Ermənilərin Qərblə Şərq arasında vurnuxması intihara aparır
Sərlövhəyə çıxardığımız sual bir qədər kəskin və radikal proqnoz kimi görünə bilər. Söhbət hansısa fərdin deyil, cəmiyyətin, dövlətin intiharına səbəb ola biləcək tarixi şəraitin yetişməsindən, konkret diaqnozdan gedir. Son otuz ildə işğalçı, işğala məruz qalana yuxarıdan aşağı baxan, amma son nəticədə məğlub statusuna və layiq olduqları miskin duruma düşən hayların sülhdənqaçma cəhdləri hamını bezdirib. Hətta erməni cəmiyyətinin özünü də. Bunu təkcə biz demirik, xarici ekspertlər də eyni qənaəti paylaşırlar. Misal üçün, rusiyalı politoloq, tanınmış publisist və ictimai xadim Dmitri Verxoturov əmindir ki, əgər Ermənistan Rusiyanın dəstəyini tamamilə itirərsə, sonrakı mərhələdə ya bölünə, ya da dövlət kimi ləğv oluna bilər.
Rusiyadan sürətlə uzaqlaşma, Qərbin “çətirinin” altına sığınma xəttini gizlətməyən Paşinyan iqtidarı ölkəni məhz belə bir duruma, daha doğrusu, dalana gətirib çıxarıb. Doğrusunu desək, mahiyyət etibarı ilə problemlər və bitib-tükənməyən münaqişələr meydançasına çevrilmiş Cənubi Qafqazdan Ermənistan adlı bir ölkənin yox olmasına heç kim üzülməz. Bu acı aqibətlə üzləşib-üzləşməyəcəyi ermənilərin özlərini necə aparacaqlarından asılıdır. Ermənistan hakimiyyətinin ikibaşlı, “ikistul”lu, buqələmun siyasətinin belə acınacaqlı ssenarinin gerçəkləşməsinə gətirib çıxaracağı istisna olunmur.
Bəs, həmin taleyi yaşamamaq üçün Paşinyan iqtidarı nə etməlidir? İndiki vəziyyətdə onun üçün ən düzgün seçim sülh yolundan dönməmək və ən ümdəsi, diaspordan uzaqlaşmaqdır. Amma nə yazıq ki, Ermənisyan hökuməti keçmiş zamanda yaşayan diasporun təsirindən qurtula bilmir, onun əməllərinin ölkəyə və cəmiyyətə yalnız zərər vurduğunu da etiraf etməyə qorxur. Paşinyan iqtidarı xaricdə rahat yaşayan ermənilərin diktəsi ilə oturub-durmamalı, tarixi Hayastanın deyil, real Ermənistanın maraqlarından çıxış etməlidir. O, nəhayət, anlamalıdır ki, nə Fransa, nə də ABŞ-dakı ermənilər İrəvana köçüb gələcək. Çünki onları əhalinin qayğıları deyil, “böyük güclər”in oyunu maraqlandırır.
Beləliklə, kollektiv Qərbin Ermənistanı silahlanmaqla revanş götürəcəyinə, məğlubiyyətin əvəzini çıxa biləcəyinə inandırmağa çalışdığı açıq-aşkar hiss olunmaqdadır. Bu avantürist ideya ilə, hətta, praqmatik mövqeli hay ekspertləri də razılaşmağa başlayıblar. Onlardan biri – siyasi ekspert Robert Ananyan hesab edir ki, Qərbin Ermənistan silahlı qüvvələrində aparılan islahatlarda iştirakı reallığa çevrilir: “Bu, tarixi bir hadisədir. Çünki 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ermənistan öz təhlükəsizlik sistemini Rusiyanın hərbi təchizatları, eləcə də onun hərbi islahatlarda iştirakı əsasında qurub. Amma son illərin təcrübəsi sübut etdi ki, Mos-
kvanın Azərbaycan və Türkiyəni cilovlamaq mexanizmi saxtadır”.
