Arxayınlaşma sindromu

post-img

Bu bəla futbolda da məğlubiyyət gətirir

Son illər Azərbaycan futbolunun flaqmanına çevrilmiş “Qara­bağ” klubunun Razqrad şəhərində yerli “Ludaqorets” üzərində qazandığı 7:2 hesablı qələbəsindən sonra elə bir təəssürat yaran­mışdı ki, bundan sonra onun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə heç bir komanda mane ola bilməz. Bu, təkcə “Qarabağ”ın qatı azarkeşlərinin gəldiyi qənaət deyil­di. Bəlkə də, bütün Azərbaycan futbolsevərləri belə düşünür və buna şahid olmaq istəyirdilər. Lakin Avropa futbolunun nüfuzlu yarışmasına gedən yolda “Qarabağ”ın mərhələdən-mərhələyə daha güclü klublarla qarşılaşacağı istisna deyildi. Çempionlar Liqasının qrup mərhələsinə qalxan son pillədə də “Qarabağ”ın bəxtinə məhz belə bir komanda – Xorvatiyanın “Dinamo” Zaq­reb klubu çıxmışdı. 

Çərşənbə axşamı gecə saat 23:00-da baş tutan qarşılaşmada doğma meydan amili “Dinamo” Zaqrebin futbolçularına əlavə motivasiya ver­diyindən, onlar bu oyunda daha çox hücum edən tərəf kimi görünürdülər. Lakin ilk təhlükəli vəziyyət və hətta qol “Qarabağ”dan gəldi. Artıq oyunun 1-ci dəqiqəsində “Qarabağ”ın kapitanı Abdulla Zubir topu ələ keçirib mey­danın mərkəzindən əla hücum təşkil edərək, cərimə meydançasının sol küncünə – Leandro Andradeyə ötür­mə etdi. “Qarabağ”lı hücumçu topu ram edərək, qapıya güclü zərbə endir­di. Lakin top rəqibin müdafiəçisi Te­ofila-Katerinaya dəyib onu yerə sərdi. Müdafiəçiyə dəyib cərimə meydança­sının mərkəzinə sıçrayan top hücum­çumuz Juninionun qarşısına düşdü. Bu dəfə onun ötürməsindən sonra yenə də zərbə mövqeyinə çıxarılan Lean-dro ikinci dəfə çərçivəni dəqiq nişan aldı. Top “Dinamo”nun qapısının sağ küncündən tora qovuşdu, lakin Juni­nio ötürmə zamanı oyundan kənar vəziyyətə düşdüyündən qol hesaba alınmadı. 

Bundan sonra oyun daha gərgin xarakter aldı. “Qarabağ”ın qapısına vurulan künc zərbəsi zamanı, Bruno Petkoviçdən cərimə meydançasında əla ötürmə alan 10 nömrəli Martin Baturina qapının sağ küncünə güclü zərbə endirdi. Top “Qarabağ”ın qapı tirinə dəyib meydandan çıxdı. Aydın hiss olunurdu ki, meydan sahibləri qol vurmaq və oyunu öz istədikləri axara salmağa cəhd etsələr də, çox ehtiyat­lı oyun sərgiləyirlər. Top “Qarabağ” oyunçularına düşən kimi zaqreblilər dərhal müdafiəyə keçir və meydanın özlərinə aid hissəsində rəqiblərinə qol vəziyyəti yaratmağa imkan ver­məməyə çalışırdılar. 

Komandalar oyunun 28-ci dəqiqə­sinə qədər qarşılaşmada real bir qol vəziyyəti yaratmağa nail ola bilmə­dilər. Lakin 29-cu dəqiqədə meyda­nın “Qarabağ”a aid olan hissəsinin sol kənarında ötürmə alan Marko Pyasa yaranmış boşluqdan istifadə edərək, cərimə meydançasına yaxınlaşdı və qapıya güclü zərbə endirdi. Ağdam­lıların qapıçısı Fabian Buntiç topu tutmağa müyəssər olmasa da, qaytar­mağı bacardı. Lakin onun qaytardığı top təkrar Pyasanın qarşısına düşdü. Zaqreblilərin hücumçusu Marko ikin­ci cəhdində topu qapının sol küncünə göndərdi və komandasını hesabda irə­li çıxardı – 1:0.

Bundan bir neçə dəqiqə sonra ko­mandamız hesabı bərabərləşdirməyə yaxın oldu. 35-ci dəqiqədə sol cinah­dan hücuma qoşulan Elvin Cəfərqu­liyev qapıçı meydançasının yaxın küncünə ötürmə etdi. Zubir rəqibin qapısının yaxın küncünə zərbə endir­di. Lakin “Dinamo”nun qapıçısı qola imkan vermədi. 

43-cü dəqiqədə meydanın mərkə­zində əla ötürmə alan Juninio rəqib­lərin müdafiəçilərindən uzaqlaşa­raq, onun üzərinə şığıyan qapıçı ilə təkbətək çıxdı. Lakin bu fürsətdən yararlana bilməyib topu qapı tirinin üstündən vurdu. Sonra Benzia cərimə zərbəsindən topu qapının yaxın kün­cünə vurdu, top dirəyə dəydi və mey­danın ön xəttindən kənara çıxdı.

İkinci hissədə “Qarabağ”, sözün əsl mənasında, rəqibindən daha əzm-kar və güclü oyun nümayiş etdirsə də, bir-birinin ardınca ələ düşən qol vəziyyətlərini sağa-sola “xərcləyib”, tablodakı hesaba heç bir dəyişiklik edə bilmədi. 46-cı dəqiqədə Patrik Andrade qapıçı meydançasında al­dığı əla ötürməni 2 metrdən qola çe­virə bilməyib topu çərçivədən kənara vurdu. 63-cü dəqiqədə rəqibin cərimə meydançasının mərkəzində öz kapi­tanları Zubirdən ötürmə alan Juninio qapını dəqiq nişan alsa da, qapıçı zər­bəni dəf etdi. Bu, bəlkə də, “Qarabağ” komandasının oyunda yaratdığı və və­ziyyəti öz xeyrinə dəyişə biləcəyi ən real qol vəziyyəti idi. 

72-ci dəqiqədə Benziya qola yaxın oldu. Zaqreblilərin matçda ən yaxşıla­rından olan qapıçı İvan Nevistiç qola imkan vermədi. Qapısında qol gör­məyən rəqib əks hücumlarda əlinə düşən fürsətlərdən daha yaxşı isti­fadə etməyi bacardı. 75-ci dəqiqədə meydanın sağ kənarı boyunca “Qara­bağ”ın qapısına doğru şığıyan Batu­rina bir qədər mərkəzə meyillənərək, cərimə meydançasının sol kənarına əla ötürmə etdi. İkinci hissənin ortala­rında meydana çıxan Sandro Kuleno­viç topu ustalıqla ram edərək, qapının uzaq küncünə zərbə endirdi - 2:0.

80-ci dəqiqədə zaqreblilər daha bir hücum təşkil etdilər. Oyunun ən fəallarından olan Baturina meydanın sağ yarısından, az qala, qapıçı mey­dançasının ön xəttinə gözəl və dəqiq ötürmə etdi. Xuan Kordoba ağdamlı müdafiəçini qabaqlayıb qapıya zərbə endirdi. Qapıçı Buntiç komandasını xilas etsə də, topu sağ küncə vurdu. Amma “Qarabağ” üçün bəlaya çev­rilən Kulenoviç özünü yetirdi və cə­rimə meydançasında topu qapı tirinin altından tora qovuşdurdu - 3:0. Oyun elə bu hesabla da başa çatdı. 

Etiraf etmək lazımdır ki, Avropa futboluna tanınmış simalar verən “Di­namo” Zaqreb kimi klubla belə arxa­yın və ehtiyatsız oyun oynamaq əsla məqbul hesab edilə bilməz. Bu, Çem­pionlar Liqasının qrup mərhələsinə yüksəlmək yolunda ilk qarşılaşma olsa da, 0:3 hesablı məğlubiyyət “Qa­rabağ”ı çox çətin bir duruma saldı. İndi komandamıza bu nüfuzlu turnirin qrup mərhələsində oynamaq və azar­keşlərinə qürur yaşatmaq üçün doğma meydanda, ən azı, 4 qol vurmaq lazım gələcək. Ümid edək ki, Bakıda keçi­riləcək cavab qarşılaşmasında “Qara­bağ” öz əzmkar oyunu ilə bu nəticəni əldə edəcək və qrup mərhələsinə yük­sələcək. 

İlqar RÜSTƏMOV
XQ





İdman