Stanonun Paşinyanın “avrointeqratorlar”ına reallıq dərsi

post-img

Aİ rəsmisi İrəvanın ucuz populizmini necə faş etdi?

Avropa İttifaqının xarici əlaqələr üzrə mətbuat katibi Piter Stano Ermənistandakı “Avropa inteqratorlar”ının pafos közünün üstünə su səpib. O, reallığı dilə gətirərək, sabun köpüyü ritorikasından uzaq durulmasının vacibliyi üzərində dayanıb. Stano nələri deyib, bu barədə söz açacağıq. Hələlik isə Ermənistan hakimiyyətinin və onun tərəfdarlarının Avropaya inteqrasiya xüsusunda zaman-zaman səsləndirdikləri tezislərin mahiyyətinə diqqət yetirək.

Məlum olduğu kimi, baş nazir Nikol Paşinyan və komandasının üzvləri, həmçinin onlara yaxın ekspert və politoloq cameəsinin təmsilçiləri çox tez-tez Avropaya inteqrasiyanın vacibliyindən danışırlar. Nəinki danışırlar, məsələni Ermənistanın ənənəvi Rusiya xəttindən uzaqlaşması fonunda təqdim edir, habelə mövcud xüsusda anti-Rusiya təbliğatı aparırlar. 2018-ci ildən, yəni qərbpərəst N.Paşinyanın iqtidara yiyələnməsindən sonra ölkənin xarici siyasətinin ən mühüm seqmentini məhz bu istiqamətdəki hərəkət və davranışlar təşkil etməkdədir. 

Ancaq Nikol və komandasının irəli sürdükləri tezislər heç də həmişə uğurlu olmayıb. Üstəlik, İkinci Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyətin doğurduğu və aradan qalxmayan aqonik durum var.  Erməni hakimiyyətinə zidd daxili qüvvələr Qərbin müharibədə ölkəni təkbaşına, köməksiz halda buraxdığını vurğulayıblar. Sual olunur: indi Qərbin ermənilərə ürəyi yanır? Əlbəttə ki, yox!

44 günlük müharibənin gətirdiyi fəlakətlər erməni “avrointeqratorlar”ın mövqeyini zəif salan son dərəcə tutarlı amildir. Bu amilə görədir ki, Paşinyan iqtidarı Rusiyadan ayrılaraq Qərbə yaxınlaşmanın vacibliyini heç vaxt lazımi qədər əsaslandırıb üstünlüyə yiyələnə, siyasi dividend qazana bilmir. Amma cari ilin aprelində bir qədər fərqli durum meydana çıxdı. Məlum olduğu kimi, Brüsseldə ABŞ–Avropa İttifaqı–Ermənistan formatında yüksək səviyyəli görüş keçirildi. Həmin görüşdə həm İrəvana konkret yardım paketi təsdiqləndi, həm də üçtərəfli təmas əsnasında Ermənistanın Aİ-yə qoşulacağına dair rəyin formalaşdırılmasına start verildi. 

Əslində, haqqında söz açdığımız yüksək səviyyəli görüşü Ermənistanın Aİ-yə qoşulmasının mesajı kimi təqdim edən Paşinyanın komandası idi. Yəni, Aİ tərəfdən mövcud istiqamətdə nikbin fikirlər səslənmirdi. Hərçənd, bədbin düşüncələr də gündəmə gəlmirdi və gələ bilməzdi. Avropalılar məsələyə diplomatik tərzdə yanaşır, Ermənistanın Aİ-yə üzvlüyü barədə pozitiv ruhlu ehtimallarını səsləndirirdilər. Yəni “nə zamansa belə bir şey ola bilər” kimi deyimlər var idi. Bu deyimlər Ermənistanın anti-Rusiya ovqatına rəng qatmağa hesablanır, illüziya yaradırdı. Üstəlik, rəsmi İrəvanın təmsilçiləri də avropalıların pozitiv yüklü fikirlərini Rusiyadan ayrılmaq yönümlü fəaliyyətlərinin uğuru qismində önə çəkirdilər. Beləliklə, hər iki tərəf bir-birini bilərəkdən aldadırdı. Aldanmada ən böyük pay sahibi isə erməni cəmiyyəti olurdu. 

İndi P.Stano bildirir ki, Ermənistanla Aİ arasındakı təmaslar heç bir halda birincinin Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar demək deyil. Onun söylədikləri erməni müxalif kəsimində bomba effekti yaradıb. Bu kəsimin nümayəndələri vurğulayırlar ki, Stano dedikləri ilə erməni xalqını aldatmaqda davam edən, bütün fəlakətlərə, itkilərə, Qarabağın əldən çıxmasına, milli rüsvayçılığa görə cavabdehlik daşıyan Paşinyan iqtidarının üzünə tüpürüb. Məsələ niyə belə sərt qoyulur? Ona görə ki, rəsmi İrəvan və ona yaxın şəxslərin dediklərindən belə çıxırdı ki, Qərbə yaxınlaşmaq və ölkə üçün tamamilə yeni səhifə açmaq naminə Qarabağdan və digər işğal edilmiş Azərbaycan ərazilərindən uzaq durmaq vacibdir. Əlbəttə, onlar bu tezisi 44 günlük müharibədən sonra işə salmışdılar. Müharibəyə qədər isə erməni “məxməri inqilabı”nın başbilənlərinin təcavüzü leqallaşdırmaq, hətta yeni işğallar üçün “müqəddəs motivlər” uydurmaq missiyası ön planda idi. Halbuki N.Paşinyan hakimiyyətə gəlməzdən öncə vurğulamışdı ki, Qarabağ Ermənistanın çiynindən asılmış ağır daşdır və ölkə bu daşı atmalıdır... 

Əlqərəz, hazırda P.Stanonun dilə gətirdikləri erməni iqtidarının səmimiyyətdən uzaq obrazındakı boz rəng çalarlarının növbəti dəfə ortaya qoyulmasıdır. Ermənistanın müxalif kəsimi onun sözlərinə istinad edərək, Azərbaycanın Aİ üçün önəmini vurğulayan fikirləri gündəmə gətirir və bildirir ki, qurum Cənubi Qafqaz regionunda öz prioritetlərini müəyyənləşdirib. Bu prioritetləri Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen açıqlayıb. Məlumdur ki, xanım Lyayen Azərbaycanla və Türkiyə ilə strateji tərəfdaşlığın önəmini vurğulamışdı. Bu sıraya Avropaya enerji nəqli ilə bağlı Bakı–Brüssel anlaşmasını da əlavə etsək, Stanonun söylədiklərindən sonra erməni müxalifətinin ölkə iqtidarına deyəcək “ürək sözlərinin” az olmadığı qənaətinə gələ bilərik. 

Qeyd edək ki, sıravi erməni Aİ–Ermənistan yaxınlığını ancaq Avropaya maneəsiz səyahət kimi təsəvvürə gətirir. Əslində, rəsmi İrəvanın da təbliğatını apardığı başlıca məqam budur. Belədə sual yaranır: həmin o sıravi erməni “köhnə qitə”ni hansı maliyyə ilə gəzəcək? O, Romanın, Milanın, Madridin, Berlinin küçələrində soyutma yumurta ilə bulka yeyərək, şəkil çəkdirərək xoşbəxt ola biləcəkmi? Yaxud onun təyyarə biletinə pulu çatacaqmı? 

İndiki halda ermənilərin Avropaya sərbəst gedişi baxımından ən böyük qazanc şengen vizası almaq üçün ödənilməyəcək 60 avro ola bilər. Yəni, Paşinyan və tərəfdarlarının avrointeqrasiya təfəkkürü yalnız bu qədər fayda üzərində qurulub. Ortada, kifayət qədər, bəsit mənzərə var. Nəzərə alaq ki, Avropa ilə viza rejiminin ləğvi hələ heç nə demək deyil. Əslində, P.Stanonun da dolayısı ilə diqqətə çatdırdığı elə budur. 

