İrəvanın konstitusiya dirənişi sülhü ləngidir

post-img

Ermənistan konstitusiyasının hazırkı mətni və dövlət sərhədinin delimitasiya prosesinin başa çatmaması Azərbaycan ilə Ermənistan arasında sülhə nail olunmasının qarşısında duran əsas əngəllər sırasında yer alır.

Bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin analitiki Tuğçe Tecimer Cənubi Qafqazda sürətli və uzunmüddətli sülh perspektivlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadla təsbit olunmuş Qarabağın Ermənistana birləşdirilməsi bəndi Azərbaycanın ərazi bütövlüyünə birbaşa təhdiddir. “Konstitusiya bütün digər normativ hüquqi aktların və ümumilikdə dövlət siyasətinin əsasını təşkil edən sənəddir. Ona görə də Azərbaycanın özünə qarşı ərazi iddiaları ehtimalını istisna etmək istəməsi təbiidir”, -deyə Tecimer qeyd edib.

Türkiyəli analitik Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasının yenilənməsi zərurəti ilə bağlı sözlərinə müxalifətin və kilsənin mənfi reaksiyasına diqqət çəkib.

Sülh prosesinin qarşısında duran başqa bir maneə – delimitasiya prosesinin natamam olması barədə danışan AVİM-in eksperti dəqiq sərhəd xəttinin yeni toqquşmaların qarşısını alacağını və regionda təhlükəsizliyi gücləndirəcəyini bildirib.

Tecimer erməni kilsəsinin Azərbaycanla razılaşmalara qarşı olduğunu da diqqətə çatdırıb. O vurğulayıb: “Kilsənin mövqeyi diaspor tərəfindən Ermənistan hakimiyyətinə qarşı yeni tənqid dalğası üçün təkan oldu. Bütün bunlar son nəticədə danışıqlar prosesini ləngidir”.

XQ

 

Siyasət