Liderlik missiyası

post-img

II MƏQALƏ

Tarixin birinci vəzifəsi yalandan imtina etmək, ikincisi, həqiqəti gizlət­məmək, üçüncüsü, düşmənçilik niyyə­tində olduğun haqda şübhələr oyat­mamaqdır.

SİSERON

Tarixi liderlik missiyasının Azərbaycan təcrübəsi 

Azərbaycanda tarixi liderlik missiya­sının özəl cəhətləri mövcuddur. Ümumiy­yətlə, liderlik miqyası və liderin missiya­sının Azərbaycan təcrübəsi kontekstində ilk elmi-nəzəri araşdırmanı akademik İsa Həbibbəyli aparmışdır. Biz burada tarixi liderlik missiyasının fəlsəfi anlamında həmin araşdırmadan bəhrələnirik. Konk­ret olaraq, Prezident İlham Əliyevin ta­rixi liderlik missiyası araşdırıldığından ümumnəzəri vurğulardan sonra politoloji məqamların təhlilinə keçmək gərəkdir. Akademik İsa Həbibbəylinin “liderin mis­siyası” anlayışını məzmunca bu istiqamət­də transformasiya etmək mümkündür. 

Bu mərhələdə bütövlükdə tarixi li­derlik missiyasının müasir dövrdə Azər­baycan təcrübəsi üçün xarakterik olan bir neçə əsas məqamına baxmaq zəruridir. Hər şeydən öncə, Azərbaycan Prezidenti­nin tarixi liderlik missiyasının təməlində “Heydər Əliyev–İlham Əliyev xətti” ad­landırılan siyasi liderlik, siyasi idarəetmə və siyasi baxışlar üzrə müasir Azərbaycan təcrübəsini əhatə edən konsept dayanır. “Heydər Əliyev–İlham Əliyev xətti” tam fəlsəfi-nəzəri mənada bütöv konseptdir və bütün aspektləri üzrə araşdırılması aktual­dır. Burada biz onun ancaq İlham Əliyevin tarixi liderlik missiyasına mənəvi, siyasi və ideoloji qida verən özəlliklərinə nəzər salmağa çalışacağıq. 

Heydər Əliyev – İlham Əliyev xətti 

“Heydər Əliyev–İlham Əliyev xətti” ifadəsi konkret məzmuna malik olan siyasi konseptdir. Burada Azərbaycanın müstəqil dövlətinin uğurlu qurulması prosesində siyasi idarəetmənin, liderliyin və siyasi baxışların dəqiq məntiq əsasında sistemi mövcuddur. Onların sırasında liderlik mis­siyası xüsusi yer tutur. 

Öncə onu vurğulayaq ki, I məqalədə nümunə kimi gətirdiyimiz və XX əsrdə dünyanın 6 strategiyası kimi təqdim edilən liderlik missiyalarından fərqli olaraq Azər­baycan təcrübəsində liderliyin fəlsəfəsinin, siyasi-nəzəri anlamının konseptual tezislə­ri ilə yanaşı, praktiki reallaşmasının fərqli cəhətləri mövcuddur. Yəni bütün dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da müasir mərhələdə liderlik təcrübəsi ta­mamilə fəlsəfi və siyasi-nəzəri tələblərə uyğundur. Bu kontekstdə akademik İsa Həbibbəylinin ümummilli liderliyin miq­yası və missiyasına həsr olunmuş araş­dırmaları nəzəri təhllilər üçün çox faydalı istiqamətverici rol oynayır. Bundan başqa, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu­nun direktoru, professor İlham Məmməd­zadənin Azərbaycanda liderliyin strategi­yası ilə bağlı maraqlı fəlsəfi məqaləsi də faydalıdır. Eyni zamanda, onu nəzərə alaq ki, dövlətçiliyin və liderliyin Azərbaycan­da tarixi təcrübəsi və müasir mərhələdə ölkənin düşdüyü xüsusi geosiyasi situasi­yadan asılı olaraq liderlik missiyası indiki mərhələdə özəl məzmun almışdır. 

Heydər Əliyev tarixi liderlik missiyasının iki fərqli keyfiyyəti

Bu məzmunu Heydər Əliyev müəyyən etmişdir. Onun mərkəzində, bizim anladı­ğımız qədəri ilə müstəqil, demokratik və hüquqi dövlətin qurulmasına nail olmaq dayanır. Yəni Heydər Əliyev Azərbay­canda əsl liderlik missiyasını müstəqil, demokratik və hüquqi dövlətin uğurlu qu­rulmasında görürdü. Ulu öndər Azərbay­can dövlətçilik və liderlik ənənəsinə, sovet dönəmindəki zəngin təcrübəsinə, dövrün geosiyasi özəlliklərinə, regionun tarixi xüsusiyyətlərinə və siyasət elminin prin­siplərinə əsaslanaraq, 1993-2003-cü illər ərzində eksklüziv həyata keçirdi.

Bununla Ulu öndər tarixi liderlik mis­siyası kontekstində müasir Qərb liderlik strategiyalarında nümunəsi olmayan iki mühüm trendin əsasını qoydu. Onlardan biri bir mərhələdəki tarixi liderlik missi­yasını yeni tarixi mərhələyə uğurlu trans­formasiya etmək xəttidir. Obrazlı desək, liderlik missiyasının dəyişən tarixi mər­hələlərdə uğurlu olmasını təmin edən ümu­mi prinsiplərin və fəaliyyət nümunələrinin hazırlanması ayrıca bir tarixi xidmətdir. 

Digər trend yeni mərhələdə tarixi li­derlik missiyasını həyata keçirə biləcək siyasətçinin dəqiq müəyyən edilməsi və hazırlanması ilə bağlıdır. 

Bu iki trendin qarşılıqlı əlaqəsi çox maraqlı siyasi-nəzəri və praktiki mənzərə formalaşdırır – liderlik missiyasında ta­rixiliyi təmin etmənin yeni nümunəsi ya­ranmışdır. Bu tezisin sübutu üzərində geniş dayanmaq lazımdır.

Tarixi liderlik missiyasının dinamizmi

Heydər Əliyev müasir Azərbaycanda liderlik missiyasını tarixi kimi qiymətlən­dirməyə imkan verən fəaliyyət göstərdi və konkret nəticələr aldı. Buraya Azər­baycanda sabitlik və sosial birliyin təmini (azərbaycançılıq ideologiyası və multikul­turalizm siyasəti), iqtisadi infrastruktu­run tamamilə yeni keyfiyyətdə qurulması (iqtisadi sistemdə fundamental islahatlar), siyasi idarəetmə və sosial institutların fəaliyyətinin müstəqil dövlətçiliyə xid­mət istiqamətində yeniləşməsi (müxtəlif siyasi, idarəetmə islahatları, yeni Konsti­tusiya), qlobal geosiyasi təsiri olacaq yeni enerji strategiyasının hazırlanması (“Əs­rin müqaviləsi”, enerji nəqli marşrutları, nəqliyyat-loqistika marşrutları), regionda sabitliyi təmin edən balanslı siyasət (regi­onda böyük güclərin maraqlarını Azərbay­canın milli maraqlarına uyğun tarazlaşdır­maq siyasəti), ölkənin ərazi bütövlüyünü təmin etmək strategiyası (ordu quruculuğu, müdafiə qüdrətinin inkişafı, etibarlı müt­təfiqlər qazanmaq, beynəlxalq miqyasda Azərbaycanın haqlı olduğu haqqında qəti mövqe formalaşdırmaq) kimi proseslər daxildir. 