Yeri gəlmişkən, Avropadan Ermənistan üçün viza ləğvinin nə demək olduğu ilə bağlı bəyanatlara diqqət yetirəndə görürsən ki, məsələnin məğzi heç də viza rejiminin tamamilə aradan qaldırılmasından ibarət deyil. Sadəcə, turistik məqsədlər ön plandadır. Necə deyərlər, ölmə eşşəyim ölmə, yaz gələndə yonca bitəcək. Əslində, Stano bu deyimin Ermənistan üçün aktuallığını təsdiqlədi. Qalır ermənilərin reallığın üzünə dik baxa bilmələri...

Aydındır ki, indiki durumda Avropa üçün yeni mühacir axını tam gərəksizdir. Ac-yalavac ermənilərə isə ehtiyac heç yoxdur. Digər tərəfdən, ortada Gürcüstan presedenti var. Hazırda gürcü vətəndaşlar Avropaya maneəsiz gedib-gəlirlər. Ancaq bunun özü də ölkənin Aİ-yə üzvlüyü anlamına gəlmir. Hərçənd Gürcüstan Qərbə inteqrasiya baxımından Ermənistandan qat-qat irəlidədir və Avropa ailəsinin tamhüquqlu üzvü olmaq yolunda xeyli məsafə qət edib. Paşinyan iqtidarının yalanı isə həm də ondadır ki, bu iqtidar heç bir zəruri prosedurlardan keçilmədiyi halda, Ermənistanın Aİ-yə qoşulması məntiqinin təbliğinə girişir. 

Ancaq Nikolu heç də tam mənada axmaq adlandırmaq doğru sayılmaz. Diqqət yetirək, hazırda avropalılar gürcü hakimiyyəti ilə yaranmış fikir ayrılıqları fonunda ölkə vətəndaşlarının Avropaya maneəsiz gediş-gəlişinin ləğvinə çağırırlar. Deməli, burada heç də tam mənada hansısa prosedurların yerinə yetirilməsinin vacibliyindən söhbət getmir. Paşinyan da yaxşı anlayır ki, Avropa, daha doğrusu, Aİ istəsə, bütün prinsipləri heçə sayıb bilavasitə siyasi qərar verə bilər. Ona görə də erməni iqtidarı və tərəfdarları necə deyərlər, barıtı artıq edirlər. Bu, əslində, Aİ-yə ünvanlanmış şantajdır. Təxminən belə: biz sizin üçün Rusiya ilə mübarizə aparırıq, siz də bizim üçün nə isə etməlisiniz.

Ancaq Paşinyan və tərəfdarlarının unutduqları bir mühüm məqam da var. Ermənistanla Aİ arasında viza rejimi aradan qalxsa, bir qədər uzaq perspektivdə İrəvan quruma üzv qəbul olunsa, üç milyonluq ölkədə heç kəs qalmayacaq. Ac-yalavac ermənilərin Avropaya axın edəcəklərini vurğuladıq. Belə bir gedişat Qərbdə heç kəsə lazım deyil. Təkcə ona görə yox ki, Avropa yeni miqrant axınını arzulamır. Eyni zamanda, o səbəbdən ki, Qərb üçün Ermənistanda  kiminsə, kimlərinsə qərar tutmaları, yaşamaları vacibdir. Ölkədə kimsə qalmalıdır ki, o kimsələri idarə edəcək hakimiyyət də mövcud olsun. Hakimiyyətin mövcudluğu isə Cənubi Qafqazda avantürizmin saxlanılması baxımından şərtdir. 

Ümumiləşdirmə aparsaq, belə qənaətə gələ bilərik ki, P.Stano Ermənistan üçün “Avropa cənnəti”nin yalnız yuxuda ola biləcəyinin anonsunu verdi. Əvvəldə də bildirdiyimiz kimi, bu anons erməni iqtidarının riyakar mahiyyətinin növbəti sübutudur. Deməli, Paşinyan və komandasının Aİ-yə qoşulmaqla bağlı ölkədə referendum keçirilməsinə dair bildirdikləri ucuz şoudan başqa bir şey deyil. Stano bu kimi şoulara da ehtiyacın duyulmadığını demiş oldu. Görək, Paşinyan və onun “avrointeqratorlar”ı Qərbyönümlü xəttin vacibliyini əsaslandırmaq üçün başqa hansı yalanlar uyduracaqlar. Bu “potensialın” onlarda yetərincə güclü olduğuna əminik.  

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət