Özünü dünyada “demokratiyanın beşiyi” hesab edən, başqa xalqlara və dövlətlərə necə yaşamaq lazım olduğunu öyrətməyə çalışan, müstəmləkə keçmişə malik olan, habelə neomüstəmləkəçiliyi bu gün də davam etdirən, Cənubi Qafqazda suların durulmasına imkan verməyən Fransa dini dözümsüzlük sahəsində də, necə deyərlər, öndədir. Özü də bu dini dözümsüzlük təkcə İslam dini və müsəlmanlarla bağlı deyil. Üç səmavi dindən biri olan iudaizm və onun tərəfdarları da Fransada xoş günlər yaşamırlar.
Fransa hazırda açıq-aşkar antisemitizm dalğası ilə üzləşib. Məsələ ondadır ki, 2024-cü ilin birinci yarısında rəsmi şəxslər antisemitizm zəminində 887 qanun pozuntusu qeydə alıblar. Bu barədə gündəlik 10 milyon izləyiciyə malik olmaqla Fransanın ən çox baxılan xəbər kanalı olan BFM TV-nin ötən həftənin şənbə günü Ero departamentinin La-Qrand-Mott kommunasında sinaqoq yaxınlığında avtomobillərin yandırılmasına dair hazırladığı süjetdə bildirilib. Telekanalın məlumatına görə, 2023-cü ilin analoji dövründə 304 antisemitizm təzahürü qeydə alınıb, yəni antisemitizmlə bağlı qanun pozuntularının sayı, demək olar ki, üç dəfə artıb.
Ölkənin cənubunda yerləşən La-Qrand-Mott kommunasında sinaqoq qarşısında iki avtomobilin yandırılması və avtomobillərdən birinə qoyulmuş qaz balonunun partlaması nəticəsində bir bələdiyyə polisi yaralanıb. Həmin vaxt sinaqoqda ravvin də daxil olmaqla beş nəfər var idi.
İşin istintaqına Fransa Milli Antiterror Prokurorluğu da qoşulub. Fransanın Daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən Cerald Darmanen bütün ölkə üzrə sinaqoqların və yəhudi icma mərkəzlərinin yaxınlığında təhlükəsizliyin gücləndirilməsinə dair göstəriş verib. O, dövlət televiziya kanalının efirindən bildirib ki, ilin əvvəlindən Fransada antisemitizm təzahürlərinin sayı təqribən 200 faiz artıb. Darmanen La-Qrand-Mott şəhərində sinaqoqun yandırılmasını “iyrənc hərəkət” adlandırıb. Onun sözlərinə görə, din əleyhinə hərəkətlərin üçdə ikisi yəhudilərə qarşı yönəlib: “Ravvinin və ailəsinin yaşadığı sinaqoqu qəsdən yandırmaq, əlində balta ilə onları gözləmək antisemitizm aktıdır və bunu məhz belə adlandırmaq lazımdır. Bəli, bu gün antisemitizm aktlarının sayı artıb. Yəhudilərə və İsrailə nifrət istədikləri dinə etiqad etmək hüququ olan fransız uşaqlara, qadınlara və kişilərə ötürülür”.
Qeyd edək ki, hazırkı Fransa bəzən qeyri-rəsmi şəkildə “Beşinci respublika” da adlandırılır. Bu ifadə Fransa tarixində 1958-ci il oktyabrın 4-dən, yəni, yeni konstitusiyanın qəbulundan indiyə qədər olan dövrü nəzərdə tutur. Avropa İttifaqının və NATO-nun aparıcı dövlətlərindən, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransanın milli devizi “Azadlıq, bərabərlik, qardaşlıq”dır. Ancaq bu gün bütün dünya “Beşinci respublika”da bunun əksini müşahidə etməkdədir. Ümumiyyətlə, Fransa tarixən antisemitizm təzahürlərinin yüksək dərəcədə olması ilə seçilib. Hələ 1808-ci il martın 17-də Napoleon I Bonapart yəhudilərin hüquqlarını qismən məhdudlaşdıran, onları müxtəlif departamentlərdə fərqləndirən fərman imzalayıb. Həmin fərman tarixə “rüsvayçılıq fərmanı” kimi düşüb. Məhdudiyyətlər rejimi imperiyanın sonuna kimi qüvvədə qalıb və yalnız 1818-ci ildə kral XVIII Lüdovik fərmanın müddətini uzatmaqdan imtina edib.
İkinci dünya müharibəsi illərində nasist Almaniyasının işğal etdiyi Fransa ərazisində yaradılmış Vişi rejimi nasistlərlə əməkdaşlıq edərək çox sayda Fransa yəhudilərini və xarici yəhudi qaçqınlarını konsentrasiya (cəmləşdirmə) düşərgələrinə deportasiya edib. Müharibənin sonuna qədər Fransadakı 330 min yəhudidən təxminən 72 500-ü Holokost nəticəsində həlak olmuşdu.
Fransada yəhudi əhalinin sayı 1950-1960-cı illərdə Yaxın Şərq ölkələrində antisemitizmin yüksəlməsi nəticəsində fransızdilli yəhudilərin Əlcəzair, Mərakeş və Tunis kimi ölkələrdən Fransaya mühacirət etdikləri zaman kəskin şəkildə artıb. Bunun nəticəsində Fransa hazırda yəhudi əhalinin sayına görə dünyada İsrail və ABŞ-dən sonra üçüncü yeri tutur. 2024-cü ilin may ayına olan statistikaya görə, Fransada 440 min yəhudi yaşayır. Bu, bütün dünyada yaşayan yəhudilərin 3 faizi deməkdir.
Eyni zamanda, müharibədən sonrakı Fransada antisemitizm davam edib və güclənib. Dövlətin 1967-ci ildən başlayaraq anti-sionist siyasət aparmasının, həm sağ mühafizəkar, həm də solçu anti-sionist siyasətçilərin nüfuzunun artması Holokostun inkarının yayılmasına gətirib çıxarıb. 1990-cı illərdən etibarən sorğular fransız əhalisi arasında stereotip antisemit düşüncələrin artdığını göstərir.
2000-ci ildən sonra “Beşinci respublika”da yəhudilərə və yəhudi obyektlərinə hücumlar xeyli artdı. Bu, “yeni antisemitizm” haqqında müzakirələrə səbəb oldu. Müzakirələr zamanı yəhudilər bildirirdilər ki, onlar Fransada artıq özlərini təhlükəsiz hiss etmirlər. Artan antisemitizmə cavab olaraq, XXI əsrdə daha çox Fransa yəhudisi İsrailə köçür. 2006-cı ildən 2016-cı ilə qədər təxminən 40 min Fransa yəhudisi İsrailə repatriasiya edib. Bu, bütün fransız yəhudi diasporunun ümumi sayının təxminən 10 faizi deməkdir.
Fransada antisemitizm əhval-ruhiyyəsinin kəskin şəkildə artmasının, yəhudi icmasına münasibətdəki dəyişikliyin səbəbləri barədə fikirlərini bölüşən rusiyalı siyasi analitik Mixail Neyjmakov güman edir ki, Fransada sinaqoqlara hücumların artmasına ilk növbədə, Yaxın Şərqdə eskalasiya və bununla bağlı anti-İsrail əhval-ruhiyyəsinin regiondan xeyli kənarda artması səbəb olub.
Onun sözlərinə görə, bu cür hücumların nümayişkəranə surətdə baş verdiyi vəziyyətlərdə hücumçuların Fələstin simvollarından istifadə etməsi səbəbsiz deyil. Eyni zamanda, həm ölkənin müsəlman icmasının nümayəndələri, həm də yerli fransızlar arasında solçu radikal fəallar belə hücumların iştirakçısı olurlar: “Ümumiyyətlə, bu, Yaxın Şərqdəki eskalasiya fonunda ictimaiyyətin Fələstin tərəfinə dəstəyinin daha çox nəzərə çarpdığı bəzi Qərb ölkələrinə xas olan tendensiyanın tərkib hissəsidir. 2024-cü il iyunun 7-dən iyulun 8-dək aparılan “YouGov” araşdırmasına görə, fransalı respondentlərin 21 faizi bu münaqişədə fələstinlilərə rəğbətini ifadə edib. Halbuki, 2023-cü ilin noyabr-dekabr aylarında keçirilən sorğunun nəticələrinə görə, fələstinlilərə rəğbət ifadə edənlər 17 faiz təşkil edib. Sözsüz ki, Fələstin tərəfinə simpatiya antisemitizm və ya radikal aksiyalara hazır olmaq demək deyil. Lakin yenə də bu vəziyyət radikal fəalların hərəkətləri üçün daha əlverişli zəmin yaradır”.
M.Neyjmakov hesab edir ki, radikal qüvvələrin bu cür aktivliyi Fransa hakimiyyəti üçün əlavə başağrısına çevrilir: “Birincisi, ona görə ki, sinaqoqlara hücumlar Emmanuel Makronun komandasını və daha geniş təhlükəsizlik gündəmini tənqid etmək üçün əsas yaradır. Digər məsələlərlə yanaşı, qeyd etmək lazımdır ki, sorğulara əsasən, Fransanın hazırkı prezidentinin tərəfdarları arasında ənənəvi olaraq böyük yaş qruplarının nümayəndələri əhəmiyyətli yer tuturlar. Onlar təhlükəsizlik problemlərinə, adətən, daha həssas yanaşırlar.
İkincisi, ona görə ki, Fransa cəmiyyətində İsrailə rəğbət bəsləyənlərin nisbəti də nəzərə çarpır. Yuxarıda adı çəkilən “YouGov” sorğusuna əsasən, 2024-cü ilin iyununda respondentlərin 24 faizi Yaxın Şərq münaqişəsini qiymətləndirərkən İsrailə simpatiyasını ifadə edib. Eyni zamanda, neytral mövqe tutan bir çoxlarının, hətta, Fələstin hərəkatlarına rəğbət bəsləyənlər arasında heç də hamının sinaqoqlara hücumu bəyənə bilməyəcəyi göz qabağındadır. Yəni, radikal fəallara qarşı hökumətin daha sərt tədbirləri ən azı bəzi siyasətçilərin və solçu nəşrlərin tənqidinə, sinaqoqlara yeni hücumlar isə daha mötədil seçicilərin, o cümlədən Fransa prezidentinin tərəfdarlarının narazılığına səbəb ola biləcək. Hər iki vəziyyət Yelisey sarayı üçün əlavə çətinliklər yaradır”.
Onu da bildirək ki, Fransa yəhudiləri özləri də yaranmış vəziyyətdən ciddi şəkildə narazıdırlar. Bunu keçirilən rəy sorğusunun nəticələri də təsdiqləyir. Fransız İctimai Rəy İnstitutunun hələ 2022-ci ildə keçirdiyi sorğu nəticəsində məlum olmuşdu ki, Fransa yəhudilərinin 85 faizi ölkədə antisemitizmin geniş yayıldığına və artdığına inanırlar. Sorğuda iştirak edənlərin 74 faizi və müntəzəm olaraq kipa (kişilər üçün ənənəvi yəhudi baş geyimi–S.H.) taxanların 78 faizi şifahi və ya fiziki zorakılığa məruz qaldıqlarını qeyd etmişdilər.
Eyni zamanda, Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin sorğularına əsasən, 2012-ci ildə antisemitizm hadisələri qurbanlarının yalnız 23 faizi polisə müraciət edib və 2018-ci ilə qədər bu rəqəm 18 faizə düşüb. 2018-ci ildə eyni təşkilatın sorğusu yəhudilərin 67 faizinin Fransa hökumətinin antisemitizmlə effektiv mübarizə aparmadığına inandığını bildirmişdi.
Fransa hakimiyyəti isə ölkə daxilində həm islamofobiya, həm də antisemitizm hallarını aradan qaldırmaq, tolerant cəmiyyət qurmaq istiqamətində səy göstərmək əvəzinə, Cənubi Qafqazda ara qarışdırmaq yolunu tutub. Rəsmi Parisin ölkədə geniş yayılmış etnik və dini dözümsüzlik hallarına əsas verən səbəbləri aradan qaldırmaqla məşğul olması daha faydalı olardı.
Səxavət HƏMİD
XQ