Heydər Əliyev bütün bu məqsədlərə nail olaraq tarixi liderlik missiyasının Azərbaycan nümunəsini yaratdı. Onların fonunda Ulu öndər özündən sonrakı mər­hələdə tarixi liderlik missiyasını yerinə yetirə biləcək lider hazırlamışdır. İndi­ki mərhələdə tarixi liderlik missiyasının dinamizminin Azərbaycan təcrübəsinin mərkəzində bu tezis dayanır. Deməli, tarixi liderlik missiyasının dinamizmi dedikdə 2003-cü ildən başlayaraq İlham Əliyevin eksklüziv reallaşdırdığı liderlik nümunəsi­nin Ulu öndərdən sonrakı mərhələdə məz­munu, məqsədi, miqyası, mexanizmləri və aldığı nəticələrlə tarixi mahiyyət kəsb et­məsi ilə izah olunur. 

Azərbaycan və 6 dünya strategiyasının dərsləri

Bu dinamizm bütöv bir proses və ənənədir, çünki tam olaraq siyasi varislik prinsipi əsasında məzmunlaşmışdır. Bu, tarixi liderlik missiyasının Azərbaycan təcrübəsinin nümunə kimi göstərdiyimiz 6 strategiyasından fərqli xüsusiyyətini ifa­də edir. Məhz, sözün həqiqi siyasi məna­sında, həmin nümunələrdə siyasi varislik ödənmədiyindən tarixi liderlik missiyası davamlı ola bilmədi. 

Məsələn, R.Niksonun “tarazlıq” stra­tegiyasını ondan sonra gələn prezident­lər pozdular və “amerikan müstəsnalığı”, “ABŞ-ın dünya liderliyi” kimi absurd strategiyalar ortaya çıxardılar. Bununla dünyanın ən qüdrətli dövləti siyasi varislik “relsindən” çıxdı və indiki halı göz qaba­ğındadır. 

Marqaret Tetçerdən sonra Böyük Bri­taniyada “inandırma” strategiyası kölgəyə düşdü. “Brexit” onun əlamətlərindən biri­dir. Bununla ingilislər faktiki olaraq yeni strateji mövqeyə keçdilər. 

Şarl de Qollun “iradə” strategiyasını davam etdirən lider tapılmadı, hətta, bir müddət onun nüfuzu aşağı düşdü, seçkidə uduzdu. 

Almaniyada K.Adenauerin tarixi lider­lik missiyasını yarımçıq qoydular – dini təəssübkeşliyin və müxtəlif gizli siyasi klubların (məsələn, Bildenberq klubu) tə­siri altına düşən liderlər meydana gəldi. 

Misirdə Prezident Sədatdan sonra stra­tegiya tamam dəyişdi. Sinqapurda Li Kuan Yu ənənəsini onun səviyyəsində reallaşdı­ran ikinci lider meydana gəlmədi. 

Azərbaycanın tarixi özəlliyi

Burada bir incə məqamı mütləq vur­ğulamaq lazımdır. Məsələ həm də hər bir ölkənin özəl tarixi və siyasi təcrübəsi kontekstində dərk edilməlidir. Müasir mər­hələdə tarixi liderliyn Azərbayan təcrübə­sində siyasi varisliyin ödənməsi mütləq şərtdir. 

Cənubi Qafqaz kimi mürəkkəb, zid­diyyətli, Azərbaycana qarşı əsrlərlə böhtan siyasətinin aparıldığı, cəmiyyətin müxtəlif kəsimləri arasında süni ziddiyyətlərin ya­radıldığı bir dönəmdə toplumun müstəqil dövlətçiliyə tam köklənməsi üçün uzun müddət davamlı, dayanıqlı bir siyasi kurs həyata keçirmək zəruridir. 

