Sənaye zonaları qeyri-neft sektorunu modernləşdirir

post-img

İndiyədək bu sahəyə 6,8 milyard manat investisiya yatırılıb

Azərbaycanda I yarımildə 32 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Hesabat dövründə ölkədəki sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 31,5 milyard manatlıq məhsul buraxılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 7,4 faiz yüksəlib. 

Bu dövrdə respublikada fəaliyyət göstərən sənaye zonalarının fəaliyyəti səmərəliliyi ilə daha çox fərqlənib. Belə ki, cari il iyulun 1-nə qədər Azərbaycanda sənaye zonalarından 13,5 milyard manatlıq məhsul satılıb, bunun da 4,4 milyard ma­natlıq hissəsi ixrac edilib.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatı­na görə, satışın 1,4 milyard manatlıq, ix­racın isə 0,45 milyard manatlıq hissəsi bu ilin I yarısının payına düşüb. Sənaye zona­larında istehsal olunan məhsullar 70-dən çox ölkəyə göndərilib.

Məlumata əsasən, indiyədək sənaye zonalarında ümumi investisiya dəyəri 8 milyard manat olan 151 sahibkarlıq sub­yektinə rezident statusu verilib. Eyni za­manda sənaye zonalarına 6,8 milyard ma­nat investisiya yatırılıb və 10500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiya qoyul­ması və 7100-dən çox yeni iş yerinin yara­dılması nəzərdə tutulurb.

Hesabat dövründə sənaye zonaları sı­rasında Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Par­kının fəaliyyəti daha çox məhsuldar olub. Qeyd edək ki, bu sənaye parkına indiyədək 5,5 milyard manatdan çox sərmayə yatırı­lıb. Parkda ümumi investisiya həcmi 6,2 milyard manat olan 40 sahibkarlıq subyek­tinə rezidentlik statusu verilib.

İqtisadiyyat Nazirliyinin İqtisadi Zo­naların İnkişafı Agentliyinin (İZİA) şöbə müdiri Kamran Rəhimli mediaya açıqlama­sında bildirib ki, bu günə kimi sənaye müəs­sisəsində 6800-dək daimi iş yeri yaradılıb. Yeni fəaliyyətə başlayacaq iki müəssisədə, ümumilikdə, 40 milyon manata yaxın in­vestisiya qoyulmaqla 300-dən artıq əlavə iş yerinin yaradılacağı planlaşdırılıb. 

Şöbə müdiri əlavə edib ki, mövcud la­yihələr üzrə sənaye parkına əlavə olaraq 554 milyon manat investisiyanın yatırıl­ması, 2200-dən çox iş yerinin yaradılması nəzərdə tutulub. İndiyədək parkın rezi­dentləri tərəfindən ümumilikdə 11,6 mil­yard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 4,1 milyard manat­dan çox hissəsi (təxminən 35,3 faizi) ixrac vasitəsilə reallaşıb. 

K.Rəhimli vurğulayıb ki, cari ilin bi­rinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 1,3 milyard manatlıq məhsul is­tehsal edilib və bunun da 455 milyon ma­natlıq hissəsi ixrac olunub.

Bu il sənaye parkında ümumi inves­tisiya dəyəri 39,2 milyon manat olan iki müəssisənin fəaliyyətə başlaması planlaş­dırılır. Burada “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin, “Az-Tex-Import” MMC-nin “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin isteh­salı müəssisələrinin fəaliyyətə başlaması nəzərdə tutulub.

Azərbaycanın qeyri-neft sənayesinin inkişafında Qarabağdakı sənaye parkları­nın da fəaliyyəti diqqət çəkir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının əsas fəa­liyyət istiqaməti kimi parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, top­dan və pərakəndə satış obyektləri, TIR par­kı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılıb. Ağdam Sənaye Parkında isə prioritet fəaliyyət istiqamətlə­ri sırasında tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırıl­ması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyudu­cu kameraların və s. təşkili müəyyənləş­dirilib

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Ölkəmizdə sənaye zonalarının in­kişafı daim diqqətdə saxlanılır. Sənaye parkları və məhəllələri, eləcə də aqro­parkların idarə edilməsinin təkmilləş­dirilməsi ilə bağlı Azərbaycan Prezi­dentinin 2021-ci il 22 yanvar tarixli fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılması bunun bariz ifadəsidir. Bundan əsas məqsəd sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəl­lələrinin (Naxçıvan Muxtar Respubli­kasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəa­liyyətinin təşkili, onların idarə olunma­sı və inkişafı ilə bağlı tədbirlər hazırla­maq, həyata keçirilməsini təmin etmək, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərini həyata keçirt­mək olub. 

Sənaye parklarının qarşısına inno­vativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişaf etdirilməsi, xidmətlərin göstəril­məsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklən­məsi mühüm vəzifə kimi qoyulub. Bütün bunlarla yanaşı, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun da­vamlı inkişafının gerçəkləşdirilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin yüksəldilməsi, əmək qabiliyyətli əhalinin istehsal sahə­sində məşğulluğunun artırılması kimi məsələlərə xüsusi önəm verilib. 

Qanunvericiliyə uyğun olaraq, sə­naye parklarında indiyədək bir sıra stimullaşdırıcı tədbirlər tətbiq olunub. Məsələn, Vergi Məcəlləsinə və “Göm­rük tarifi haqqında” Qanuna uyğun olaraq, sənaye parklarının rezidentlə­ri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsə­dilə idxal etdikləri texnikanın, texno­loji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.



İqtisadiyyat