Deyəsən, Moskva “heç olmamaqdansa, gec olması yaxşıdır” prinsipinə üstünlük verir
Azərbaycanın sülhlə bağlı mövqeyi kifayət qədər konkret və sabitdir. Bu sabitlik fonunda müxtəlif Qərb dairələrinin oynadıqları oyunlar göz qabağındadır. Azərbaycanın bölgədə yaratdığı reallığı dəyişməyə çalışan ermənipərəst “çete”nin məqsədinin sülh gündəmini İrəvan üçün sərfəli istiqamətə yönəltmək olduğu gün kimi aydındır. Ermənistanı silahlandıran “kollektiv Qərb” bununla Azərbaycana, bir növ, müharibə mesajını verməklə, onu sülh danışıqlarında müəyyən güzəştlərə getməyə məcbur etmək barədə düşünür.
Aydın məsələdir ki, Qərbin bu məkrli oyunu sülhün əldə olunması prosesinə mənfi təsir göstərməklə yanaşı, Moskvanı da qıcıqlandırır. Kremlin bu durumda İrəvanla Bakı arasında özünün sülh vasitəçiliyi missiyasının bərpasına yönəlik atdığı addımları təbii qəbul olunmalıdır. İlin əvvəlindən Qərbin bu müstəvidə təşkil etdiyi görüşlərin səmərəliliyi, Ermənistana hərbi-texniki və maliyyə yardımları fonunda Bakıda haqlı şübhələr yaradıb. Axı, 44 günlük müharibədən sonra sülh platformasında dominantlığı Rusiya edirdi. Amma 2022-ci ilin fevralından Moskvanın başı Ukraynaya qarşı başladığı “xüsusi hərbi əməliyyatlara” qarışdığından Qərb vasitəçilik təşəbbüsünü ələ aldı. Bu diplomatik transformasiyanı şərtləndirən əsas amillərdən biri Paşinyan komandasının Rusiyadan uzaqlaşma xəttini yeritməsi oldu. Fəqət “kollektiv Qərb”in vasitəçiliyi gözlənilən effekti vermədi və Moskva situasiyanı yenidən öz xeyrinə dəyişmək qərarına gəldi.
Bakının öz alternativi var
“Ermənistan, Rusiya və Azərbaycan dövlət başçıları arasında 2020–2022-ci illər arasında qəbul edilmiş üçtərəfli müqavilələri şübhə altına almaq cəhdləri son dərəcə təhlükəlidir”. Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. “Biz tərəfləri bu problemi həll etməyə təşviq edirik, amma başa düşdüyünüz kimi, aktual məsələlər üzrə əldə edilmiş bu razılaşmalar həyata keçirilmədən bunu etmək, yəqin ki, çox çətindir”.
Rusiya XİN-in sözçüsü M.Zaxarova sülh danışıqlarında ölkəsinin rolunu qabartması başadüşüləndir. Onun Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında əldə olunmuş üçtərəfli razılaşmanın (Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2022-ci il oktyabrın 31-də imzaladıqları bəyanat nəzərdə tutulur – red.) qüvvədə qalması barədə açıqlaması da Qərbə birbaşa mesaj kimi qəbul edilməlidir.
M.Zaxarovanın erməni jurnalistin Moskvanın üçtərəfli bəyanatı etibarlı hesab edib-etmədiyi barədə sualına cavabı isə Kremlin rəsmi mövqeyi kimi başa düşülməlidir: “Bəli, biz Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında həmin dövrdə əldə olunmuş üçtərəfli razılaşmalardan çıxış edirik. 2020–2022-ci illərdə imzalanmış həmin razılaşmalar Ermənistan və Azərbaycan arasında sülhün əsasını təşkil edir. Və inanırıq ki, bunun alternativ yoxdur”.
Ermənistan KİV-in nümayəndəsinə məsələnin mahiyyətini izah edən Rusiya diplomatiya idarəsinin rəsmisinin bu açıqlaması da kifayət qədər maraq doğurub: “Ermənistanda rəsmi səviyyədə kiminsə bu müqavilələrdən imtina etdiyini, yaxud imzasını geri götürdüyünü bilmirik. Əgər, İrəvan, deyək ki, bu müqavilələrin artıq qüvvədə olmadığına dair rəsmi açıqlama versə, biz buna şərh verərik. Amma hazırda belə bir şey eşitməmişik”.
Zaxarovanın sözlərinə görə, həmin razılaşmalar Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün bütün əsas trekləri əhatə edir. O, bu paketə sülh sazişinin mətninin hazırlanması, sərhədlərin delimitasiya və demarkasiyası, bölgədə nəqliyyat kommunikasiyalarının açılması, vətəndaş cəmiyyəti xətti ilə təmasların inkişafı kimi məsələlərin daxil olduğunu vurğulayıb.
