Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutan, bu il iyun ayının 21-də başlayan və üç gün davam edən “Qərbi Azərbaycana qayıdış” festival-konqres artıq tarixə dönüb. İnanırıq ki, bu möhtəşəm tədbirin ideya müəllifi, onun təşkilatçıları, ümumiyyətlə, ölkəmizin elmi və siyasi ictimaiyyətində baş tutan hadisədə iştirak edən hər kəsin əməyi həmin tarixin ayrılmaz tərkib hissəsi kimi qalacaq. Bu, gəlişən və gəlişdikcə öz haqlarının tam, dayanıqlı qələbəyə qədər qəbul edilməsi, maddi-mənəvi itkilərinin bərpası uğrundakı yoldur. O yol milli iradənin ali forması olaraq öz dövlətinin ətrafında birliyinin növbəti mərhələsi kimi da tarixdə qalacaq.
Bu mərhələyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının yeni inzibati binasında ziyalılarla görüşündə start verilib. Həmin görüşdə Prezident İlham Əliyev 34 il əvvəl Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın tarixi vətənlərindən qeyri-insani basqılar – fiziki şiddət və ölüm təhdidləri ilə çıxarılmasından, soydaşlarımızın beynəlxalq hüququn imkan verdiyi qaydalarla qayıtmaq şəraitinin yetişməsi barədə danışdı. Bu gün regional siyasətdə söz sahibi olan Prezident İlham Əliyev ziyalıların şəxsində 34 ildir tarixi vətənlərindən ayrılan soydaşlarımıza üz tuturdu: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var və onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, o cümlədən, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir”.
“Qərbi Azərbaycana qayıdış” festival-konqresin davam etdiyi 3 günü məhz o tarixi illərə dönmək, ancaq sənəd və xəritələrin təqdimatı deyil, o ərazilərdə yaşadıqları min illərdə formalaşan, elə mənəvi irs kimi də nəsildən nəsillərə keçərək günümüzə qədər yaşayan adət-ənənələrimiz, ayrı-ayrı cəfakeş insanların səyi ilə erməni millətindən olan etnocinayətkarlığın qurbanı olmaqdan xilas edilmiş eksponatlar nümayiş olundu. Təşkilati işlərdə çiyinlərinə olduqca çox böyük yük götürmüş Naxçıvan Dövlət Universiteti kollektivinin və bu kollektivin rəhbəri Elbrus İsayevin xidmətlərini qeyd edərək xatırladaq ki, festival-konqresin yüksək səviyyədə keçməsində onların rolu əvəzsiz oldu. 2023-cü ilin 23–24 noyabr tarixlərində “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı festival-konqresdə əldə olunan təcrübənin öz sözünü dediyi isə hiss olunurdu.
Müzəffər Silahlı Qüvvələrimizin öz Ali Baş Komandanının rəhbərliyi ilə Zəfərlə tamamlanan 44 günlük Vətən müharibəsinin nəticələrindən biri Zəngəzur dəhlizindən keçməklə ölkəmizin tarixi parçası Naxçıvanla birləşən yolun açılması haqqında düşmən ölkənin imzaladığı sənəd oldu. Söhbət o Zəngəzurdan gedir ki, Azərbaycan xalqının etnogenizinin və milli dövlətçiliyimizin formalaşmasında həlledici yer tutan mahallarımızdan biri kimi xalqımızın tarixində müstəsna yeri var. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağlarına sığınan Zəngəzur ərəb istilasına qarşı davam edən bir qərinəlik mübarizənin əsas meydanı kimi də məşhurdur. Tarixin maraqlı faktlarındandır ki, burada 150 il davam edən səlcuqlu hökmranlığı türk-islam nüfuzunun dominantlığını bərqərar edib. Azərbaycan və onun ayrılmaz hissəsi olan Zəngəzur mahalının keçdiyi yolların müəyyən məqamlarına İstanbuldakı Topqapı sarayı muzeyinin kitabxanasında Zəngəzur, Naxçıvan, İrəvanla bağlı müfəssəl məlumatların yer aldığı 48 səhifəlik "Rəvan mühasirəsi tarixçəsi" və "Mühimmə dəftəri" işıq salır. 1914–1920-ci illərdə ermənilərin törətdiyi qırğınlar və Zəngəzur mahalındakı 115 müsəlman kəndinin yer üzündən silinməsi, 4472 qadın və uşağın qətlə yetirilməsi isə faciəli tarixi faktlardandır.
1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan ediləndən bir gün sonra, noyabr ayının 30-da bolşevik Rusiyasının iradəsi ilə Azərbaycan K/b/P MK Siyasi və Təşkilat büroları Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.637 kv. verstlik hissəsinin sovet Ermənistanına verilməsi haqqında qərar qəbul etdi. Qərbi Azərbaycan ziyalıları ilə görüşündə o faktı xatırladan Prezident İlham Əliyev bu qərarın siyasi perspektivlərini, onun xalqımızın gələcək taleyində oynayacağı rol barədə bunları deyirdi: “1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”.
Buna görədir ki, “Qərbi Azərbaycana qayıdış” festival-konqresin Zəngəzur Milli Parkında (Batabat yaylağı) və Naxçıvan şəhərində keçirilməsinin doğma yerlərə qayıtmaq istəyən insanlar üçün hansı mənəvi güc verdiyini təsəvvür etmək çətin deyil. Əlbəttə, tarixi vətənlərinə dönmək arzusunda olan adamlar o yerlərə tanklarda deyil, adi mülki nəqliyyat vasitələrində dönmək, dağıdılmış ev-eşiklərini yenidən qurmaq və şenləndirməkdə qərarlıdırlar. Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki muzeyinin ziyarəti ilə başlayan, Zəngəzur Milli Parkındakı Batabat Yaylağında davam etdirilən “Qərbi Azərbaycana qayıdış” festivalın-konqresin məzmunlu kompozisiyasındakı hər bir detal bunu deyirdi.
Festival-konqresin rəsmi açılış mərasimi Batabat yaylasında müdrik Dədə Qorqudun xeyir-duası ilə başladı. Çıxışçılar – Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma soydaşlarımızın Vətənə qayıdışında festival-konqresin oynayacağı özünəməxsus rol barədə danışdılar. Sonra festival-konqresin proqramında xüsusi yer tutan, Elm və Təhsil Nazirliyinin ümumtəhsil məktəblərində 10 mindən artıq yeniyetmə və gəncin iştirakı ilə təşkil edilmiş “Qərbi Azərbaycana qayıdış” olimpiadasındakı bütün mərhələlərdən keçərək yekun turda layiqli yer tutan qaliblərin mükafatlandırılması ən həyəcanlı məqamlardan idi.
Festival-konqres bir də onunla diqqət çəkirdi ki, əsrlərlə Qərbi Azərbaycanda yaşayan, XVIII yüzilliyin sonlarında regionda, xüsusilə həmin bölgədə baş verən ictimai-siyasi hadisələrin yekunu olaraq dil içində dilini, din içində dinini qoruyan soydaşlarımızın özünəməxsusluğu ilə seçilən adət-ənənələrin təqdimatları baş verirdi. Bunlardan 4 gəncin Qərbi Azərbaycanın toy adətlərinin göstəricisi olaraq toy mərasimlərinin festivalın proqramında yer tutması tədbirə xüsusi kalorit verdi. NDU İncəsənət fakültəsinin və Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında təqdim edilən Qərbi Azərbaycana aid aşıq musiqiləri, yallılar, kompozisiyalar, musiqi nömrələri, xalq oyunlarının hər biri o el-obanın vizit kartı idi.
Bütövlükdə Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın əsrlərlə yaratdığı maddi-mənəvi sərvətlərin konqresdə araşdırılması, həmçinin son 30 ildə nəşr edilən ayrı-ayrı elmi ədəbiyyat nümunələrinin müzakirələri onu göstərdi ki, araşdırmaların intensivləşdirilməsinə böyük zərurət qalmaqdadır. Təvazökarlıq çərçivəsinə nə qədər sığacağına tərəddüdlü olsaq da bildirək ki, bu sətirlərin müəllifinin “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” və “XX əsrdə Dərələyəzdə Urbisid və Etnosid Aktları” kitablarının təqdimatı konqresin yaddaqalan hadisələrindən oldu. Xatırladaq ki, “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” kitabı üzərində son beş ildə çalışmalara baxmayaraq, bu sahədə araşdırmalara Qərbi Azərbaycan ziyalıları ilə məşhur görüşdə Azərbaycan elminin böyük hamisi Prezident İlham Əliyevin çağırışları impuls verdi. Kitabda mənəvi bağlılığımızı heç zaman itirmədiyimiz o regiondakı türkmənşəli toponimlər, onların yayılma arealları, dilin arxaik forma və strukturu, ümumiyyətlə, paleotoponimik leksikası tədqiqata cəlb edilib.
Qeyd etməyi lazım bilirik ki, türk dillərinə aidiyyatı şübhə doğurmayan fonetik dəyişmələrə məruz qalan toponimlər araşdırılarkən digər xalqların nümayəndələri onları özününküləşdirməyə cəhd etdiklərindən yanlış nəticələrə gəlib çıxmışlar. Nəticədə, tarixən, daha doğrusu, antik dövrlərdən yol gələn və türk dillərinin fonetik, leksik, semantik, qrammatik quruluşu əsasında formalaşmış və təşəkkül tapmış paleotoponimlər ya fars, ya ərəb, ya yunan, ya da erməni dilinə aid edilmişdir. Bu işdə ən çox fitnəkar siyasəti paleotoponimləri mənəvi soyqırıma məruz qoyan şovinist erməni alimləri olmuşlar. Onu da vurğulamaq lazımdır ki, türkmənşəli toponimlərin əksəriyyəti yunan, roma, ərəb, fars, türk mənbələrində yazıya alındığından həmin dillərin transkripsiyasına uyğunlaşdırılması toponimləri tanınmaz dərəcədə dəyişikliyə məruz qoyubdur. Qeyd edək ki, əsasən erməni (V. L. Quqasyan, Z. Qorqodyan, Ter-Xinasyan), rus (М. И. Артомонов, К.Ф. Ган) və azərbaycanlı (B. Budaqov, Q. Qeybullayev) müəlliflərin tədqiqatları və Rusiya, Türkiyə, Gürcüstandakı arxiv sənədləri əsasında aparılan tədqiqatlar Qərbi Azərbaycandakı toponimlərin mənşəcə türkdilli olmasını əsaslandırdı.
Bundan əlavə, NDU-nun Elmi kitabxanasında pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun "İrəvan Kişi Gimnaziyası və onun azərbaycanlı məzunları" və filologiya elmləri doktoru, professor İbrahim Bayramovun "Tarixi Azərbaycan torpağı Qərbi Zəngəzur" kitablarının təqdimatı oldu. Fərrux Rüstəmovun "İrəvan Kişi Gimnaziyası və onun azərbaycanlı məzunları" kitabı XIX əsrin 30-cu illərindən XX əsrin əvvəllərinə kimi İrəvanda demokratik təhsil mühitinin formalaşdırılmasında əhəmiyyətli rol oynamış qəza məktəbi və progimnaziya haqqında dolğun məlumatlarla zəngindir. İbrahim Bayramovun "Tarixi Azərbaycan torpağı Qərbi Zəngəzur" adlı əsəri Zəngəzurun tarixi coğrafiyası və toponiminin etimologiyasından bəhs etməsi ilə bərabər, kitabda ilk dəfə olaraq Azərbaycan dilinin Zəngəzur şivələri tədqiq olunur. Paralel olaraq Qərbi Zəngəzurun coğrafiyası, toponimləri, tarixi abidələri, həmçinin azərbaycanlılara qarşı törədilmiş cinayətlər sənədlər əsasında təqdim edilir.
Festival-konqresdə “Ulduz” jurnalı kollektivinin (baş redaktor Qulu Ağsəs) hazırladığı “Qərbi Azərbaycan” xüsusi buraxılışının təqdimatı da xoş sürprizlərdən sayıla bilər. Maraqlı olan budur ki, xüsusi buraxılışdakı materialların müəlliflərindən bəziləri 1948–53-cü illərdə həyata keçirilən deportasiyadan əvvəl və sonra və yaxud ötən əsr 80-ci illərinin sonunda dünyaya gəlmələrinə baxmayaraq, barəsində ancaq eşitdikləri Vətənin obrazını yaradanlardır.
Bu, həmin Vətəndir ki, onun uğrunda Mehdi Abbasov, Səxavət Məhərrəmov, Aqil Quliyev, Riyad Əhmədov, Mehman Sayadov, Fərhad Hümbətov, Şahlar Hüseynov, Etibar Hacıyev və onlarla digər qərbi azərbaycanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundakı döyüşlərdə ayrı-ayrılıqda qəhrəmanlıq nümunələri yaratmış, bu gün də Milli Qəhrəman kimi gəncliyimizə əbədi nümunə olaraq qalmaqdadırlar. Yeri gəlmişkən, həmin təqdimat mərasimində NDU-nun rektorunun günümüz üçün aktual olan bu məsələ ilə bağlı çağırışı bütün iştirakçıların diqqətini çəkdi: “Qarabağa qayıdışı bizim müzəffər Ordumuz icra edibsə, Qərbi Azərbaycana qayıdışı alimlər ordusu, yəni bizlər qələmlə, sözlə, fikirlə, tarixlə, ədəbiyyatla təmin etməliyik”.
“Qərbi Azərbaycana qayıdış” festival-konqresi cəmiyyətimiz üçün çox mühüm mesajları ilə də yadda qaldı. İlk olaraq prosesin geridönməzliyi cəmiyyətimiz üçün stimula çevrilir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra soydaşlarımızın tarixi vətənlərinə dönüşü dövlətimiz üçün prioritet məsələyə çevrilib. Naxçıvan Muxtar Respublikasında 3 gün ərzində davam edən festival-konqres ölkəmizin elm və yaradıcı adamlarının bu yöndə səfərbər olunması üçün atılan növbəti addım kimi ibrətamiz oldu.
Tədbirin təşkilatçılarından biri olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin festival-konqresin hazırlanıb həyata keçirilməsində müstəsna xidmətlərini qeyd etməklə bərabər, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Müəllimlər İnstitutu, eləcə də, qardaş Türkiyədən olan universitetlərin tərəfdaş qismində iştirakını vurğulamağı vacib sayırıq. Adları çəkilən qurumlar öz potensialları ilə Qərbi Azərbaycana qayıdış yolunda ilk addımlarını atırlar və inanırıq ki, bu addımlar yurd yerlərinə çatanacan davam edəcək.
Mahirə HÜSEYNOVA,
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor


