“Zəngəzur dəhlizi” və ortaq regional maraqlar
Rusiya Cənubi Qafqazda regional kommunikasiyaların açılmasında maraqlıdır və bunu hər ötən gün daha ciddi şəkildə ortaya qoymaqdadır. Ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın avqustun 28-də keçirdiyi ənənəvi brifinq zamanı dilə gətirdikləri də bunun təsdiqidir. Söhbətimizdə onun mövzuya dair nələri bildirməsindən və digər məqamlardan söz açacağıq. Hələlik isə...
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ölkə Prezidenti Vladimir Putinin Azərbaycana avqustun 18-19-da gerçəkləşdirdiyi dövlət səfəri əsnasında Ermənistanı ittiham edərək bildirmişdi ki, rəsmi İrəvan regional kommunikasiyaların açılmasını sabotaj edir: “Biz sülh müqaviləsinin tezliklə bağlanması və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təəssüf ki, Ermənistanın Sünik rayonundan keçən kommunikasiyalara gəldikdə, məhz Ermənistan rəhbərliyi baş nazir Nikol Paşinyanın imzaladığı razılaşmanı sabotaj edir. Belə bir mövqeyin mənasının nədən ibarət olduğunu dərk etmək çətindir. Mən əminəm ki, üçtərəfli sənədlər çərçivəsində qoyulan özül tam həcmdə aktuallığını qoruyub saxlayır”.
Xatırladaq ki, Rusiyanın XİN rəhbərinə Ermənistandan cavab da gəlmişdi. Ölkənin xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyanın nələri bildirdiyini diqqətə çatdıracağıq. Ancaq əvvəlcə Lavrovun sabotaj dedikdə konkret hansı məqamı nəzərdə tutduğu üzərində dayanaq və diqqəti Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinə yönəldək. Həmin bənddə göstərilir ki, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Ermənistanın XİN rəsmisi A.Badalyan isə bildirmişdir ki, Rusiya XİN-nin müxtəlif rəsmilərinin onun ölkəsi ilə bağlı həqiqətə uyğun olmayan, açıq-aşkar qərəzli, tez-tez hörmətsiz şərhləri davam edir. Onun sözlərinə görə, belə hallar yeni deyil və erməni tərəfi bu cür şərhlərə uzun müddətdir cavab vermirdi: “Rusiya XİN rəhbərinin dünənki bəyanatı nəinki açıq-aşkar təəssüf hissi doğurur, həm də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Rusiya Federasiyasının konstruktiv iştirakını şübhə altına alır”.
A.Badalyanın fikirləri onu deməyə əsas verir ki, rəsmi İrəvan nə Rusiyanı, nə də bu ölkənin səyləri ilə ərsəyə gəlmiş və Ermənistanın 44 günlük müharibə ilə tam məhvinin qarşısını alan üçtərəfli bəyanatı sayır. M.Zaxarova isə bildirir ki, Moskva müvafiq razılaşmaların (Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020–2022-ci illərdə qəbul etdikləri üçtərəfli sazişlərin – red.) həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşu dövlətlərin – Rusiyanın, İranın və Türkiyənin maraqlarına cavab verən şəkildə, qarşılıqlı razılıq əsasında və məqbul şərtlərlə həyata keçirilməsinin tərəfdarıdır. O, beynəlxalq Şimal–Cənub nəqliyyat dəhlizindən söz açıb və bu marşrutla bağlı Azərbaycan və İranla təmaslar aparıldığını deyib. Zaxarovanın fikirlərindən gəlinən nəticə odur ki, sözügedən yol Rusiyadan, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən keçməklə, Qərbə doğru daşımaların reallaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Bəli, başlıca diqqətin “Zəngəzur dəhlizi” üzərində cəmləşdiyi aşkardır. Bu dəhlizə qarşı çıxan Ermənistandır. Zaxarova isə vurğulayır ki, Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan marşrut bir sıra digər marşrutlarla yanaşı, bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə müzakirə edilib. Bu üçtərəfli işçi qrupunda fəaliyyət üçtərəfli razılaşmalara uyğun həyata keçirilir.
Zaxarova İranın “Zəngəzur dəhlizi” ideyasından narahatlığı və ölkə rəsmilərinin buna uyğun bəyanatlar səsləndirmələrindən də danışıb. Hərçənd, məsələnin üzərindən ötəri keçib. Məlumdur ki, İran rəsmi İrəvan kimi ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığı məntiqini qabardır. Daha doğrusu, Ermənistan ərazilərinin dəyişilməzliyi üzərində dayanır və yenə mövqeyində israrlıdır.
Bakının tələbi odur ki, Naxçıvana yol “Azərbaycandan Azərbaycana yol” kimi olsun. Yəni, orada hansısa gömrük və sərhəd nəzarəti tətbiq edilməsin. Üçtərəfli bəyanata əsaslansaq isə yola Rusiya sərhədçiləri nəzarət etməlidirlər. Rusiyanı bölgədən sıxışdırmaq istəyən Qərb məsələnin belə qoyuluşu ilə razılaşmır. Müvafiq olaraq, rəsmi İrəvan ərazi bütövlüyü və suverenlik amilini qabardır. Ən əsası isə özünün “Dünyanın kəsişməsi” adlı avantürasını ortaya atır. Heç şübhəsiz, bu avantüra Ermənistanı qlobal tranzitin həlledici fiquruna çevirmək məqsədini güdür. Nəticə etibarilə İrəvan gələcəkdə həmin tranzitdəki həlledici roluna arxalanıb əlavə ambisioz tələblər irəli sürmək şansı qazanacaq.
Maraqlı durum yaranır: Qərbin fəal müdafiə etdiyi “Dünyanın kəsişməsi” və bu təşəbbüs çərçivəsində regional kommunikasiyaların açılmasını əsas götürəcək Azərbaycan–Ermənistan sülhü Rusiyanın bölgədən sıxışdırılmasını hədəf seçirsə, o zaman İran nə üçün bu ssenaridə iştirakda maraqlıdır? Tutalım, Rusiya Cənubi Qafqazdan çıxdı. Məgər Tehranda bilmirlər ki, Moskvaya yer verilməyən regionda İrana ümumiyyətlə yer yoxdur? Görəsən, Ermənistana çoxmu etimad göstərirlər? Kim təminat verə bilər ki, Qərb Kremllə məsələni bitirdikdən sonra İrana keçməyəcək və Ermənistanı Moskvaya qarşı istifadə etdiyi qaydada Tehrana qarşı da istifadə etməyəcək? Zaxarova dilə gətirməsə də, heç şübhəsiz, onun da İran rəsmilərindən soruşmaq istədiyi elə budur.
Yeri gəlmişkən, əlavə bir məqamın üzərində dayanaq. M.Zaxarova bir müddət əvvəlki açıqlamasında da regional kommunikasiyaların blokdan çıxarılmasından bəhs etmişdi. Daha dəqiq desək, bununla bağlı Ermənistanın destruktiv mövqeyinin, öhdəliklərdən yayınmaq, razılaşmalardan boyun qaçırmaq potensialının vacib detalından danışmışdı. Rusiya XİN sözçüsü demişdi ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupunun 12 raundluq müzakirəsindən sonra, tərəflər üçtərəfli sazişin 9-cu bəndinin praktiki icrasına yaxın görünüblər. Bundan başqa, Azərbaycan Ermənistanın dəmir yolu əlaqəsinin bərpasını avtomobil yolu ilə əlaqələndirməmək istəyi ilə razılaşıb. Özü də bu, İrəvanın avtomobil yolu əlaqəsinin yaradılması baxımından konkret tarix göstərməməsinə rəğmən baş verib.
Ən əsası, M.Zaxarovanın bildirdiklərindən o nəticə də hasil olur ki, tərəflər iki ölkənin suverenliyini pozmamaq üçün tam yuridik əsaslarla həyata keçirilməli olan gömrük prosedurlarına qədər hər şeyi razılaşdırıblarmış. Ancaq rəsmi İrəvan son anda mövqeyindən uzaqlaşaraq, Rusiya sərhədçilərinin təkcə Ermənistan deyil, həm də Azərbaycan tərəfində nəzarəti həyata keçirməsi şərtini irəli sürüb. Biz də bilirik, Zaxarova da təsdiqləmişdi ki, Azərbaycan məsələ ilə razılaşa bilməzdi və razılaşmayıb. Görünür, İrəvan yerinə yetirilməsi mümkünsüz şərti məhz bu səbəbdən qoyub.
Bəli, beləliklə, Lavrovun sabotaj məntiqindəki daşlar tam şəkildə yerinə oturur. Yəni, danışıqların nə üçün dalana dirəndiyi aydınlaşır. Əlavə edək ki, Ermənistan sonradan Rusiya sərhədçilərinin nəqliyyat axınına nəzarətindən də imtina edib və üçtərəfli işçi qrupunda iştirakını, faktiki olaraq, dondurub. Lap əvvəldə diqqətə çatdırdığımız fikrə qayıdaraq, bir daha Rusiyanın Cənubi Qafqazda regional kommunikasiyaların açılmasında marağının olduğunu vurğulayaq. Marağın ödənmə vasitəsinin üçtərəfli bəyanat olduğunu da diqqətə çatdırdıq. Qalır Zaxarovanın avqustun 28-də keçirdiyi brifinq zamanı dilə gətirdiyi bir fikrin üzərində dayanmaq. Rusiya XİN rəsmisinin söylədiklərindəki başlıca qayə budur: Üçtərəfli bəyanat məntiqinə məhəl qoymamaq təhlükəlidir. Əlbəttə, xanım sözçü təhlükənin konkret nədən ibarət olduğunu açıqlamır və maraqlıdır ki, ondan bu barədə soruşan da yoxdur.
Ə.CAHANGİROĞLU
XQ