Tələyə qoyulmuş “havayı pendir”

post-img

Aldanmağa meyilli adamın üzə­rində aparılan “eksperimentlər” son­da vərdiş halına çevrilir və o, bunsuz darıxır, yaşaya bilmir. Adətən, başlan­ğıcda şirnikləndirici vədlərlə müşayiət olunan belə çoxgedişli “tələlər”dən qurtulmaq sonra müşkülə çevrilir. 

Avropa İttifaqının Hayastan üçün ha­zırladığı belə “tələlərdən” sonuncusu er­mənilər üçün Avropaya vizasız gediş-gəliş rejimi olub. Aİ bu məsələyə yaxın gələcək­də baxacağını vəd edib. Aydın məsələdir ki, Brüssel bu cür “qiymətli hədiyyələr” məsələsini boş yerə gündəmə gətirmir. 

Bəs, Qərb Ermənistana vəd verdiyi sədəqəyə görə onu nədən imtina etməyə məcbur, yaxud hansı addımı atmağa təh­rik edəcək? Paşinyan komandasını Aİ-nin icrası məcburi olacaq hansı “tövsiyə və göstərişləri” gözləyir?

Sirr deyil ki, SSRİ-nin süqutundan sonra Aİ bu coğrafiyada təsir imkanlarını gücləndirmək üçün çeşidli maraqlı tex­nologiyalardan yararlanır. Son 20-25 ilin müşahidələrinə istinadla deyə bilərik ki, bu texnologiyalar dəyişmir. Söhbət hansı texnologiyadan gedir? 

Aİ təlqin üsulundan faydalanaraq əv­vəlcə bu və ya digər ölkəyə yaxından və gəlirli əməkdaşlıq, şəffaf sərhədlər, qısa müddətdə ittifaqın tamhüquqlu üzvü ol­maq şanslarını xatırladır. Hətta, ilk baxış­da, bəzi vədlərini yerinə yetirir. Fəqət, sonra elə bir dövr başlayır ki, vəd olunan proseslərin dinamikası getdikcə zəifləyir və onların əvəzinə Brüsseldən maraqlı şərtlərdən ibarət qalın paket gəlir. Başlıca şərt isə belədir: bunlar olmadan Avropaya inteqrasiya prosesi mümkün deyil. Məhz bu məqamda “tələ” tam atmosfer gücü ilə işə düşür. Yəni, Qərblə bir çox razılaşmala­rı olan ölkə artıq onları reallaşdırmaq üçün müəyyən irəliləyişə nail olduğundan “ov­çu”nun şərtlərini qəbul etməkdən başqa çıxış yolu qalmır. Əks-təqdirdə… Gürcüs­tanın timsalında bunun reallıqda necə baş verdiyini gördük. Qərbin davamlı təzyiqi buna qədər loyal davranan hətta ölkə hö­kumətini də təbdən çıxarır, hiddətlənməyə vadar edir. Beləliklə, indi qonşumuz “Gür­cü arzusu”nun onun gözündə qaldığını eti­raf etmək məcburiyyətindədir.

Növbə Ermənistanındır. Burada an­ti-Rusiya əhval-ruhiyyəsinin kəskin şə­kildə artması göz qabağındadır. İrəvan bəh-bəhlə Qərbin vəd etdiyi və dəstəklədi­yi yeni hərbi-tezniki əməkdaşlıq kampani­yasına başlayıb. Bəs, bunun ardınca nə baş verəcək? Ermənistan Azərbaycana hücum edəcək? Hər halda Paşinyan iqtidarı ağlını o dərəcədə itirməyib ki, özünüqəsdə im­zasını atsın. Ya da ən skeptik politoloqla­rın, analitiklərin irəli sürdükləri ehtimalın reallaşma məqamı gələ bilər. Yəni, Ermə­nistan dövlətçiliyinin tamamilə itirmək təhlükəsi ilə üzləşər. Son vaxtlar kollektiv Qərblə intensiv əməkdaşlığa can atan hay baş nazirin hadisələrin bu yöndə inkişafını nəzərdən qaçırmaması çox önəmlidir. Elə rusiyalı siyasi texnoloqlar da Ermənistanın “Avropaya yolunun” erməni xalqı üçün böyük faciənin başlanğıcına çevriləcəyi qənaətini bölüşürlər.

O zaman Cənubi Qafqazda havanın hə­rarəti daha yuxarı qalxa bilər. Aydındır ki, “Qərbə vizasız səyahət” rejiminin qəbulu Ermənistanın gələcəyi üçün dönüş nöqtə­sidir. Bu, eyni zamanda, Ermənistanın, nə­hayət, Qərbin çətiri altına keçməsinə dair Moskvaya qəti və konkret işarə sayılacaq. Bu halda Kreml təcili “əcəl təbili”ni çala­caq və İrəvana xatırladacaq ki, onun Avra­siya İqtisadi İttifaqı ilə güzəştli münasibət­lərinə yenidən baxılacaq. 

Yəqin Qərbin İrəvan üçün tələyə qoy­duğu “havayı pendir”in anatomiyasından agah olan oxucular Aİ-nin Cənubi Qafqaz­la bağlı siyasətinin riyakarlıq üzərində qu­rulduğunu başa düşərlər. 

İ.HƏSƏNQALA
XQ

Siyasət