Azərbaycanın uğurlarına paxıllıq edənlər bütün sərhədləri aşırlar
ABŞ-nin “Politico” qəzeti BMT-nin Azərbaycanın evsahibliyi edəcəyi, qlobal iqlim dəyişikliklərinə həsr olunmuş beynəlxalq tədbirinin – COP29-a dəvətlilərin Bakıya getmələri məsələsində “tərəddüd etdiklərini” yazıb.
“Dünyanın bütün növ şirkətləri bu il Azərbaycanda keçiriləcək COP29 qlobal iqlim sammitinə bəlkə də Donald Trampın prezident seçkilərində qalib gəlməsi perspektivindən qorxaraq, ya tədbirə getməməyi, ya da ora kiçik nümayəndə heyətlərini göndərməyi planlaşdırırlar”. Qəzet bu zaman həmin şirkətlər arasında bu mövzuda sorğunun nə zaman və harada keçirildiyi barədə bir kəlmə də demir. Yəni, xəbərin uydurma təxəyyülün məhsulu, ən önəmlisi isə sifarişli olduğu dərhal nəzərə çarpır.
Əslində, BMT-nin iqlim dəyişikliyi ilə bağlı ən mötəbər beynəlxalq tədbirinin Azərbaycanda keçiriləcəyi barədə qərarından sonra başda ermənipərəst kollektiv Qərb olmaqla, bədxahların ölkəmizə qarşı informasiya kampaniyasına başlayacaqları gözlənilən idi. Bununla bağlı xaricdəki erməni lobbisinin, diasporunun müxtəlif təşkilatlara müraciət etdikləri, məktub göndərdikləri barədə yazmışdıq. Axı, həmin separatçı-daşnaklar Ermənistanın COP29-un Bakıda keçirilməsi üçün Azərbaycana güzəştə getməsi faktı ilə heç cür barışa bilmirlər. Onların qarınlarına sancı salan əsas səbəblərdən biri də elə budur.
Daha sonra nəşr yazır ki, Bakı, guya, dünyanın hər tərəfindən gələcək minlərlə qonağı qəbul etmək iqtidarında deyil. Guya, Bakının mehmanxanalarında o qədər qonağı yerləşdirmək üçün yer çatışmazlığı var. Belə məlum olur ki, təxribatçı məqalə müəllifi, yaxud müəllifləri Azərbaycan paytaxtında olmayıb və bu səbəbdən onlarda Bakının Azərbaycana gələcək xarici qonaqların sayı və onların yerlə təmin olunması məsələsində şübhələr əmələ gəlib. Ardınca daha bir ağ yalan üfürülür ki, əgər BMT mövcud reallıqdan xəbərdar olsaydı, bu halda COP29-un Azərbaycan paytaxtında keçirilməsinə çalışmazdı.
Qəzetin başqa bir yalanı isə bundan ibarətdir ki, guya, Bakıda belə genişmiqyaslı konfrans və seminarların keçirilməsi üçün zəruri məkan azdır. Ağ yalan oxucunun gözünə girir! Bakıda son illərdə inşa edilmiş müasir biznes mərkəzlərində, konfrans zallarında, dünya standartlarına cavab verən beynəlxalq forum və seminarlar keçirilib.
“Politico”nun Azərbaycanın ünvanına yağdırdığı uydurma ittihamlardan biri də COP29-a bir neçə gün qalmış Donald Trampın prezident seçiləcəyi təqdirdə Vaşinqtonun Bakıya rəsmi nümayəndə heyətini göndərməyəcəyi barədə versiyasıdır. Səbəb Trampın iqlim dəyişikliyi mövzusuna qətiyyən maraq göstərmədiyi, hətta ABŞ-ni Fransa Sazişindən çıxarmaq barədə qərar verəcəyi ehtimalıdır. Feyk-xəbərin diplomatik altqatını sezdinizmi? Haypərəst nəşr bu psevdo-versiyasını ortaya atmaqla Ağ evin yeni administrasiyasında COP29-da
iştirakla bağlı tərəddüdlərin yarana biləcəyini “təxmin edir”. Təpədən-dırnağadək erməni siyasi texnologiyasının izi ideoloji ssenarinin növbəti fəslinə diqqət edin: “Böyük Britaniyanın enerji sənayesi rəsmilərindən biri qəzetə deyib: “Azərbaycanla bağlı sənaye həyəcanı o qədər də yüksək deyil”. Ardınca əlavə edir: “İngilis rəsmisi bunu “insanları əsəbiləşdirən pis ev sahibi seçimi” ilə əsaslandırıb.
Feyk-xəbərinə mötəbərlilik və inandırıcılıq qatmaqdan ötrü, hətta, Böyük britaniyalı naməlum məmura “istinadla” şərhi də nəşrin qərəzli və sifarişli fəaliyyətindən şübhələnməyə kifayət qədər arqument verir.
Bizim üçün ABŞ nəşrinin Bakının COP29-a evsahibliyinə qarşı “əks-arqumenti” daha böyük maraq kəsb etdi. Ən azı, bu “arqumentin” başdan-ayağa yalan olduğunu əyani şəkildə sübuta yetirmək üçün “Politico”nun rəhbərlərini Bakıya – COP29-a dəvət etmək istərdik. Gələrsiz, görərsiz...
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı
“Politico” qəzeti yazır ki, guya, dövlət liderlərinin bir qrupu və böyük şirkət sahibləri Bakıdakı tədbirdə iştirak etməyəcəklər. Əksinə, iqlim dəyişikliyi ilə bağlı deməyə sözü olan liderlər və şirkət rəhbərləri Bakıda iştirak etməkdə maraqlı olacaqlar. Əlbəttə, Fransa prezidenti Emmanuel Makronu Bakıda heç kim gözləmir, yerdə qalan dövlət başçıları və baş nazirlər isə Bakıdakı tədbirdə iştirakdan imtina etməzlər. Enerji şirkətləri yaşıl enerji sahəsində pay sahibi olmaq və gəlir əldə etmək istəyirlər. Tək elə bu səbəbdən həmin şirkətlər Bakı konfransında iştirakda maraqlı olacaqlar.
Ermənipərəst nəşr diqqəti ona yönəldir ki, Donald Tramp ABŞ prezidenti seçilərsə, onun administrasiyası iqlim dəyişikliyi mövzusuna maraq göstərməyəcək və bu səbəbdən Vaşinqton Bakıya nümayəndə heyəti göndərməyəcək. Birincisi, Donald Tramp hələ rəqibi Kamala Harris üzərində qələbə qazanmalıdır. Son sorğular namizədlərin reytinqlərinin yaxın olduğunu göstərir. İkincisi, ABŞ-nin başı prezident seçkilərinə qarışsa da, bütün hallarda Vaşinqtondan Bakıya nümayəndə heyəti göndəriləcək. Çünki iqlim dəyişikliyi ilə bağlı Ağ ev rəsmilərinin də deməyə sözləri var.
Bundan əvvəlki iqlim dəyişikliyi konfransı Birləşmiş Ərəb Əmirliklərində – Dubayda keçirilib. Orada hansı müzakirələr gedibsə, hansı qərarlar verilibsə, Bakı da eynisinə iddialıdır. Əgər böyük dövlətlər Bakıdakı konfransda razılaşmalar əldə etməyəcəklərsə, bu, Azərbaycanın deyil, dünyanın problemi olacaq. Azərbaycan o dövlətlərdəndir ki, iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlərin görülməsinin tərəfdarıdır.
Beləliklə, COP29 tədbiri yaxınlaşdıqca anti-Azərbaycan mərkəzlərin və onlarla əlbir olan erməni lobbisinin fəallığının artacağı gözlənilən idi. Önəmli olan tədbirə yüksək səviyyədə hazırlaşmaq və qonaqpərvərliyimizi nümayiş etdirməkdir. Bunu bacaracağımıza heç kəs şübhə etməsin.
İ.HƏSƏNQALA
XQ