inkişafı üçün həlledici addımlardır. Bu istiqamətdə fəaliyyətlər, COP29 çərçivəsində noyabrın 19-da keçiriləcək Ərzaq, Kənd Təsərrüfatı və Su Günündə təqdim ediləcək “Harmo­niya Təşəbbüsü”nün əsas hədəflərindən biridir. Bu təşəbbüs, kənd təsərrüfatı icma­larına və fermerlərə müasir su idarəetmə sistemləri və iqlimə davamlı yanaşmaları tətbiq etmək üçün lazımi dəstəyi təmin etməyi qarşısına məqsəd qoyur”, – deyə nazir müavini əlavə edib. Qeyd olunub ki, hazırda ölkə üzrə 119 min 500 hektarda innovativ suvarma sistemləri tətbiq edilir ki, bu da ümumi suvarılan ərazilərin 8,05 faizini təşkil edir.

Nazir müavininin dediyinə görə, son illərdə azalan su ehtiyatları, quraqlıq, daşqınlar, torpağın deqradasiyası və digər ekstremal hava hadisələri dünya üzrə fer­merlərə böyük çətinliklər yaradır. Azər­baycanda kənd təsərrüfatı sektorunun iqtisadiyyatın və cəmiyyətin mühüm bir hissəsi olduğunu vurğulayan nazir müa­vini deyib ki, iqlim dəyişikliklərinin təsir­lərinə məruz qalma riski səbəbindən aqrar sektorun dayanıqlılığını təmin etmək üçün tədbirlər görülməli, su idarəetmə sistemləri təkmilləşdirilməlidir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nü­mayəndəsi Muhammad Nasar Hayat çıxı­şında ölkəmizdə su ehtiyatlarının idarə edilməsində mühüm addımlar atdığını vur­ğulayaraq Su Komissiyasının yaradılması­nı təqdir edib. Onun fikrincə, kənd təsərrü­fatı Azərbaycan üçün təkcə iqtisadiyyatın bir sahəsi deyil, həm də bir çox icmaların həyat tərzi və dolanışıq vasitəsidir. 

Dəyirmi masa müzakirələrindən son­ra iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, suyun düzgün paylanması və su itkisini minimuma endirmək üçün yeni texnologiyaların tətbiqi mövzusunda təqdimatlar keçirilib. Tədbirdə su ehti­yatlarının səmərəli istifadəsi, ərzaq təh­lükəsizliyi və davamlı su təminatı üçün kənd təsərrüfatında idarəolunan suvarma sistemlərinin rolu, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, müasir suvarma sistemlərinin qurulması və digər aktual məsələlər müzakirələr olunub. Həmçinin torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşı­sının alınması, su resurslarından səmərəli istifadə və effektiv torpaq idarəçiliyinin qurulması istiqamətində müzakirələrdə yerli və xarici mütəxəssislər öz fikirlərini bölüşüblər.

Ekologiya