Özünün genişhəcmli analitik məqaləsində 44 günlük müharibədə işğalçı Ermənistanın yanında durmayanları, ona hərtərəfli hərbi dəstək verməyənləri qınayan Ananyan İrəvanın özünə müttəfiq saydığı Rusiyanın Azərbaycan və Türkiyə ilə gizli sövdələşməyə girməsindən dəm vurur: “Məsələ təkcə ondan ibarət deyil ki, 2011-2020-ci illərdə Rusiya və Belarus birlikdə Azərbaycanı silahlarla 67 faiz təmin ediblər. Onlar, mahiyyətcə, Ermənistana qarşı müharibəyə hazırlaşan Azərbaycanı dəstəkləyiblər”.
İrəvanın siyasi kursunda kəskin dəyişikliklər baş verməsəydi, müəyyən müddətdən sonra Rusiyanın Ermənistanı dövlətçilikdən, sadəcə, məhrum etməklə, onu “udmaqla” məsələni bitirəcəyinə əmin olan hay ekspertə görə, ölkəsi Fransa, Birləşmiş Ştatlar və digər beynəlxalq tərəfdaşlardan qısamüddətli və ya uzunmüddətli hərbi-texniki yardım almağa davam etməlidir.
“Ermənistan onilliklər boyu Rusiyanın hökmranlığı altında olduğu üçün özünün “dondurulmuş” Qərblə əməkdaşlıq potensialını bu gün reallaşdırır. Qərblə təhlükəsizlik sahəsində əməkdaşlıq İrəvana siyasi müstəqillik, Rusiya hökmranlığından xilas olmaq şansı gətirir. Ola bilsin ki, Azərbaycan və Rusiya məhz buna görə Paşinyanın Fransa və ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığına mənfi reaksiya verir”, – yazan Ananyan Ermənistanın həm hərbi, həm iqtisadi, həm də enerji baxımından Rusiyadan asılılığının Azərbaycan üçün faydalı olduğunu bildirir.
* * *
Analitik məqaləsinin sonunda Robert Ananyanın gəldiyi qənaətin bir qismi ilə razılaşmamaq mümkün deyil: “Ermənistanın Rusiyadan kritik asılılığı bir ildə yaranmayıb və bunu bir ildə də aradan qaldırmaq olmaz. Biz strateji səbrimizi qoruyub keyfiyyətli iş görməliyik. Ermənistan dövlətçiliyini qoruyub saxlamaqdan ötrü başqa variantımız yoxdur”.
Deməli, erməni siyasilərinin bir qismi hələ də İrəvanın Rusiyadan tamamilə qopa biləcəyinə və bölgəyə Qərbin yeriyəcəyinə inanmaqda davam edir. Onlar bu zaman Ermənistan ordusunun ən müasir silahlara mailk olmasını zəruri şərt kimi qəbul edirlər. Əslində, İrəvanın ABŞ və Fransa ilə yaxınlaşmaq səyləri, bu haypərəst sponsorlardan Ermənistana silah tədarükü təkcə Bakıda deyil, Ankarada da narahatlıq doğurur.
Moskvadan uzaqlaşma fonunda İrəvanın Vaşinqton və Parisin timsalında regiondankənar aktorların dəstəyini qazanmaq istəyi problemə real yanaşma olmadığı kimi, düzgün həll variantı da deyil. Baş nazir Nikol Paşinyan Ermənistan ictimaiyyətinə regionda sülhün faydalarını izah etməli, nə Türkiyə, nə də Azərbaycanın Ermənistan üçün təhlükə mənbəyi deyil, dənizə çıxışdan məhrum bu ölkənin inkişafı üçün güclü təkan rolunu oynaya biləcək qonşular olduğunu başa salmalıdır.
Fəqət, bu zaman İran amilini də kənara qoymaq olmaz. Yeni prezident dönəmində Tehranın bölgəyə yönəlik siyasətində dəyişiklik nəzərə çarpmasa da, anti-Qərb ritorikasının gücləndiyini söyləyə bilərik. Bu cəbhədə İranın Ermənistandakı səfiri Mehdi Subhani həmişə özünün fəallığı ilə seçilib. On gün əvvəl İran və Ermənistan arasında 500 milyon dollarlıq hərbi müqavilənın bağlanması xəbərini təkzib edən Subhani bu dəfə ABŞ-nin Cənubi Qafqaz siyasətini yüksək avazla tənqid edərək “3+3” formatından (Azərbaycan, Ermənistan, Gürcüstan + Türkiyə, Rusiya, İran) istifadənin faydalı ola bilcəyini ərz edib. Belə görünür ki Tehran Vaşinqtonla münasibətləri yaxşılaşdırmağa tələsmədən Avropa İttifaqı ilə əməkdaşlığa meyillənib. Həmin Subhani bir qədər əvvəl “3+3” formatının müsbət cəhətlərinə işarə etsə də, hökumətinin bunda israrlı olmadığını açıq şəkildə bildirmişdi: “Biz bu və ya digər formatın tərəfdarı deyilik. Biz ilk növbədə sülhün bərqərar olmasında maraqlıyıq. Məqsəd odur ki, bölgədə sülh bərqərar olsun, ölkələr bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etsin, hərbi həll yollarına əl atmasın, sabitlik, iqtisadi inkişaf və firavanlıq mühiti formalaşsın. “3+3” formatı sülhə aparan yollardandır. Bu, vəziyyəti sakitləşdirə və ölkələri bir-birinin ətrafında birləşdirə biləcək variantlardan biridir”.
* * *
Ermənistan rəhbərliyinin İrana qarşı ən maraqlı jestlərindən biri Fələstinə və İsrailə qarşı kursunu tamamilə dəyişməsi oldu. Xatırladaq ki, 2020-ci ildə Paşinyan İrəvanda İsrailin səfirliyini açmağa tələsirdi. İndi o, anti-İsrail ritorikası və Fələstin muxtariyyatı ilə yüksək münasibətlər qurması ilə Tehranı sevindirməyə tələsir. Deyəsən, Tehran bu jesti lazımınca qiymətləndirdi və Ermənistan Təbrizdə baş konsulluğunu açmaq ərəfəsindədir.
Aydın məsələdir ki, Paşinyan Fələstinyönlü radikal mövqe tutmaq üçün qərbli “dirijorlar”ından icazə alıb. Bu səbəbdən onlar İrəvan siyasilərinin Yaxın Şərq qarşıdurmasına bu qədər açıq reaksiya verməsinə bir söz demədilər. Üstəlik, cümə axşamı keçirilən brifinqdə Dövlət Departamentinin nümayəndəsi Ermənistana İran silahlarının tədarükü ilə bağlı xəbərləri şərh etməkdən yayındı. Söhbət İranın xaricdəki hərəkətləri ilə bağlı ən xırda məlumatları belə böyük məmnuniyyətlə şərh edən və tirajlayan Dövlət Departamentindən gedir.
Nə gizlədək, uzun müddət Ermənistan üçün “dünyaya pəncərə” rolunu İrandan keçən yol oynayıb. Hətta 44 günlük savaşda belə İrəvan üçün yalnız İran sərhədi açıq qalıb. Bəli, indi bu yol yalnız iki qonşu ölkənin deyil, bölgənin, iki qitənin maraq dairəsinin kəsişmə nöqtəsidir. İndiki məğlub Ermənistan dövləti isə bu transmilli layihədən öz payını real oyunçulardan deyil, üçüncü tərəflərdən umur. Bunu da Qərbin bu ölkəyə qarşı artan sanksiyaları nəticəsində Rusiya istiqamətinin itirilməsi və Gürcüstandan keçən yolların bağlanması halında edir. Belə çıxır ki, Azərbaycanla sülh müqaviləsi olmadan ABŞ, Fransa, Aİ, o cümlədən İranın Paşinyana təklif etdiyi bütün digər şərtlər, yollar və vasitələr intihar etmiş adama uzadılan çubuq kimi bir şeydir.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri, politoloq
– Etiraf etmək lazımdır ki, Avropa İttifaqının və ABŞ-nin sülh danışıqlarında vasitəçiliyi müəyyən mərhələdə müsbət nəticə vermişdi. Amma hazırda onlar hadisələri qabaqlamağa çalışırlar. Bakı öz hədəflərinə nail olmadan sülh sazişini imzalamayacaq. Bu hədəflər beynəlxalq hüquqda və təcrübədə qəbul edilmiş qaydalara əsaslanır. Həmin müqavilənin imzalanması formal xarakter daşımamalıdır. İrəvan real və konkret addımlar atmalıdır, o cümlədən, konstitusiyasını dəyişməlidir. Təəssüflər olsun ki, bu məsələdə Ermənistan tərəfdən müəyyən çətinliklər var. Buna baxmayaraq, qərbli aktorlar məsələnin tezliklə həll olunmasına, problemlərin hansısa formada aradan qaldırılmasına çalışırlar.
Aydın məsələdir ki, sülh danışıqları ilə bağlı Qərb platformalarında keçirilən görüşlər Rusiyada qısqanclıq hissləri yaradır. Bu da təbiidir. Ümumiyyətlə, hesab edirik ki, bölgədə yaranməş mövcud vəziyyət Rusiyaya qarşı istifadə olunmamalıdır. Əks-təqdirdə, Moskvanın əlində bu təmayüllərə qarşı dövriyyəyə buraxacağı yetərli qədər alətləri var. Təcrübə onu göstərdi ki, sülh danışıqlarını vasitəçisiz, birbaşa dialoq yolu ilə davam etdirmək uğurlu taktikadır. Əsas odur ki, iki tərəf öz aralarında, mahiyyət etibarilə, kon-
kret razılığa gəlməlidir.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı:
– Ermənistan baş naziri Nikol Paşinyan ordusunu ABŞ və NATO standartları səviyyəsinə qaldırmaq istəyir. Buna görə hər bir zəmində Rusiyadan uzaqlaşmağa və yaxın gələcəkdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa çalışır. Amma, bu, çox çətin prosesdir. Nəyə görə? Azərbaycan üçün ordunu NATO standartlarına çevirmək ona görə asan idi ki, bizim Rusiya ilə hərbi baxımdan bağlılığımız yoxdur. Üstəlik, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Amma Ermənistan, birincisi, KTMT-nin üzvüdür. İkincisi, bu ölkənin ərazisində Rusiyanın hərbi bazaları var. Üçüncüsü isə Ermənistan ordusunun, demək olar ki, bütün zabit heyəti ya SSRİ, ya da Rusiya hərbi akademiyalarının məzunudur. Onların da bir qismi Rusiya hərbi kəşfiyatına bağlı kadrlardır. Bu səbəbdən Paşinyan ordunu NATO standartlarına çevirməyə nə qədər çalışsa da, bunu eləmək çox çətin olacaq. Hansısa birgə təlimlər keçirməklə bu işi görmək mümkün deyil. Axı onların silahlarının da böyük əksəriyyəti sovet, yaxud Rusiya istehsalıdır. Ordunu Qərb standartına çevir, silahı ilə Rusiya silahı qalsın, bu, mümkün olan məsələ deyil. Doğrudur, Zvartnos hava limanından Rusiya sərhədçilərini çıxardı, görək Türkiyə və İranla sərhəddəki rus hərbçilərini yola sala biləcəkmi? Bilməz! Bunu Paşinyan özü də etiraf edib.
İmran BƏDİRXANLI
XQ