Türkiyəli ekspert: Bakının BRICS-ə qoşulmaqla bağlı müraciəti Prezident İlham Əliyevin diplomatik məharətinin göstəricisidir

post-img

Azərbaycanın BRICS-ə qoşulmaq üçün müraciət etməsi Prezident İlham Əliyevin diplomatik məharətinin və qlobal arenada prosesləri proqnozlaşdırmaq qabiliyyətinin göstəricisinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə telekanallarından birinin efirində Ankaranın Başkənd Universitetinin professoru Hasan Ünal deyib.

Ünal diqqəti Ümummilli Lider Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin uzunmüddətli balanslaşdırılmış xarici siyasətinə, o cümlədən Rusiya ilə münasibətlərə çəkib.

“Prezident İlham Əliyev siyasətə hər zaman balanslaşdırılmış yanaşma nümayiş etdirib və BRICS ilə bağlı qərar onun yüksək diplomatik istedadını və dünya proseslərini təhlil etmək bacarığını göstərdi”, -deyə ekspert bildirib.

Ankara universitetinin professorunun sözlərinə görə, Bakının BRICS ilə bağlı qərarı Türkiyə üçün də bir “yolgöstəricidir”.

Fransa və bir sıra digər dövlətlərdən Ermənistana silah tədarükü ilə bağlı müqavilələrə münasibət bildirən Ünal qeyd edib ki, İrəvanda hakimiyyət öz siyasəti ilə Rusiyadan tamamilə təcrid edilə bilər və bu, Moskvanın regionda yalnız Bakı ilə əməkdaşlıq edəcəyinə gətirib çıxaracaq.

Professor vurğulayıb ki, münasibətlərin normallaşması, kommunikasiyaların açılması Azərbaycandan daha çox Ermənistana lazımdır, çünki İrəvandan fərqli olaraq, Bakı Ankara ilə alternativ əlaqə marşrutuna malikdir.

Ekspert, eyni zamanda, qonşu ölkələr arasında ziddiyyətlərin aradan qaldırılmasında regional dialoqa söykənməyin vacibliyini qeyd edib və buna misal olaraq Türkiyənin daha əvvəl təklif etdiyi “3+3” platformasını göstərib.

Onun fikrincə, Qərb regionda qarşıdurmanı təkcə Ermənistan vasitəsilə deyil, həm də Gürcüstandan istifadə edərək artırmağa çalışır, lakin Tiflis bu təhlükəni vaxtında anladı və Rusiya ilə münasibətlərdə düşünülmüş kursla getməyə başladı. “Ümid edirəm ki, Gürcüstan “3+3” platformasında iştirakla bağlı mövqeyinə yenidən baxacaq”, -deyə ekspert bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Siyasət