ABŞ Prezidenti Co Bayden mart ayında yenidən işlənmiş nüvə strategiyasını təsdiqləyib. “The New York Times” (NYT) qəzeti ictimaiyyətə açıqlanmayan sənəd barədə yazır ki, bu sənəd Çinin nüvə arsenalının sürətlə genişlənməsi fonunda qəbul edilib. Strategiya “Nüvə Silahlarının İstifadəsinə dair Bələdçi” adlanır və onun məqsədi ABŞ-ni “Çin, Rusiya və Şimali Koreyanın mümkün koordinasiya edilmiş nüvə çağırışlarına” hazırlamaqdır. Amerika hərbi departamenti əmindir ki, yaxın onillikdə Çin öz ehtiyatı və nüvə silahlarının müxtəlifliyi baxımından ABŞ və Rusiya ilə rəqabət apara biləcək. Sənəd artıq Çində narahatlıqla qarşılanıb.
NYT yazır ki, strategiya hər dörd ildən bir yenilənir. Lakin sənəd o dərəcədə məxfidir ki, elektron formada mövcud deyil və az sayda çap nüsxəsi yalnız bir sıra milli təhlükəsizlik rəsmilərinə və Pentaqonun komandirlərinə təqdim olunub. Bununla belə, iki məmura bu dəyişiklik barədə ictimaiyyəti məlumatlandırmağa icazə verilib. Onların sözlərinə görə, Prezident Co Bayden vəzifəsindən ayrılmadan əvvəl Kon-qresə sənədlə bağlı açıq bildiriş göndərəcək.
Xatırladaq ki, iyul ayından etibarən ABŞ nüvə silahlarının sayı barədə məlumatları gizli saxlayır. 2023-cü ilin sentyabr ayına olan məlumata görə, ölkədə 3748 ədəd nüvə silahı var idi. Stokholm Sülh Araşdırmaları İnstitutu (SIPRI) bildirir ki, keçən il doqquz nüvə dövləti (Rusiya, ABŞ, Çin, Fransa, İngiltərə, Hindistan, Pakistan, İsrail və Şimali Koreya) arsenallarını modernləşdirməyə davam ediblər. SIPRI, həmçinin qeyd edir ki, operativ yerləşdirilmiş nüvə silahlarının sayı da artıb.
ABŞ-nin yeni nüvə strategiyası Çində narahatlıq doğurub. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Birləşmiş Ştatlar dünyada nüvə təhlükəsi ilə bağlı strateji risklərin ən böyük yaradıcısıdır. Mao Ninq iddia edir ki, Çinin nüvə arsenalı ABŞ-dəkindən azdır və o, nüvə silahının ilk istifadə edilməməsi siyasətini davam etdirir. Onun fikrincə, son illərdə ABŞ nüvə tərksilahı üzrə öhdəliklərindən yayınmaq üçün bəhanə kimi “Çin nüvə təhlükəsi ehtimalını” dilə gətirir. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə bildirib ki, “Çin müvafiq hesabatlardan ciddi narahatdır”.
Xatırladaq ki, ötən ay Çin beş rəsmi nüvə dövlətini nüvə silahının qarşılıqlı olaraq ilk istifadə edilməməsinə dair danışıqlar aparmağa və müqavilə bağlamağa və ya müvafiq siyasi öhdəliklər götürməyə çağırıb. Moskva və Vaşinqton Çinin təşəbbüsünü öyrənəcəklərinə söz veriblər, lakin siyasi müşahidəçilər indiki şəraitdə onun həyata keçirilməsi şanslarının zəif olduğunu vurğulayırlar.
S.ELAY
XQ