Nankorluqda həyasızlıq etüdləri

post-img

Kursk böhranı və erməni iqtidarının anti-Rusiya ovqatı

Ukrayna ordusunun Rusiya ərazisində – Kurskda həyata keçirdiyi hərbi əməliyyatlar Ermənistanın qərbpərəst kəsiminin təmsilçilərində böyük sevinc hissi doğurub. Onların irəli sürdükləri başlıca sual budur: Rusiya öz sərhədini qoruya bilmirsə, Ermənistanı necə qoruyacaq? 

Sual Ermənistandakı ruspərəst qütbə, daha doğrusu, mütləq əksəriyyəti ruspərəstlərdən ibarət aparıcı müxalifətə yönəlib. O müxalifətə ki, şovinist xislətlidir, Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyətin revanşından danışır, bu zaman Rusiyanın gəlib hər şeyi ermənilərin yerinə edəcəyinə dair sərsəm düşüncələrə baş vurur. 

Bəli, sırf bu suala görə qərbpərəst erməniləri haqlı saymaq mümkündür. Çünki nəticə göz önündədir. Yəni Ukrayna ordusu Kurskda hərbi əməliyyat reallaşdıra bilirsə, deməli, Rusiya öz sərhədlərini qorumaqda çətinlik çəkir. Hərçənd durumun pərdəarxası başqa məqamlarının olması ehtimalı da nəzərdən qaçmamalıdır... 

Əlqərəz, mövzumuz Rusiya–Ukrayna müharibəsindəki hazırkı vəziyyətə görə erməni hakim siyasi industriyasında sevinc ab-havasının yaşanmasıdır. Daha doğrusu, baş nazir Nikol Paşinyan və tərəfdarlarının həmin vəziyyəti ölkə daxilindəki opponentlərinə qarşı istifadə etmək əzmində. Bu əzmin nümayişi zamanı bir sıra digər mətləblər meydana çıxır ki, yazımızda onları da diqqətə çatdıracağıq. 

Əvvəlcə bir sual üzərində dayanaq: Bugünkü avantürist mahiyyətli Ermənistanı hansı Qərb qoruyacaq? 2022-ci ildən indiyədək bütün resurslarını cəmləşdirsə də, Rusiyanı məğlubiyyətə uğrada bilməyən Qərb? Görəsən, erməni siyasilər nəyə görə məsələyə mövcud prizmadan da yanaşmırlar? Səbəb çox sadədir, çünki direktivləri başqadır. 

Eyni zamanda, erməni siyasi dairələrinin, fərqi yoxdur ya Rusiyanın, ya da Qərbin timsalında, özlərinə hami axtarmaq yönümlü xətti son dərəcə yanlışdır. Görünür, bu yanlışlıqlar içərisində itib-batmağa üstünlük verirlər. Yəni, Paşinyan və komandasının, eləcə də ona yaxın ekspert-politoloq cameəsinin irəli sürdüyü bütün tezislər mənasızdır. Çünki həmin tezislər Ermənistanın müstəqil dövlət kimi qərar qəbuletmə potensialının yoxluğundan xəbər verir. 

İndi isə Rusiya–Ukrayna müharibəsinin hazırkı axarının Ermənistanda doğurduğu mülahizələrdəki konkret məqamlar üzərində dayanaq. Qeyd edək ki, Paşinyan və tərəfdarları 2020-ci ilin 44 günlük müharibəsinin ölkələri üçün böyük dərs olduğunu vurğulayırlar. Onların fikrincə, əgər savaşda məğlubiyyət yaşanmasaydı, erməni iqtidarı Rusiyanın ölkənin təhlükəsizliyinin təminatçısı olmadığını görə bilməyəcəkdi. 

Ortada son dərəcə sərsəm baxış var. Görəsən, Ermənistan 2020-ci il müharibəsinə Rusiyaya arxalanaraqmı baş vurmuşdu? Bəlkə Paşinyan Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirəndə, sərxoş olub Cıdır düzündə özünü küləyə verəndə Moskvaya güvənmişdi? Əlbəttə ki, yox! 

Nikolun güvənc yeri Qərb idi. Paşinyan hesab etmişdi ki, demokratiyanın qladiatoru obrazı Qərbin onu dəstəkləməsi reallığını doğuracaq və savaşda qalibiyyət qazanaraq Qarabağ problemini birdəfəlik həll edəcək, bölgənin Ermənistan ərazisi olaraq rəsmiləşməsinə nail olacaq. 

Ancaq 44 günlük müharibə dönəmində Paşinyan Rusiyanın ətəyindən yapışdı. Özü də çox. O zaman yapışdı ki, Qərbdən heç bir real dəstəyin olmadığını gördü. O, Rusiyaya yalvarmağa başladı. Həm yalvardı, həm də hansısa tələblər irəli sürdü. Nikol tələb səsləndirməyi deyil, qəti şəkildə yalvarmaq yolunu seçəndə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalandı. O bəyanat ki, onun kapitulyasiya aktı mahiyyəti daşıdığı nə erməni iqtidarına, nə də onun xaricdəki havadarlarına çatdı. Elə indi də çatmır. Hər iki cinah anlaya bilmir ki, üçtərəfli bəyanat Rusiyanın Ermənistanı Azərbaycanın əlindən alması idi.  Anlaya bilmir və ortaya erməni siyasi industriyası adına son dərəcə böyük nankorluq çıxır. 

Erməni iqtidarına yaxın dairələr özlərinin nankor davranışları fonunda onu da bildirirlər ki, ölkələrinin hazırkı təhlükəsizliyinin təminatını gücləndirmək baxımından Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu tamamilə aradan qaldırmaq lazımdır. Onlar Rusiya sərhədçilərinin və əsgərlərinin “Zvartnots” hava limanından və 17 hərbi postdan çıxarılmasını vacib addım kimi dəyərləndirirlər. Bununla belə hesab edirlər ki, rus hərbçilərinin Türkiyə və İranla sərhəddən də uzaqlaşdırılmaları zəruridir. Sən demə, həmin ölkələrdən hücum olsa, ruslar aciz qalacaqlarmış... 

Göründüyü kimi, bu xəstə düşüncəlilər yığını mütləq ya qəsb etməyi planlaşdırır, ya da özlərinə hücum olunmasını gözləyir. Axı xislətlərində rahat yaşayıb ömür sürmək anlayışı yoxdur. Siyasi düşüncələrini də məhz natamamlıqlarına uyğunlaşdırır, hansısa düzgünlüklər, obyektivliklər axtarışına çıxırlar. Düşdükləri acınacaqlı durum isə göz önündədir. Heç şübhəsiz, çapaladıqları bataqlıqda boğulmaları qaçılmazdır. 

Ermənistan hakimiyyətinə yaxın siyasilər proqnoz şəklində onu da bildirirlər ki, Ukrayna Kurskda yekun uğur qazansa, Ermənistan rus hərbçilərinin ölkə sərhədlərindən tamamilə çıxarılması məsələsini qəti şəkildə qoyacaq. Bəs Ukrayna uğur qazanmasa, necə olacaq? Görünür, hazırkı durumun rəzilliyi erməni ictimai rəyini qətiyyən narahat etmir. Yəni heç kəs soruşmur və otuz ilə yaxın müddətdə də soruşmayıb ki, nə üçün Gümrüdəki sərhəd-keçid məntəqəsində Rusiya bayrağı Ermənistan bayrağından bir baş yuxarıda dalğalanmaqdadır? Heç kəs soruşmur ki, nə üçün müstəqil dövlətin sərhədini digər dövlətin hərbçisi qorumalıdır? İndi, guya, Ukraynanın Kurskdakı qələbəsinə hesablanmış oyun qururlar. Görəsən, fərqinə varırlarmı ki, yazdıqlarını, dediklərini Rusiyada da yaxşı görürlər və dilə gətirdikləri yıxılanı baltalamaqdır?  Əlbəttə, fərqinə varmaya bilərlər və bunun günahı onlarda yox, elə ruslardadır. Nə qədər ki, Rusiya ictimai rəyinin təmsilçiləri, obrazlı desək, qarşılıqsız erməni sevgisi üçün alışıb-yanacaqlar, bu sayaq nankor erməni şıltaqlıqlarına da dözməli olacaqlar. Ancaq dözümün də bir həddi var. 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət