Kanada da Cənubi Qafqazı qarışdırmaqdan əl çəkmir

post-img

Azərbaycana qarşı hər zaman qərəzli mövqeyi ilə seçilən Kanadanın Xarici işlər naziri Melani Coli yenə əvvəlki kimi ermənipərəst fikirlər səsləndirməsi ilə gündəmə gəlib. Kanada Erməni Milli Komitəsinin (ANCC) yaydığı məlumat belə düşünməyə əsas verir.

Kanadalı nazir bir daha təsdiq edib ki, rəsmi Ottava Azərbaycana təzyiq göstərməkdə (?) davam edəcək. Bu təzyiqin məqsədi isə ondan ibarətdir ki, “Azərbaycan Ermənistanla vicdanla işləsin, münaqişəni danışıqlar və sülh yolu ilə siyasi müstəvidə həll etsin, özbaşına saxlanılan erməni məhbusları azadlığa buraxsın, Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşsın və güc və hədələyici ritorikadan istifadədən” çəkinsin.

Əslində, M.Colinin təqdim etdiyimiz bu fikrindən sonra bir sual işarəsi qoymaq yerinə düşərdi. Ancaq kanadalı nazirin danışığı o qədər cəfəngdir ki, sual işarəsinin onunla bağlı təəccüb və heyrətimizi ifadə etməyə yetməyəcəyini düşünüb bundan imtina etdik. Açıq-aşkar görünür ki, xanım nazir bölgədəki reallıqlar barədə məlumatsızdır. Daha doğrusu, pis bilir. Görünür, bu ya Kanadanın Cənubi Qafqaz regionundan az qala on min kilometr uzaqlıqda yerləşməsi, ya nazirin işinə laqeyd yanaşması, ya da Colinin ermənipərəstliyinin yüksək dərəcəsi ilə bağlıdır. Sonuncu variant daha ağlabatandır. Məsələ ondadır ki, Kanadada böyük erməni diasporu mövcuddur. Onların sayı ilə bağlı son göstərici 2011-ci ilə aiddir. Həmin il keçirilən siyahıyaalmanın nəticələrinə görə, Kanadada 55 min 740 nəfər erməni yaşayırdı. Onlardan 30 min 130 nəfəri erməni dilini öz ana dili hesab etdiyini bildirmişdi. Digər qiymətləndirməyə görə isə Kanadadakı ermənilərin sayı 100 min nəfərə yaxındır. Özlərini “kanadahayer” adlandıran erməni diasporunun əksəriyyəti Yaxın Şərqdən və bəzi Avropa ölkələrindən gələnlərdir. Sovet İttifaqının dağılmasından sonra, ələlxüsus son illərdə Kanadaya Ermənistandan mühacirət edənlərin sayında artım müşahidə olunur. Kanada erməniləri əsasən ölkənin mərkəzində yerləşən Ontario əyalətində (Toronto və Ottava şəhərlərində) və fransızdilli əhalinin çoxluq təşkil etdiyi Kvebek əyalətində (Monreal və Laval şəhərlərində) məskunlaşıblar. Onlar bu əyalətlərin ictimai həyatında fəal iştirak edirlər. Həmçinin, ölkənin mərkəzində, Atlantik okeanı sahilində yerləşən digər əyalətlərdə və Britaniya Kolumbiyasında da kiçik erməni icmaları mövcuddur.

Kanadalı nazirin ermənipərəst bəyanatlarının, regiondakı reallıqları bilmədən onlarla bağlı açıqlamalarının gələcək seçkilərdə erməni əsilli seçicilərin səsini almağa hesablandığı şübhə doğurmur. İstənilən halda, onun fikirləri şimal yarımkürəsinin, bütövlükdə, dünyanın ən böyük dövlətlərindən biri, G-7 qrupunda təmsil olunan Kanadanın nüfuzuna böyük zərbədir. Rəsmi Ottava bu kimi əməlləri ilə özünü gözdən saldığının fərqində olmalıdır. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış, soyqırımı cinayətləri törətmiş, mülki infrastrukturu məqsədyönlü şəkildə kütləvi surətdə dağıtmış, mədəni irsimizi məhv etmiş, ətraf mühitimizə və biomüxtəlifliyə ziyan vurmuş Ermənistana hərtərəfli dəstək göstərən ölkəyə münasibət başqa cür ola bilməz.

Onu da qeyd etmək lazımdır ki, Kanadanın Ermənistana dəstəyi, son illərdə, xüsusilə Nikol Paşinyanın ölkədə hakimiyyətə yiyələnməsindən sonra xeyli artıb. Məsələn, Robert Koçaryanın, Serj Sarkisyanın hakimiyyətdə olduqları dövrdə Kanada–Ermənistan əlaqələri indiki kimi deyildi. Əlaqələrin inkişafında, Kanadanın bugünkü ermənipərəstliyində Fransa amilinin mühüm rolu var. Kanadanın baş naziri, ölkənin fransızdilli əhalisinə aid olan Castin Trüdo Paşinyanın baş nazir seçilməsindən az sonra – 2018-ci il oktyabrın 7-12-də Beynəlxalq Frankofoniya Təşkilatının İrəvanda keçirilən XVII sammitində iştirak etmək üçün İrəvana səfərə gəlmişdi. Təbii ki, həmin sammitdə Fransa prezidenti Emmanuel Makron da iştirak etdirdi. Kanada Xarici İşlər Nazirliyi tərəfindən vaxtaşırı Ermənistan–Azərbaycan münasibətləri barədə bəyanatlar verilir. Rəsmi Ottava tez-tez vəziyyəti gərginləşdirən təşəbbüslərlə çıxış edir.

Kanada 2023-cü il oktyabrın 25-də Ermənistanda səfirlik açmışdı. Hazırda ermənipərəst açıqlaması ilə gündəmdə olan xarici işlər naziri M.Coli bu məqsədlə İrəvana səfər etmişdi. Bundan bir qədər öncə – avqustun 18-20-də isə Coli erməni diasporunun Monrealda keçirilən illik festivalında çıxış edərək Kanadanın Qarabağ erməniləri ilə bağlı məsələlərin həllində fəal rol oynayacağını bəyan etmişdi. O vaxt “ermənilər Artsaxda real təhlükə ilə üz-üzədir” – deyən nazir bildirmişdi ki, onun təmsil olunduğu hökumət Cənubi Qafqazda baş verən proseslərə fəal şəkildə müdaxilə edəcək.

Rəsmi Ottavanın regiondakı proseslərdə araqarışdırıcı rol oynaması bu kimi fikirlərin səsləndirilməsi ilə bitmir. Kanada həm də Avropa İttifaqının Ermənistandakı hərbləşdirilmiş missiyasına (EUMA) qoşulan yeganə qeyri-Avropa ölkəsidir. Yeri gəlmişkən, qeyd edək ki, bu missiyaya “töhfə verən” Avropa ölkələri Avstriya, Cənubi Kipr, Çexiya, Danimarka, Estoniya, Fransa, Almaniya, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rumıniya və İsveçdir. Missiyanın regionda hansı rolu oynamasından əvvəlki yazılarımızda xeyli bəhs etdiyimiz üçün əlavə nə isə yazmağa ehtiyac duymuruq. Sadəcə, Kanadanın da bölgədə sülh və əmin-amanlığa xidmət etməyən prosesdə rol aldığını qeyd edirik.

Kanadanın 44 günlük Vətən müharibəsi dövründə atdığı xoşagəlməz addımlar da yaddan çıxmamalıdır. Ottava müharibə zamanı Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsinə görə 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi məhsullarının ixracına embarqo tətbiq etmişdi. Castin Trüdo hökuməti iddia edirdi ki, PUA-larda Kanada texnologiyasından istifadə edilib. 2021-ci ilin aprelində isə “Telemus Systems” şirkətinin ixrac icazəsi ləğv edilmişdi. Nəticədə Kanadanın həm “Telemus Systems”, həm də “L3 Wescam” kimi şirkətləri milyonlarla dollar ziyana düşmüşdü. Bundan əlavə, Vətən müharibəsi zamanı Kanada xarici siyasət idarəsinə rəhbərlik etmiş Fransua-Filipp Şampan da Azərbaycanı ittiham edən bəyanatlar vermişdi.

Onu da bildirək ki, rəsmi Ottavanın ermənipərəst mövqeyi ölkəmizdə zaman-zaman etiraza səbəb olub. Bununla bağlı Prezident İlham Əliyev də fikirlərini açıqlayıb. Dövlətimizin başçısı 2021-ci il fevralın 1-də Azərbaycan Televiziyasında yayımlanan müsahibə zamanı Kanadanın koronavirus pandemiyası zamanı əhalisinin sayından dəfələrlə çox peyvənd sifariş etməsi məsələsindən danışarkən Ottavanın ermənipərəst mövqeyinə də münasibət bildirmişdi: “Bir misal da gətirə bilərəm. Bu yaxınlarda verilən məlumata görə, Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayraktar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu, həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı isə 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə, o maraqların 4-5 mislini təmin etməklə, necə deyərlər, öz maraqlarını təmin edirlər”.

Onu da qeyd edək ki, Kanada özü etnik separatizmdən əziyyət çəkən ölkədir. Kvebek əyalətində vaxtaşırı separatizm meyilləri baş qaldırır. Odur ki, Kanada rəhbərliyi onlardan min kilometrlərlə uzaqda yerləşən Cənubi Qafqazda aranı qarışdırmamalı, Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı qərəzli mövqe tutmamalı və bu yanaşmanın bumeranq effekti verərək, ümumilikdə, dünyada nizamı sıradan çıxara biləcəyini nəzərə almalıdır.

Səxavət HƏMİD 
XQ

 



Siyasət