Bu baxımdan, elə bir siyasət yeridil­məli idi ki, vətəndaşlara və bütövlükdə cəmiyyətə “özünü real tanımağa” imkan yaratsın. Həmin siyasət əsrlərdir ki, həm Cənubdan, həm də Şimaldan qaynaqlanan maraqlar kölgəsində Azərbaycan cəmiy­yətinin müxtəlif kəsimləri arasında fərq­li süni faktorlara görə - məzhəb, mədəni, sosial-psixoloji və s. sferalarda yaranmış ziddiyyətlərin toplunu parçalayıcı “yara­lardan” xilas etsin. Təcrübə göstərir ki, bu, kifayət qədər mürəkkəb prosesdir və onu bacaran Azərbaycan lideri, sözün həqiqi mənasında, tarixi missiya daşımış olacaq! Bunun üçün, ilk növbədə, ölkənin ərazi və suverenliyi real olaraq tam təmin edil­məli idi. Deməli, yuxarıda vurğuladığımız və müstəqil dövlətçiliyimizlə bağlı olan həmin zərərləri adlamanın ilk mərhələsi­ni uğurla başa vurmuşuq! Bu uğurun me­marı Heydər Əliyev–İlham Əliyev dövlət quruculuğu xəttidir! İndi meydan Heydər Əliyev liderlik nümunəsindən bəhrələnən yeni liderlik nümunəsinindir!

Ərazi bütövlüyü və suverenliyinin tam bərpası problemini toplumun gündəmin­dən həll edilməli aktual bir məsələ kimi 44 gün və 23 saat 41 dəqiqəyə həll edərək çıxarmağı bacarmaq tarixi liderlik missi­yasının birbaşa əlamətidir.

İnkişaf paradiqması

İndi Azərbaycan cəmiyyəti əsas olaraq daha səmərəli inkişaf xətti haqqında düşü­nür. Bu tarixi liderlik missiyasının başqa əlamətidir. 

Ətrafımıza baxaq – hansı keçmiş so­vet respublikası Azərbaycan qədər inkişaf paradiqmasına uyğun fəaliyyət göstərir? Hansında Azərbaycandakı səviyyədə daxi­li və xarici sabitlik mühiti mövcuddur? Onların hansında Azərbaycanda olduğu miqyasda, səviyyədə və dərinlikdə daxili problemlərin həllinə istiqamətlənmiş cə­miyyətdaxili müzakirələr aparılır? Heç bi­rində! Bu, tarixi liderlik missiyasının əsas əlamətlərindən biridir.

Sosial şəbəkələrin müzakirə mövzuları

Cəmi 5 il əvvəl Azərbaycan sosial şə­bəkələrində, müxtəlif ictimai kəsimlərdə müzakirə mövzuları hansılar idi? Ən bö­yük dərd kimi Qarabağ məsələsi müzakirə olunurdu. Vətəndaş bu problemin həllini milli ləyaqət nümunəsi hesab edirdi. Bir sıra hallarda bunun fonunda hətta düşməni tərifləyənlər olurdu. Müxtəlif iaşə obyekt­lərində, toplantılarda çəkinmədən ermə­niləri tərifləyənlərə və bizi aşağılayanlara rast gəlinirdi. Hətta laqeydlər (yumşaq ifadə edirik) “torpaqlar heç vaxt qaytarıl­mayacaq” deyə bizə mənəvi-psixoloji od vururdular! Onların cavablarını yerindəcə və qətiyyətlə verirdik.

İndi bunları yavaş-yavaş unuduruq! Bəli, unuduruq və düz edirik! Çünki bu ölkənin lideri sübut etdi ki, Azərbaycan müstəqil var ola bilir, Azərbaycan xalqı qüdrətlidir. Azərbaycan rəhbərliyi doğru müttəfiq seçməkdə ağıllıdır. Azərbaycan Ordusu regionun ən güclüsüdür. Əsas isə azərbaycanlılar istənilən kəskin böhranlı situasiyalarda milli ləyaqətlərini, şərəfləri­ni təmin edə bilirlər! İndi azərbaycanlılar dünyanın istənilən ölkəsinə başı dik, qü­rurla gedə bilirlər. Azərbaycanlılar böyük zəfərlərə layiqdirlər! Bunlara nail olmaq tarixi liderlik missiyasının təsdiqi deyilmi?

