Baqratı payızda sayarlar!

post-img

Gələn aydan etibarən radikal revanşistlərin Ermənistanda yeni etiraz aksiyalarına başlayacaqları gözlənilir. Yaz aylarında “Vətən naminə Tavuş” adlı qondarma hərəkat yaradan, sonra isə onun uğursuzluğunu görüb “Müqəddəs mübarizə” adını seçən erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bunun anonsunu hələ iyulun 22-də verib. O, payızda etiraz aksiyalarının mütəşəkkil olması üçün indidən ciddi hazırlıq işləri görür. Bu məqsədlə İrəvanın rayonlarını, ölkənin digər şəhər və rayonlarını, kəndləri gəzib-dolaşır, əhali ilə görüşlər keçirir, onlar arasında hakimiyyət əleyhinə təbliğat işi aparır. Eyni zamanda, Qalstanyan müxalif siyasi düşərgədən daha çox insanı öz sıralarına cəlb etməyə çalışır. Ancaq siyasi qüvvələrin heç də hamısı onun çağırışına müsbət cavab vermir. Belələrindən biri İrəvanın sabiq meri, “Yeni qüvvələr” partiyasının lideri Hayk Marutyandır.

“Joxovurd” qəzeti yazır ki, Marutyan bu ilin sentyabrından aktiv siyasi fəaliyyətə başlayacaq. Nəşr xatırladır ki, Qalstanyanın rəhbərlik etdiyi hərəkat da sentyabrda aktiv mübarizəni bərpa etməyi planlaşdırır. Bununla belə, Marutyanın partiyası etiraz hərəkatına qoşulmaq niyyətində deyil. “Yeni qüvvələr” partiyasının rəhbərliyində təmsil olunan Qriqor Yeritsyan bildirib ki, onların fikrincə, növbədənkənar seçkilər mövcud vəziyyətdən çıxış yolu ola bilər: “Aydındır ki, hərəkat (Baqratın hərəkatı nəzərdə tutulur–S.H.) təmsilçiləri növbədənkənar seçkilərə getmək niyyətində deyillər. Bundan əlavə, hərəkatda bizim üçün qəbuledilməz fiqurlar da iştirak edirlər”.

O, həmçinin bildirib ki, Marutyan və komandası Ermənistanın bölgələrinə səfər edəcək, orada vətəndaşlarla görüşlər keçirəcək. “Yeni qüvvələr”in lideri partiya strukturlarını da inkişaf etdirmək niyyətindədir. Xatırladaq ki, “Yeni qüvvələr” partiyasının qurultayı bu ilin mayında olub.

Siyasi qüvvələrin Baqratın hərəkatına maraq göstərmədiklərinə baxmayaraq, Qalstanyan, necə deyərlər, özünü o yerə qoymur. Keşiş Ermənistanın Martuni rayonunun sakinləri ilə görüş zamanı deyib: “Biz çox çətin və mürəkkəb, lakin nəticə əldə edilməsi mümkün olan yol seçmişik. “Çətindir, çünki biz geosiyasi qüvvələrin bizim üçün yalvarışlarına (?) icazə verməmişik. Əgər hansısa əlaqə yaransa, o, ləyaqətli şəkildə olacaq. Biz çoxlu zəng və təkliflər aldıq, amma hamısı rədd edildi. Onlar (Ermənistan hakimiyyəti–S.H.) hər yerdə yalvarırlar ki, öz mövqelərini, pullarını saxlaya bilsinlər. İyunun 12-də iqtidarın qana susadığını gördüyümüz üçün mübarizəmizin davamı fərqli metodologiya ilə, fərqli hərəkətlərlə, mümkün qədər təmassız üsullarla olacaq. Biz taktikanı dəyişmək barədə düşünürük”.

“Hraparak” qəzeti isə öz mənbələrinə istinadən yazır ki, İrəvan polis idarəsinin xüsusi təyinatlı batalyonunun komandiri Haykaz Comardyanın rəhbərlik etdiyi təhlükəsizlik qüvvələri B.Qalstanyanın paytaxtın rayonlarında hərəkatın tərəfdarları ilə görüşlərini müşayiət edir. “Müxalifətin görüşlərinin başlanmasına bir neçə saat qalmış daxili işlər nazirliyi əraziyə, necə deyərlər, desant çıxarır. Bütün görüş ərzində isə dəstəyə nəzarəti və idarəetməni qırmızı beretlilərin məşhur rəisi Haykaz Comardyan həyata keçirir” – deyə nəşr yazır. Qəzetin bildirdiyinə görə, yığıncaqların keçirildiyi ərazidə əməliyyat nömrə nişanlı avtomobillər də olur ki, oradan görüş iştirakçılarını mobil telefonlarla çəkirlər. Qeyd edilib ki, Qalstanyanın Avan inzibati dairəsinin Çarav Axbyur rayonunda keçirilən görüşünü Comardyan mülki geyimdə şəxsən izləyib: “Arxiyepiskop görüş başa çatdıqdan sonra uşaqlarla futbol oynayıb. Comardyan isə oyunun başa çatmasını gözləyib, yalnız Qalstanyan getdikdən sonra, gecə yarısı ərazini tərk edib”.

Məlumata görə, Qalstanyan tərəfdarları ilə görüşdən üç gün əvvəl, Çarav Axbyur, kafesinə gedib və Comardyanın fotosunu divardan götürüb. Məlum olub ki, sonuncu bu kafenin sadiq qonağıdır, ona görə də onun şəkli divara yapışdırılıb.

Öz növbəsində hakimiyyət də müxalifətin fəaliyyətini əngəlləmək üçün əməllərindən qalmır. Hayastanda rus dilində nəşr olunan “Qolos Armenii” qəzetinin yazdığına görə, həm payızda gözlənilən etiraz aksiyalarının uğursuz olmasını, həm də 2026-cı ildə parlament seçkilərində qələbəni təmin etmək üçün hakim “Mülki müqavilə” partiyasının sıralarında “təmizlənmə” prosesi başlanıb. Qeyd edilir ki, Nikol Paşinyan məzuniyyətdə olduğu üçün “Mülki müqavilə”nin idarə heyətinin iclasları bir neçə həftədir keçirilmirdi. Avqustun 13-də Paşinyanın iştirakı ilə idarə heyətinin iclası baş tutub. Onun iclasa qatılması səbəbindən paytaxtın Sayat-Nova prospekti tamamilə iflic olub.

Partiyanın yaydığı xəbərə görə, iclas Paşinyanın sədrliyi ilə keçib. Toplantıda “Mülki müqavilə”nin paytaxtın bir sıra rayonları üzrə yerli təşkilatlarının başçıları dəyişdirilib. “Qolos Armenii” onu da bildirib ki, Paşinyan vilayətlərdə və inzibati rayonlarda rəhbər vəzifələrə səlahiyyətindən sui-istifadə etməyən və verilən tapşırıqları dinməz-söyləməz icra edən şəxsləri gətirməyə çalışır. O da bildirilir ki, baş nazirin mütəmadi olaraq bölgələrə, eləcə də paytaxtın müxtəlif inzibati rayonlarına səfər etməsinin bir səbəbi də budur. Məlumata görə, yaxın vaxtlarda “Mülki müqavilə”nin müxtəlif rayon təşkilatlarının rəhbərlərinin fəaliyyəti dayandırılacaq və onlar yeniləri ilə əvəz olunacaq.

Hakimiyyət nümayəndələri, həmçinin yerli sakinlərin B.Qalstanyanla görüşlərdə fəal iştirak edəcəkləri təqdirdə, vilayət icmalarının rəhbərlərini dövlət subsidiyalarından məhrum edilməklə hədələyiblər. “Panorama.am” saytı bu barədə yazır: “Ararat (Zəngibasar–S.H.) vilayətinin inzibati rəhbərlərindən biri bizə dedi ki, arxiyepiskopun səfərindən əvvəl yerli hakimiyyət orqanları icmaların başçılarına və inzibati rəhbərlərə xüsusi xəbərdarlıq ediblər. Deyilib ki, onların icmalarında arxiyepiskopla görüşlər izdihamlı olarsa, bu icmalar dövlət proqramlarını və subsidiyalarını itirəcəklər. Hətta təqaüdçüləri də təqaüddən məhrum etməklə qorxudublar”.

Saytın yazdığına görə, vilayətlərin sakinləri şəhər və kəndlərinin hakimiyyətin hədəfinə çevrilməməsi üçün hətta fəal müxalifətçiləri də Qalstanyanla görüşlərdə iştirak etməməyə inandırmağa başlayıblar. Nəşr qeyd edib ki, arxiyepiskopun tərəfdarları ilə Zəngəzur və Kərkibasar (haylar bu qədim yurd yerlərimizi müvafiq olaraq Sünik və Araqatsotn adlandırırlar) bölgələrində keçirdikləri görüşlər Zəngibasar və Göyçə (Qeqarkunik) ilə müqayisədə daha izdihamlı olub.

Qeyd edək ki, qondarma “Vətən naminə Tavuş” hərəkatı mayın 4-də Azərbaycanla sərhədlərin delimitasiyanın dayandırılması və hakimiyyətin istefası tələbi ilə sərhədyanı Kirants kəndindən İrəvana yürüşə başlamışdı. İyunun 12-də hərəkat parlament binası yaxınlığında mitinq keçirmişdi. Həmin vaxt binada Paşinyanın iştirakı ilə hökumət saatı keçirilirdi. Etirazçılar polislərin səfini yarmağa cəhd edəndə vəziyyət gərginləşmiş və asayiş keşikçiləri xüsusi avadanlıqlardan istifadə etmək məcburiyyətində qalmışdı. Həmin gün aksiya iştirakçıları arasından xeyli saxlanılanlar olmuşdu.

İrəvan məhkəməsi isə dünən parlament binası yaxınlığında polislə toqquşma zamanı saxlanılan 12 müxalifət fəalının həbs-qətimkan tədbirini dəyişib. Bu barədə jurnalistlərə məlumat verən vəkil Ruben Melikyan bildirib ki, hakim prosesdə həbs-qətimkan tədbirinin dəyişdirilməsi və 8 siyasi məhbusun ev dustaqlığından, 4 siyasi məhbusun isə həbsdən azad edilməsi barədə qərar qəbul edib. Onlar barəsində başqa yerə getməmək və inzibati nəzarət tədbiri tətbiq edilib.

Daha əvvəl vəkil jurnalistlərə açıqlamasında bildirmişdi ki, 16 müxalifətçidən 15-i xuliqanlıqda, biri isə kütləvi iğtişaşlarda ittiham olunur. Baqrat isə keçirdiyi brifinqdə demişdi ki, bütün müttəhimlər siyasi təqibin qurbanı olublar və müttəhimlər kobud və qeyri-mütənasib güc tətbiq edən polis olmalı idi.

Onu da qeyd edək ki, yay fəsli, adətən, siyasi proseslərin sönük keçməsi ilə xarakterizə olunur. Bütün ölkələrdə siyasi qüvvələr bu fəsildə fasilə götürürlər. Ermənistanda isə yayda temperaturla yanaşı, siyasi hərarət də yüksəkdir. Bu isə payızda proseslərin daha qızğın keçəcəyini söyləməyə əsas verir.

Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov da müxalifətin qarşıdakı aylarda Hayastanda gərginlik yaratmağa çalışacağını düşünür. Ancaq o hesab edir ki, radikal revanşistlərin hakimiyyəti yenidən ələ keçirmək şansı çox azdır. Politoloq öz fikirlərini müxalifətin utopik fikirlər irəli sürməsi ilə əsaslandırdı. Qeyd etdi ki, Baqrat və tərəfdarları mövcud iqtidarın devrilməsindən sonra bütün problemlərin həllini tapacağını vəd edirlər: “Onların fikrincə, Ermənistanın yeganə problemi Paşinyan və onun iqtidarıdır. Halbuki erməni xalqı müharibədəki məğlubiyyətdən sonra da yenidən Nikola etimad göstərdi. Digər tərəfdən xalq başa düşür ki, Paşinyan hakimiyyətdən devrilsə, Qarabağ klanı gec-tez iqtidara yiyələnəcək. Klanın əsas təmsilçiləri olan Robert Koçaryan və Serj Sarkisyanın nüfuzu isə çox aşağıdır”.

Z.Məmmədov onu da bildirdi ki, haylar B.Qalstanyanın timsalında, əslində, Koçaryan–Sarkisyan cütlüyünə “yox!” deyir. Onun payızda, yaxud ilin digər fəsillərində aktivləşməsinin, yürüş etməsinin, mitinqlər keçirməsinin faydası olmayacaq.

Səxavət HƏMİD 
XQ

 



Siyasət