Nurəddin Mehdixanlı: “Bu seçkilərə milli tariximizin önəmli uğurlarından biri kimi baxıram”

post-img

“Azərbaycan Respublikasının həyatında mühüm tarixi proses baş verir. 30 ildən sonra ölkəmizin bütün ərazisində Milli Məclisə seçkilərə start verilib. Bir çox partiyalar artıq öz namizədlərini irəli sürüblər, qeydiyyatdan keçərək seçki prosesinə qoşulublar. Bu günə qədər keçirilən seçkilərdən fərqli olaraq, bu seçkilər dünya ictimaiyyətinə Azərbaycanın suveren hüquqlarını bərpasının göstəricisidir”.

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Xalq artisti, tanınmış aktyor Nurəddin Mehdixanlı bildirib.

Xalq artisti xatırladıb ki, ərazilərimiz 30 ildən artıq bir müddətdə işğal altında qaldığı üçün  parlament seçkiləri üzrə səsvermə birbaşa o ərazilərdə keçirilə bilmirdi: “Təəsüf ki, dünya ictimaiyyəti buna göz yumurdu. Hətta bizə təzyiqlər, təkliflər olurdu ki, biz ərazilərimizin itkisi ilə barışaq. Şükürlər olsun ki, işğal altında qalan torpaqlarımız azad edildi. Bu gün Şuşada, Ağdamda, Laçında, Xankəndidə seçki məntəqələri qurulub. Vətəndaşlarımız öz iradələrini ifadə edəcəklər. Əlbəttə, mən də bu xalqın nümayəndəsi olaraq istəyirəm ki, bu seçkidə ilk növbədə haqqı olanlar qazansın. Dövlətimizə, xalqımıza, üçrəngli bayrağımıza, bütövlüyümüzə xidmət edənlər qazansınlar. Millət də, dövlət də bu seçkidən qazanclı çıxsın”.

N.Mehdixanlı onu da qeyd edib ki, bu gün Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü həzm etməyən qüvvələr var: “Bu seçkilər xalqımızın bir daha birlik və bütövlüyünün təcəssümüdür. Biz birliyin və bütövlüyün effektini Vətən müharibəsində gördük; parlaq qələbə gördük. Budur, bütün suverenliyimiz bərpa olunub. Ona görə də mən bu parlament seçkilərini tariximizdə və taleyimizdə çox ciddi bir proses, önəmli bir uğur hesab edirəm”.

Siyasət