Sülhün Moskva platformasının alternativinin olmadığını bəyan edərkən Rusiya XİN rəsmisi, yumşaq desək, yanlışlığa yol verir. Daha doğrusu, özünü reallığı görməzliyə vurur. Reallıq isə ondan ibarətdir ki, Bakı İrəvanla sülhə gəlməyin üç, dörd, beştərəfli deyil, ikitərəfli, yəni, vasitəçisiz formatına üstünlük verir. Azərbaycan rəhbərliyi bu qənaətə kənar aktorların bütün təşəbbüsləri uğursuzluğa düçar olandan sonra gəldi. Digər alternativ format kimi, Bakı “3+3”, başqa sözlə, “Qafqaz evi” ideyasını hələ ilyarım bundan əvvəl irəli sürmüşdü. Astana formatı məhz bu ideyanın alternativi kimi qəbul olunub. Yəni, Bakının öz alternativi var...
İrəvana konkret sual
“Yeri gəlmişkən, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması mövzusu Rusiya Prezidentinin Azərbaycana bu ilin avqustun 18-19-da gerçəkləşən dövlət səfəri çərçivəsində əsaslı şəkildə müzakirə olunub. Avqustun 23-də Rusiya lideri ilə Ermənistan baş naziri arasında telefon danışığında bu məsələyə toxunulub”. M.Zaxarova Moskvanın bu məsələdə mövqeyini diplomatik dildə, həm də konkret formada ortaya qoydu. Azərbaycan və Ermənistan liderlərinin konstruktiv dialoqun davam etdirilməsinə sadiq olduqlarını təsdiqlədiklərini deyən Rusiya XİN rəsmisi Prezident V.Putinin ən yüksək səviyyədə üçtərəfli razılaşma əsasında iki ölkə arasında normallaşma prosesinin bütün sahələrində tərəfdaşlara lazımi yardımı göstərməyə davam etməyə hazır olduğunu vurğulayıb. Nəhayət, o, erməni jurnalisti ilə “dialoqu və ya ünsiyyəti daha məzmunlu etmək üçün”, “Ermənistanda söz azadlığına hörmət mühitini nəzərə alaraq” ona bu sualı verir: – Rəsmi İrəvan üçtərəfli razılaşmaları etibarlı hesab edirmi?
M.Zaxarovanın brifinqdə nümayiş etdirdiyi mövqe, açıqladığı fikirlər “kollektiv Qərb”in sülh naminə təşəbbüslərinin iflasa uğramasından sonra Kremlin “taktiki hücumu” sayıla bilər. Burada təəccüblü heç nə yoxdur və tamamilə anlaşılan gedişdir. Əgər sülhə vasitəçilik edənlərdən bir nəticə hasil olmadısa, bu halda niyə Rusiya kənarda qalmalıdır? Əslində, bu ritorik sual Bakıdan çox İrəvana ünvanlanıb. Artıq Kreml tam açıq şəkildə bildirir ki, o, nəinki sülh danışıqlarına vasitəçilik etməyə, hətta buna platforma verməyə hazırdır.
Təxminən bir ay bundan əvvəl “iki ölkənin nümayəndə heyətinin ikitərəfli formatda işləməsi üçün rahat şəraitin yaradılmasına zəmanət” verən Kreml artıq üçtərəfli formatda sülhə dəstək olacağını vəd edir.
Yazımızın əvvəlində Rusiyanın 2020-ci ildə malik olduğu dominant mövqeyini əldən verdiyini və bunun səbəbi kimi Ukrayna müharibəsini göstərdik. Fəqət digər səbəbləri də unutmaq olmaz. Əsas səbəb isə İkinci Qarabağ müharibəsindən sonra Moskvanın daha çox Ermənistanı özünün təsir dairəsinə qaytarmaq barədə düşünməsi idi. Yəni, sülh danışıqlarının müzakirəsinin mümkünlüyünə şirnikləndirməklə yanaşı, Kreml İrəvanı, necə deyərlər, tələyə salmağa çalışırdı. Onu da nəzərə çatdıraq ki, o zaman Rusiyanın məsələyə bu cür yanaşması rəsmi Bakı tərəfindən heç də müsbət qarşılanmırdı.
Keçənə güzəşt deyərlər. Bakı bölgəyə sülhü gətirəcək istənilən vasitəçinin təşəbbüsünü alqışladığını dəfələrlə bəyan edib. Təki bu təşəbbüs təmənnasız və səmimi olsun. Rusiyaya gəldikdə isə, onun sülhə yönəlik addımlarında bəzən ermənipərəstlik meyillərini müşahidə etmişik. Azərbaycan hakimiyyəti bunun səbəbini Moskvanın danışıqlar prosesində qeyri-obyektiv mövqe tutması kimi deyil, İrəvanın Rusiyanın köməyindən imtinası ilə bağlamağa üstünlük verib. Bəs, hazırda vəziyyət əvvəlkindən fərqlidirmi? Deyə bilərik ki, indi vəziyyət əvvəlkindən də gərgindir. İrəvanın anti-Rusiya ritorikası, Qərbyönümlü xətti daha da güclənib. Buna baxmayaraq, Moskva yeni cəhd limitini xərcələməkdə tam sərbəstdir. O, məşhur rus zərb-məsəlində deyildiyi kimi, “heç olmamaqdansa, gec olması yaxşıdır” prinsipini sınaqdan çıxarır. Beləliklə, Mariya Zaxarovanın Rusiyanın sülh danışıqlarında vasitəçilik və platforma təqdimatı məsələləri özünün praktik əhəmiyyətini itirmiş kimi görünür...
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq:
– Rusiya bu vaxta qədər Ermənistanla Azərbaycan arasında sülhə hansı töhfəni verib ki, indi də bunu etsin? Elə Qarabağ məsələsi Moskvanın əvvəlcədən icad elədiyi bir problemdir. Reallıq ondan ibarətdir ki, ötən əsrin 90-cı illərində Azərbaycanın Rusiya ilə münasibətlərindəki soyuqluq münaqişənin gedişatına bilavasitə mənfi təsirini göstərib. Doğrudur, ortada başqa səbəblər də vardı. Amma bu faktdır ki, Moskvanın İrəvana o zaman silah verməsi, təbii ki, torpaqlarımızın işğalı ilə nəticələndi.
İkinci Qarabağ müharibəsində Rusiya bu işə qarışmadı və dinamika dəyişdi. Çünki Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasətin sayəsində Rusiya ilə münasibətlərimiz normal məcraya yönəlmişdi. Əlbəttə, bunun müəyyən rolu oldu. İntəhası, 44 günlük müharibədə də Rusiya Ermənistana silah göndərirdi. Ermənilər Qarabağın işğaldan azad olunmasında Moskvanı günahlandırırlar. Fikrimizcə, ordumuzun qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcəyini Rusiya rəhbərliyi gözləmirdi. Yalnız müharibənin sonlarında raketlərin Azərbaycan ərazisində partlamasının hamımız şahidi olduq. Artıq gec idi.
Bəli, bu gün Azərbaycan–Rusiya münasibətləri xeyli yaxşılaşıb. Vladimir Putinin Bakıya səfərini buna nümunə olaraq göstərmək olar. Onu da bilirik ki, bölgədə Qərb, ABŞ və Rusiya yenə öz oyunlarını oynayırlar. Hərəsinin öz məqsədi var. Bizim əsas məqsədimiz isə üçtərəfli bəyanatda yazıldığı kimi, Azərbaycanla Naxçıvan arasında maneəsiz keçidin olmasıdır. Bu məsələ sülh sazişi çərçivəsində müzakirə olunmasa da, bunun gündəlikdən çıxarılmasından söhbət gedə bilməz.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı:
– Vladimir Putin Bakıda İlham Əliyevə söyləmişdi ki, o Moskvaya qayıtdıqdan sonra Ermənistan baş naziri Nikol Paşinyanla telefonla danışacaq və Bakı görüşünün təfərrüatlarını onun diqqətinə çatdıracaq. Aydındır ki, bunu diplomatik etiket tələb edir. Ancaq Putin bununla həm də onu deməyə çalışmışdı ki, onun Paşinyandan xoşu gəlməsə də, Azərbaycanla Ermənistan arasında balansı saxlayacaq.
Putin Moskvanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəaliyyət göstərəcəyini desə də, buna Bakının və İrəvanın ehtiyacı yoxdur. Nikol Paşinyan telefon danışığında Kremlin vasitəçilik təklifinə müsbət yanaşmayıb. Bakı ilə İrəvanın vasitəçiyə ehtiyacı yoxdur, onların arasında danışıqlar vasitəçi olmadan davam edir, hökumətlərarası komissiya sərhəddə görüşür, xarici işlər nazirləri sülh sazişinin mətnini müzakirə edirlər. Üstəlik, Bakı və İrəvan Zəngəzur dəhlizi ilə bağlı bəndin sülh sazişinin mətnindən çıxarılmasına razılaşıblar. Bu, o deməkdir ki, Rusiyanın da maraqlı olduğu dəhlizin açılması yaxın müddətdə reallaşmayacaq
Putin anlayır ki, Ukrayna ilə müharibə fonunda və Rusiya üçün indiki ağır vəziyyətdə Cənubi Qafqazdakı maraqlarını qorumaq çətindir, Kreml Bakı ilə İrəvan arasında vasitəçi ola bilmir, sülh sazişinin mətninin hazırlanmasında və sərhəd danışıqlarında iştirak imkanlarını itirib. Kremlin yeganə yapışmaq istədiyi mövzu Zəngəzur dəhlizidir. Rusiya həm bu dəhlizdən istifadə, həm də dəhlizə nəzarət etmək istəyir və bu zaman 2020-ci il 10 noyabr üçtərəfli Bəyanata istinad edir. Putinin telefon zəngləri durumu dəyişə bilmir.
İmran BƏDİRXANLI
XQ