II məqalə
İnformasiya milli identikliyi qoruya və ya yenisini yarada bilər.
Georgi Poçeptsov
İki tarixi sammit və informasiya savaşı
Hakimiyyət–cəmiyyət münasibətlərinin indiki mərhələdə informasiya müharibəsində daha çox hədəfə alınması təsadüfi deyildir. Əksinə, bu məsələ Azərbaycanın əldə etdiyi uğurların artıq dünyanın bir sıra dairələrinə ciddi təsir etdiyinin göstəricilərindən biridir. Söhbət konkret olaraq, Prezident İlham Əliyevin yeni tarixi mərhələnin başlandığı ilə bağlı verdiyi mesajdan gedir.
Azərbaycan liderinin “yeni tarixi mərhələ” ifadəsinə hansı mənanı verdiyini çox yaxşı bilirlər. Bunun arxasında Azərbaycan Respublikasının müstəqil dövlət kimi bütün istiqamətlərdə inkişaf strategiyası dayanır. Həmin strategiya dövləti və cəmiyyəti tərəqqinin yeni mərhələsinə yüksəldəcək. Eyni zamanda, Azərbaycan Respublikası müstəqil dövlət kimi regional, multiregional və qlobal miqyaslarda daha qabaqcıl yer tutacaqdır. Bu prosesdə Bakının regional və qlobal təşkilatlardakı fəaliyyətini yeni səviyyəyə yüksəltməsi xüsusi anlam kəsb edir.
Bütün bunları ümumiləşdirəndə bir qənaət hasil etmək olar: Azərbaycan yeni tarixi mərhələdə dövlət və cəmiyyət olaraq daha da inkişaf edəcəkdir və onun geosiyasi, mədəni, iqtisadi, informasiya, energetik, mənəvi-mədəni təsiri xeyli artacaqdır. Artıq bu prosesin başlandığı aydın görünür. Onu təsdiq edən son faktlar kimi Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Şuşada olan Türk Dövlətləri Təşkilatının (TDT) sammitlərini göstərmək olar. İlk baxışdan bu hadisələrin elə bir əlaqəsi yoxdur. Lakin Azərbaycanın yeritdiyi xarici siyasətin məntiqi və strateji məqsədləri prizmasında hər ikisi möhtəşəm tədbirdir.
Azərbaycanın dövlət iradəsi və liderlik imkanları
Hər iki tədbirdə Azərbaycanın dövlət iradəsi və liderlik imkanları özünü qabarıq surətdə göstərdi. Astanada bunun ifadələrindən biri Çinlə strateji tərəfdaşlığı qurmaq haqqında sənədin imzalanması oldu. Azərbaycanla Çin iki fəal və müstəqil siyasət yeridən dövlət kimi münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyi və bunun üçün əməkdaşlıqla təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində yeni mərhələyə yüksəltməyi təsbit etdilər. Sənəddəki müddəalardan görünür ki, Pekin Bakının regional liderliyini tam qəbul edir və buna uyğun strateji əlaqələri gücləndirməyə və dərinləşdirməyə hazırdır. Əlbəttə, Çin kimi güclü bir dövlətlə bu səviyyədə əməkdaşlıq sənədi imzalamaq Azərbaycanın dövlət kimi böyük imkanlarından xəbər verir.
Şuşada TDT-nin qeyri-rəsmi sammiti isə sözün həqiqi mənasında, Azərbaycanın bu təşkilatda aparıcılıq rolunun əyani nümayişi oldu. Müzakirələrin nəticəsində qəbul edilən Qarabağ Bəyannaməsində isə ayrıca müddəa kimi Prezident İlham Əliyevin liderliyi vurğulanır. Bundan başqa, Şuşa Sammitindən dünyaya çox ciddi siyasi və geosiyasi mənalı ismarıclar verilmişdir. Onların məzmunundan görünür ki, TDT-nin güclənməsində Azərbaycanın rolu xüsusidir.
Bu iki tədbirin geosiyasi mənasını vurğuladığımız qısa tezislərin ümumi fonunda aydın dərk edə bilərik. Hər iki tədbir göstərdi ki, Azərbaycanın dövləti iradəsi çox güclüdür və qarşısına qoyduğu strateji məqsədlərə addım-addım, davamlı və kəsintisiz nail olmaqdadır. Bununla yanaşı, Bakı hətta regional və multiregional təşkilatlarda aparıcı rolunu oynamaq iqtidarındadır. ŞƏT kimi güclü dövlətləri özündə birləşdirən bir təşkilatda qısa müddətdə böyük uğur qazanmaq yüksək potensialdan xəbər verir. Bunun fonunda TDT-də aparıcı rolu oynamağın əhəmiyyəti daha aydın görünür. Bəs bu kimi uğurlara Azərbaycan nəyin sayəsində nail ola bilir?
Lider–xalq birliyi
Əlbəttə, bunun səbəbləri çoxdur. Lakin onların sırasında lider–xalq birliyi xüsusi yer tutur. II Qarabağ savaşı göstərdi ki, ən böhranlı vəziyyətdə belə Azərbaycan xalqı liderini tam dəstəkləyir. Lider də sübut etdi ki, xalqın və dövlətin maraqları onun üçün prioritetdir. Bu prioritetlər uğrunda uğurlu mübarizə aparmağın mümkünlüyünü də Azərbaycan lideri praktiki fəaliyyətdə sübut etdi. İlham Əliyev bunun üçün Dövlət başçısı – Lider – Ali Baş Komandan vəhdətini yarada bildi. Müasir idarəetmənin başlıca faktorları olan bu üç fəaliyyət istiqamətini dövlətçilik müstəvisinə yönəltdi və qalib gəldi.
II Qarabağ savaşının nəticələri ölkə daxilində, regionda və qlobal miqyasda ciddi dəyişikliklər etdi. Azərbaycan cəmiyyətində hakimiyyət–xalq birliyi yeni səviyyəyə yüksəldi. Cəmiyyətin Prezidentə inamı və güvəni daha da artdı. Regional miqyasda Azərbaycanın yeri və rolu yeni səviyyəyə yüksəldi. Artıq rəsmi Bakının iştirakı olmadan heç bir geosiyasi, siyasi və təhlükəsizlik məsələsi həll edilə bilməz. Azərbaycanın regional və qlobal təşkilatdakı fəaliyyəti isə Bakının dünya geosiyasi dinamikasına təsirinin artmasının təsbitidir
Bir sıra dairələrin çıxardığı nəticələr
Təcrübə göstərir ki, bunlar bir sıra dairələri qətiyyən qane etmir. Müxtəlif üsullar və formalarla Azərbaycanın bu irəliləyişinin qarşısını almağa çalışırlar. Əl atdıqları üsullardan biri də lider–xalq, hakimiyyət–cəmiyyət birliyinə xələl verməkdən ibarətdir. Məhz buna görədir ki, ilk baxışdan adi sosial hadisə kimi görünən, lakin dərinliklərdən baxanda Azərbaycan cəmiyyətinin birliyini zəiflətməyə yönəlmiş, vətəndaşların hakimiyyətə inamının azaldılmasına xidmət edən hadisələr baş verdiyi görünür. Bu məqam başqa dövlətlərdə də analoji olaraq baş verən hadisələrin fonunda təsdiqini tapır. Son günlərin bir neçə faktına baxaq.
Azərbaycan KİV-i polisə yönəlmiş zorakılıq və hətta onların qətl edilməsi halları haqqında informasiyalar verir. Xəbərlərin təqdimatında süjet eynidir: polis hansısa cinayətkarı tutmaq istəyərkən müqavimətə rast gəlir və aktiv zorakılığa məruz qalır. Cinayətkarlar bir qayda olaraq bıçaqla polisə hücum edirlər. Sonra bu süjetin “izahına” keçirlər. Sən demə, cinayətkar “sosial və hüquqi ədalətsizliyə” məruz qalıbmış. Yəni dolayısı ilə hüquq-mühafizə orqanlarının ədalətliliyi və legitimliyi şübhə altına alınır. Bu cür təqdimat həm də başqalarının belə informasiyalara uyaraq, ümumiyyətlə, rəsmi dövlət orqanlarına qarşı qeyri-obyektiv münasibət göstərməsini motivasiya edə bilər.