Müttəfiqlik sədaqəti

İlham Əliyevin tarixi liderlik missiya­sının bir mühüm cəhəti də sadiq müttəfiqə olması ilə bağlıdır. Azərbaycanın tarixi ədaləti bərpa prosesində daim yanında olan Türkiyə və Pakistana insani səmimiyyəti ilə yanaşı, tarixi lider məsuliyyəti və cid­diyəti ilə qiymət verməsi bizə əbədi qürur verir! 

Prezident İlham Əliyev Siseronun de­diyi mənada həqiqəti zərrə qədər də gizlət­mir və bu anlamda da tarix yaradır, ənənə yaradır. Tarixi liderlik missiyası üçün bu məqam olduqca əhəmiyyətlidir.

Cəmiyyətin özünü təmizləməsi 

Psixologiyamız haradan haraya dəyiş­di. İndi daxili məsələləri sosial şəbəkələrdə fəal müzakirə edirik. Burada bizi qane et­məyən çox sayda neqativlər vardır. Lakin yeni tarixi mərhələdə, bu, sosial reallıqlar­dan biridir. Əslində, bu proses də cəmiy­yətin özünü təmizləməsi əlamətlərindən biridir. İnsanlar bir qədər əvvəl gizli olan neqativlərə açıq reaksiya verirlər. 

Məsələn, cəsarətlə mədəniyyət, dil, din, ailə, mənəviyyat, əxlaq məsələləri mü­zakirə olunur. Azərbaycanda mədəni, elmi, mənəvi, əxlaqi inkişafın praktiki aspektdə müzakirəsi aparılır. Çox sayda absurd fkir­lər irəli sürülsə də, təmkinli, əsaslı, dəyərli və hüquqa dayanan mövqeləri də görürük. Axı, əsrlərlə yadlar bu cəmiyyətdə neçə-neçə “irinli yaralar” açıblar. Onları sağalt­maq çətin və uzun sürən prosesdir. İndi bizi əsəbiləşdirən bir sıra olaylar həmin “yaraların” açılması əlamətidir. Cəmiyyət özünütəmizləmə prosesinə başlayıb və qətiyyətlə davam etməlidir. Deməli, cə­miyyət diridir, bəzi düşmənlərin təqdim etməyə çalışdığı kimi laqeyd deyil. Azər­baycanda siyasi absenteizm (seçkiyə, icti­mai-siyasi həyata laqeydlik əhval-ruhiyyə­si) gözləyənlər həmişə məğlub olacaqlar. 

Bu cür cəsarətli, açıq və dinamik sosi­al-psixoloji mühit qələbədən sonra yaran­dı. Prezident İlham Əliyev topluma müra­ciət edərək milli ideyanın müzakirəsində fəal olmağa səsləməklə tarixi addım atdı. Cəmiyyət bütün istiqamətlərdə yeni tarixi mərhələdə uğurlu olmaq üçün psixoloji axtarışlara başladı. Bu, tarixi liderlik mis­siyasının siyasi varislik üzərində bərqərar olan əsas əlamətlərindən biridir.

Qərbdə tarixi liderlik missiyasının di­namik və davamlı olması üçün məhz bu faktor çatışmadı. Orada cəmiyyət qarşısına çıxan problemləri yeni mərhələdə uğurlu olmaq naminə deyil, şəxsi komfortu və maraqları prizmasında qiymətləndirdi. Bu da bir tərəfdən siyasi kursa inamı azaldır, digər tərəfdən toplumu ümumi strateji uğur hədəfindən yayındırır.

Beləliklə, Prezident İlham Əliyevin li­derlik missiyasını tarixi statusa yüksəldən başlıca əlamət siyasi varislik prinsipinə tam əməl etməsi ilə bağlıdır! Bu əsasda Azərbaycan Prezidentinin tarixi liderlik missiyasının digər politoloji əlamətlərinə nəzər sala bilərik. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət