Orta Dəhlizlə 2,1 milyon ton yük daşınıb

post-img

Cari ilin yanvar–iyun aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz artaraq 2,1 milyon ton olub. Qeyd edək ki, 2023-cü ildə Orta dəhliz ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə yenə də 65 faiz artaraq 2,7 milyon ton təşkil edib.

Qeyd edək ki, Dünya Bankının (DB) hesabatında 2030-cu ilə qədər Orta Dəh­liz boyunca daşımaların həcminin 2021-ci illə müqayisədə 3 dəfə artacağı və yüklə­rin daşıma müddətinin 2 dəfə azalacağı proqnozlaşdırılır. Eyni zamanda investi­siya və əməliyyat təkmilləşdirmələrinin düzgün kombinasiyası vasitəsilə bu dəhli­zin transkontinental ticarətin iqtisadi və si­yasi davamlılığına əhəmiyyətli töhfə verə biləcəyi bildirilir. Bundan başqa, adıçə­kilən layihə dəniz limanlarına çıxış va­sitəsilə Çinə, Avropaya və dünyanın digər regionlarına etibarlı marşrutu gerçəkləşdir­məklə Mərkəzi Asiya və Cənubi Qafqazın potensialının inkişafını şərtləndirir. 

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştira­kı ilə yaradılıb. Sonradan layihəyə Ukray­na, Rumıniya və Polşa qoşulub. 

Hazırda marşrut Çin–Qazaxıstan sər­hədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisin­dən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “va­hid pəncərə” prinsipi tətbiq olunur.

Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən Orta Dəhliz ölkəmizin iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu layihə ilə əlaqədar fəaliyyətin gücləndi­rilməsi Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan üçün mühüm önəm daşıyır.

Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi kimi Orta Dəhliz, həmçinin ta­rixi İpək yolunun ən mühüm komponent­lərindən biri kimi dəyərləndirilir. Buna görə də bu dəhliz üzrə tranzit müddətinin 2024-cü ildə 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi planlaşdırılır.

İqtisadiyyat