Beləliklə, bu, informasiya müharibəsinin tipik nümunəsidir. Əlbəttə, hər bir hadisənin obyektiv araşdırılması zəruriliyini kimsə kənara qoya bilməz. Və araşdırma olmadan kimlərisə günahlandırmaqdan söhbət gedə bilməz. Ancaq postsovet ölkələrində baş verən analoji hadisələrin sonradan interpretasiyası, ideolojiləşdirilməsi və bunun mövcud hakimiyyətə qarşı yönəldilməsi nümunəsini də kənara qoya bilmərik. Məsələn, qonşu Gürcüstanda bir neçə il öncə bu kimi kriminal hadisələri siyasiləşdirərək hakimiyyətlə cəmiyyət arasında uçurum yaratdılar. Lakin hər hansı güclü Qərb ölkəsində həmin növ kriminal hadisələrin hakimiyyətin legitimliyinə qarşı ictimailəşdirilməsinə imkan verilmir.
Fakt olaraq bir neçə ildir ki, müxtəlif situasiyalarda polislə qara dərili amerikanlar arasında baş verən kriminal toqquşmaları göstərə bilərik. ABŞ polisi tam əsas olmadan silah tətbiq edir və insanı qətlə yetirir. Belə hadisələri “polis haqlıdır” məntiqi ilə Amerika rəsmi orqanları yatırdırlar.
Postsovet məkanı ölkələrində, konkret olaraq Azərbaycanda öncə polis silah tətbiq etmir, əksinə ona qarşı silah işlədirlər. Son hadisədə Azərbaycan polisi nəinki qəhrəman kimi davranmışdır, hətta silah tətbiq etməməklə vətəndaşlıq nümunəsi göstərmişdir. Başqa misalları da xatırlamaq olar.
Ancaq ABŞ-dan fərqli olaraq, Azərbaycan hüquq-mühafizə orqanlarının legitimliyini gözdən salmaq cəhdi aydın duyulur. Məhz bu, dövlətə qarşı informasiya savaşının müxtəlif dolayı üsullarla aparıldığını göstərən haldır.
Belə təəssürat yaratmağa çalışırlar ki, Azərbaycan polisinə qarşı zorakılıq təbiq etmək olar. Lakin amerikan (və ya fransız, alman, holland, ingilis və s.) polisinə qarşı olmaz. Məlum Gəncə hadisələrindən bu yana həmin məntiqlə zəncirvari kriminal hadisələr törətməyə çalışırlar. Hadisənin kriminal və hüquqi çəkisi bir tərəfdə qalır, həlak olan gənc polisin taleyi, onun valideynləri, ailəsi, sevdiklərinin ağrı-acısı kənara qoyulur. Bunun fonunda qatilin haqqı və hüququndan danışırlar. Onun duyğularından bəhs edirlər. Əlbəttə, bunu da etmək olar. Çünki hər bir insan qiymətlidir. Lakin istənilən variantda cinayətin qiyməti hüquqda verilməlidir. Hadisələrdən istifadə edərək ümumilikdə cəmiyyətdə silkələnmə yaratmaq xətti keçilməməlidir. Məsələnin məhz bu tərəfi informasiya müharibəsi ilə bağlıdır.
Burada iki məqamı vurğulamaq lazımdır. Onlardan biri, Azərbaycan cəmiyyəti daxilində hakimiyyət–cəmiyyət birliyinə zərər vermək istəyənlərə rast gəlinməsi ilə bağlıdır. Digəri isə xaricdən Azərbaycanda baş verən kriminal hadisələri süni siyasiləşdirməyə cəhd göstərənlərin mövcudluğu ilə əlaqəlidir. Yəni düşmən düşməndir – ondan inciməz, küsməz və ya insaf ummazlar. Düşmənin mənfur niyyətlərinə xidmət etmək artıq başqa məsələdir. Əsl vətəndaşlıq mövqeyi tamam başqa məqamdadır. Məsələn, düşmənin informasiya siyasətinə boyun əymək əvəzinə, bir Azərbaycan vətəndaşını (o, kiriminal və ya cinayətkar olsa belə) xilas edə biləcək iş görmək daha faydalı deyilmi? Biz kənardan durub baş verənlərə qiymət veririk, lakin hansımız problemi olan, cinayətə meyilli gənclə psixoloji söhbət aparmışıq? O cümlədən, kənarda verilən ssenari ilə Azərbaycana “demokratiya, hüquq, insan haqları gətirən” “qoçaqlar” bir dəfə də olsun, cinayət törətmiş gənclə profilaktik psixoloji söhbət aparmışlarmı?
Axı, həlak olan hər bir vətəndaşımız (ona cinayətkar deyilsə belə) cəmiyyətə aiddir. Onların qorunması, həyatlarını itirməməsi üçün çalışmaq lazımdır. Kimliyindən asılı olmayaraq bir azərbaycanlının belə haqqı və hüququnun tapdanması, ona zərər gəlməsi qəbuledilməzdir. Eyni məntiqlə cəmiyyətdə parçalanma və qarşıdurma yaratmağa çalışanlarla bir cərgədə dayanmaq daha ağır günahdır, hüquqi uyğunsuzluq və mənəvi xəyanətdir!
Tarixi savaşın iştirakçıları
Bu fikirlər emosional əhval-ruhiyyədən yaranmamışdır. Yuxarıda qısa təsvir etdiyimiz və Azərbaycan üçün böyük əhəmiyyəti olan proseslərin fonunda baş verənləri məntiqi anlamaqla əlaqəlidir. Yəni dərk etməliyik ki, kimliyindən asılı olmayaraq bir Azərbaycan vətəndaşına olan qəsd hamımıza olan qəsddir. Bütövlükdə bu kimi faciəvi olaylardan hakimiyyətlə cəmiyyət arasında uçurum, etibarsızlıq, inamsızlıq yaratmaq üçün istifadə etmək cəhdi qəbuledilməzdir! İlk baxışdan cəmiyyətdaxili situasiya kimi görünən bu mənzərə, əslində, geniş prizmadan Azərbaycan dövlətinin yeritdiyi siyasətin məzmunu aspektində tamam fərqli təsir bağışlayır.
Şişirtməsiz, Azərbaycan vətəndaşları, ziyalıları və bütövlükdə, cəmiyyət, dövlət orqanları, hakimiyyət mənsubları olaraq böyük tarixi savaşın iştirakçılarıyıq. Bu cəbhədə bizim vəzifə statusumuz əsas deyildir – “savaş cəbhəsi”ndə hansı mövqedə və məqsəddə olmağımız əsasdır!
“Mən kiməm?” sualına cavab bu anda, bu “səngər”də verilməlidir. Elə bir informasiya “səngərində” ki, onun əsgəri və generalı da özünsən! O başqa məsələdir ki, kimliyin “səngərin” hansı tərəfində durmağınla birbaşa bağlıdır – Ali Baş Komandan Azərbaycanın lideridir, yaxud kənardan gizli “əldir”? Bu suala cavab üzərində düşünəndə çox məqamlar gün kimi aydınlaşır. Onda “Azərbaycanın maraqları” ifadəsi müqəddəsləşir (və ya tam yadlaşır), şəxsi məqsədə çevrilir. Bu seçimi edən Azərbaycan vətəndaşı informasiya savaşının qalibidir! Azərbaycanlılar qələbəyə alışmışlar!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru