Ermənistanda “konstitusiya dəyişikliyi” isteriyası

post-img

Oyun nəyə hesablanıb?

Ermənistanda konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır. Bunu dünən yerli jurnalistlərlə söhbətində ölkənin ədliyyə naziri Qriqor Minasyan deyib. Onun sözlərinə görə, müzakirələr nəticəsində belə qərara alınıb ki, Ermənistana konstitusiya dəyişiklikləri yox, yeni konstitusiya lazımdır. Minasyanın qeyd edib ki, müvafiq komissiyanın iclasları zamanı konstitusiyanın ilk üç maddəsinə dəyişiklik, habelə ölkənin İstiqlaliyyət Bəyannaməsinə istinadın götürülməsi məsələsi müzakirə olunmayıb: “Biz bu mürəkkəb sənəd üzərində ətraflı, ictimai müzakirələrlə, bütün mütəxəssislərlə birgə işləyərək çalışacağıq”.

Qeyd edək ki, artıq neçə aydır Ermə­nistanda konstitusiya dəyişikliyi ilə bağlı müzakirələr getməkdədir. Əlbəttə, bu xü­susda çoxsaylı destruktiv məqamlar var. Bu məqamlar Azərbaycanın mövcud is­tiqamətdəki tələbi ilə bağlıdır. Məlum ol­duğu kimi, həm Prezident İlham Əliyev, həm də ölkəmizin rəsmiləri Ermənistan konstitusiyasına dəyişikliyi Bakı–İrəvan sülhü baxımından şərt kimi irəli sürüblər. Çünki erməni ana qanununun istinad etdiyi İstiqlaliyyət Bəyannaməsində Azərbay­cana və Türkiyəyə qarşı ərazi iddiası yer almaqdadır.

Onu da bildirək ki, Azərbaycan tərəfin­dən irəli sürülmüş konstitusiya dəyişikliyi şərti ilə Ermənistanın baş naziri Nikol Pa­şinyanın məsələ barədə söz açması, demək olar, eyni vaxta təsadüf etmişdi. Paşinyan bu ilin mayında mövzunu açmış və ölkə­nin əsas qanununa dəyişikliyi özünə xas şəkildə izah etmişdi. O, ən popular iza­hını Ermənistanın İctimai televiziyasının efirindən vermişdi. Təxminən belə: Biz yol ilə gedirik və yolu gedib başa çatdır­malıyıq. Ancaq əynimizdə nənəmizin bizə tikdiyi, miras kimi saxladığı qırmızı paltar var. Yolu qırmızı rəngə həssas olan öküzlər kəsib. Ona görə nənəmizin tikdiyi palta­rı əynimizdən çıxarıb onu eksponat kimi muzeyə qoymalıyıq ki, mənzil başına çata bilək.

Əlbəttə, Paşinyanın, belə demək müm­künsə, öküz məntiqində hədəfin kim ol­duğu bildirilməsə də, bir şey qətidir ki, dünya üzrə mühüm dövlət sənədində başqa ölkəyə qarşı ərazi iddiasının yer aldığı tək ölkə Ermənistanın özüdür. Bu, heç öküzlük də deyil, nədirsə izaholunmaz vəhşilikdir. Yaxşı olardı ki, Nikol məsələ barədə açıq danışardı. Hərçənd, onu hazırkı başıpozuq erməni cəmiyyətində anlayanın olacağına şübhə ilə yanaşırıq. Həm də ona görə ki, Nikol öküz olmasa da, mahiyyətcə tülkü xislətlidir.

Bəli, hazırda Ermənistanın ədliyyə na­ziri Q.Minasyanın dedikləri də tülkülük­dən başqa bir şey deyil. Hiss olunur ki, rəs­mi İrəvan konstitusiya dəyişikliyi ilə bağlı məsələni uzadır və nəticə etibarilə sülhdən yayınır. Burada hiyləgərlik motivi ondadır ki, erməni iqtidarı, mahiyyətcə, Azərbay­canın tələblərinin yerinə yetirilməsinin vacibliyini anlayır, amma boyun qaçırır. Mövcud trayektoriyada vaxtın uzadılması isə Ermənistana sərfəli beynəlxalq şəraitin yetişməsi üçündür. 

Heç şübhəsiz, Paşinyan bir qədər çə­tinə düşəndə bildirəcək ki, ölkəsi Bakının şərtini yeriə yetirmək istəyirdi. Amma şərtə əməl etmək belə olmur. Çünki hələ Minasyanın bildirdiyi o demək deyil ki, 2027-ci ildə ölkədə konstitusiya dəyişikli­yi ilə bağlı referendum olacaq. Yəni, olma­ya da bilər. 

Digər tərəfdən, məsələ bir qədər fərqli qoyulur. Söhbət konstitusiya dəyişikliyin­dən deyil, yeni konstitusiyanın qəbulundan gedir. Bu, daxili başıpozuq auditoriyaya hesablanmış gedişdir. Guya ki, Azərbay­canın tələbi yerinə yetirilmir, hansısa daha böyük zərurət həyata keçirilir. Aydındır ki, başlıca məqam əsas qanunun istinad etdiyi mənfur müddəaların aradan qaldırılması olmalıdır. Hərçənd, nazir Minasyan işğalçı mahiyyətli İstiqlaliyyət Bəyannaməsinə is­tinaddan uzaqlaşmağın müzakirə predmeti olmadığını vurğulayır. Elə isə referendum nə üçündür?

O da tam aydındır ki, Ermənistan rəh­bərliyi səmimi deyil. Paşinyan iqtidarı Azərbaycanla sülhdə maraqlı olmadığı və bunu ən müxtəlif vasitələrlə nümayiş etdirdiyi kimi, konstitusiya dəyişikliyi müstəvisindəki imitasiyası ilə də eyni yolu tutmaqdadır. Əlbəttə, biz məsələnin heç də asan olmadığını yaxşı anlayırıq. Minas­yanın bildirdiyi kimi, ictimai müzakirələr filan lazımdır. Ancaq hər bir halda proses tezləşməlidir. Çünki hazırkı durum Ermə­nistan üçün xoşagəlməz perspektiv forma­laşdırmır. 

Azərbaycanın tələbinə gəldikdə isə bil­dirək ki, bu, heç bir halda, başqa dövlətin işinə qarışmaq deyil. Biz haqqımız olanı istəyirik. Ölkəmizə təminat lazımdır. Söh­bət sülh təminatından gedir. Nəzərə alsaq ki, konstitusiya dəyişikliyi referendum, yəni ümumxalq səsverməsi ilə reallaşma­lı olan prosesdir, deməli, təminat ermə­ni xalqının iradəsinin məhsulu qismində meydana çıxmalıdır. Xalq işğalçılıq niy­yətinə düşməyəcəyini, bu mənfur əməldən imtina məramını bəyan etməlidir. 

Əlbəttə, onu da yaxşı anlayırıq ki, Ermənistan konstutisiyasına dəyişiklik, yaxud ümumən ölkənin əsas qanununun dəyişdirilməsi hələ tam təminat deyil. Yəni, müvafiq sənəd olmadan da ermənilə­rin işğalçılıq niyyəti güdmələri mümkün­dür. Nəzərə alaq ki, vaxtilə mövcud olmuş Ermənistan SSR-in ana qanununda Azər­baycana qarşı ərazi iddiası əksini tapmasa da, biz keçmiş SSRİ zamanında respubli­kamıza qarşı ərazi iddialarının olduğunu görmüşdük. Erməni millətçiləri ötən əsrin 80-ci illərinin sonunda Qarabağın müxtəlif yerlərində təxribatlar törədib dinc azərbay­canlıları qarət edəndə, qətlə yetirəndə, elə­cə də digər zərərlər vuranda hansısa sənədə uyğun davranmır, içlərindəki zəhəri tökür­dülər.

Sözümüz ondadır ki, “erməni zəhərini” bir referendumun nəticəsi aradan qaldıra bilməz. Ancaq, hər bir halda, Ermənistan cəmiyyəti ortaya xoş niyyət qoymalıdır. Qonşularla normal keçinəcəyinə dair iradə nümayiş etdirməlidir. Bunu etməlidir ki, inamımız yaransın. Ancaq Q.Minasyanın haqqında söz açdığımız açıqlamasından sonra erməni cəmiyyətinin müəyyən kə­simlərində baş qaldırmış mənfi ritorika onu deməyə əsas verir ki, Ermənistanda kons­titusiya dəyişikliyi məsələsinə qarşı çıxan qüvvələrin yaratdıqları isterik ab-hava mövcuddur. Rəsmi İrəvan ya bu ab-havanı yenmək istəmir, ya da gücü çatmır. Hesab edirik ki, birinci variant daha doğrudur. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət